Tarixi qaynaqlar bunu tam təsdiq edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Elmlər Akademiyasında çıxışı zamanı bugünkü Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığı haqda elmi araşdırmaların genişlənməsi və dərinləşməsi zərurətini vurğulayaraq demişdir: "Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi".
Ölkə rəhbəri erməni təbliğatının bütün dünyada işə salındığını deyərək, bizim tərəfimizdən tarixi həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb: "Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik".
Prezidentimizin Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşdə səsləndirdiyi dəyərli fikirlər, proqram xarakterli mülahizələr bu kontekstdə yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini zəruri edir.
Ölkə rəhbərinin tövsiyələrinə müvafiq olaraq tarixi Azərbaycan torpaqlarının, o cümlədən qədim İrəvan şəhəri və onun ətrafının daha dərindən öyrənmək üçün etibarlı və obyektiv mənbələrə, o cümlədən Şərq dillərində mövcud qaynaqlara müraciət edilməlidir. Bu sahədə xeyli işlər görülmüşdür. Bu məqalədə İrəvan şəhəri və ətrafı haqda məhz farsdilli qaynaqlarda əksini tapmış məlumatlar nəzərdən keçirilir.
İrəvan və ətrafı haqqında farsdilli qaynaqlardan yazarkən, fikrimizcə ilk növbədə, məşhur səvəfi tarixçisi, şair və xəttat İsgəndər Münşi Türkmanın "Tarix-e aləmara-ye Abbasi"-"Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin adı çəkilməlidir. Əsərdə I Şah Abbasın dövrü, mədəni, ictimai-iqtisadi, siyasi-diplomatik və hərbi sahədə fəaliyyəti ilə yanaşı, bir sıra Yaxın və Orta Şərq, Kiçik, Mərkəzi və Cənubi Asiya, Qafqaz, Şərqi Avropa ölkələri haqqında müəyyən məlumatlar öz əksin tapmışdır. Əsərin bir sıra fəsillərində İrəvan və ətrafı haqqında məlumatlar da yer alıb.
Bu aşağıdakı fəsillərdir: "İsgəndər Şanlı Nəvvabın Hümayun məiyyətinin olmadığı müddətdə Azərbaycanda baş verən hadisələr və İrəvanın rumilər tərəfindən fəth olunması barədə söhbət", "Hümayun məiyyətin Naxçıvan və İrəvana yürüşü və Allah-taalanın inayəti sayəsində o yerlərin qalalarının fəth olunmasının zikri", "O qış fəslində İrəvan qalasının mühasirəsi zamanı qəzavü-qədərin istəyi və Allah-taalanın təqdiri ilə baş verən hadisələrin zikri", "İrəvanın Yeni Qalasının fəth olunması", "İrəvanın Ətiq qalasının fəthi", "İrəvan qalasının təmiri və Şirvan yürüşü zamanı baş verən müxtəlif hadisələr barədə söhbət", "Əmirgunə xanın vəziyyətinin, onun tərəfindən İrəvanda bəzi qalaların humayun şah iqbalının gücü ilə qaçılmaz fəthinin zikri", "Allahın köməyi ilə baş verən hadisələrin zikri", "İrəvanı mühasirə etməyi və Allahın məsləhəti ilə məqsədə yetmədən geri dönməyi", "Rumilərin İrəvan qalasını mühasirə etmələri", "Mühasirə zamanı qızılbaş qaziləri ilə rumilərin qala xaricindəki döyüşlərinin zikri", "Rum sərdarı və ləşkərinin İrəvan qalasından İstanbula qayıtması" və s.
Fəsillərin başlıqlarından da göründüyü kimi, bu dövr İrəvan daim Səfəvilərlə Osmanlıların qarşıdurma obyekti olaraq əldən-ələ keçmişdir. Əsərin "Hümayun-məiyyətin Naxçıvan və İrəvana yürüşü və Allah-Təalanın inayəti sayəsində o yerlərin qalalarının fəth olunmasının zikri" fəslində Naxçıvan və İrəvanın məhz tarixi Azərbaycana aid olmalarını təsdiq edən çox qiymətli məlumat var: "Əlahəzrət zilləllah şah Təbriz qalasını alıb oranın işlərini nizamladıqdan sonra öz himmət kəmərlərini bütün irsi Azərbaycan vilayətini almağa ataraq, cahangirlik bayrağını qaldırdı, şahanə yürüş yüyənini Naxçıvan və İrəvan səmtinə yönəltdi".
Əsərdə İrəvan qalası belə təsvir edilir: "İrəvan qalası üç qaladan ibarət idi. Biri Sərdar Fərhad paşanın 991-ci at ilində həmin vilayəti almağa gələrkən inşa edilən Ətiq qalasıdır. Qızılbaşlar Zəngiçayın kənarında möhkəm bir qala tikmiş, qalaya şirhacı çəkmiş, ətrafında dərin xəndəklər qazmışdılar. İkincisi, qalanın cənub-qərbindəki təpənin üzərində yerləşən Gözçü adlı kiçik bir qaladır ki, bu iki qala arasındakı məsafə iki-üç ox sürətinə bərabərdir. O qalanın mühafizəçiləri böyük qala adamlarının çağırışı ilə çölə çıxıb, özlərinin suya və başqa şeylərə olan ehtiyaclarının böyük qala vasitəsi ilə təmin edirlər. Üçüncüsü isə, bir neçə gün ərzində Naxçıvan ləşkərinin Ətiq qalasının yanında olduqca möhkəm inşa etdikləri Yeni qaladır (Qəl`eye-cədid), amma oraya şirhacı çəkmək və xəndək qazmağa hələ imkan tapa bilməmişdilər Ə`lahəzrət zilləllah şah və əzəmətli əmirlər qalanın hər tərəfini gözdən keçirdilər. İçərisi təcrübəli adamlar və bol ehtiyatla dolu olan hər üç möhkəm qalanı qoruyan mühafizəçilər gələcəkdə biri digərinin çağırışı ilə gəlib bir-birinə kömək edə biləcəkləri üçün həmin qalaların haçansa alınması hamının nəzərində olduqca çətin görünürdü".
Səfəvilərin XVII əsrdə Osmanlı sərhədində qurduqları ən böyük bəylərbəyliklərdən biri tərkibində 8 mahalı (Naxçıvan, Maku, Zərzəbil, Sədərək, Bayəzid, Salılu, Əkrad Donbəli və Mogazbord) birləşdirən Çuxursəəd (zamanla "Çuxursəd" olaraq tələffüz edildi) bəylərbəyliyi olmuşdur. Çuxursəəd bəylərbəyliyi (mərkəzi İrəvan olmaqla) Azərbaycanın dörd əsas bəylərbəyliyindən biri idi və o, daha sonra eyniadlı vilayət olmuşdur.
Əsərdə Osmanlı ordusunun İrəvandan çıxandan sonra hicri-qəməri tarixi ilə 1015-ci ildə burada Səfəvilər tərəfindən möhtəşəm bir qələbə nümayişinin keçirildiyi yazılıb. Hətta səfəvi şahının yaxın adamları ilə birgə həmin şənliyə qatıldığı və döyüşlərdə göstərdiyi şücaətə görə bəzi sərkərdələri mükafatlandırdığı qeyd edilir. Lakin hicri-qəməri 1139-cu ildə Osmanlılar yenidən İrəvanı alır, Rum hökmdarı Sultan Əhmədi şəhərə hakim təyin edir və göstəriş verir ki, növbəti ildən buranın gəlir və məhsulları hesablansın.
Tarixi-xronoloji baxımdan növbəti farsdilli əsər Mərv hakiminin vəziri Məhəmməd Kazım Mərvinin "Tarix-e aləmara-ye Nadiri" - "Dünyanı bəzəyən Nadirin tarixi" əsəridir. Əsər azərbaycanəsilli İran tarixçisi, ədəbiyyatşünası və dövlət xadimi Məhəmməd Əmin Reyahi tərəfindən 1983-cü ildə redaktə edilərək çap edilmişdir.
Yenidən Osmanlıların əlinə keçən İrəvanı Şah Təhmasibin azad etməsini təsvir edən Məhəmməd Kazım Mərvi yazır: "Hökmdar əvvəlcə İrəvana gedib Çuxursəəd əyalətini işğal altında saxlayan Əli paşa Həkimoğlunu cəzalandırmaq, İrəvandakı qalaları azad etmək, sonra digər Azərbaycan şəhərlərinə yollanmaq fikrində idi. ...Səhəri gün padşah Əfrasiyaba bənzər əmirlərlə birgə hərəkətə keçib, qalanın dövrəsinə yetişdi və ətrafı seyr etməyə başladı. Qalanın möhkəmliyinə və dözümlülüyünə söz ola bilməzdi. Qibleyi-aləmin kəməndi kimi yolu kəsən firuzəyi hasar göyün doqquzuncu qatına yüksələrək, insanda vahimə oyadırdı. Hasar uca dağa, qarşısındakı xəndək isə uçuruma bənzəyirdi".
Məlumdur ki, İrəvan bir neçə il sonra Nadir şah tərəfindən fəth edildi. Müəllif mərvi hicri-qəməri tarixi ilə 1149-cu ildə Azərbaycanda, o cümlədən İrəvanda taun xəstəliyinin tüğyan etməsini yazır: "Nadir şahın qaziləri... bir neçə gün həmin yaylaqda qaldılar ki, bu müddət ərzində taun xəstəliyi İrəvan şəhərindən keçib getsin." (2, 657) və daha sonra: "Nadir şah 1156-cı ildə Dağıstandan qayıtdıqdan sonra Qurban bəy Özbəyi və Məhəmmədrza xan Əfşarı İrəvan mülkünə sərdar təyin etdi. O, həmin şəxslərə sərhədlərin və adıçəkilən qalanın əsaslı şəkildə təmir edilməsini, ordunun hazırlığını yüksəltməyi tapşırdı. Şahın fərmanında deyilirdi ki, düşmən həmin ərazidən keçdiyi təqdirdə sərdarlar onun qarşısını almağa çalışmalı və cahanaraya ürəklə xidmət etməlidirlər. Əgər bu işin öhdəsindən gələ bilməsələr, İrəvan qalasında gizlənib, müqəddaratlarının həll olunacağı anı gözləməlidirlər. Arzu edənlər çoxdur, bu diyarın hakimliyinə namizəd olacaq kifayət qədər mötəbər sərkərdə vardır". İrəvanın Göyçə yaylağının Nadir şahın sevdiyi yer olduğunu yazan Mərvi onun burada dincəldiyini, oğlu və qardaşı oğlunun toyunu burada etdiyini qeyd edir.
Mərvi poetik dillə yazır ki, bu bölgədə hündürlükdə və möhkəmlikdə misli-bərabəri olmayan iki qala vardır. Türküstan tərəfdə Mərv qalası və Rum tərəfdə İrəvan qalası. M.K.Mərviyə görə, İrəvan qalası daha üstündür. Bu qala Şərqi türk memarlığı üslubunda tikilmiş, 50-60 bürcə malik olmuşdur. Əsas giriş-çıxış qapıları şimaldan Şirvan və cənubdan Təbriz darvazaları olan İrəvan qalasının divarları qalınlığına görə top mərmilərinə davam gətirirmiş.
Qalada Bağçalar, Boyaqçı, Butikçi, Dəmirbulaq, Gedərçay, Sabunçu, Şəhər, Şiləçi, Tanabaşı, Təpəbaşı, Toxmaq (göl), Yoncalıq və digər məhəllələrdə çoxlu sayda məscidlər (Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zalan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi və s.), karvansaralar (Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli və s.), bazarlar, meydanlar, bulaqlar, çeşmələr, bağlar, həmçinin digər tarixi və təbiət abidələri olmuşdur.
Nadir şah imperiyası (1736-1747) dağılandan sonra Azərbaycan xanlıqlara parçalanan zaman tarixi Çuxursəəd bəylərbəyliyi ərazisində iki müstəqil feodal dövləti-İrəvan və Naxçıvan xanlıqları (1747-1828) yaranmışdır. İrəvan xanlığı 15 mahalı özündə birləşdirirdi.
Bugünkü Ermənistan Respublikasının yerləşdiyi ərazi tarixi Çuxursəəd vilayətinin bir parçasıdır. "Çuxursəəd" sözünün etimologiyasına gəlincə, o, "Səəd çuxuru (yaylası)" mənasını ifadə edir. "Səəd" sözü isə Səədlu tayfasının adından götürülmüşdür. Mirzə Müslüm Qüdsi İrəvani (1755-1822) adlı şair farsca qələmə aldığı "Tousifı-İrəvan" ("İrəvanın vəsfi") məsnəvisində "Çuxursəəd" sözünün mənasını özünəməxsus bir şəkildə şərh edir. Şairə görə, səfa, gözəllik və səadət bu yerlərə tam hakim olduğu üçün bu vilayətin adını "Çuxursəəd" ("Xoşbəxtlik çuxuru") qoymuşlar.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, "İrəvanın vəsfi" məsnəvisi İrəvan şəhəri və tarixi "Çuxursəəd" vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Məsnəvi İrəvan şəhəri və ətrafının vəsfinə həsr edilmişdir. Şair yazır ki, İrəvanın torpağı çox zəngin olduğu üçün burada yerin hər qarışında mədən var. Eyni zamanda buranın torpağı çox bərəkətlidir: səpilən bir ovuc toxum sonsuz məhsul verir. Bu yerlərin iqlimi çox gözəldir, sanki cənnətdir, yazı da, qışı da bir tamaşadır. İrəvanın ab-havası o qədər gözəldir ki, insanı başdan çıxarır. Müəllifin təsvirinə görə, İrəvanın suyu insana enerji verir, onun qəmini və kədərini azaldır. Şəhərin gözəlliyi və səfası insan ruhuna mənəvi qida verir.
Məsnəvidən o da məlum olur ki, tarixi İpək yolu marşrutlarından birinin üzərində yerləşən İrəvan o dövrün ticarət mərkəzlərindən biri olmuş, onun bir çox malları il boyu İran və Rum ellərinə daşınarmış. Şair İrəvanın memarlıq abidələrindən söz açaraq Xan sarayını və Göy məscidi xüsusi vəsf edir, məscidin hər bir guşəsini cənnət bağına bənzədir. Şairin vəsfinə görə, Göy məscid məşhur İrəvan qalasının tərkib hissəsi imiş. Qala qəsrlərinin üzərində isə əlçatmaz bürclər var imiş. "Onlar o qədər hündür olub ki, hətta xəyal da onları aşa bilmirmiş". Belə möhtəşəm bürclü qalanın dünyanın heç yerində olmadığını deyən şair, onun möhkəmliyinin zərbi-məsələ çevrildiyini söyləyir. Məsnəvidən o da məlum olur ki, İrəvanda təsərrüfatçılıq, xüsusən, kənd təsərrüfatı çox inkişaf etmişdir. Bu zaman Zəngi çayının suyundan çox səmərəli istifadə edilirmiş. Digər məlumata görə, o dövrdə İrəvanda şirniyyat istehsalı geniş yayılmışdır.
İrəvan haqqında farsdilli ədəbiyyatın sırasında vacib yeri tanınmış Azərbaycan əsilli İran tarixçisi Səməd Sərdariniyanın "İrəvan yek vilayət-e mosəlmanneşin bud" ("İrəvan müsəlman sakinli vilayət olmuşdur") əsəri tutur. Kitabda İrəvan şəhərinin tarixi və yarandığı gündən daşnaklar tərəfindən müsəlmanların qətliamına qədər baş vermiş hadisələr araşdırılır. Müəllif yazır ki, İrəvan şəhəri öz tarixi adını qazanana qədər də tanınmış, onun qərbindəki Damızdağ təpələri hələ e.ə. II minillikdə dəmir əritmə və polad istehsalı, sonralar isə dulusçuluq mərkəzi kimi məşhurlaşmışdır. İrəvan şəhərindən cənubda Araz çayının yaxınlığında mövcud olmuş Dvin adlı kənd vaxtilə 3 dərə aşağıda yerləşən möhtəşəm qala şəhəri olmuş, Sultan Səlahəddin Əyyubinin və Misir məliki Şadi bin Mərvanın əcdadları bu şəhərdən çıxmışlar. Tarixi mənbələrə görə, bu yaşayış məskəninin yerləşdiyi ərazi böyük sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətainin çox xoşuna gəlmiş və sərdarlarından Rəvanqulu xanı məntəqənin hakimi təyin edərək yaşayış məskəninin abadlaşdırılması və quruculuq işləri barədə ona göstəriş vermişdir. Məhz Rəvanqulu xan tərəfindən abadlaşdırıldığı və qala halına gətirildiyi üçün şəhər Rəvan adını daşımağa başlamışdır. Qeyd edilməlidir ki, hətta XVIII əsrdə şəhər Rəvan adını daşımışdır, o zaman və daha öncə tərtib edilən çoxsaylı xəritələrdə əksini tapmışdır. Nümunə kimi məqaləmizə XVIII əsrdə tərtib edilən "Bəhri Siyah-Kafkasiya-İran və Anatuli" ("Qara dəniz-Qafqaz-İran və Anadolu") xəritəsinin bir fraqmentini əlavə edirik.
Müəllif Çuxursəəd vilayəti və onun mərkəzi olan İrəvanın əsrlər boyu müsəlman bölgəsi olduğunu göstərir. Çuxursəəd əyaləti də Azərbaycanın dörd əyalətindən biri olmuşdur. Müəllif kitabın girişində yazır: "İndi Ermənistan Respublikasının paytaxtı olaraq bilinən və ermənilərin yaşadıqları şəhər kimi tanınan İrəvan əsrlər boyu... müsəlmanların yaşadıqları bir diyar və düşmənə qarşı möhkəm bir qala olmuşdur". Kitab İrəvanın coğrafı yerinin, adının, tarixi mənşəyinin və bölgənin köhnə adlarının təsviri ilə başlayır və sonra aşağıdakı mövzular təqdim olunur: "İrəvan Şah İsmayıldan Şah Abbasa kimi", "İrəvan son Səfəvi sultanlarının dövründə", "İrəvan Nadir Şah Əfşarın hakimiyyəti dövründə", "İrəvan Ağa Məhəmməd xan Qacar dövründə", "XIX əsrdə İrəvanın iqtisadi mənzərəsi", "İrəvan İran-Rusiya müharibələri dövründə", "İrəvan Türkmənçay müqaviləsindən sonra", "Nəsrəddin şah Qacarın dövründə İrəvan", "1905-1906-cı illərdə Qafqazın erməni-müsəlman müharibəsində İrəvan", "İrəvan müsəlmanlarının soyqırımı və qətliamı", "Qırğından xilas olmuş bəzi ailələr", "İrəvandakı Göy məscid və başqa məscidlərin taleyi barədə", "Ermənistan Respublikasındakı islam abidələri", "İrəvanın din alimləri və ruhaniləri", "İrəvanın bəzi tanınmış şəxsiyyətləri barədə", "İrəvan şairləri", "İrəvanın Mirzə Müslüm Qüdsinin qələmi ilə tərənnümü" və "Mirzə Müslüm Qudsinin "İrəvanın vəşfi" məsnəvisi". Kitab mənbələrin siyahısı ilə bitir.
Kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. S.Sərdariniya bir sıra əsərləri fars dilinə tərcümə edilmiş Avropa müəlliflərinə istinadən XIX əsrin astanasında İrəvan şəhərinin sosial-iqtisadi inkişafına da nəzər yetirir. Onun yazdığına görə, şəhərdə kustar sənaye məhsullarının istehsalı ilə məşğul olan çoxlu usta və sənətkarlar yaşayırdı. Peşə üzrə hər hansı inhisarçılığa yol verilmirdi. "Rəqabətdən qorunmaq üçün hər bir usta öz istehsal etdiyi məhsulu yalnız müəyyən bir yerdə satırdı və müştəriləri aldatmaq hüququ yox idi. O, mal satarkən kimdənsə qabağa keçə, ya öz malını tərifləyə, başqalarının malını pisləyə bilməzdi. ... Əgər bir usta keyfiyyətsiz mal düzəltsəydi, müştərini aldatsaydı və s. onun dükanı mıxlanar, həmin dükan başqasına verilərdi". İrəvan İpək yolunun üstündə olduğundan buradan yüzlərlə tacir və səyahətçi keçərdi. Buna görə də o, mühüm şəhərə, xarici ticarətin mühüm dayaqlarından birinə çevrilirdi. İrəvan vasitəsilə Təbriz xalçaları xarici ölkələrə çıxarılırdı. Avropa mallarının da idxalı sahəsində İrəvan mərkəzi xətt hesab olunurdu. Mallar Qara dəniz vasitəsilə Potidən Batuma daşınır, oradan İrəvana, İrəvandan isə Təbrizə aparılırdı.
Kitabda Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın çarizmin əsarətinə düşməsindən sonra ermənilərə bu bölgədə yaradılmış şərait, verilmiş imtiyazlar açıqlanır. Göstərilir ki, çar Rusiyası İrəvan və onun ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru bir heyətlə İrəvana göndərir. Müəllif Şopenin başçılığı ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsindən sonrakı vəziyyəti belə şərh etmişdir: "Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur etmişlər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünmüşdür". İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849 nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə ermənilərdən ibarət olmuşdur. 1828-1832-ci illərdə İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldığı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377 nəfər artmışdır. Müəllif kitabında Qahirədə çıxan "Hikmət" qəzetindən belə bir məlumatı nəql edir ki, 1904-cü ildə Qafqazda 3 208 875 nəfər müsəlman yaşamış və bunların da 352 351 nəfəri İrəvanda məskunlaşmış azərbaycanlı olmuşdur. O dövrdə rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 faizdən çoxu müsəlman türklərindən ibarət olmuşdur. Halbuki sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı nəticəsində onların sayı azalmış və bu zorakılıq onları İrəvandan digər bölgəyə köçməyə məcbur etmişdir. Müəllif yazır ki, tarixən yerli xalq hesab olunan Qarapapaqlar tayfası onlara qarşı tətbiq olunan zorakılığa tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti ətrafına köçmüşlər. 6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri tədricən erməniləşdirilmişdir. Halbuki bu şəhərin iqtisadi, mədəni, elmi inkişafında həmin şəhərin sahibi olan azərbaycanlıların böyük xidməti olmuşdur. İrəvanda 1883-cü ildə dünyəvi istiqamətli ilk məktəbi təşkil edən, Güney Azərbaycan "maarifinin atası", "Ana dili" adlı ilk türkcə dərsliyin müəllifi Mirzə Həsən Rüşdiyyənin, ilk pedaqoji gimnaziyanı təşkil edən Mirzə Kazım, Firidun bəy Köçərli, Mirzə Cabbar Bağçaban, Sərraf Rəşidi, Hacı Mirzə Ağasi, Hacı Şeyx Həsən, Məhəmməd Nadim, İbrahim Münşizadə, Mirzə Abdullah İrəvani, Mir Bağır İrəvani, Hacı Mirzəli İrəvani, Hacı Mirzə Əbdülkərim və başqa onlarca din, elm, mədəniyyət xadimlərinin adları İrəvanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki tarixində iftixarla qeyd olunmuşdur. Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.
Tədqiq edilən mövzuya dair farsdilli ədəbiyyatda müəyyən digər məlumatlar da yer almışdır. Fəxrəddin Rüşdiyyə adlı müəllifin "Zendeginame-ye pir-e maaref-e Rüşdiyye - bonyanqozar-e fərhəng-e novin-e İran" ("Yeni İran mədəniyyətinin bünövrəsini qoyan maarifin atası") kitabında oxuyuruq: "Rüşdiyyə (Mirzə Həsən Rüşdiyyə nəzərdə tutulur - G.B.) yeni üsulla əlifbanın təlim edilməsinin üslub və üsulunu tam müəyyənləşdirdikdən sonra əvvəlcə İrəvana getdi və hicri-qəməri tarixi ilə 1301-ci (miladi 1883- G.B.) ildə ögey qardaşı Hacı Axundun köməyi ilə Qafqazın zadəgan müsəlmanları üçün burada yeni üsullu mədrəsəni təsis etdi. Onun öz kəşfı olan bu üsulla (fonetik əlifba) tədrisə başladı. "Vətən dili" kitabını türkcə öz üsulu ilə tədris edərək, 60 saat ərzində ibtidai sinif şagirdlərinə oxumağı və yazmağı öyrətməyə nail oldu. İrəvan müsəlmanları onu ləyaqətlə qəbul etdilər və mədrəsənin şagirdləri günbəgün artdı. Bu mədrəsə dörd il müddətində onun nəzarət və rəhbərliyi altında fəaliyyət göstərdi. "Vətən dili" kitabı ta 1917-1918-ci ilə qədər Qafqaz və Türküstanın məktəblərində ibtidai sinif vəsaiti kimi tədris olundu. Rüşdiyyə bu 4 il ərzində tədrisdə böyük təcrübə əldə etdi". Onu da qeyd edək ki, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzeti tərəfindən Təbrizdə 1946-cı ildə nəşr edilən 207-ci sayında İrəvanda azərbaycanlılar üçün "Rüşdiyyə" mədrəsəsinin təşkili haqqında ətraflı məlumat verilir.
Mənije Turabzadə, Əkrəm Huseynpur, Fəriba Şəhidifər, Fəhime Vəziri adlı müəlliflərin birgə nəşr etdirdiyi "Mahiyyət-e təhəvvolat dər Asiya-ye Mərkəzi və Qəfqaz" ("Mərkəzi Asiya və Qafqazda baş verən dəyişikliklərin mahiyyəti") (6) məqaləsində yazılıb: "Özünün icad etdiyi "Böyük Ermənistan"ı hər bir işdə əsas götürən Daşnak partiyası milli ərazinin olmaması problemini vəhşi və cinayətkar üsullarla həll etdi. "İrəvan vilayətindəki 211 azərbaycanlı kəndi xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Təxminən 300 min İrəvan azərbaycanlısı məhv edildi...".
Əlipur Səfərinin "Hökumətha-ye məhəlli-ye Qəfqaz dər əsr-e Qacar" ("Qacar dövründə Qafqazdakı yerli hökumətlər") adlı kitabında bu kimi məlumat getmişdir. "Nadir şah öldürüləndən sonra Qacar tayfasının başçılarından olan Hüseynəli xan Qacar İrəvani, yəni Qacar Əfşar Çuxursəəd vilayətinin hakimi oldu. Şahidlərin yazdığına görə, o, əvvəldən həmin yerlərin böyüklərindən biri olmuşdu. Nadirin hakimiyyəti devriləndən sonra digər yerlərin böyükləri kimi müstəqil hakimiyyət təsis etməyə başladı".
Sabiq general Ərteşbod Hoseyn Fərdustun "Zohur və soqut-e səltənət-e Pəhləvi" ("Pəhləvi hakimiyyətinin zühuru və süqutu") kitabında isə tarixi həqiqətləri əks etdirən məlumat yer almışdır: "Deyilməlidir ki, Ermənistan Respublikasının ərazisi Azərbaycan dövlətinin dörd əyalətindən biri olan Çuxursəəd əyalətinin ərazisidir". (90, 85)
Beləliklə, tam əminliklə demək olar ki, farsdilli qaynaqlarda qədim Azərbaycan şəhəri İrəvan və onun ətrafı haqqında mühüm məlumatlar yer alıb, bu ərazilərin tarixi Azərbaycan torpaqları olması tam təsdiqini tapıb.
Gövhər BAXŞƏLİYEVA, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik
“Azərbaycan” qəzeti