Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Təbrizdən dünyaya doğan Günəş
06.01.2023 11:08
  • A-
  • A
  • A+

Təbrizdən dünyaya doğan Günəş

Şərq dünyası öz sirli insanları, sehirli aləmi, müəmmalı hadisələri, maraqlı kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkmişdir. Bu özünəməxsusluqlardan biri də daim insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr qapısı kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala biliblər. Yaradana qovuşmaq eşqilə yaşayan, əxlaqını, mənəviyyatını durmadan kamilləşdirməyə çalışan sufilərdən söhbət açarkən ilk göz önünə Mövlanə Cəlaləddin Rumi gəlir. Onun türk sufi təliminin banisi səviyyəsinə qalxması isə Şəms Təbrizi ilə görüşündən sonra olur. 

Şəmsəddin Məhəmməd Əli oğlu 1185-ci ildə Azərbaycanın qədim sənət ocaqlarından biri olan Təbriz şəhərində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından ətrafındakı insanları öz başa düşülməyən, qəribə davranışları ilə təəcübləndirə bilmişdir. Gələcək həyat yolu haqqında çox düşünüb-daşınmışdır. Nəhayət, kamilləşmə, həqiqətə varma yolunu – dərvişliyi seçmişdir.

Hələ gənc yaşlarından daim özünü axtaran və axtarışda olan Şəms dərvişliyi seçərək təbrizli mürşid olan Əbu Bəkr Sələbаf Təbrizinin müridliyinə qədəm qoyur. Əbu Bəkr Sələbаf  Şəms Təbrizinin xeyli qaranlıq suallarını cavablandırıb onun qəlbinin gözünün açılmasına təkan versə də, davamlı axtarışları Şəmsi o mürşiddən uzaqlaşıb özünə daha kamil bir mürşid axtarmağa vadar edir. Çünki o daim axtarışda olduğundan axtardığını heç kimdə tapa bilmir. Bu barədə “Məqalət”də Şəms bu mürşid-mürid münasibətlərinə belə aydınlıq gətirir: “Mənim Təbrizdə Əbu Bəkr Sələbаf аdındа bir şеyхim vаrdı, vəliliyin bütün fеyz və sirlərini оndаn öyrəndim; lаkin məndə bir şеy vаrdı ki, şеyхim оnu görmürdü və hеç kim də görməmişdi”.

Şəms ilk mürşidindən ayrıldıqdan sonra bir yеrdə dаyаnmаyıb çохlu vilayətlər gəzib, аlim görüb, mürşidlərə müridlik edib və xeyli dərgahlarda olub. Bunа görə də оnа “Şəmsi-pərəndə”, yəni “uçаn Şəms” dеyirdilər. Təbrizdə təriqət şeyxləri və аriflər оnda gördükləri yüksək məqama görə Şəmsə “Kаmili-Təbrizi” аdını da vеrmişdilər. “Dinin günəşi” anlamına gələn Şəmsəddin adını isə ona kimin verdiyi məlum deyil.

Şəms qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə də daim seçilib. Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır: “Şəmsəddin Təbrizi ruh qədər incə idi. Dinin və həqiqətin günəşi sanılırdı”. Deyilənlərə görə, Şəms hər zaman “Аllаhım! Gizli dоstlаrındаn birini mənə göstər!” dеyə duаlar еdərmiş. Nəhаyət, bir gün qeybdən belə bir səs gəlir: “Mаdаm ki isrаr еdirsən, о hаldа bunun şükrü оlаrаq əvəzində bizə nə vеrəcəksən?”. Şəms elə o an “bаşımı” dеyə cаvаb vеrir.

Оnа istədiyi şəxsin Аnаdоluda Bəhаəddin Vələdin оğlu Mövlаnа Cəlаləddin Rumi оlduğu ilhаm еdilir. Şəms bunun sevinci ilə bərabər ağır və uzun yola çıxmaq üçün öz tədarükünü görür. Çünki, bu yolun dönüşü olmaya da bilərdi. Аrtıq Rum ölkəsinə səfərə çıхmаq və bu yоldа bаşını fədа еtmək zаmаnı gəlmişdi. Deməli, Şəmsin həyatının çətin günləri bu səfərlə başlayırdı. Yəni:

Sözün meydanı çox dardır,

mənanın meydanı geniş!

Sözdən qabağa get ki,

genişlik görəsən,

meydan görəsən!

1244-cü ilin payızında Cəlaləddin Ruminin dünyagörüşünə əsaslı təsir göstərən, şəxsiyyəti sehr və dumanlara bürünmüş – sufi dərviş Şəms Təbrizi ilə görüşü baş tutur. Beləliklə, bir-birlərini axtaran iki məna dənizi qovuşur. Müasirləri bu görüşü “Mərəcəl-Bəhreyn”, yəni iki dənizin qovuşması adlandırırlar. Bu iki şəxs aylarla xəlvətə çəkilmiş və təsəvvüfün əsrarına dalmışlar. Mövlana ilə Şəms arasındakı münasibət ülviyyət məqamında qurulmuşdu. Bu, ilahi sevgi və mütləq bir eşq idi. Şəmslə olan təmasdan Mövlananın mənəviyyatına bir ayrı bucaqdan işıq düşmüşdü.

Şəms Mövlananı elm məqamından eşq məqamına, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaltdı, onu kitablarda yazılanları bilməkdən doğan zərərli və mənasız təkəbbürdən xilas etdi. “İnsanı bütün qorxulardan etiqad və eşq azad edər. Səni isidən hər etiqadı saxla, səni soyudan hər etiqaddan uzaqlaş” – dedi. Mövlana dünyaya yenidən gəldi. Özü demiş, “yanan çıraq yanmayan çırağa toxunub getdi”.

Şəmslə Mövlаnа söhbət və irşаdın sоn mərhələlərini, ən gözəl dövrlərini yаşаyırlar. Аrtıq Mövlаnа istənilən mərtəbəyə çаtmış, Şəmsin irşаd vəzifəsi tаmаmlаnmış, dаhа əvvəl Şəmsə bildirilən hökmə əsаsən “bаşını fədа еtmə” zаmаnı gəlmişdi.

Böyük türk alimi Abdulbağı Kölpınarlı yazıb: “Şəms gəlməsəydi, Mövlana Mövlana olmayacaq, adi şeyxlərdən bir şeyx, saysız sufilərdən bir sufi olacaqdı. Fəqət bu da mühəqqəq ki, Şəmsin də nə adı duyulacaqdı, nə də şanı. Mövlana zatən bu coşğunluğa hazır idi. O silinmiş, arınmış, zeytun yağı qonmuş, fitili yonulub düzəldilmiş bir şam (qəndil) idi. Bu qəndilin yanması üçün bir atəş, bir qığılcım lazım idi. Elə Şəms o vəzifəni gördü. Fəqət, o qəndil yanınca Şəms də ona pərvanə kəsildi, canını verib onun işığına qarışdı. Şəms Mövlanaya bir ayna idi.”

Şəmsin “Söhbətlər”i canlı fikrin misilsiz bir abidəsidir. Tam qətiyyətlə deyə bilərik ki, klassik farsdilli nəsrdə onun analoqu yoxdur. Şəms Təbrizinin ölümündən sonra onun söhbətlərindən ibarət kitab hazırlandı ki, bu “Məqalət” adlanır və burda onun fəlsəfi fikirləri haqqında təəssüratlar əldə etmək mümkündür. Onun fəlsəfəsinin əsas mövzularından biri nəfsi istəklərdən tamamən imtina etmək, cismi nəfsən tərbiyə edib, ruhu vəhdət qılıb və Allaha təslim olmaqdan ibarətdir.

Eyni zamanda, ruhu baki hesab edən Şəms bədəni həyatın özü kimi fani hesab edir və onun düşüncəsinə əsasən insan bədənə deyil, ruha, yəni Allaha aşıq olmalıdır. Çünki, bədən çürüyüb torpağa qarışır, amma ruh Allahın bir parçası olduğu üçün baki qalır. Onun ölümündən sonra Mövlana Cəlaləddin Rumi dünyaca məşhur “Məsnəviyə-Mənəvi” əsərini yazdı. O, bu əsərində Şəms Təbrizi haqqında məlumat versə də, Şəmsə həsr etdiyi əsəri “Divan-i Kəbir” adlanır. Hər iki əsər mövcud problemi öyrənmək üçün əsas və ilkin mənbə hesab olunur:

Haqq mənim əlimdədir!

Haqq mənimlə deyil!

Təbrizdən dünyaya doğan Günəş-Şəms Təbrizi üzünü gələcəyə tutub demişdi: “Ey eşq! Sən elə bir hissən ki, dünya toxları sənin aclarındır”. Şəms bizim günlərə də mənəvi zənginlik saçır.

Sonda bildirək ki, bir neçə il əvvəl İranda müctəhidlər Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqda serialın çəkilməsini haram elan etmişdilər. O zaman ayətullah Nuri Həmədani və ayətullah Məkarim Şirazi tanınmış sufi alim və şair Şəms Təbrizi və təsəvvüf ədəbiyyatının böyük şairi Mövlana Cəlaləddin Rumi haqda serialın çəkilməsinin şəriətə zidd olduğunu bildirmişlər.

Hər iki müctəhid Şəms Təbrizi və Mövlananın düşüncələrinin İslama zidd olduğunu vurğulamışdılar. İnsanlığı Allah sevgisinə, uca dəyərlərə  çağıran hikmət aşiqlərinin sözünü, yolunu haram buyuran İran müctəhidləri ulu Tanrının insana verdiyi yaşamaq haqqını əlindən alan,  çox sayda Allah bəndəsini dar ağaclarına sürükləyən hökmləri “halal” buyururlar. Çünki Təbriz Günəşi onların zülmət aşiqi olan gözlərini qamaşdırır.

Lalə BƏDİROVA, AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru  şöbəsinin elmi işçisi

“Xalq qəzeti”

  • Paylaş: