Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qərbi Azərbaycanda 1948–1953-cü illər deportasiyası
08.01.2023 15:54
  • A-
  • A
  • A+

Qərbi Azərbaycanda 1948–1953-cü illər deportasiyası

1923-cü ildə Azərbaycan SSR tərkibində Qarabağın dağlıq hissəsində erməni azlığı üçün muxtar vilayətinin yaranması ilə o dövrdəki Ermənistan–Azərbaycan ərazi münaqişəsinə moratorium qoyulmuşdu. Lakin II Dünya müharibəsinin sonunda bu sakitliyin tamamilə müvəqqəti bir xarakter daşıdığı aydın olmuşdu.

1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyinin Dağlıq Qarabağa irəli sürdüyü iddialar, həmin muxtar quru­mun Azərbaycan SSR tərkibində yara­dılmasını erməni tərəfinin problemin həlli kimi qəbul etmədiyini və bu ərazini özünə birləşdirmək planlarından əl çək­mədiyini göstərmişdi. Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi­nin katibi Q.Arutinovun ÜK (b) P MK ka­tibi G.Malenkova göndərdiyi teleqram­da muxtar vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifini əsaslandırmağa çalışaraq, bu addımın Qarabağın ermə­ni əhalisinin inkişafı üçün daha əlverişli şərait yaradacağını bildirmişdi.

Şübhəsiz ki, Q.Arutinov belə bir ad­dımı atmazdan əvvəl Sovet Azərbay­canının lideri M.Bağırovla kifayət qədər mürəkkəb münasibəti olan A.Mikoyanla məsləhətləşmişdi. Üstəlik, Arutinovun qardaşı qızı Mikoyanın oğlu Alekseyin arvadı idi. Arutinovun bu addımı ilə bağlı sənədli bir dəlil olmayan başqa versiya­lar da var. Uzun müddət Sov.İKP Mərkə­zi Komitəsində məsul vəzifələr tutmuş K.Brutentsin xatirələrində bu hadisələr bir az fərqli təsvir edilmişdir: “Hələ rəsmi olaraq təsdiqlənməmiş belə bir versiya var ki, 1945-ci ildə Qarabağ məsələsi­ni Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Arutinov və Beriya qaldırmışdı, Stalin Beriyaya bu məsələni həll etmək əmri vermişdi. O isə Bağırovla birlikdə ümumi layihə tək­lif etmişdi: Qarabağ – Ermənistana, Da­ğıstan – Azərbaycana və eyni zamanda, Soçi – Gürcüstana”.

O vaxt Azərbaycan Kommunist Par­tiyasının Mərkəzi Komitəsinin katibi işləmiş H.Seyidov xatırlayırdı ki, M.Ba­ğırov əks təkliflə çıxış edərək, Ermə­nistanın Əzizbəyov, Vedi və Qarabağlar bölgələrinin Azərbaycan SSR-ə birləş­dirilməsi müqabilində azərbaycanlıların yaşadığı Şuşa bölgəsi istisna olmaqla erməni muxtar vilayətinin Ermənistan SSR-ə verilməsinin mümkünlüyünü bil­dirmişdi. Lakin Ermənistan rəhbərliyinin əsas məqsədi ərazi və əhali mübadiləsi deyil, respublika sərhədlərinin geniş­ləndirmək olduğundan, sakitcə məsələni gündəmdən çıxartmışdı.

Respublika sərhədlərinin Qaraba­ğın dağlıq hissəsi hesabına genişləndi­rilməsinə nail ola bilməyən Ermənistan Kommunist Partiyası Mərkəzi Komitə­sinin birinci katibi Arutinov 1947-ci ilin payızında Stalinə müraciətində “vətən­lərinə” dönən on minlərlə mühacirin yer­ləşdirilməsi ilə bağlı məsələnin təcili həll edilməsi barədə yeni bir məsələ qaldır­mışdı. Beləliklə, Ermənistan rəhbərliyi ata-baba yurdlarında – Qərbi Azərbay­canda yaşayan soydaşlarımızın alçal­dılması və hüquqlarının tapdalanması hesabına “tarixi vətən”lərini genişləndir­mək fəndinə əl atmış, bununla Azərbay­candan hayıf çıxmışdı.

Yüz min azərbaycanlı əhalinin Er­mənistandan Azərbaycana köçürülməsi fikri belə ortaya çıxmışdı. Şübhə yoxdur ki, layihənin təşəbbüsü Ermənistan rəhbərliyindən gəlmişdi və Moskva tərə­findən dəstəklənmişdi. Azərbaycan əha­lisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürül­məsi məsələsi SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixində İ. Stalinin imzaladığı qərarla qüvvəyə minmişdi. Fərmana əsasən, 1948–1950-ci illər ərzində Ermənistanın 100 min nəfərlik Azərbaycan əhalisi köçürülmüşdü.

Ermənistan SSR-nin Kənd Təsərrü­fatı Nazirliyinin 1948-ci ilə olan məluma­tına görə, köçürülmədən əvvəl respubli­kada 25 min ailə və ya 110 minə yaxın azərbaycanlı yaşayırdı. Bunlardan yal­nız 9 min ailə və ya 35 min nəfər düzən ərazidə, qalan 75 min nəfər isə dağlıq bölgələrdə məskun idi. Bunlardan yalnız 9 min ailə və ya 35 min insan düzən əra­zilərdə, qalan 75 min nəfəri Ermənistan SSR-in yüksək dağ bölgələrində yaşa­yırdı. Azərbaycanlıların köçürülməsinin səbəbi ABŞ, Avropa, Yaxın Şərqdə ya­şayan ermənilərin “öz yurdlarına köç­mək istəyi” idi.

Azərbaycan əhalisinin Qərbi Azər­baycandan köçürülməsi xarici ölkələr­dən gələn ermənilərin qəbulu və yerləş­məsi üçün şəraiti xeyli asanlaşdırmışdı. Buna görə də, fərmana əsasən, Azər­baycan əhalisinin köçürülməsi nəticəsin­də azad edilmiş binalar və yaşayış ev­ləri gələn erməni əhalisini yerləşdirmək üçün istifadə edilmişdi. Ermənistandan köçürülən azərbaycanlılara güzəştlər və kreditlər verilsə də, əslində, onlar bütün daşınmaz əmlakdan, ilk növbədə, şəxsi evlərindən və ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdu­lar.

Lakin müəyyən olunmuş müddət­də planlaşdırılan sayda azərbaycanlı ailəsinin Ermənistandan köçürülməsi mümkün olmamışdı. Buna görə 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər So­veti “1951–1955-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığında kolxozçuların və digər azər­baycanlı əhalinin köçürülməsi haqqın­da” yeni qərar qəbul etmişdi. Bu qərar­da müəyyən edilmiş müddətdə 15 min kolxozçu ailəsinin və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən köçürül­məsi nəzərdə tutulmuşdu.

Beləliklə, Moskva köçürmə kampani­yasının müddətini uzadaraq 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə nəzərdə tutulmuş 100 min nəfərin köçürülməsinə nail olmağa ça­lışmışdı. Lakin Azərbaycan SSR Kənd Təsərrüfatı və tədarük naziri İ.Abdulla­yevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İ.Mustafa­yevə və respublikanın Nazirlər Sovetinin sədri T.Quliyevə göndərdiyi 13 oktyabr 1953-cü il tarixli məktubundan məlum olur ki 1948–1953-cü illərdə Ermənis­tan SSR-dən Kür–Araz ovalığına 11 min 914 təsərrüfat (53 min nəfər) kö­çürülmüşdü.

Azərbaycanlılar tarixi torpaqlarının bir hissəsindən digər hissəsinə köçürül­sə də, bu əsl deportasiya idi, çünki kö­çürülən azərbaycanlıların əksəriyyətinin iradəsi və istəyi əleyhinə həyata keçiril­mişdi. On minlərlə insanın adi həyat rit­mini kəsərək onları yeni şəraitə uyğun­laşmağa məcbur etdiyi üçün yeni həyat tərzi, yeni peşələr seçməyə məcbur et­mişdi. Köçürülmə zamanı soydaşlarımız ağır məhrumiyyətlərə düçar olmuş, xeyli insan itkisi baş vermişdi.

1953-cü ildə İ. Stalinin ölümündən sonra azərbaycanlıların Ermənistan ərazisindən – Qərbi Azərbaycandan köçürülməsi prosesinin intensivliyində azalma müşahidə olunmuşdu. Bu, bir tərəfdən sovet orqanlarının azərbay­canlıların köçürülmə planlarını müəyyən olunmuş müddətdə və sayda yerinə yetirməməsi və digər tərəfdən Qərbdəki kifayət qədər rahat həyatlarını SSRİ-də qarşılaşdıqları maddi və məişət çətinlik­lərinə dəyişmək istəməyən ermənilərin sayının kəskin artması ilə bağlı olmuş­du. Köçürmə kampaniyası intensivliyini itirsə də, bütövlükdə, Ermənistandakı yaşayış səraitinin əlverişsizliyini hiss edən azərbaycanlıların köçməsi təd­ricən qaçılmaz prosesə çevrilmişdi və SSRİ-nin dağılmasına qədər sabit bir tendensiya almışdı.

Beləliklə, müharibədən sonrakı illər­də Azərbaycanın partiya rəhbərliyi er­mənilərin genişlənməkdə olan ideoloji və ərazi ekspansiyası qarşısında, Mos­kvanın təşviq etdiyi anti-Azərbaycan millətçi psixozunun ağır nəticələrinin qarşısını almaq üçün bütün qüvvələrini səfərbər etməyə, iradə, dözüm və sa­yıqlıq nümayiş etdirməli olmuşdu. Lakin itkilərsiz də keçinmək olmamışdı.

Türkiyədən torpaq qopartmağın mümkün olmadığını və Sovet respub­likalarının sərhədlərinin yenidən bö­lüşdürülməsinin yaxşı bir nəticə ver­məyəcəyini anlayan Kreml rəhbərliyi azərbaycanlıların öz tarixi torpaqların­dan deportasiyası hesabına ermənilərin xroniki torpaq çatışmazlığı problemini müvəqqəti həll etmişdi. Nəticədə, Qərbi Azərbaycan torpaqlarının böyük bir his­səsi də itirilmiş və ermənilərlə məskun­laşdırılmışdı.

AMEA-nın prezidenti, akade­mik İsa Həbibbəyli A.A.Bakıxanov adına Tarix İnstitutunun qarşısın­da duran vəzifələr və müəssisədə aparılan struktur islahatların mü­zakirəsi zamanı Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qa­yıdış Konsepsiyasının hazırlan­ması ilə bağlı tapşırıq verdiyini xatırladaraq bildirib:

– Qərbi Azərbaycan, Çuxursəəd bəylərbəyliyi bütünlüklə tarixi Azər­baycan torpağı və Azərbaycanın ən qədim aborigen ərazilərindən biridir. Son 200 ildən artıq dövrdə indiki Ermənistan adlanan ərazidən azər­baycanlılar sıxışdırılıb, dövlət səviy­yəsində deportasiyaya məruz qa­lıb, mərhələli şəkildə öz dədə-baba yurdlarından çıxarılıb, tarixi abidələ­rimiz, kəndlərimiz, qəbiristanlıqları­mız dağıdılıb. Bu, tarixi genosiddir. Ermənilərin Ağdamda törətdikləri dağıntılar Xirosimadakı faciədən də dəhşətlidir. Bu fəlakətlər, faciələr bü­tün dünyaya çatdırılmalıdır.

Akademiyada Qərbi Azərbay­canla bağlı ardıcıl, sistemli tədqiqat­lar aparılmalı, elmi-tarixi nəzəri əsər­lər ərsəyə gətirilməlidir. Xüsusilə indiki şəraitdə, Ermənistanın sülh müqaviləsindən yayınması məqsə­dilə müxtəlif bəyanatlar verməsi, məkrli planlar qurmasından dolayı Qərbi Azərbaycanın tarixi dərindən araşdırılmalı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik. Bu konsepsiya cənab Prezidentin dediyi kimi, sülhsevər konsepsiyadır və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Elm buna öz dəstə­yini verməli, akademiyanın ictimai elmlər üzrə fəaliyyət göstərən alim­ləri konsepsiyanın hazırlanmasında yaxından iştirak etməlidirlər.

AMEA-da bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Rə­yasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nə­simi adına Dilçilik İnstitutunda To­ponimika şöbəsi yaradılıb. Tarix İnstitutunda yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi Akademi­yada bu istiqamətdə aparılan tədqiqatların mərkəzi olacaq.

İlqar NİFTƏLİYEV, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru

"Xalq qəzeti"

  • Paylaş: