“Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə müstəqil Azərbaycan Respublikasının strategiyasını əks etdirir”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dekabrın 29-da keçirilən iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər dövlət qurumları, o cümlədən AMEA-nın qarşısında da bir sıra vəzifələri, tapşırıq və tövsiyələri ehtiva edir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini AMEA alimlərinin tam dəstəklədiyini söyləyən akademik İsa Həbibbəyli bu sənədin dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağını bildirib.
Həmçinin qeyd edib ki, konsepsiyanın ana müddəaları – sülhsevər olması və beynəlxalq hüquqa tam cavab verməsi dövlət başçısının nitqində dəqiq və aydın şəkildə ifadə olunub: “Konsepsiyanın sülhsevər və beynəlxalq hüquq normalarına uyğun gəlməsi bizim istiqamətlərimizi müəyyən edir. Ermənilər Qərbi Azərbaycanda bizə məxsus maddi-mədəniyyət abidələrini, qəbirləri, kəndlərimizi dağıdıb, yer adlarını dəyişib, özlərinə xas saxtakarlıqla azərbaycanlıların izlərini itirməyə cəhd ediblər və bütün bunların bərpasına elmin dəstəyi lazımdır. Təkcə Yasin Azərtürkün müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabda Qərbi Azərbaycanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə saxtalaşdırılan bizə məxsus 738 yer adının siyahısı əksini tapıb. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-nin dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər. Biz bu sənədlərin hamısını əldə etməliyik”.
Dövlət başçısının nitqindəki Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsinə və dost ölkələrdən alimlərin, arxeoloqların, tarixçilərin dəvət edilməsinə AMEA-nın dəstəyini ifadə edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının dərin məzmunlu çıxışı bütün digər sahələrlə yanaşı, humanitar və ictimai elmlər, tarixşünaslıq, arxeologiya, mədəniyyətşünaslıq, dilçilik, folklorşünaslıq, sosiologiya, sosial antropologiya, fəlsəfə kimi elmlərin qarşısında yeni vəzifələr qoyur. AMEA rəhbəri Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı bu günə kimi bir çox tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, lakin görülən işlərin sistemli və məqsədli şəkildə olmadığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısının tapşırıqlarından irəli gələrək, bu istiqamətdə Akademiyada həyata keçiriləcək tədqiqatların keyfiyyətini artırmaq və sistemləşdirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq şöbələr yaradılacaq. Məruzəçinin sözlərinə görə, Akademiyanın qarşısında Qərbi Azərbaycan tarixi, folkloru, ədəbiyyatı, dialektologiyası, fəlsəfəsi, maddi-mədəniyyət nümunələrinin tədqiqi, beynəlxalq konfransların keçirilməsi, xaricdə məqalələrin çapı istiqamətində mühüm vəzifələr dayanır. AMEA rəhbəri Rəyasət Heyətinin növbəti iclaslarında Akademiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini və ölkə başçısının tapşırıqlarının alimlərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetiriləcəyini bildirib.
Dövlət başçının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev mövzu ilə əlaqədar çıxışında bildirib ki, ölkə başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhsevər bir konsepsiyadır və Azərbaycanın iddiası yalnız mədəni iddiadır. Akademik qeyd edib ki, Qərbi Azərbaycanda tarixən bizə məxsus mədəniyyət nümunələri, tarixi abidələr, müqəddəs yerlər, qəbirlər dağıdılıb və onların bərpası istiqamətində elmin qarşısında böyük vəzifələr dayanır.
Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov isə rəhbərlik etdikləri müəssisələrdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar barədə məlumat veriblər.
Daha sonra qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Həmçinin Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.