Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan təbiətinin xilaskarı
15.12.2022 09:12
  • A-
  • A
  • A+

Azərbaycan təbiətinin xilaskarı

Akademik Həsən Əliyev haqqında çox yazılıb, filmlər çəkilib, monoqrafiyalar çap olunub. Bunlar hamısı bir-birindən gözəl və alimə layiqdir. Akademik Budaq Budaqovun yazdığı “Akademik Həsən Əliyev” kitabı bu yazıların şah əsəridir desək, yanılmarıq. Budaq müəllim fədakar alimin həyat və fəaliyyətini, elmi-pedaqoji yaradıcılığını, dünya alimləri arasında onun mövqeyini çox gözəl qələmə alıb. Xüsusən, bu kitabdan sonra Həsən müəllim haqqında fikir söyləmək, yeni bir söz demək çox çətindir.

1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatını Elmlər Akademiyasının Coğrafiya İnstitutuna verdilər. Yaxın vaxtlaradək 30 il həmin kollektivdə işləmişəm. Bu müddət ərzində Həsən Əliyevi ömrünün sonunadək direktor kimi görmüşəm. Bütün iclaslarda bir fikri həmişə vurğulayırdı: "Coğrafiya sahəsində yetişən gənc alimləri gördükcə daha çox fərəhlənirəm". Bu da səbəbsiz deyildi. Həmişə xatırladırdı ki, əvvəllər SSRİ EA-nın Azərbaycan filialı yaradılarkən milli kadrların olmaması bizi narahat edirdi.

Məşhur geoloq Qubkin Həsən müəllimdən azərbaycanlı milli kadr soruşarkən o, nə qədər iztirab çəkmiş və Azərbaycanda kadrların hazırlanmasının sonralar özünün ümdə borcu bilmişdi. Ona görə də görkəmli alim yaradıcı gənclərə qayğı göstərirdi. İnstitutlar vasitəsilə aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hər dəfə də gənclərin müdafiəsini görəndə sevincinin hədd-hüdudu olmurdu. Həsən müəllimin təşkilatçılıq fəaliyyətində kadr hazırlığı ön sırada dururdu.

Onun elmi yaradıcılığının əsas hissəsini Azərbaycan torpaqlarını öyrənmək və təbiətin mühafizəsi kimi müqəddəs bir istək təşkil edirdi. Elə bu amal da institutda “Torpaq coğrafiyası” və “Təbiəti mühafizə” şöbələrinin açılması ilə nəticələndi. Bu sahədə akademikin rəhbərliyi ilə böyük işlər görüldü, kadrlar hazırlandı. Həsən Əliyevin müxtəlif istiqamətli tədqiqatları əhatə edən əsərləri 800 adda nəşr edildi. O cümlədən 8 cildlik “Azərbaycan florası” elm aləmində hadisə kimi qiymətləndirildi. Bir faktı da qeyd edək ki, respublikada o zaman mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır.

Akademik nə iş görürdüsə, onun əsasını xeyirxahlıq təşkil edirdi. Əməkdaşlarının qayğısına qalmaq, sosial şəraitini yaxşılaşdırmaq, onlara mənəvi dayaq durmaq onun həyat qayəsi idi.

Azərbaycan təbiətinin mühafizəsi Həsən Əliyevin gündəlik işinə çevrilmişdi. Bu işin elmi yollarını axtarmaqla yanaşı, məsələnin praktiki həllinə də çalışırdı. Heç yadımdan çıxmaz, çöl ekspedisiyasından qayıdıb Sultanbud meşəsinin vəziyyəti haqqında Həsən müəllimə məruzə edərkən diqqətlə bizə qulaq asdıqdan sonra bəzi ağacları (yerini dəqiq dedi) soruşdu. Biz onların qırıldığını söylədikdə çox əsəbiləşdi. Bərdə və Ağcabədi rayonlarının birinci katiblərini telefonda xeyli məzəmmət etdi.

Azərbaycanda çinarların kəsilməsinə heç cür dözə bilmirdi. Yəqin hamıya məlumdur ki, Cəbrayıl rayonunda çinar ağacından quraşdırılan çayxana da akademiki bərk əsəbiləşdirmiş, nəticədə çinar həmin “əzabdan” xilas edilmişdi.

Bəli, o, təbiəti belə sevirdi. Sonralar akademikin “Həyəcan təbili” kitabı da həmin hisslərlə yazıldı və respublikamızın bütün əhalisinə bir “həyəcan” siqnalı verdi.

Görəsən Həsən müəllim sağ olsaydı, Bakıda və şəhər ətrafında bu qədər qanunsuz kəsilən ağac və kolların “naləsinə” dözə bilərdimi? Qətiyyən, yox…

Son zamanlar Bakıda və onun ətraf rayonlarında güclü evtikmə “yarışı” gedir. Bu bir yandan çox sevindiricidir. İnkişafdır, tərəqqidir, əhalinin sosial vəziyyətinin yaxşılaşmasının göstəricisidir. Bakımız gündən-günə inkişafdadır. Göydələnlərin sayının artması, şəxsi minik maşınlarının hədsiz dərəcədə çoxalması respublika əhalisinin rifah halının yaxşılaşmasından xəbər verir.

Günün tələbləri baxımından bunlar hamısı vacibdir, zəruridir. Lakin “hər şey insanın xoşbəxtliyi, səadəti üçün” devizi ilə fəaliyyət göstərən kompüter əsrinin adamı ətrafa təbiətin gözü ilə baxmağı da bacarmalıdır. Gündən-günə artan maşınların hisini-tüstüsünü zərərsizləşdirmək üçün yaşıllıq zolaqlarının salınması günün ən aktual məsələsinə çevrilməli olduğu halda göydələnlərin ucaldılması, şəxsi villaların tikilməsi, körpülərin salınması hesabına nə qədər yaşıllıq gözümüzün qarşısındaca məhv edildi. İnsan əli ilə təbiətə necə amansızcasına balta çalınır. Burada Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər bir daha səslənir: “Bir ağac kəsilsə, elə bil qolum kəsilir”. Təəssüf ki, bu kəlam bəzən unudulur.

İnstitutun otaqlarında akademikin məsləhəti ilə çoxlu Çin qızılgülü əkilmişdi və bunlar da böyüdükcə otaqlardan çıxarılıb dəhlizlərə düzülmüşdü. Çox gözəl və cazibədar görünürdü. Günlərin bir günü Elmlər Akademiyasının keçmiş prezidenti rəhmətlik Həsən Abdullayev bizim institutun dəhlizindən keçərkən gözü həmin güllərin dibinə atılan siqaret kötüyünə sataşır və bu, onun xoşuna gəlmir. Akademiyanın Rəyasət Heyətinin iclası zamanı həmin məsələyə toxunur. Bu, Həsən müəllimi bərk əsəbiləşdirir.

Həmişə siqaret əleyhinə təbliğat aparan, xüsusən gəncləri bu işdən çəkindirməyə çalışan Həsən müəllim bir dəfə institutun dəhlizində bizə yaxınlaşıb üzünü siqaret çəkənlərə tutaraq dedi: “Kim gəlib mənə desə ki, siqaret çəkirdim, indi tərgitmişəm, həmin adama bir aylıq maaş qədər mükafat yazacağam”.

Həsən Əliyevin xeyirxah işlərindən biri də Azərbaycanda coğrafi adların (toponimlərin) milliləşdirilməsi, qorunması idi. Ermənistanın coğrafi adlarımızın dəyişdirməsinə, təhrif etməsinə dözə bilmirdi. Həmin dövrdə Bakı kəndlərinin adlarının eybəcərləşdirilməsi onu daim narahat edirdi. Akademikin söhbətlərindən ruhlanıb “Coğrafi adları qoruyaq” adlı bir məqalə yazdım. Məqalə ilk dəfə “Elm” qəzetində, sonralar isə “Azərbaycan gəncləri” qəzetində dərc olundu. Azərbaycan xəritələrinin sonrakı nəşrlərində həmin tövsiyələr nəzərə alındı.

Onu narahat edən bir məsələni də oxuculara çatdırmaq istəyirəm. Yığıncaqların birində yaşadığım qəsəbənin adını deməli oldum. “Parnik” sözünü eşidəndə Həsən müəllim əsəbiləşdi və dedi ki, bu qədər böyümüsünüz, alim adı almaq istəyirsiniz, amma adi danışıq qaydasını bilmirsiniz. “Parnik”də adam yaşamaz, orada pomidor, xiyar yetişdirərlər. Dedim, Həsən müəllim qəsəbəmizin adı “Zabrat İstişitillik Kombinatı”dır, qısaldaraq “parnik” deyirlər. O, yenə məni məzəmmət edərək “O qəsəbədə məktəb, müəllim, ziyalı və nəhayət, bir düşünən adam yoxdurmu? Bakının qulağının dibindəki böyük bir qəsəbəyə ad qoymaq məsələsini qaldırıb onu həll etmirsiniz”, - deyə iradlarını bildirdi.

Xeyli fikirləşdim. Haqlı irad idi. Akademikin sözündən ruhlanıb “Bakı” və “Azərbaycan gəncləri” qəzetlərində bu məsələ ilə əlaqədar yazılar dərc etdirdim. Lakin müxtəlif idarələrin, bəzi adamların soyuq münasibəti qəsəbənin adını dəyişdirməyə imkan vermədi. Hər dəfə məni görəndə “Nə oldu, qəsəbənin adını dəyişdirə bildinizmi”, -  deyə soruşurdu.

Həmin vaxtlarda respublika təlatümlü günlərini yaşayırdı. Nəinki qəsəbələrə yeni, münasib adlar vermək mümkün olurdu, hətta dədə-babaların qoyduğu yurd yerlərinin adı bir yana, özünü itirirdik. Həmin dövrdə səhhəti ilə əlaqədar olaraq Həsən müəllimin işdən çıxması, ona qarşı münasibətin dəyişməsi, Əliyevlərə qarşı haqsız hücumlar bu məsələnin həllinə çəpər çəkdi.

Torpağının vurğunu, Azərbaycan təbiətinin keşikçisi, sadə və böyük insan, akademik Həsən Əliyevin səhhətinə qırılan Topxana meşəsinin, viranəyə çevrilən doğma yurd yerlərinin bir-birinin ardınca erməni tapdağına çevrilən şəhər və kəndlərin, üstəlik də cavan pöhrələr kimi ömrü baltalanan şəhid vətən övladlarının faciəsi də öz təsirini göstərdi. Böyük alim, akademik Həsən Əliyev nigaran və narahat halda dünyasını dəyişdi. Görkəmli elm xadiminin xatirəsi bu gün onu tanıyanların, onun böyüklüyü qarşısında səcdə edənlərin hamısı üçün əzizdir.

Uzun müddət direktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu indi onun adını daşıyır. Bu ad kollektivin hər bir üzvünün əbədi ünvanına çevrilib.

Görkəmli elm xadiminə böyük mükafatlar və fəxri adlar verilmişdir. O, “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı ulduz”, “I dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatına, Vavilov adına medala layiq görülmüşdür.

Sonda demək istəyirəm ki, mərhum akademik Həsən Əliyev bu gün sağ olsaydı, “Həyəcan təbili”ni bir də çalardı və hər bir azərbaycanlıya kəsilən bir ağacın sızıltısını özünün sındırılan qolu timsalında görməyi, duymağı tövsiyə edərdi.

Tahir İBRAHİMOV, Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru

“Azərbaycan” qəzeti

  • Paylaş: