Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir
12.01.2023 09:52
  • A-
  • A
  • A+

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb.

Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda, eləcə də 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.

Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca göstəricilərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun konstitusiyaya uyğun olaraq respublikamızda Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

XX yüzillik də Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi dövrü kimi tarixə yazılıb. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənib, üslubları zənginləşib, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanıb.

Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş işlədilməsi imkanları mövcuddur.

Bütün bunlara dövlətçilik tariximizdə o qədər də asanlıqla nail olunmayıb. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlı olub. Xalqımızın tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənənin uzun müddət yaşadılması gerçəkləşməyib. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılıb. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməyib.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafında müstəsna xidmətlər göstərib. Dahi şəxsiyyət çıxışlarının birində bu barədə deyib: “1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azərbaycan dili yox, türk dili ilə əvəz olunmasını, beləliklə, tarixi həqiqətin “geri qaytarılması”na təşəbbüs etdi. Bütün dövlət strukturlarında, orta və ali məktəb dərsliklərində Azərbaycan kəlməsinin türk sözü ilə əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Məsələnin ciddiliyini nəzərə alan ümummilli lider bununla bağlı müzakirələr keçirdi və xalqımız 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi.

Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif yönümdə inkişaf edib. “Azərbaycan dili” anlayışı “Azərbaycan - türk dili” modelinin tərkib hissəsidir. Bu ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır. Türk dili Azərbaycan dili anlayışını həm keçmişə bağlayıb, həm də gələcəyə gətirib çıxarıb. Türk dili bütün türk dilləri üçün ümumi ad olaraq, daha sonralar regional təzahürləri ilə adlandırılıb.

Yuxarıda qeyd edilən iki günlük müzakirələrin davamında yekun nəticə belə oldu: 1) türk dili; 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili. Müzakirələrin 5 noyabr 1995-ci il tarixli yekun iclasında Ulu Öndər çıxışında dedi: “...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Dahi şəxsiyyət daha sonra tarixi köklərimizə, keçmişimizə hörmətlə yanaşaraq bildirdi: “Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir. Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi - nəzərdən düzgün deyil - həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil”.

Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. O, keçmişimizi, soy- kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”.

Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda oxuyuruq: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır… Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir”.

Ümummilli Lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli- mənəvi konsepsiyaya əməl olunmaqla həllini gerçəkləşdirmək işinə böyük önəm verdi. Ulu Öndərin qarşıya qoyduğu bu vacib məsələ Azərbaycan dilçiləri tərəfindən sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirildi. Akademik Ağamusa Axundov dövlət dilimizin adını Azərbaycan dili kimi tanınmasını (de-yurye, de-fakto) tarixilik və dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırdı. Bununla da dilimizin adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu.

Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir məsələni də mütləq xatırlatmalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də əlifba komissiyasının yaradılması ilə bağlıdır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kirill əlifbası ilə paralel işlənir, yalnız Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadəsi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.

Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi.

Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini gerçəkləşdirmək, təbliğ etmək barədə Ümummilli Lider Heydər Əliyev olduqca dəyərli fikirlər söyləyib: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.

Bütün bunlarla yanaşı, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Nadir MƏMMƏDLİ, AMEA-nın Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: