Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlı əhalinin deportasiyası erməni faşizminin növbəti cinayəti idi
15.12.2022 11:38
  • A-
  • A
  • A+

1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlı əhalinin deportasiyası erməni faşizminin növbəti cinayəti idi

Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanla bu hadiəsələr Azərbaycan xalqına qarşı növbəti tarixi deportasiya və soyqırımı cinayəti aktı kimi qiymətləndirildi və həmin fərmanla dövlət komissiyası yaradıldı. Dövlət komissiyasına tapşırıldı ki, 1948-1953-cü illərdə və ondan sonrakı dövrdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki öz tarixi-etnik torpaqlarından kütləvi deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin etsin.

Qeyd etmək lazımdır ki, 1944-cü ildən 1987-ci ilədək Azərbaycan SSR-in və SSRİ-nin dövlət rəhbərliyində çalışan Heydər Əliyev erməni separatizminin və onu müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı hazırladıqları bütün cinayətkar planların pozulmasına nail ola bilmişdi. Burada bir mühüm məqam xüsusi olaraq qeyd edilməlidir ki, məhz Heydər Əliyevin 1953-1987-ci illərdə erməni faşizminin Azərbaycan xalqına qarşı törədə biləcəyi cinayətlərin qarşısının vaxtında alınmasında müstəsna xidmətləri vardır. Buna görə də, SSRİ rəhbərliyində Heydər Əliyevi özünün ən real rəqibi hesab edən M.Qorbaçov onu tutduğu vəzifədən uzaqlaşdırmaq üçün qərb dövlətlərinin və SSRİ dövlətinin hakimiyyət strukturlarında kök salmış cinayətkar erməni millətçilərinin köməyinə arxalanaraq ən çirkin üsullara əl atdı. Azərbaycan SSR-in özündən, ilk növbədə DQMV əhalisi adından mərkəzi hökumətin ünvanına Heydər Əliyevi nüfuzdan salmaq və ləkələmək üçün böhtan xarakterli məktubların yazılmasını və teleqramların vurulmasını təşkil etdirir. Keçmiş SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun etirafına görə, Azərbaycan SSR-dən Heydər Əliyevi ləkələmək üçün göndərilən məktub və teleqramların sayı 100 cilddən çox idi. Bununla kifayətlənməyən M.Qorbaçov Heydər Əliyevə qarşı sui-qəsdin təşkil edilməsi barədə məxfi göstəriş verir. Buna görə də, M.S.Qorbaçov 1987-ci il oktyabr ayının 20-də Heydər Əliyevi SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırdıqdan sonra ermənilərin öz cinayətkar niyyətlərini reallaşdırmaq ümidləri daha da artdı.

Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan "Le Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təkliflər verdiyini bildirdi. "1988-ci ilin fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Sumqayıt şəhərində Azərbaycan xalqını dünya ictimaiyyəti qarşısında gözdən salmaq üçün təxribat törətdilər. Sumqayıt təxribatının törədilməsində əsas məqsəd Dağlıq Qarabağ və onun Ermənistan SSR-lə həmsərhəd olan Zəngəzurun şərq və cənub-şərq hissəsini - Azərbaycan SSR-in Laçın, Qubadlı və Zəngilan rayonları ərazilərini ələ keçirmək idi.

Bu plana həm də Kəlbəcər rayonunun işğalı da daxil edilmişdi. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri mərhum Vəfa Quluzadə 1999-cu ildə nəşr etdirdiyi "Gələcəyin üfüqləri Azərbaycan Respublikasının xarici siyasəti haqqında düşünürlər" (Bakı, 1999) əsərində Ermənistan prezidentinin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Jirayr Libaridiyanın belə bir planın Rusiya Federasiyasının hərbi-siyasi dairələri tərəfindən hazırlandığı faktını etiraf etdiyini yazır. Məsələnin maraqlı tərəfi odur ki, ermənilərin Kəlbəcər rayonunu işğal etməsindən sonra Vəfa Quluzadə iki dəfə RF XİN-in müavini Adamişin tərəfindən Moskvaya dəvət edilmiş və aparılan danışıqlar zamanı Rusiya Federasiyası qoşunlarının Azərbaycan Respublikası ərazisində yerləşdiriləcəyinə razılıq veriləcəyi təqdirdə, Kəlbəcər rayonunun erməni işğalından azad ediləcəyi vəd olunmuşdu. Bunun Azərbaycan Respublikası üçün hansı ağır nəticələr verəcəyini əvvəlcədən bilən dövlət müşaviri V.Quluzadə bu təklifi qətiyyətlə rədd etmişdi.

1988-ci il Sumqayıt təxribatı törədildikdən sonra yaranmış vəziyyətlə bağlı keçmiş SSRİ dövlətinin rəhbəri M.S.Qorbaçovun sədrliyi ilə Sov.İKP siyasi Bürosunun 1988-ci il fevralın 29-da keçirilən iclasında "Azərbaycan SSR və Ermənistan SSR-də baş vermiş hadisələrlə bağlı əlavə tədbirlər haqqında" adlı məsələ müzakirəyə çıxarılır. İclasa sədrlik edən M.Qorbaçov öz çıxışında Azərbaycan və Ermənistan xalqlarına etdiyi müraciətin verdiyi "müsbət" təsirdən danışmaqla bərabər, İrəvan şəhəri küçələrində milyondan çox insanın olduğunu, onların anti-Azərbaycan və antitürk şüarları səsləndirdiklərini, nümayişçilər arasında vərəqələr yayıldığını və bu vərəqələrdə: "...bəsdir daha, mitinq keçirdiniz, qurtarın, ermənilər, silahlanın və türkləri əzin", - sözlərinin yazıldığını və şəhərdə Sovet Ordusu Qərargah rəisinin oturduğu binanın pəncərəsinə güllə atıldığını sadalamaqla bərabər, ermənilərin: "çox nizam-intizamlı olduqlarını, heç bir antirus, antisovet şüarı səsləndirmədiklərini, əllərində Sov.İKP MK Siyasi Bürosu üzvlərinin portretlərini tutduqlarını söyləyir". Bundan əlavə o, çıxış edənlərin hamısının Qarabağın Ermənistana birləşdirilməsini tələb etdiklərini deyir və bu məsələnin İ.Stalinin dövründə düzgün həll edilmədiyini və yalnız indi: yəni, "yenidənqurma" və "demokratiya" çərçivəsində düzgün həllinin mümkün olduğunu söyləyir. O, çıxışının davamında keçirilən mitinqdə ermənilərin "böyük və nəhəng" ictimai xadimlərinin iştirak etdiklərini və öz çıxışlarında haqlı olduqlarını qeyd etməklə bərabər, DQMV-nin partiya komitəsi katibinin 14 il ərzində bir dəfə də olsun Ermənistana getməməsini, guya XX əsrin əvvəllərində Naxçıvan MR ərazisində "ermənilərin soyqırıma məruz qaldıqlarını" və bu sərhədyanı ərazidə ermənilərə məxsus "soyqırımı məzarları"nın olduğunu faktiki ön plana çəkir və deyir ki, Naxçıvanda vaxtilə "mövcud olan erməni mədəniyyətinə aid 90 abidə"dən yalnız biri qalmışdır. Məsələnin maraqlı tərəfi M.Qorbaçova bu səviyyədə tamamilə saxtalaşdırılmış məlumatları kimin təqdim etməsi və onu bu yalanlara inandıra bilməsidir. Əslində, bizim üçün bu heç də sirr deyil, çünki burada təəccüblü bir şey də yoxdur və M.Qorbaçov özü ona verilən bu məlumatların saxta olduğunu çox yaxşı bilirdi. Çünki bu yalan məlumatlar ona Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırmaq və onu məhv etmək üçün lazım idi.

İclasın stenoqramı ilə tanışlıq belə bir fikir söyləməyə imkan verir ki, bu saxta məlumatları ona köməkçisi, əslən Dağlıq Qarabağdan olan, XX əsrin 70-ci illərində Sov.İKP MK-da B.Ponomaryovun müavini işləmiş Georgi Şahnazarovun birbaşa iştirakı ilə təşkil edilmiş görüşdə erməni faşist ideologiyasının əsas nümayəndələri olan Silva Kaputikiyan və Zori Balayan tərəfindən verilmişdi. M.Qorbaçov özünün 1996-cı ildə nəşr etdirdiyi "Həyat və islahatlar" ("Jiznğ i reformı". Moskva, 1996, s. 502-509) kitabında bunu etiraf edir. Sov. İKP MK Siyasi Bürosunun iclasında etdiyi çıxışında 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş, 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmuş və SSRİ Nazirlər Sovetinin birinci müavini işləmiş, ABŞ, İngiltərə dövlətlərinin, rus slavyan imperiyapərəst qüvvələrin, onların əlində oyuncaq olan ermənilərin təzyiqi və M. Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyindən uzaqlaşdırılmış Heydər Əliyevin adını çəkir. Stenoqramın 7-ci səhifəsində M.Qorbaçov erməni Katolikosu II Vazgenin 1976-cı ildə Heydər Əliyev tərəfindən qəbul edilmədiyini, onun verdiyi təkliflərə respublika rəhbərinin etinasız yanaşdığını və katolikosun bu günədək gözlədildiyini "erməni xalqına" Azərbaycan SSR rəhbərinin düşmən münasibət bəsləməsi faktı kimi qələmə verir. Çıxışında hər an Heydər Əliyevi ittiham edən M.Qorbaçov, Dağlıq Qarabağda, onun mədəniyyət mərkəzi Şuşa şəhərində olarkən "Qarabağ həmişə Azərbaycanın olub və bundan sonra da olacaqdır" bəyanatını bir fakt olaraq ön plana çəkərək, onu baş verən hadisələrin təşkilatçısı və günahkarı kimi təqdim edir. Bu zaman M. Qorbaçov özü də etiraf edir ki, bu məlumatları ona görüş zamanı Zori Balayan vermişdir. Lakin həmin dövrdə M.S.Qorbaçov ilk növbədə, Heydər Əliyevin və sonra isə tanınmış Azərbaycan ziyalılarının təkidli tələblərinə baxmayaraq nə onlarla görüşür, nə də ki, qəbul etməyə razılıq verir. Stenoqramla hərtərəfli tanışlıq göstərir ki, təkcə SSRİ rəhbəri M.S.Qorbaçov deyil, o cümlədən bütün Siyasi Büro üzvlərinin tam əksəriyyətinin Azərbaycan xalqına, onun rəhbərinə olan düşmən münasibəti tarixi ənənə xarakteri daşımaqla bərabər, həm də çar Rusiyası, Sovet Rusiyası və SSRİ dövlətinin öz hərbi-siyasi maraqlarını qorumaq üçün ermənilərə olan himayədarlıq hissindən, onların saxta məlumatlarından öz milli mənafelərini Azərbaycan xalqı hesabına təmin etmək marağından irəli gəlirdi. Bütövlükdə 1988-ci il ərzində Azərbaycan xalqının təkidli etirazlarına baxmayaraq, ermənilərin və mərkəzi hökumət nümayəndələrinin verdikləri saxta məlumatları əsas götürən M.Qorbaçovun cinayətkar münasibəti nəticəsində 1988-ci il noyabrın 23-dən dekabrın 1-dək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri də daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 253 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi və qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə min rus millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı. 1988-ci il noyabrın 23-dən dekabrın 1-dək olan müddət ərzində isə öz tarixi və etnik torpaqlarından bütün azərbaycanlı əhali etnik təmizləmə, deportasiya və soyqırımı cinayətlərinə məruz qaldıqdan sonra, SSRİ hökuməti 1988-ci il dekabrın 6-da qəribə bir qərar qəbul etdi. Bu qərar belə adlanır: "Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycan SSR və Ermənistan SSR yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşları öz daimi yaşayış yerlərindən məcbur edilərək tərk etmələrinə səbəb olacaq hərəkətlərin yolverilməzliyi haqqında".

Bütün Ermənistan SSR ərazisi yerli azərbaycanlı əhalidən Sovet Ordusunun ermənilərə göstərdiyi yardım nəticəsində boşaldıldıqdan sonra belə bir qərarın qəbul edilməsi SSRİ dövləti və M.S.Qorbaçov başda olmaqla cinayətkar rejimin riyakarlığının bariz nümunəsi idi. Bu fikri təsdiq edən digər bir sənəd də odur ki, 1989-cu ilin sonunda keçmiş SSRİ-də aparılmış əhalini siyahıyaalmanın nəticələrinə əsasən, Ermənistan SSR-də 1989-cu ilə aid rəsmi məlumata görə, guya 84 min 860 nəfər azərbaycanlının yaşadığı göstərilmişdir. Bu məlumatın nə qədər saxta və yalan olduğu ona görə dəqiqdir ki, Azərbaycan Respublikası Milli Məclisinin Arxivində 1988-ci ilin sonuna aid rəsmi məlumatda 1988-ci il noyabrın 28-dən dekabrın 1-dək Ermənistan SSR-dən SSRİ dövlətinin razılığı və bilavasitə Sovet Ordusu hərbi hissələrinin yardımı ilə 230 min nəfər azərbaycanlı sürgün olunmuşdur. Buna görə də, 1989-cu ildə Ermənistan SSR-də 84860 nəfər azərbaycanlının yaşamasını rəsmi dövlət sənədində göstərmək ən azı riyakarlıqdır. Qeyd edək ki, qədim Azərbaycan şəhəri olan İrəvanı 1991-ci il yanvarın 19-da tərk edən sonuncu azərbaycanlı, erməni faşizminin ifşasında müstəsna xidmətləri olan, Dövlət Mükafatı Laureatı, tarixçi alim, tanınmış ziyalı mərhum İsrafil Məmmədov və ailəsi olmuşdur.

Cəbi BƏHRAMOV, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru

“Respublika” qəzeti

  • Paylaş: