XX əsrin əvvəllərində türk və müsəlman dünyasında mürəkkəb siyasi proseslərlə zəngin olan bir dövr başladı. Bu dövr Kiçik Asiya, Yaxın və Orta Şərqdə iki böyük dövlətin - Osmanlı imperiyasının və Qacar Türk Xanədanlığının süqutu və bu coğrafiyada yeni milli dövlətlərin yaranması ilə səciyyələnirdi.
O ərəfədə Qacar Türk Xanədanlığı siyasi böhran dövrünü yaşayırdı. Xarici dövlətlərin Yaxın Şərq siyasəti bu böhranın dərinləşməsində mühüm amillərdən biri idi. Əvvəlki illərdə çar kazak polkunda əsgər, daha sonra mehtərbaşı və kazak briqada komandiri Rza Pəhləvinin başçılıq etdiyi kazak silahlı qüvvələri 1921-ci ildə ingilislərin köməyi ilə Qacar hakimiyyətinə qarşı hərbi çevriliş edir. 1921-ci il fevralın 22-də Qəzvin şəhərində ingilis ordusunun Qacar dövlətindəki baş komandanı, general Edmund Ayronsaydın təşkilatçılığı və təlimatı ilə Rza xanın 2500 nəfərlik kazak diviziyası Tehrana daxil oldu və paytaxtı ələ keçirdi. Çevrilişdən sonra məcburiyyət qarşısında qalan Əhməd şah Qacar britaniyayönlü jurnalist Seyid Ziya Təbatəbaini Baş nazir, Rza xanı isə hərbi nazir təyin etdi. Təbatəbainin hökumət kabineti 3 aydan çox yaşamadı və bundan sonra başqa bir ingilispərəst Əhməd Qəvamın rəhbərliyi ilə ikinci hökumət kabineti quruldu. Əhməd Qəvam hökuməti də bir neçə ay davam etdi və bundan sonra hökumət Müşiriddövlə kabinetinə tapşırıldı.
1923-cü ildə Qacar dövlətində ingilis hakimiyyətinə qarşı etirazlar genişləndikcə hökumət kabineti xalqın təzyiqi ilə istefaya getməyə məcbur oldu. Belə bir şəraitdə Əhməd şah yeni hökuməti qurmaq tapşırığını Rza Pəhləviyə həvalə etdi. Rza Pəhləvi ikiüzlü siyasət yürüdərək solçuların nümayəndələrinə hökumətdə yer verdi. Beləliklə, 1921-ci ildə hərbi nazir, 1923-cü ildə Baş nazir olan Rza Pəhləvi "xan" titulu ilə Qacarlar hakimiyyətini qəsb etdi.
Rza xan, iqtidarının ilk dövründə ölkənin müxtəlif bölgələrində milli-azadlıq hərəkatlarını kazak hərbi birləşmələri vasitəsilə vəhşicəsinə yatırdı, Cənubi Azərbaycanda Şahsevən, Xalxal, Talış və Maku əyalətlərini özünə tabe etdi. Eyni zamanda, Rza xan Baş nazir olduqdan onun təzyiqi ilə bir ay sonra sonuncu Qacar hökmdarı Əhməd şahı İranı tərk edib "müalicə" üçün Avropaya getməyə məcbur oldu. Rza şah öz xatirələrində yazırdı: "Bəli, Əhməd şahı İrandan Avropaya köçməyə mən məcbur etdim".
Əhməd şah ölkəni tərk etdikdən sonra Rza xan, 130 illik bir dövrdə Qacar Türk Xanədanlığında hökmranlıq etmiş qacar sülaləsinə son qoymaq üçün "Cümhuriyyət" şüarını irəli sürmüş, lakin ruhanilərin təzyiqi altında bu ideyadan imtina etmişdi. Ölkədəki mövcud xaos vəziyyətindən yararlanan Rza xan tərəfdarları parlamentarilərə təzyiq göstərib onun parlamentdə şah seçilməsi məsələsini gündəmə gətirdilər. 12 dekabr 1925-ci ildə Müəssislər Məclisinin 257 üzvü lehinə, 3 üzvü bitərəf olmaqla Rza xan şah seçildi. Qacar hakimiyyəti dövründə qəbul edilmiş Konstitusiya dəyişdirildi və "Qacar Şahı" ifadəsi əvəzinə "Pəhləvi Şahı" ifadəsi yazıldı. Beləliklə, Rza şah Pəhləvi 1926-cı il aprelin 25-də 7 yaşlı oğlu Məhəmməd Rzanın iştirakı ilə şahlıq tacını başına qoyaraq rəsmən şah elan edildi.
Anadoluda Türkiyə Cümhuriyyəti qurulduqdan (1923-cü il) və fars pəhləvi sülaləsi Qacarlar dövlətində hakimiyyəti ələ keçirdikdən sonra (1925-ci il) iki qonşu dövlət arasında siyasi münasibətlər davam etmişdi.
Hələ 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildikdən bir neçə ay sonra Türkiyə Cümhuriyyəti Qacar hökmdarı Əhməd şah tərəfindən tanınmışdı.
Dostluq əlaqələri çərçivəsində 7 oktyabr 1922-ci ildə Mühiddin Paşa Türkiyənin Tehran səfiri təyin olundu və o, 7 fevral 1923-cü ildə Türkiyənin Tehrandakı ilk səfiri olaraq Baş nazir Rza xana etimadnaməsini təqdim etdi.
Türkiyənin Mühiddin paşanı səfir təyin etməsi İrandakı Azərbaycan türkləri arasında sevinclə qarşılandı. Lakin Türkiyənin Mühiddin paşanı Tehrana səfir təyin etməsi İranın hərbi-siyasi dairələrində müəyyən narahatçılıqlara səbəb oldu. Bu dairələr hesab edirdilər ki, Türkiyə milli mücadilə hərəkatında qalib gəldikdən sonra İran coğrafiyası hüdudlarında yaşayan yerli Azərbaycan türklərinin problemləri ilə yaxından maraqlanacaq. Hətta Baş nazir Rza xan İranın narahatlığını Türkiyənin Tehran attaşesi Hüseyn Tuğaça belə çatdırmışdı: "Düşünürəm ki, Türkiyənin gözü İran Azərbaycanındadır. Buranı almaq istəyir..."
Türkiyə milli mücadilə hərəkatında qalib gəldikdən sonra Pəhləvi hakimiyyəti ilə münasibətləri sabit xətt üzrə inkişaf etdirməyə çalışırdı. Çünki Türk hakimiyyəti hesab edirdi ki, İranın siyasi bütövlüyü Türkiyənin təhlükəsizliyi üçün olduqca vacibdir.
Bu dövrdə Türkiyə İranda monarxiyanın ləğvi və cümhuriyyətin elan edilməsi üçün çox səy göstərdi. Qazi Mustafa Kamal Paşa Türkiyənin Tehrandakı səfiri Mühiddin paşa vasitəsilə Rza xana İranda cümhuriyyətin elan edilməsi üçün bir çox tövsiyələr vermişdi.
Türkiyədə Cümhuriyyətin elan edilməsi və həyata keçirilən mütərəqqli reformlar İranda ziyalılar arasında böyük əks-səda doğurmuş və eyni dəyişikliklərin edilməsi İranda da gündəmə gəlmişdi. Uzun müzakirələr fonunda İranda cümhuriyyətin elan ediləcəyi ilə bağlı ümidlər artmışdı. Rza xan 1924-cü ilin 21 martında - Novruz günü cümhuriyyəti elan etməyi düşünürdü. Hətta İrandakı mollalar da cümhuriyyət ideyasına isti yanaşır və onu dəstəkləyirdilər.
Lakin 1924-cü il martın 3-də Türkiyə tərəfindən xəlifəliyin ləğvi İran cəmiyyəti, xüsusən də mollalar arasında cümhuriyyət ideyasına qarşı müqaviməti artırdı. Cümhuriyyət ideyası 1924-cü ilin yazında güclü müqavimətlə qarşılaşdı və Rza şah bu kəskin etirazlar fonunda Qum şəhərində bir bəyanatla çıxış edərək respublika idarəçiliyinə qarşı olduğunu elan etməli oldu.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bu xəbəri Çankayada Həmdullah Sübhi və bir neçə nəfərlə şam yeməyində olarkən öyrənmiş və təəssüfünü bildirmişdi. Rza şah hakimiyyətinin başlanğıcında Türkiyə-İran münasibətlərində problem yaradan məsələlərdən biri Pəhləvi rejiminin Güney Azərbaycanda həyata keçirdiyi farslaşdırma siyasəti idi. Uzun illər boyu dövlət idarəçilik sistemində təmsil olunan Azərbaycan türkləri Rza şah Pəhləvinin hakimiyyətə gəlməsi ilə hakimiyyət strukturlarından uzaqlaşdırılmağa başladı.
Pəhləvi rejiminin Güney Azərbaycanda həyata keçirdiyi antitürk siyasəti dövründə Türkiyənin əyalət rəsmiləri Güney Azərbaycanda baş verənlər və Türkiyənin burada görə biləcəyi tədbirlərlə bağlı bir neçə dəfə yuxarı instansiyalara hesabat təqdim etmişdilər. 5 yanvar 1926-cı ildə Van Sərhəd Komandanlığından "Erkan-ı Harbiye Ümumi Müdirliyi" Kəşfiyyat İdarəsinə, oradan isə 10 yanvar 1926-cı ildə Baş Qərargah rəisi müşir Fevzi Çakmaka İrandakı vəziyyətlə bağlı hesabat göndərilmişdi.
Əhməd şah Qacarın yerinə Rza Pəhləvinin şah elan edilməsinin Güney Azərbaycanda fəsadları ilə bağlı mühüm məlumatların və Van Sərhəd Komandanı Süleyman Harbinin fikir və təkliflərinin yer aldığı sənəddə qeyd edilir ki, "Qacarlar sülaləsinin əvəzinə Pəhləvilərin şah elan edilməsi Güney Azərbaycanda narazılığa səbəb olmuşdur. Çünki Rza Pəhləvi azəri türklərinin etnik kimliyini məhv edərək farslaşdırmağa çalışır. Bu səbəbdən məktəblərdə türkcə dərslər qadağan edilir. Yeni hakimiyyət Urmiyadakı türk valisini vəzifəsindən azad etmiş və yerinə fars vali təyin etmişdir. Bundan əlavə, Təbrizdə ingilislər və Urmiyada amerikalılar Güney Azərbaycanda erməni-aysor dövlətinin qurulması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Bu hadisələr fonunda Türkiyə Cümhuriyyəti türk dostu Zəfər-üd Dövləni Təbrizdəki konsulluğa təyin etməklə bölgədə siyasi üstünlüyü ələ keçirməyi hədəfləyir".
Pəhləvi hökuməti bir tərəfdən İranda türk əhalisinə qarşı assimilyasiya siyasəti həyata keçirir, digər tərəfdən isə Türkiyənin İrana təsirini azaltmaq üçün kürdlərə dəstək verir, hətta bölgədə kürd dövlətinin qurulması ideyasını dəstəkləyirdi. Pəhləvi hökuməti 1925-ci ildən etibarən ölkə daxilində köç edən minlərlə ermənini Türkiyə sərhədinə yaxın Cənubi Azərbaycan kəndlərində yerləşdirmişdi.
Rza şah hökumətinin irqçi siyasətinin əsas məqsədlərindən biri də İranda türk dilinin istifadəsini məhdudlaşdırmaq və mümkün qədər insanlara bu dili unutdurmaq idi. Güney Azərbaycanda yeni yaradılan dövlət məktəblərində türk dilində dərslərin tədrisinə qadağa qoyulmaqla yanaşı, məktəblərdə şifahi söhbətlərdə türk dilindən istifadə etmək belə qadağan edilmişdi. Fars rejiminin Tehrandan göndərdiyi Mövsimi və Zövqi adlı təhsil şöbəsi müdirləri məktəb rəhbərlərinə "məktəbdə türkcə danışanların boynuna kəndir keçirib tövləyə bağlamaq" təlimatı vermişdi. Güney Azərbaycanda ibtidai məktəblərdə tənəffüs zamanı türkcə danışanların cəzalandırılması üçün "pul cəriməsi qutuları" qoyulmuşdu.
Pəhləvi rejiminin həyata keçirdiyi bu zorakı və qeyri-insani siyasət Türkiyədə birmənalı qarşılanmamış, fars şovinizminə qarşı tədbirlər görülməsinin zəruriliyi gündəmə gəlmişdi. Güney Azərbaycandakı problemlərlə bağlı Van Sərhəd Komandanı Süleyman Harbi öz raportunda qeyd edirdi ki, "...əslən türk olan Qacar sülaləsinin sonuncu şahını devirərək yerinə Pəhləvi sülaləsinin gətirilməsi Azərbaycanda dərin narazılıqla qarşılanmışdır. Onlar bugünkü İranın başçısı olan ingilis oyuncağı Rza xanın təşviqi ilə Azərbaycanı farslaşdırmağa çox çalışırlar... Azərbaycanda məktəblərdə türkcə təhsil qadağandır və fars ziyalıları azərilərin əslən fars olması ilə bağlı təbliğat aparır".
Güney Azərbaycanda mövcud problemlərlə bağlı digər bir sənəd isə türk Baş Müfəttişliyinin Birinci müşavirinin Baş nazir İsmət paşaya təqdim etdiyi 13 yanvar 1934-cü il tarixli hesabatdır. Bu sənəddə Baş müşavirin bölgəyə səfəri zamanı müşahidələri, qarşılaşdığı problemlər və həyata keçirilməsi zəruri olan məsələlər öz əksini tapmışdı. Baş müşavir 1933-cü ilin sonunda Güney Azərbaycanın Maku şəhərində Türkiyə-İran Daimi Sərhəd Komissiyasının iclasında Türkiyə Cümhuriyyətini təmsil edən nümayəndə heyətinin başçısı kimi iştirak etmiş və bundan yararlanaraq Azərbaycan türklərinin vəziyyətini müzakirə etmə fürsəti əldə etmişdi.
Hesabatda qeyd edilirdi ki, "Pəhləvi rejiminin həyata keçirdiyi antitürk və zorakılıq siyasəti nəticəsində İrandakı Azərbaycan türkləri arasında həmrəylik və türklük şüuru daha da artmışdır. Türkiyədə milliyyətə önəm verən inqilabın baş verməsi, Birinci Dünya müharibəsi illərində Güney Azərbaycana gedən türk qoşunlarının əkdiyi türklük toxumlarının yenidən cücərməsi, milli düşüncə istiqamətində addımlar atılmasına səbəb olmuşdur".
Baş müşavir məruzəsinin sonrakı hissələrində Türkiyənin azəri türklərinin mövcud vəziyyətinə uyğun necə davranmaq lazım olduğuna dair təkliflərini də vermişdi. Türkiyə rəsmisi qeyd edirdi ki, "türk dili Türkiyədən kənarda, xüsusilə Suriya, İraq, İran, Qafqaz və Orta Asiyada müxtəlif dillər arasında danışıq dili kimi hələ də mövcuddur. Ancaq Türkiyənin etinasız davranışları səbəbindən bu bölgələrdə türk dili varlığını itirə bilər. O baxımdan ölkədə milli kimliyin inkişaf etdirilməsi və türk dilinin başqa bölgələrdə də yaşamasını təmin etmək üçün bu məsələlər nəzərə alınmalıdır: Təbriz önəmli bir türklük mərkəzidir. Burada bir mədəni mərkəz qurulmalı, türk ziyalılarının oraya yerləşdirilməsi və sosial təminatı üçün çarə axtarılmalıdır. Bundan sonra burada türk məktəbi açmağın yolunu tapmaq olar; Güney Azərbaycanda türk dilini qorumaq üçün ziyalılarımızın orada fransız dilini öyrətmək bəhanəsi ilə məktəblər açması ən doğru yoldur. Belə ki, türklər İran hökumətinin diqqətini cəlb etmədən bu məktəblərdə rahatlıqla oxuya və yeni türk hərflərini öyrənə bilərlər; İstanbul Universitetində və ya Ankarada elmi jurnal nəşr edilməli, bu jurnalda türkologiya yönümlü elmi məqalələrə üstünlük verilməlidir. Üstəlik, türklərin yaşadığı ölkələrin səlahiyyətli orqanlarını şübhələndirmədən bu jurnalı qonşu ölkələrə gətirib ucuz qiymətə satmaq lazımdır. Bu jurnalın davamlı nəşr olunması üçün bütün əsgərlər və dövlət qulluqçuları jurnala abunə olmalı, vətəndaşlar təbliğat yolu ilə abunə olmağa təşviq edilməlidir. Xaricdən İstanbul Universitetinə gələn məşhur professorların türk dili ilə bağlı yazdığı məqalələr jurnalda mütləq yer almalıdır.
Verilən rəsmi məlumatlardan da göründüyü kimi, Türkiyənin İranda pəhləvilərin apardığı panfarsist siyasətinə qarşı tədbirlər gördüyü bəlli olur.
Bu dövrdə Türkiyədə fəaliyyət göstərən Türk Ocaqlarına məxsus jurnallarda da Güney Azərbaycan məsələsi ciddi şəkildə müzakirə olunmaqda idi. Birinci Dünya müharibəsi illərində Güney Azərbaycandan İstanbula və digər ölkələrə köç etmək məcburiyyətində qalan türk ziyalıları türkçülük ideyaları ilə yaxından tanış olmuş və İran türklərinin azadlığı məsələsini gündəmə gətirmişlər. Bu arada, məşhur ziyalılardan Süleyman Nazifin səsləndirdiyi Zərdüşt peyğəmbərin türk olması fikri İran mətbuatında böyük əks-səda doğurmuşdu.
Türkiyə-İran münasibətlərinə təsir edən əsas məsələlərdən biri də Güney Azərbaycan mühacir ziyalısı Rövşəni bəyin 1923-cü ilin iyulunda İstanbulda "Türk ocağı"nda İran türkləri haqqında iki saat yarımlıq çıxışı oldu. İranlı müəlliflərin fikrincə, Həsən Rövşəni bəyin bu çıxışı pantürkizmin İranda vizual olaraq ortaya çıxması idi. Rövşəni bəy çıxışında bildirirdi ki, "...10 milyonluq İran əhalisinin 4 milyonunu Azərbaycan türkləri təşkil edir. İranın təbiətində, dağlarında türk izindən, türk qanından başqa bir iz görmədim..." Rövşəni bəy öz çıxışında İran azərbaycanlılarının gələcəkdə burada türk səltənəti quracaqlarını da vurğulamışdı.
Rövşəni bəyin bu çıxışına ilk reaksiya İran hökumətinin İstanbuldakı səfirliyindən gəlmişdi. Səfir İshaq Xan Türkiyə dövlətinin rəsmi nümayəndəsi Adnan bəylə görüşündə Rövşəni bəyin məsuliyyətə cəlb olunmasını və üzr istəməsini tələb etmişdi.
İran mətbuatı da Rövşəni bəyin çıxışına ciddi reaksiya vermişdi. "Mihen" qəzeti Atatürkün qələbəsi münasibəti ilə Tehran küçələrində asılan şəkillərə işarə edərək, hökumətə pantürkizm təhlükəsi ilə mübarizə aparmağı tövsiyə etmişdi.
Bundan başqa, "Mihen" qəzetində Əbülqasım Şirvani adlı yazar Rövşəni bəyə xitabən türklərin əleyhinə təhqir və söyüşlərlə çıxış etmişdi. Əbülqasım Şirvaninin çıxışında işlədilən ifadələr o qədər qeyri-etik idi ki, Türkiyənin İrandakı səfirinin müavini Cəlal bəy 1923-cü il sentyabrın 3-də İran Xarici İşlər Nazirliyinin rəsmisi Mirzə İshaq Xanla görüşmüş və etiraz notasını ona təqdim etmişdi. Notada deyilirdi: "...dünya dövlətləri qarşısında mərdi-mərdanə duran Türkiyənin əsilzadə millətinə əxlaqsızcasına küfr edənlər cavabsız qalmayacaqdır..."
Böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti" əsəri İranda yeni bir ideoloji müzakirəyə səbəb oldu. Əsərdə İran və türklük məsələləri təhlil edilir, Araz çayının hər iki sahilinin tarixi əlaqələri və farsların Güney Azərbaycandakı mənfur siyasəti şərh edilirdi.
İranın dövlət səviyyəsində türk mədəniyyətinə qarşı apardığı siyasətində nazir müavini Mahmud Əfşar Yəzdinin 1925-ci ilin iyulunda nəşr etdirdiyi "Ayəndə" (Gələcək) jurnalının rolu böyük olmuşdu. Mahmud Əfşar jurnalın ilk nömrəsində yazdığı "Bizim tələbimiz: İranın milli birliyi" adlı məqaləsində o vaxta qədər baş verən bütün hadisələrə toxunmuş, İranda milli birlik yaratmaq üçün müxtəlif təkliflər irəli sürmüşdü. O, İranın əsas dilinin fars dili olduğunu əsas gətirərək, ölkədə mövcud olan digər xalqların mədəniyyətinin, milli təhsil və ana dillərinin qadağan edilməsini təklif edirdi.
Mahmud Əfşar Türkiyə ilə İran arasında imzalanan "Vidadiyyə və Təminiyyə" müqaviləsi haqqında yazırdı: "Bu müqavilə İranı qərb sərhədlərindən təhdid edən təhlükələrin heç birinin qarşısını almağa qadir deyil. Ən böyük təhlükə bizi Qərbdən (Türkiyədən) təhdid edən turançılığın yayılmasıdır. İki ölkə arasında o zaman yaxşı münasibətlər ola bilər ki, ərazi iddiaları olmasın. Bu məsələdə ən həssas nöqtə olan Güney Azərbaycanda bütün mədəni və təhsil sahələrinə nəzarət etmək olduqca vacibdir".
Uzun müddət mühacirətdə olan Güney Azərbaycanlı milli ziyalılar ilə Pəhləvi hökumətinin siyasətini dəstəkləyən panfarsist ziyalılar arasında gedən siyasi, ideoloji qarşıdurmalar Türkiyə-İran siyasi münasibətləri ilə yanaşı, mədəni əlaqələrdə də problemlərə səbəb olmuşdu. Lakin bir müddət sonra iki ölkə arasında imzalanan rəsmi müqavilələr, xüsusilə də İran şahı Rza Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri münasibətlərdə yumşalmaya səbəb olmuşdu. Bu dövrdən etibarən Türkiyənin xarici siyasətində Güney Azərbaycan məsələsi öz aktuallığını itirmişdi.
Ümumiyyətlə, Pəhləvilərin hakimiyyəti dövründə və hal-hazırda İranda etnik və etnik-mədəni plüralizm ən təhlükəli amil kimi qəbul edilir və zorakı metodlarla qarşısı alınmaqdadır. Bu mənada Rza şahın və varislərinin fəaliyyəti İran kimliyinin mərkəzinə fars kimliyini qoymaqla irançılığı ideolojiləşdirməyə əsaslanır. Xüsusilə də Pəhləvi hökumətinin İranda həyata keçirdiyi etnik-mədəni soyqırım siyasəti Güney Azərbaycan türklərinin və digər türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin qətliamına yönəlmiş panfarsizm ideologiyasına əsaslanan siyasət idi.
Təəssüflər olsun ki, Pəhləvilərin hakimiyyəti dövründən İranda başlanan antitürk siyasəti və etnik-mədəni diskriminasiya dini məzhəb siyasəti ilə pərdələnərək bu gün də davam edir və bu siyasətin əsas mahiyyətini sasani təfəkkürünə söykənən riyakar fars şovinizmi təşkil edir.