İnqilabların, daha doğrusu, ictimai çevrilişlərin, doğrudan da, cəmiyyətin köklü maraqlarına, ictimai tərəqqi tələblərinə cavab verməsinin bir ölçüsü olmalıdır. Yoxsa, çevriliş nəticəsində hakimiyyətə gələnlər, cari hakimiyyəti icra edənlər və onların rəhbərliyinə bəraət qazandıranlar, yəni ideoloqlar yeni hakimiyyət sistemini eninə-uzununa tərifləsələr də, daim onu legitimləşdirən tədbirlər həyata keçirsələr də bir gün görürlər ki, sən demə, xalq onların hakimiyyətindən cana doymuşdur.
Bu niyə belə olur? Çünki “inqilabçılar”ın hərəkətləri onların inqilabda iştirak etmiş xalqın ilkin ideallarından xeyli geri çəkildiyini, hakimiyyətdə olanların siyasi inhisara meylini və onun yaratdığı bütün iqtisadi, siyasi, mədəni, sosial, mənəvi fəsadlar girdabına yuvarlandıqlarını əyani şəkildə nümayiş etdirir. Hakimiyyətə gəlmiş “inqilabçılar”ın keçirdiyi belə metamorfozun ən yaxşı göstəricilərindən biri hakimiyyət və sərvəti ata və babalarından irs ala bilməyən “inqilabçı” övladlarının “əks-inqilab” cəbhəsinə keçməsidir. Buna İranda nümunə olan şəxslər İslam inqilabının memarlarından olmuş, eyni zamanda, sərt və qəddar mövqeyi ilə seçilmiş ayətullah Haşimi Rəfsancaninin hakimiyyətdən kənarlaşdırılan övladlarıdır.
Onlar atasının prezidentliyi dövründə deputat seçilmiş qızı, son etirazlar zamanı Xameneinin diktatorluğuna qarşı çıxan bacısı və bacısı qızıdır. Onlardan xüsusi seçiləni isə “inqilabın” qələbəsindən sonra Xomeyninin razılığı ilə özünü İnqilab tribunalının başçısı elan edərək şah rejiminin ölkədən qaça bilməmiş yüksək rütbəli siyasi, mülki və hərbi məmurlarını iki-üç dəqiqə ərzində mühakimə edərək ölümə göndərən Sadiq Xalxalinin qızıdır. O, son etirazların ən fəal iştirakçısı və nəzəriyyəçilərindən biri hesab olunur.
Əgər xalqın sıravi nümayəndələri deyil, inqilab rəhbərlərinin övladları artıq mövcud rejimə qarşı çıxırsa, deməli, inqilab xalqın ən ümumi ehtiyaclarının ödənilməsinə deyil, inqilabçı adı ilə və inqilab dalğası üstündə hakimiyyətə gəlmiş bir qrup insanın maraqlarına xidmət edir. Həmin ədalətsizlik isə bütün xalqın, hakimiyyətin müqavimətinə baxmayaraq, onun aradan qaldırılması üçün kütlənin hərəkətə keçməsini zərurətə çevirir.
İranda “İslam inqilabı”ndan sonra həmin ədalətsizliyə qarşı dəfələrlə irili-xırdalı, məhdud və geniş miqyaslı çıxışlar baş vermiş və 16 sentyabr 2022-ci ildə başlanmış sonuncu belə çıxış hələ də davam etməkdədir. Hazırki etirazlar bir nəticə verməsə, mütləq yeni, daha geniş, daha mütəşəkkil və daha qətiyyətli çıxışlar olacaqdır.
İran son illərdə çox maraqlı ölkəyə çevrilib. İslam inqilabı ssenarisi əsasında başlanan inqilabın qarşısını güclə alsa da, daxili çəkişmələr deyəsən, daha da qızışır. Bu çəkişmə islahatçılar və mühafizəkar adlanan qüvvələr arasında, təqribən, inqilabın ilk günlərindən davam etsə də, 2017-ci il prezident seçkiləri zamanı yeni mərhələyə daxil olaraq prezidentliyə namizədlər–sabiq prezident H.Ruhani ilə İmam Rza türbəsi idarəsinin başçısı təyin edilmiş Seyid İbrahim Rəisi arasında rəqabət kimi təzahür etmişdi. Seçkidə məğlub olan Rəisinin rəqabəti mübarizəyə çevirməsi və həmin mübarizədə mövqeyinin güclənməsi üçün Rəhbər onu hakimiyyət qollarından biri olan və özünəməxsus strukturla seçilən Məhkəmə hakimiyyətinin rəisi təyin etmişdi.
Bundan sonra prezident ilə Məhkəmə hakimiyyətinin rəisi arasında mübarizə yeni formalar kəsb etməyə başlamışdı. Rəisi prezidentin prezidentliyinə baxmayıb ondan əvvəl istintaqa cəlb edilən prezidentin qardaşına 5 il iş kəsilməsinə imkan vermişdi. Bunun ardınca prezident Məhkəmə hakimiyyətinin ikinci dərəcəli korrupsiya işləri ilə məşğul olduğu haqqında müxtəlif çıxışlarında danışmağa başlamışdı. Şəxsi münasibətlərdə düşmənçilik səviyyəsinə yüksələn islahatçı-mühafizəkar mübarizəsi Rəhbərin arbitirliyi ilə davam etdi və dərinləşmişdi.
2019-cu il noyabr (benzinin bahalaşmasına qarşı) iğtişaşını nə mühafizəkarlar, nə islahatçılar başlamasa da, hər iki tərəf bu və ya digər şəkildə hadisələri qızışdırmaqla qarşı tərəfin mövqeyini daha da zəiflətməyə çalışmışdı. Həmin məsələdə mühafizəkarlar daha fəal və sərt mövqe nümayiş etdirmişdilər. Belə ki, hakimiyyət tərəfindən təşkil olunmuş xalq dəstəyi nümayişlərində, xüsusən Tehranda, hökumətə və onun başçısı prezidentə qarşı plakatlar daşınmış, şüarlar səsləndirilmiş və birbaşa Rəhbərə tabe olan İran RTV-də nümayiş etdirilmişdi.
Struktur cəhətdən mühafizəkarlar çox güclüdürlər: bura, guya, formal olaraq neytral mövqe tutan Rəhbər və onun yerlərdə çoxsaylı nümayəndələri, Məhkəmə hakimiyyəti, vəzifəsi inqilabı və ruhanilərin hakimiyyətini qorumaq olan, elit silahlı qüvvələr sayılan və İran iqtisadiyatına, demək olar ki, nəzarət edən İslam İnqilab Keçikçiləri Korpusu, onun ehtiyat və köməkçi hissəsi hesab olunan çoxmilyonlu Bəsic təşkilatı, digər siyasi, ictimai, dini və s. təşkilatlar daxildir. İslahatçılar mahiyyətcə cəmiyyətin savadlı, təhsilli təbəqələrini əhatə etsə də, təşkilati baxımdan yekcins deyil və mövcud hakimiyyətin qalmasında maraqlı olduğundan, özünün hakimiyyətini möhkəmləndirən və ya iştirakını təmin edə bilən ikinci dərəcəli, kosmetik dəyişikliklər şüarları ilə çıxış edir.
Zahirən mühafizəkarlar çox güclü görünürlər, amma son hadisələr onların ölkəyə nəzarət etməkdə böyük çətinliklərlə üzləşdiyini nümayiş etdirir. Belə ki, hətta rəsmi orqanların dediyinə inansaq, antihökumət çıxışları xaricdən idarə olunsa belə, hakimiyyət orqanları daxildə fəaliyyət göstərən 5-6 nəfərlik qrupların əlində ilk vaxtlar aciz qalmışdır. Hətta magistral yolları bağlamağa müvəffəq olan, hərbi və polis bazalarına hücum edən həmin qrupların öhdəsindən nə bəsic, nə sepah, nə daxili qoşunlar gələ bilmir, silahlı qüvvələrdən yardım istəyirlər.
Buradan görünür ki, iddia edildiyi kimi, hakimiyyət o qədər də güclü deyil. Doğrudan da, 3-4 eşelonlu təhlükəsizlik qüvvələri necə oldu ki, ölkədə inqilab düşmənlərinin təşkilatlandığını, hətta iddia edildiyi kimi, xaricdən silah və maliyyə yardımı ilə təchiz olunduğunu görmədilər? Başqa sözlə, hadisələri xarici düşmənlərə və onların İrandakı tərəfdarlarına bağlamaqla rejim öz gücsüzlüyünü etiraf etmiş olur. Sonuncu etirazların iştirakçılarının sosial mənsubiyyəti, qarşıya qoyduqları məsələlər, təşkilati və digər problemlər çıxışların uğursuzluğunu müəyyən dərəcədə şərtləndirir.
Əvvəlki antihökumət çıxışlarında İslam inqilabı zamanı təcrübədən keçirilmiş üsul və vasitələrdən geniş istifadə olunmuşdu, lakin bir çox səbəblərdən ümummilli və dayanıqlı xarakter kəsb etməmişdi. Amma indiki çıxışlar rejimin zəif olduğunu və onu devirməyin mümkünlüyünü nümayiş etdirir. Molla rejimi isə ciddi müqavimət göstərir.
Vidadi MUSTAFAYEV, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor