Güneyli-Quzeyli Azərbaycan bayatıları otaylı-butaylı xalqımıza məxsus ən doğma düşüncələr, ən bəşəri duyğuları özündə toplamışdır. Bu nümunələrdə yüksək insani keyfiyyətlər–saflıq, sevgi, inam, dostluq, sədaqət, hünər, qeyrət, eləcə də xalqımızın keçirdiyi dərin ruhi hallar– kədər, həsrət, uğursuzluq, itki kimi yaşantılar min bir çaları ilə, şairanə bir dillə, az sözlə, dolğun, fəlsəfi anlamda ifadə olunmuşdur. Bayatılarımızda iki yerə bölünmüş xalqımızın bəlalı taleyi də dərin ağrı-acıya və ümidli arzulara çevrilmişdir.
Bayatılar mənəvi dünyası bütöv qalmış xalqımızın həyatının canlı poetik salnaməsidir. Bu çevik fəlsəfi-poetik nümunələr silsiləsi soydaşlarımızın milli varlığını, mənəvi aləmini dünyaya göz açdığı çağdan ömrünün son anlarına kimi müşayiət edir, duyum və hisslərinə estetik, bədii zövq aşılayır. Layla, nazlama, nənni və özgə beşikbaşı nəğmələrdən tutmuş ağı, edi, sızlamalara qədər keçən ömür yolu yüzillikləri adlayaraq həm də tarixi kəsimə, epoxaya çevrilmişdir. Bu uzun zaman məsafəsini əski çağlarda formalaşan, illəri, əsrləri ötdükcə yetkinləşən, nəticədə, bayatı adı ilə şöhrətlənən poetik incilər ziynətləndirmişdir.
Bayatılar xalqın əlçatmaz, ünyetməz keçmişi kimi, həm də eynilə dünəni və bu günüdür. Keçmişi dedikdə, ulu babalarımızın bu lirik incilərdə qorunmuş əski həyat tərzi yada düşür. Xalqın dünəni onun nisbətən bizə yaxın olan tarixidir. Bu günü isə o deməkdir ki, bayatı bu gün də yaranıb-yaşamaqdadır.
Güney bayatılarında isə daha çox Vətən həsrəti, qürbət, qəriblik kimi səciyyəvi motivlər üstünlük təşkil edir. Bu qəbil nümunələrdə həm ayrı-ayrı tarixi kəsimin izləri, həm də ictimai-siyasi hadisələrin doğurduğu amillər ümumiləşdirilmişdir. Bu baxımdan xalqımızın taleyinin haçalanması hər iki tayda yanğılı bayataılara mövzu olmuşdur:
Gəmi gəldi, yan gəldi,
İçində bir can gəldi,
Vətən həsrəti çəkdim,
Gözlərimdən qan gəldi.
Əzizim bir-bir düşər,
Ox yaydan bir-bir düşər,
Qürbətdə keçən günlər,
Ömürdən bir-bir düşər.
Bayatı bir söz-termin kimi həm “köhnə, boyat” kəlməsi ilə əlaqələndirilmiş, həm “ulu Tanrı” kimi mənalandırılmış (Mahmud Kaşğari), həm də Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu Bayatın, sonralar isə əski azərbaycanlıların soy-kökündə əhəmiyyətli rol oynamış eyni adlı qəbilə, tayfa, elin adı ilə bağlanmışdır (Salman Mümtaz). Bayatıların ən qədim növlərindən olan Saya isə eyni zamanda el nəğməkarı, aşığın əcdadı, ulu babası sayılmış, bu ifaçı-sənətkar bir çox soylar, boylar, dastanların yaradıcısı – müəllifi kimi dəyərləndirilmişdir.
Azərbaycan xalq şeiri və musiqisinin qarşılıqlı inkişafında bayatılar mühüm rol oynamış, bu cəhət isə onların yaddaşlarda möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Musiqi-melodiya-havacatla bağlı bayatı-qacar, bayatı-türk, bayatı-ərəban, bayatı-İsfahan, bayatı-kürd, bayatı-race, bayatı-Şiraz, novruz-bayatı, sallama-bayatı, çoban-bayatı(sı) və s. kimi söz-terminlər deyilənləri bir daha təsdiq etməkdədir.
Bayatılar fərdi, fərdi olduğu qədər də kollektiv yaradıcılıq məhsuludur. Ona görə fərdidir ki, müəlliflərini – yaradıcılarını tanımadığımız bu sənət inciləri ayrı-ayrı tarixi kəsimlərdə yüksək poetik qabiliyyətə, düzüb-qoşmaq, çalıb-çağırmaq istedadına malik kimsələr tərəfindən qoşulmuşlar. Və ona görə kollektivdir ki, onlar ictimai mahiyyət daşıyırlar, ayrı-ayrı fərdlər tərəfindən düzəldilmiş bu nümunələr xalqın bədii təfəkkür süzgəcindən keçərək yetkinləşir, ideya və sənətkarlıq baxımından zəif olanlar yaddaşlardan silinərək unudulur, əsl sənət nümunələri isə əbədilik şöhrəti qazanırlar.
Əski tarixi ənənəsi olan bayatılar bu gün də dildə-ağızda dolaşan, yaranıb-yayılan bir janr kimi xalqın mənəvi aləmini zənginləşdirməkdədir. Hər iki tayda aşıqlarımız, müğənnilərimiz, bəstəkarlarımız xalq bayatılarına tez-tez müraciət edirlər. Mərasimlərimizdə, toy-düyünlərimizdə bu gün də bayatı çağırılır, bayatı oxunur. Qəmli-kədərli anlarımızda da bayatılar köməyimizə çatır, bizə təsəlli verir. Bütün bunlar bayatıların ictimai məzmunundan, bədii və sənətkarlıq qüdrətindən doğan amillərdir.
Azərbaycan bayatılarının yayılma vüsəti, təsir dairəsi o qədər geniş olmuşdur ki, həmin nümunələr tarix boyu azərbaycanlılar ilə çiyinə-çiyinə yaşayan xalqların da şifahi söz sənətində özünə əsaslı yer tapmışdır. Başqa sözlə, müxtəlif əlifbalarla toplanılıb, müxtəlif dövrlərə aid əlyazmalara daxil edilmiş bu lirik nümunələr ayrı-ayrı sənətkarların bəhrələndiyi poetik irsə çevrilmiş, söz ustadları bu tükənməz xəzinədən təsirlənərək bir sıra bayatılar qoşmuş, həmçinin bu janr barədə dəyərli fikirlər söylımişlər.
Bayatılarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri də onun qafiyə əlvanlığıdır. Bu lirik incilərin hər bir misrasında Azərbaycan poeziyasında işlənən qafiyənin bütün növləri qorunmuşdur: dayaq qafiyə, tam qafiyə, dolğun qafiyə, qapalı qafiyə, müqəyyəd qafiyə və s.
Bu mülahizələrdən həm də o qənaət doğur ki, bayatılar Azərbaycan folklorunun ən qədim janrlarından olmuş, yüzilliklər adlayıb gələn uzun bir inkişaf yolu keçmişdir. Artıq elmi ədəbiyyatda belə bir fikir özünə yer tapmışdır ki, eramızın birinci minilliyində Azərbaycanda yaşamış və Azərbaycan xalqının etnogenezində böyük rol oynamış hunlar, xəzərlər, avarlar, savirlər və başqa türk-oğuz tayfalarının yazısı olmasa da, onların ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə qədər gəlib çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaranmışdır.
Bir sözlə, bayatılar 50 milyonluq Azərbaycan xalqının bütövlüyünü təcəssüm etdirən könül nəğmələridir. Bu nəğmələrdəki milli varlğımızın bölünməzliyi düşüncəsi və xalqımızın bütövləşmə yanğısı haray çəkir, qeyrət duyğularını coşdurur, yatmış vicdanları belə oyadır.
Gülmirə MEHDİYEVA, AMEA-nın Folklor İnstitutunun böyük laborantı