Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ulu Öndər Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi
12.01.2023 14:10
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi

Ümummilli Liderimiz Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi. Heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu - 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında yüksəliş dövrü olub. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Məhz bu illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapıb, mühüm incəsənət əsərləri yaradılıb, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olub, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunub.

Bu barədə AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib. O qeyd edib ki, bu dövrdə Azərbaycanın şəhərlərində böyük yaşayış kompleksləri, müxtəlif tipli ictimai binalar, sənaye və nəqliyyat obyektləri tikilişi xüsusilə nəzərə çarpırdı. Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir ictimai binalar ucaldılmışdı. Bunların tam əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilərək tikilmişdi.

Nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyin böyük uzaqgörənliklə həll etmişdi. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdı.

Alim bildirib ki, ötən əsrin 70-90-cı illərində Bakıda və Azərbaycanın digər şəhərlərində Vətənimizin dövlət, mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra gözəl heykəltaraşlıq abidələri ucaldılıb. Onların əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseynzadə, Hüseyn Cavid və başqalarının şərəfinə ucaldılmış heykəllər buna gözəl nümunələrdir. Monumental incəsənətlə yanaşı, Ulu Öndər Heydər Əliyev incəsənətin inkişafını istiqamətləndirən direktiv sənədlərdə, çıxışlarında, bədii ictimaiyyətin nümayəndələri ilə görüşlərində təsviri sənətə və klassik bədii irsimizə, miniatür sənətinə də həmişə böyük diqqət yetirirdi. Onun təsviri sənət haqqında söylədiyi fikirlər, ayrı-ayrı sənət ustalarının ünvanına göndərdiyi məktublar müasir estetik fikrimizin mühüm sənədləri və XX əsr Azərbaycan incəsənəti tarixinin öyrənilməsi üçün dəyərli mənbələr kimi əhəmiyyətə malikdir.

Ə.Salamzadə vurğulayıb ki, 1970-2000-ci illərdə Azərbaycan bədii mədəniyyətinin bütün sahələrinin inkişafı, bu prosesdə Heydər Əliyevin bilavasitə iştirakı Azərbaycan sənətşünaslıq elminin inkişafı üçün də əlverişli şərait yaradıb. Məhz bu dövrdə şəhərsalma, memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər, musiqi, teatr və kino sənətlərini əhatə edən qiymətli sənətşünaslıq əsərləri nəşr edilmişdi. 1973-cü ildə sənətşünaslığımızın tarixində ilk dəfə olaraq “Azərbaycan incəsənəti tarixi” adlı üçcildlik fundamental əsər üzərində iş başladı, 1980-ci illərin ortalarında Azərbaycan incəsənətinin bütün inkişaf mərhələlərini əhatə edən ilk tarixi yaradıldı.

Ulu Öndərin fərmanlarına əsasən “Mədəniyyət haqqında” (1998), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), “Kinematoqrafiya haqqında” (1998), “Muzeylər haqqında” (2000), “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” (2003) və s. qanunlar qüvvəyə minib. Azərbaycanın Nazirlər Kabineti tərəfindən 2001-ci il avqustun 2-də dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısı təsdiqlənib.

AzərTac

  • Paylaş: