Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Həmişə vətəndə
09.01.2023 14:15
  • A-
  • A
  • A+

Həmişə vətəndə

Azərbaycanın Millət Təqvimində 2023-cü il Heydər Əliyev İLİ” kimi başlandı. Unudulmaz Heydər Əliyevin bu il 100 yaşı tamam olacaq. Və mənim də bu ilə və yuvarlaq ildönümünə töhfəm onun haqqındakı təzə kitabım olacaq.

Heydər Əliyev haqqında mən indi yox, hələ 1990-cı illərin ortalarında yazmağı düşünürdüm və özünə də demişdim.

Allah şahidi Heydər Əliyevin yetirməsi və məsləkdaşı, görkəmli dövlət adamı Həsən Həsənov.

O da mənim xahişimi Heydər Əliyevə ayrıca çatdırmışdı və Ulu öndər demişdi ki, verim arxivi, işləsin.

Məni isə yalnız arxiv qane etmirdi, istəyirdim ki, çox suallarımı verim, öz dilindən cavablarımı alım.

Tarixinsə elə dönəmi idi ki, yeni Azərbaycan qurulurdu, Heydər Əliyevin hər gününün hər saatı iş-güclə dolu idi, vaxt, sözün birbaşa mənasında, yox idi.

Ancaq görüşlərinin, səfərlərinin əksərində iştirak edirdim, dinləyirdim, müşahidələrimi aparırdım, ayrı-ayrı anlar hafizəmə də, qeyd dəftərlərimə də köçürdü.

Arxada qalan illərdə ara-sıra Heydər Əliyev haqqında xeyli yazılarım da olub. Ancaq onu bütövlüyü ilə göstərə biləcək ayrıca kitabın yeri başqadır.

Odur ki, başlayıram!

Hansısa bəlli bir aya, günədək yazıb-tamamlamağı nəzərdə tutmuram. Sadəcə, bu il "Heydər Əliyev İli" olduğundan mən də içərimdəki il və iş cədvəlinə yeni bir kitabımı da əlavə edirəm. İl boyu və hər gün, fasilə vermədən, kökləndiyim ahəngi qırmadan hökmən yazmalı!

Bu kitab maydamı bitəcək, sentyabrdamı, ya il sonunda - fərq etməz.

Bu kitab mənim kiminsə qarşısında, ya bir nəşriyyatla əlaqədar deyil, öz ürəyim qarşısında öhdəliyimdir.

Əsas odur ki, bu parlaq şəxsiyyət haqqında müşahidələrimi, düşüncələrimi, hisslərimi qalası bir kitab çərçivəsində dolğunluğu ilə əhatə edim.

Əvvəllər yazdıqlarımdan da nələrisə, söz yox, bu kitabın ümumi axarına qoşacağam və bu müstəsna şəxsiyyəti araşdırdığım, gördüyüm, duyduğum biçimdə təqdim etməyə çalışacağam.

Bəlkə, həmin yazılar bizim günlərdə və sabah kimlərəsə də bu böyük azərbaycanlını daha yaxşı görməyə, duymağa və dərk etməyə körpüyə döndü.

Beləcə, elə bu gündən - 2023-ün ilk ayının 1-dən Heydər Əliyev haqda aylar boyunca hər gün azı 2-3 vərəq yazacağım kitabı başlayıram.

Ömrünün sonlarında arxayın bir müdriklik və əmin uzaqgörənliklə "Mən həmişə Azərbaycanda olacağam" demişdi.

Təbii, o qüdrətli insan da, hər kəs kimi, bir gün dünyadan köçəcəyindən agahdı.

Nə qədər uzun yaşasan da, heyhat, insan həyatı sonludur və bir az gec, bir az tez hamı gedəsidir.

Gəlimli dünyanın həm də gedimli, bütün sevinc və işrətləriylə bərabər, son ucu ölümlü olduğunu bir neçə yüz il ömür sürmüş Qorqud Dədəmiz də kədərlə dilə gətirmişdi.

Allahın şah əsəri, ali xilqət olan insançün 80, 90, 100 il ömür nədir ki! Amma neyləməli ki, qismətimiz belədir. Ən yetkin, ən təcrübəli, dünyanı bütün yaxşı-yamanı ilə dərk etdiyin ən püxtə çağında taqət başlayır azalmağa və qayıdışsız labüd səfərinə çıxırsan.

Di gəl, tarixə möhürünü vuranlar da olur axı. Onlardan ötrü dünyanın son ucu, hamınınkı kimi, ölümlü olsa da, gedimli olmur. Əməlləriylə, əsərləriylə, pozulmaz izləriylə hansısa seçilmişlər, nadirlər qalımlı olmağı bacarırlar.

Və böyük Heydər Əliyev artıq ömrün ixtiyar çağında tarixə, olmuşlara, Vətəninə və xalqına xeyli yüksəklərdən baxaraq başqalarının tuta bilmədiyi çox həqiqətləri gördüyü kimi, öz ömrünü və taleyini, bir parçası olduğu tarixin içərisindəki öz surətini də ucalardan seyr edirdi, aydınca görürdü ki, ömür bitsə də, yol bitməyəcək, daha heç bir qüvvə onu bu yurdun və millətin nə tarixindən, nə yaddaşından silə biləcək.

Onun həyatı XX yüzilə sığdı. Amma XXI əsri, üçüncü minilliyi də görmək onun qismətindəymiş. Təzə əsrin də 3 ilini onunla birgə olduq.

Dünyanın da, Azərbaycanın da taleyindəki ən həlledici zaman parçalarından olan həmin əsrdə yurdumuzun və millətimizin həyatına onun qədər uzunmüddətli, onun qədər geniş və dərin təsir göstərən dövlət başçısı olmayıb.

Ona görə də inamla həmişə Azərbaycanda qalacağını, Azərbaycanla olacağını bəyan edirdi.

Sağkən, hələ həyatdaykən öz iqbalını sadəcə təsəvvür etmək yox, inamla və tərəddüdsüz görə bilmək də bir ayrı xoşbəxtlikdir.

Bu, olmuş əhvalatdır.

1846-cı il idi və Abbasqulu ağa Bakıxanov həyatının son səfərinə çıxmışdı, Məkkə ziyarətinə gedirdi.

Və yol üstündə onun başına gəlmiş bir ibrətli əhvalatı bizə polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış "Qafqaz. 12 illik əsirliyin xatirələri" adlı kitabında çatdırır.

Yazır ki, Abbasqulu ağa Ərdəbildə məscidə girir və axundun onun haqqında danışdığını eşidir: "İndi isə sizə cənnətməkan Abbasqulu ağanın məşhur sözlərini oxuyacağam".

Və sonra axund kitabı açıb şövqlə oradan parçaları qiraət etməyə başlayır. Oxunanlar dinləyənləri məftun edir və onları həyəcana gətirir. Bunları görən şair ağlayır və onun ağlaması məsciddəkilərin diqqətini cəlb edir. Axund soruşur: "Ey müsafir, sən bizimlə birgə bu kitabdakı bilik qidası və nitq şəhdini dadmaq əvəzinə niyə ağlayırsan?

- Mən sevincdən ağlayıram. Siz bu kitabı tərif edirsiniz. Onu yazan mənəm..."

Hər bir insan üçün həyatda olmayacağı günlərdə necə xatırlanacağını, özündən sonrakıların ona necə qiymət verəcəklərini hansısa sehrlə görməkdən böyük nə səadət ola bilər!.. Amma belə bir qisməti hətta möcüzə şəklində belə ağla gətirmək çətindir. Tale Qüdsiyə bu səadəti nəsib etmişdi. Əkdiyi xeyirxahlıq toxumlarının, bütün böyük və savab işlərinin müqabilində Ulu Tanrı ona elə sağkən sağ olmayacağı çağlardakı şərəfli qismətini, istiqbalını da əyan etdi.

Ərdəbildə baş verən hadisə sanki qaibdən nazil olan güzgüdə görünən gələcək idi...

Heydər Əliyev də elə bu cür - həyatdaykən həyatda olmayacağı günlərdə ürəklərdə və yaddaşlarda hansı yerin sahibi olacağını bildi.

Yaxşılıqlar etdiyi, taleyini dəyişdiyi, qarşısında üfüqlər açdığı, ona daim minnətdar olacaq sıra-sıra insanlar öz yerində, bu məmləkətin ən əziz sərvəti olan müstəqilliyi, istiqlalı qorumaq yolundakı əvəzsiz xidmətləri də öz yerində, lakin Heydər Əliyev həm də tarixi incəlikləriylə bilirdi axı.

Yaxşını fikirləşəndə mümkün bəd gedişatı da nəzərdə saxlayırdı. Tarixçi təhsili almış bir insan kimi tarixin həm zahirinə, axarına, həm də onillərcə Dövlət Təhlükəsizliyi şəbəkəsində çalışmış mütəxəssis kimi tarixin batininə, alt qatlarına mükəmməl bələd idi. Bilirdi ki, tarixdə imzası olanları, iz qoymuşları heç bir hökmlə, fərmanla, təzyiqlərlə tarixdən silmək, unutdurmaq mümkün deyil.

O isə yarım əsrə sığan bir zaman boyunca öndə olmuşdu, Azərbaycanın rəmzlərindən sayılmışdı, adı və imzası Azərbaycanın və azərbaycanlıların neçə nəslinin taleyinə, düşüncəsinə həkk olunmuşdu.

Tarixə münasibətlər çağa görə başqalaşa bilər, yaşanmış, dünəndə qalmış tarixin özünüsə daha heç vəchlə pozub təzədən yazmaq, dəyişdirmək mümkün deyil.

Heydər Əliyev illərin hündürlüyündən arxada qalan keçmişə baxdıqca bütün bunları görürdü və ona görə də sabahlardan nigaranlığı yoxdu.

Əmin idi ki, bu ölkədə gələcəkdə hansı siyasi küləklər əsdi-əsmədi, başlar üzərində onun portretləri asıldı-asılmadı, meydanlardakı abidələri oldu-olmadı, ürək və yaddaşlardakı surəti daha heç vaxt silinən, solan, itən deyil, tarixə qayıdıldıqca hər səhifədə o görünəcək.

Bütün bunlara əmin olduğu üçün də bəxtiyar idi, o səbəbdən də könül rahatlığıyla və qətiyyətlə "Mən Azərbaycanda həmişə olacağam" söyləyirdi!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: