Osmanlı imperiyasının çöküşündən sonra 1923-cü ildə Anadoluda Türkiyə Cümhuriyyəti quruldu. Bundan 2 il sonra dünya imperializminin məkrli siyasəti ilə İranda fars pəhləvi sülaləsi türk Qacarlar dövlətində hakimiyyəti ələ keçirdi. Bununla İran fars rejimi ölkə daxilində və qonşuluqda türkdilli xalqlara qarşı düşmənçilik siyasəti yeritməyə başladı. 1979-ci ildə xarici imperializmin yeni oyunu ilə 54 illik şah rejimi teokratik rejimlə əvəz edilsə də, İranın antitürk siyasəti nəinki dəyişmədi, hətta son 44 ildə dözülməz həddə çatdı.
-Müsahibimiz AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı bu siyasətin səbəbləri və nəticələri barədə müsahibə verib.
-1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildikdən bir neçə ay sonra cümhuriyyət Qacar hökmdarı Əhməd şah tərəfindən tanınmış və 7 oktyabr 1922-ci ildə Mühiddin Paşa Tehran səfiri təyin edilmişdi. Bu, İrandakı Azərbaycan türkləri arasında sevinclə qarşılansa da, İranın hərbi-siyasi dairələrində narahatçılıqlara səbəb olmuşdu. Hətta baş nazir Rza xan İranın narahatlığını Türkiyənin Tehran attaşesi Hüseyn Tuğaça belə çatdırmışdı: “Düşünürəm ki, Türkiyənin gözü İran Azərbaycanındadır. Buranı almaq istəyir... Mən görürəm ki, sizin dəmir yolu tikintiniz iki qoldan Azərbaycana doğru gedir. Əvvəl-axır Türkiyə Azərbaycanı alacaqdır”.
Göründüyü kimi, Rza şah hakimiyyətinin başlanğıcında Türkiyə-İran münasibətlərində problem yaradan məsələlərdən biri Güney Azərbaycanda həyata keçirilən farslaşdırma siyasəti idi. Uzun illər boyu dövlət idarəçilik sistemində təmsil olunan Azərbaycan türklərini Pəhləvinin hakimiyyətə gəlməsi ilə dövlət strukturlarından uzaqlaşdırmağa başladılar.
O zaman Pəhləvi rejiminin Güney Azərbaycanda həyata keçirdiyi antitürk siyasət və Güney Azərbaycanda baş verənlər Türkiyənin əyalət rəsmilərinin diqqətindən yayınmamışdı. 5 yanvar 1926-cı ildə Van sərhəd komandanlığından “Erkan-ı Harbiye Ümumi Müdirliyi” kəşfiyyat idarəsinə, oradan isə 10 yanvar 1926-cı ildə baş qərargah rəisi Müşir Fevziyə İrandakı vəziyyət haqqında hesabat göndərilmişdi.
Güney Azərbaycanı ilə bağlı mühüm məlumatların və Van sərhəd komandanı Süleyman Harbinin fikir və təkliflərinin yer aldığı sənəddə qeyd edilirdi: “Qacarlar sülaləsinin əvəzinə, Pəhləvilərin şah elan edilməsi Güney Azərbaycanda narazılığa səbəb olmuşdur. Çünki Rza Pəhləvi azəri türklərinin etnik kimliyini məhv edərək, farslaşdırmağa çalışır. Bu səbəbdən məktəblərdə türkcə dərslər qadağan edilir. Yeni hakimiyyət Urmiyadakı türk valisini vəzifəsindən azad etmiş və yerinə fars vali təyin etmişdir. Bundan əlavə, Təbrizdə ingilislər və Urmiyada amerikalılar Güney Azərbaycanda erməni-aysor dövlətinin qurulması istiqamətində fəaliyyətlərini davam etdirirlər”.
Pəhləvi hökuməti bir tərəfdən İranda türk əhalisinə qarşı assimilyasiya siyasəti həyata keçirir, digər tərəfdən isə Türkiyənin İrana təsirini azaltmaq üçün kürdlərə dəstək verir, hətta bölgədə kürd dövlətinin qurulması ideyasını dəstəkləyirdi. Yeni rejim 1925-ci ildən etibarən ölkə daxilində köç edən minlərlə ermənini Türkiyə sərhədinə yaxın Cənubi Azərbaycan kəndlərində yerləşdirmişdi.
– Rza şah hökumətinin irqçi siyasətinin əsas məqsədlərindən biri də İranda türk dilinin istifadəsini məhdudlaşdırmaq olmuşdu.
– İranda türkdilli əhalinin mövqelərini məhdudlaşdırmağın yolu bu xalqın təhsil alıb öz haqlarını anlamasına mane olmaqdan keçirdi. Elə buna görə də Güney Azərbaycanda yeni yaradılan dövlət məktəblərində türk dilində dərslərin tədrisinə qadağa qoyulmaqla yanaşı, şifahi söhbətlərdə türk dilindən istifadə etmək də qadağan edilmişdi. Fars rejiminin Tehrandan göndərdiyi Mövsimi və Zövqi adlı təhsil şöbəsi müdirləri məktəb rəhbərlərinə “məktəbdə türkcə danışanların boynuna kəndir keçirib tövləyə bağlamaq” təlimatı vermişdi. Güney Azərbaycanda ibtidai məktəblərdə tənəffüs zamanı türkcə danışanların cəzalandırılması üçün “pul cəriməsi qutuları” qoyulmuşdu.
Pəhləvilər rejiminin həyata keçirdiyi bu zorakı və qeyri-insani siyasət qardaş Türkiyədə birmənalı qarşılanmamış, fars şovinizminə qarşı tədbirlər görülməsinin zəruriliyi gündəmə gəlmişdi. Güney Azərbaycandakı problemlərlə bağlı Van sərhəd komandanı Süleyman Harbi öz raportunda qeyd etmişdi: “Bugünkü İranın başçısı olan ingilis oyuncağı Rza xanın təşviqi ilə Azərbaycanı farslaşdırmağa çox çalışırlar. Azərbaycanda məktəblərdə türkcə təhsil qadağandır və fars ziyalıları azərilərin əslən fars olması ilə bağlı təbliğat aparırlar”.
Güney Azərbaycanda mövcud problemlərlə bağlı digər bir sənəd isə Türkiyə Baş Müfəttişliyinin birinci müşavirinin baş nazir İsmət Paşaya təqdim etdiyi 13 yanvar 1934-cü il tarixli hesabatdır. Bu sənəddə baş müşavirin bölgəyə səfəri zamanı müşahidələri, qarşılaşdığı problemlər və həyata keçirilməsi zəruri olan məsələlər öz əksini tapmışdı. Baş müşavir 1933-cü ilin sonunda Güney Azərbaycanın Maku şəhərində Türkiyə–İran Daimi Sərhəd Komissiyasının iclasında Türkiyə Cümhuriyyətini təmsil edən nümayəndə heyətinin başçısı kimi iştirak etmiş və bundan yararlanaraq Azərbaycan türklərinin vəziyyətini müzakirə etmək fürsəti əldə etmişdi.
Hesabatda qeyd edilirdi ki, türk dili Türkiyədən kənarda, xüsusilə Suriya, İraq, İran, Qafqaz və Orta Asiyada müxtəlif dillər arasında danışıq dili kimi hələ də mövcuddur. Ancaq Türkiyənin etinasız davranışları səbəbindən bu bölgələrdə türk dili varlığını itirə bilər. Bu baxımdan ölkədə milli kimliyin inkişaf etdirilməsi və türk dilinin başqa bölgələrdə də yaşamasını təmin etmək üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır:
1. Təbriz önəmli bir türklük mərkəzidir. Burada bir mədəni mərkəz qurulmalı, türk ziyalılarının oraya yerləşdirilməsi və sosial təminatı üçün çarə axtarılmalıdır. Bundan sonra burada türk məktəbi açmağın yolunu tapmaq olar.
2. Güney Azərbaycanda türk dilini qorumaq üçün ziyalılarımızın orada fransız dilini öyrətmək bəhanəsi ilə məktəblər açması ən doğru yoldur. Belə ki, türklər İran hökumətinin diqqətini cəlb etmədən bu məktəblərdə rahatlıqla oxuya və yeni türk hərflərini öyrənə bilərlər.
3. İstanbul Universitetində və ya Ankarada elmi jurnal nəşr edilməli, bu jurnalda türkologiya yönümlü elmi məqalələrə üstünlük verilməlidir. Üstəlik, türklərin yaşadığı ölkələrin səlahiyyətli orqanlarını
şübhələndirmədən bu jurnalı qonşu ölkələrə gətirib ucuz qiymətə satmaq lazımdır. Bu jurnalın davamlı nəşr olunması üçün bütün əsgərlər və dövlət qulluqçuları jurnala abunə olmalı, vətəndaşlar təbliğat yolu ilə abunə olmağa təşviq edilməlidir. Xaricdən İstanbul Universitetinə gələn məşhur professorların türk dili ilə bağlı yazdığı məqalələr jurnalda mütləq yer almalıdır.
– Buna baxmayaraq, İranda antitürk mühit daha da sərtləşdirilmişdir.
– Bu prosesdə İranın dövlət səviyyəsində türk mədəniyyətinə qarşı apardığı siyasətdə milli satqın Mahmud Əfşar Yəzdinin 1925-ci ilin iyulunda nəşr etdirdiyi “Ayəndə” (Gələcək) jurnalının rolu böyük olmuşdur. Mahmud Əfşar jurnalın ilk nömrəsində yazdığı “Bizim tələbimiz: İranın milli birliyi” adlı məqaləsində o vaxta qədər baş verən bütün hadisələrə toxunmuş, İranda milli birlik yaratmaq üçün müxtəlif təkliflər irəli sürmüşdür. O, İranın əsas dilinin fars dili olduğunu əsas gətirərək, ölkədə mövcud olan digər xalqların mədəniyyətinin, milli təhsil və ana dillərinin qadağan edilməsini təklif etmişdir.
Mahmud Əfşar Türkiyə ilə İran arasında imzalanan “Vidadiyyə və təminiyyə” müqaviləsi haqqında yazmışdır: “Bu müqavilə İranı qərb sərhədlərindən təhdid edən təhlükələrin heç birinin qarşısını almağa qadir deyil. Ən böyük təhlükə bizi Qərbdən (Türkiyədən) təhdid edən turançılığın yayılmasıdır. Bu məsələdə ən həssas nöqtə olan Güney Azərbaycanda bütün mədəni və təhsil sahələrinə nəzarət etmək olduqca vacibdir”.
– Bəlkə də, bu səbəbdən imiş ki, şah rejimi daxildəki antitürk siyasətlə yanaşı, Türkiyəni də Güney Azərbaycana münasibətdə neytrallaşdırmağa çalışmışdır.
– O dövrdə mühacirətdə olan Güney Azərbaycanlı milli ziyalılar ilə pəhləvi hökumətinin siyasətini dəstəkləyən panfarsist ziyalılar arasında gedən siyasi, ideoloji qarşıdurmalar Türkiyə-İran siyasi münasibətləri ilə yanaşı, mədəni əlaqələrdə də problemlərə səbəb olmuşdu. Lakin bir müddət sonra iki ölkə arasında imzalanan rəsmi müqavilələr, xüsusilə də İran şahı Rza Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri münasibətlərdə yumşalmaya səbəb olmuşdu. Bu dövrdən etibarən Türkiyənin xarici siyasətində Güney Azərbaycan məsələsi öz aktuallığını itirmişdi.
Ümumiyyətlə, Pəhləvilərin hakimiyyəti dövründə və hal-hazırda İranda etnik və etnik-mədəni plüralizm ən təhlükəli amil kimi qəbul edilir və zorakı metodlarla qarşısı alınmaqdadır. Pəhləvi hökuməti və və varislərinin İranda həyata keçirdiyi etnik-mədəni soyqırım siyasəti Güney Azərbaycan türklərinin və digər türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin qətliamına yönəlmiş siyasət idi. Təəssüflər olsun ki, bu antitürk siyasəti və etnik-mədəni diskriminasiya dini məzhəb siyasəti ilə pərdələnərək bu gün də davam etdirilir. Bu siyasətin əsas mahiyyətini sasani təfəkkürünə söykənən riyakar fars şovinizmi təşkil edir.