Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan. Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər.
Heydər ƏLİYEV,
Ümummilli Lider
Azərbaycanlılar min illərlə öz tarixi torpaqlarında - Azərbaycanda yaşamışlar və dünya sivilizasiyasına dəyərli töhfələr vermişlər. Dünyada baş vermiş müharibələr, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yerlərindən-yurdlarından didərgin düşmüş, deportasiya olunmuş, nəticədə bir-birindən ayrı düşmüşlər. Bəziləri isə özlərinə iş tapmaq, təhsil almaq üçün doğma torpaqlarını tərk edib başqa ölkələrdə məskunlaşmışlar. Beləliklə, tarix boyu azərbaycanlılar Azərbaycan ərazisindən dünyaya yayılmışlar.
İndi demək olar ki, dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayırlar. Rusiyada, keçmiş SSRİ-yə daxil olan respublikalarda, Qafqazda, qonşu Gürcüstanda, Dağıstanda, İranda, Türkiyədə, Avropada, Amerikada, Şərq ölkələrində azərbaycanlıların böyük icmaları yaranıbdır. XX əsrin sonunda dünyada 218 təşkilat, mərkəz, icma və b. fəaliyyət göstərmişdir. Bəzi məlumatlara görə, hazırda dünyada 80-ə yaxın ölkədə 50 milyondan artıq azərbaycanlı yaşayır.
Ötən əsrin 80-ci illərinin sonu – 90- cı illərinin əvvəllərində keçmiş SSRİ imperiyasında baş verən dərin sosial və siyasi dəyişikliklər nəticəsində nəhəng imperiya dağıldı və yeni-yeni müstəqil dövlətlər, eləcə də Azərbaycan Respublikası meydana gəldi. Müstəqillik uğrunda genişlənən azadlıq mübarizəsi Azərbaycan xalqının başlıca amalına çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmrəylik bayrağı altında Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirdilər. Elə buna görə də 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi.
Dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikasında İranla bütün sərhəd boyunca minlərlə mütərəqqi düşüncəli soydaşımız, xalq hərəkatı fəalı “Sərhəd hərəkatı”na başladılar. 1990-cı il noyabrın 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Dərnəkləri Qurultayı həmrəylik yolunda mühüm addım oldu. Noyabrın 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi geniş qeyd edilməsi zərurəti irəli sürüldü.
Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən həyata keçirilən “Sərhəd hərəkatı” rəsmi səviyyədə siyasi və tarixi qiymətini də ilk dəfə məhz Naxçıvanda Heydər Əliyevin rəhbərlik etdiyi Muxtar Respublika Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasında almışdır. Həmin sessiyada “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” məsələ də geniş müzakirə olunmuşdur. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söyləmiş, qəbul edilən məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm vermişdir: “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda – qədim türk diyarında irəli sürülmüşdür”.
Görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyev, ilk növbədə, Naxçıvan əhalisində milli dövlətçiliyə inam hissi formalaşdıra bilmişdi. Xalqımız özünün inkişafında ulu öndərin nə demək olduğunu və onun ətrafında birləşməyin tarixi zəruriliyini də məhz o illərdə dərk etməyə başlamışdı. Ümummilli liderin uzaqgörənliyi həm də ondan ibarət idi ki, o, böyük təşəbbüslə xalqı böyük bir ideya – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı.
Ulu öndər bunun nə qədər həyati zərurət olduğunu əməli işilə sübut edirdi. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək. Həmin sessiyadakı çıxışında da müdrik siyasətçi bununla bağlı deyirdi: “İki il bundan öncə Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən “Sərhəd hərəkatı” adı altında həyata keçirilən tədbirlər artıq özünün siyasi, tarixi qiymətini alır və dünya Azərbaycan türklərinin həmrəyliyinin və birliyinin nə qədər zərurət kəsb etdiyini nümayiş etdirir. Şübhə yoxdur ki, bu hərəkat getdikcə güclənəcək, bizim xalqın birləşməsinə, tam milli azadlığa nail olmasına kömək edəcəkdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr tarixli sessiyasında 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü elan edilməsi, hər il bayram edilməsi, həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməməsi, bu günün bütün Azərbaycan Respublikasında qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsi haqqında tarixi qərar qəbul edildi. Həmin qərara uyğun olaraq, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 5-də belə bir qərar qəbul etdi ki, hər il dekabr ayının 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü elan edilsin. Həmin vaxtdan dünyada yaşayan azərbaycanlılar bu günü böyük sevinc və qürurla bayram kimi qeyd edirlər.
Bu bayramın, günün əsas qayəsi dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqının mənsubiyyəti, tarixi Vətənə bağlılıq hissi və ideyası təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi və birliyinin mahiyyəti haqqında danışarkən ulu öndər Heydər Əliyev çox haqlı olaraq göstərmişdir ki, “Həmrəylik... Azərbaycan Respublikasının müstəqilliyinin əsas təminatlarından biridir. Bütün azərbaycanlıların birliyi, həmrəyliyi olması üçün birinci növbədə Azərbaycan Respublikasının ərazisində yaşayan azərbaycanlıların həmrəyliyi lazımdır”.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən ulu öndər eyni zamanda milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaradaraq, həmvətənlərimizin dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəliklərini də dəqiq müəyyənləşdirib: Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Xaricdə milli diasporun təşkilatlanması məsələsi də daim böyük rəhbərin gündəliyində duran vacib məsələlərdən idi. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı mütləq oradakı azərbaycanlılarla görüşlər keçirir, həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı.
Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətimizdə həmrəyliyə nail olan Heydər Əliyev dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi, millətindən, dinindən, dilindən asılı olmayaraq kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəs üçün sarsımaz ideoloji bünövrə yaratdı.
2001-ci il Azərbaycan diasporunun təşkili işində növbəti mühüm mərhələ oldu. Həmin il müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Prezident Heydər Əliyev dərin məzmunlu nitqlə çıxış edərək, diaspor təşkilatlarının fəaliyyət proqramlarını, habelə Azərbaycanın ictimai və dövlət təsisatlarının diasporla sıx əlaqələrinin qurulmasına dair vəzifələrini müəyyən etdi. Ulu öndər bildirirdi: “Hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz... Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza məxsus olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın”.
Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülmüşdü. 5 iyul 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı.
Dünya azərbaycanlılarının II qurultayı 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirildi. Dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində müstəsna əhəmiyyəti oldu.
Xalq olaraq bu birliyimizin ən parlaq nailiyyətini 44 günlük müharibədə əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. 2022-ci il aprelin 22–23-də dünya azərbaycanlıları parlaq Zəfərimizin qürurunu bir daha Şuşa zirvəsində yaşadılar. Həmvətənlərimiz Zəfər qurultayı kimi fəxarətli titula sahib V qurultaylarını Qarabağın mədəniyyət paytaxtında keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya bəyan etdilər.
Ulu öndərin müstəqil Azərbaycan dövlətinin sarsılmaz dayağı hesab etdiyi və uğurla təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz bu istiqamətdə prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək tarixdəki ən güclü səviyyəsinə, ulu öndər Heydər Əliyevin arzularında yer alan zirvəyə çatdı.
İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik