Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qərbi Azərbaycanın gerçək kimliyini qaytarmasaq, acı tarix təkrarlana bilər
13.01.2023 10:44
  • A-
  • A
  • A+

Qərbi Azərbaycanın gerçək kimliyini qaytarmasaq, acı tarix təkrarlana bilər

Kəndimizdə - Basarkeçər rayonunun Nərimanlı kəndinin ortasında böyük xristian qəbiristanlığı var idi. Kənd evləri bu qəbiristanlığın ətrafında yerləşirdi. Qəbir daşlarının üzərində müxtəlifölçülü bir-birinə bənzəyən xaç işarələri var idi. Kəndimizdə ancaq azərbaycanlılar yaşayırdı. Əhalinin hamısının müsəlman-türk olmasına baxmayaraq, xristian qəbirlərinə heç kim toxunmurdu. 1970-ci illərin əvvəlləri idi, kənddə yeni məktəb tikiləcəyi barədə söhbət gəzirdi. Çünki əvvəlki məktəb köhnəlmişdi və şagirdlərə kifayət etmirdi, dərsləri iki, bəzən də üç növbədə keçmək məcburiyyəti yaranmışdı. Qışda isitmə sistemi isə kömür sobaları ilə təmin edilirdi. Ona görə də yeni məktəbin tikilməsi hər kəsin ürəyincə idi. Lakin... Yayın əvvəlində kəndə ermənilər tərəfindən bir neçə ekskavator və buldozerlər gətirildi. Bu texnikalar qısa müddətdə kəndin ortasındakı xristian qəbiristanlığını başdan-başa qazdılar, bütün qəbirlər yox edildi, qəbir daşlarının bir qismini maşınlarla apardılar, bir qismini basdırdılar, parçalanmış hissələrini isə tikintidə və hasarlarda istifadə etdilər. Məktəb binasının ölçüsündən qat-qat böyük olan qəbiristanlıq tamamilə silindi. Biz uşaq marağı ilə bu prosesləri izləyirdik. Ekskavatorların qazdığı çuxurlarda saxsı qablar, küplər, metal zinət əşyaları və təbii ki, insan sümükləri ortaya çıxırdı. Atam Yusif Bayramov kənd məktəbinin tarix müəllimi idi, qonşular tez-tez məsləhətləşmək üçün ona müraciət edərdilər. Qazıntı gedərkən qonşumuz Cəlal əmi atama yaxınlaşıb soruşdu ki, "Ay Yusif müəllim, bu ermənilər necə xristiandırlar? Biz müsəlman olsaq da, bu xristian qəbirlərinə toxunmadıq, illərnən qoruduq, amma bunlar qəbiristanlığı dağıdırlar. Bu insanlığa yaraşmır axı. Bəyəm bu böyüklükdə kənddə məktəb üçün başqa yer tapılmadı ki, xristian qəbiristanlığında məktəb tikilir? Özü də məktəbə yetəcək qədər yox, bütünlükdə hamısını dağıdırlar. Atamın cavabı çox qısa oldu: "Çünki özlərininki deyil, bu erməni qəbiristanlığı deyil". Cəlal əmi yenə sualları yağdırdı: Nolar ki, özlərinin olmasın, qəbiristanlıq hamı üçün müqəddəsdir, onu dağıtmaq ölənlərin ruhuna hörmətsizlikdir. Kənd camaatının çoxu buna yaxşı baxmır axı". Atam yenə qısa cavab verdi - "yaxşı hal deyil əlbəttə, lakin bu göstəriş Ermənistan rəhbərliyindən gəlib".

Yenə də 70-ci illər idi. Kəndimizin ətrafındakı təpələrdə və kiçik dağlarda qoyun-quzularımızı otarırdıq. Demək olar ki, bu təpələrdəki hər daşı, qayanı, kolu əzbər bilirdik. Bir gün həmin təpələrə bir neçə erməni gəldi və dedilər ki, biz geoloqlarıq, burada neft yataqları axtaracağıq. Qayalıqları çox olan təpələrin birini və ətəyindəki çeyilliyi işarələdirlər, burada bir neçə müddət heyvan otarmağa icazə vermədilər. Neft tapmadılar. Onlar getdikdən sonra təpələrdə gedəndə gördük ki, qayaların üzərində xaç işarələri döyülüb. Bu hekayəni bir neçə yerdə danışdım, demək olar ki, tanıdığım və tanımadığım hər kəs buna bənzər hadisələrin onların da kəndində baş verdiyini söyləyirdilər.

Ermənilərin dağıtdığı bu qəbiristanlıq kimindir? Ermənilər özlərinin olmayanı niyə dağıdırlar? Qayalara niyə xaç işarələri həkk edirlər? - suallarının cavabını uşaqlıq zəkamla tapa bilmirdim. Ta ki, 1986-cı ilə qədər. Tibb Universitetini yeni bitirmişdim. SSRİ-nin hər yerində olduğu kimi, Bakıda da milli məsələlər gündəmə gəlməyə başlamışdı, milli tariximizə maraq artmışdı. Maşallah Xudubəyli ilə görüşdüm və tariximizlə əlaqədar yaxşı kitabın çıxdığını, lakin çox çətin tapıldığını söylədi. Kitaba marağım yarandı və xahiş etdim ki, mənə bu kitabın tapılmasında kömək etsin. Çox keçmədən Maşallah müəllim kitabı tapdı və mənə müvəqqəti verdi. Kitab Fəridə Məmmədovanın rus dilində yazdığı "Politiçeskaə istoriə i istoriçeskaə qeoqrafiə Kavkazskoy Albanii" (Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası) adlı monoqrafiyası idi. Kitabı birnəfəsə oxudum və qədim tariximizlə əlaqədar dərsiliklərimizdə yazılanlardan dramatik şəkildə fərqlənən məlumatlar aldım. Monoqrafiyada verilən şəkillərdəki Alban xaçlarının kəndimizdəki daşlarda olan xaçlarla eyni olduğunu görəndə, Göyçədə ilk xristianlığı qəbul edən qıpçaq türklərinin yaşadığını və qədim Alban tarixi barədə yazılan kitabın yalnız erməni dilində yazılmış variantının əlimizdə qaldığını oxuyanda heyrətləndim. Həm də sevindim. Çünki uşaqlıqdan bəri axtardığım bəzi sualların cavabını tapmışdım. Ermənilərin məhv etdiyi kəndimizdəki qəbirisitanlıq xristian inanclı qıpçaq türklərinin imiş. Ermənilər Qafqazın qədim xalqlarından olduqları barədə saxta tarix yaratmaq üçün Alban tarixini, abidələrini, izlərini məhv edirlərmiş, Alban kitablarını erməni dilində təqdim edirlərmiş, qayalara, daşlara öz xaçlarını həkk edirlərmiş. Özü də, sovet dövründə, sakitlik, əmin-amanlıq, türklərlə birlikdə dostcasına yaşadıqları dövrlərdə (ermənilər bizlərə azərbaycanlı demirdilər, türk deyirdilər).

Uşaqlıqdakı suallarımın cavabını tapdım, lakin yeni suallar ortaya çıxdı: ermənilər bunu niyə edirlər, ermənilər türklərə niyə düşmənçilik edirlər, tarixi saxtalaşdırmaq və Ermənistanın tarixən ermənilərə məxsus olması onlara nə verir?

Bu sualları cavablamaq üçün bugünümüzə nəzər salaq.

Son illər regionumuzda və dünyada baş verən bir çox hadisələr gələcəyimiz üçün düşünməyə, yaşamaq və inkişaf üçün strateji planlar qurmağa məcbur edir.

İlk növbədə 2020-ci ildə Zəfərlə bitən, xalqımızı məğrur xalqlar, ordumuzu qalib ordular, sərkərdəmizi müzəffər sərkərdələr, dostlarımızı sadiq dostlar, ölkəmizi güclü ölkələr cərgəsinə qatan 44 günlük II Qarabağ müharibəsi bizim güclü inamımızı və potensialımızı ortaya çıxardı. Bu göstərdi ki, xalqımız, ordumuz, dövlətimiz, liderimiz və dostlarımız bir yumruq kimi birləşərək ən çətin və həllolunmaz hesab edilən problemləri həll edə bilər, haqqını, hüququnu qoruya bilər, ən güclü rəqiblərinə qalib gələ bilər.

İkinci önəmli hadisə hazırda dünyada gedən proseslərdir. Bu gün dünya yeni düzənə doğru gedir. Çoxsaylı proqnozlara baxmayaraq yeni dünya düzəninin necə olacağı bəlli deyil - təkqütblümü, çoxqütblümü, çoxmərkəzlimi və ya başqasımı olacağı məlum deyil. Lakin bir cəhət birmənalı olaraq məlumdur ki, yeni düzəndə öz potensialını əməkdaşlıqlara yönəldən və bu istiqamətdə mübarizə aparan xalqlar layiqli yerini tuta biləcək və inkişaf edəcək. Günümüzdə Azərbaycanın bütün dünya ölkələri ilə, o cümlədən region ökələri ilə, Qərbin, Uzaq və Yaxın Şərqin əksər ölkələri ilə, Türkdilli ölkələrlə hərtərəfli əməkdaşlıq imkanları yaranmışdır və ölkə rəhbərliyi də bu sahədə ciddi fəaliyyət göstərir. Digər tərəfdən coğrafiyamız və energetik resurslarımız ölkəmizə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində qlobal enerji və kommunikasiya qovşağına çevrilmə imkanı yaratmışdır.

Beləliklə, bir tərəfdən güclü potensialımız, digər tərəfdən isə yaranmış qlobal şərait ölkəmizin inkişafı və dünyada öncül dövlətlər sırasına qatılmaq üçün imkan yaratmışdır. Lakin bizim bu istiqamətdə irəliləyişimizə əngəl olan bir problem var. Bu problem, dünyada qəbul edilən sağlam rəqabət deyil, bu problem qonşumuz tərəfindən yaradılan münaqişədir. Son 100 ilin tarixinə baxsaq, görürük ki, hər dəfə Azərbaycan inkişaf mərhələsinə qədəm qoymaq istəyəndə ermənilər tərəfindən bizə qarşı aqressiyalar başladırlar, yeni işğallar, qırğınlar, terrorlar, soyqırımlar və talanlar törədirlər. Nəticədə ölkəmizin inkişafı istədiyimiz səviyyədə getmir, zəifləyirik, xarici təsirlərə boyun əyməyə və güzəştlərə getməyə məcbur oluruq. Məsələn, 1918-ci ildə Azərbaycanın müstəqil dövlət olmaq imkanı əldə edərkən ermənilər Qərbi Azərbaycanda, Bakıda, Şamaxıda, Qubada, Qarabağda qırğınlar, soyqırımlar, talanlar və deportasiyalar törətdilər, nəticədə biz zəiflədik, əvvəl Qərbi Azərbaycanı, sonra isə müstəqilliyimizi itirdik. Digər misal, II Dünya müharibəsindən sonrakı ilk illərdə digər ölkələr kimi bizim də inkişafımıza şərait yaranmışdı, lakin 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandakı dədə-baba yurdlarından sürgün edildilər. Nəticədə, köçürülənlərin böyük qismi müxtəlif infeksion xəstliklərdən həlak oldu, həm ölkəmizdə humanitar böhran yarandı, həm də inkişaf edə bilmədik. Nəhayət, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan üçün də müstəqillik və inkişaf etmək üçün yenidən imkan yaranarkən bədnam qonşularımız yenə eyni ssenari ilə münaqişə yaratdılar. I Qarabağ müharibəsini başlatdılar, Xocalı, Ballıqaya soyqırımları, Zəngibasar, Sisian, Basarkeçər, Topxana, Sumqayıt, Bakı, Yevlax terrorlarını, 20 Yanvar faciəsini törətdilər. Yenə də bənzər nəticə. 1988-ci ildə Qərbi Azərbaycandan, 1991-1993-cü illərdə isə Qarabağdan və Şərqi Zəngəzurdan 1 milyona yaxın həmvətənlimiz dədə-baba yurdlarından qaçqın düşdü və torpaqlar işğal olundu. Minlərlə şəhid verdik, minlərlə insanımız əsir düşdü. Ölkədə xaos başladı. Xalqımız və dövlətimiz inkişafa fokuslanmaq yerinə qaçqın və xaos problemləri ilə məşğul olmaq məcburiyyətində qaldı, zəif düşdü və təbii ki, güzəştlərə getməyə məcbur oldu. Bu gün də eyni ssenari görünür.

Ermənilərin bizə qarşı müharibələrinin səbəbi nədir və biz bunun dəfələrlə təkrarlanmasının qarşısını niyə ala bilmirik? Baş verən hadisələrin təhlili göstərir ki, erməni münaqişələrinin təkrarlanmasının səbəbləri təkcə ermənilər və onları dəstəkləyənlər deyil, əsas səbəblərdən biri də dünya ictimaiyyətinin və bizim erməniləri doğru-düzgün tanıya bilməməyimizdir.

Gəlin, ermənilərə baxışları qısa da olsa təhlil edək. Dünya ictimaiyyətinə görə ermənilər xalq olmaq və dövlət qurmaq istəyirdilər, ona görə də 1800-cü illərdə Qafqaza gəlib bir yerə toplaşdılar və 1918-ci ildə müharibə və soyqırımları törətdilər. Lakin ermənilər 200 il ərzində xalq ola bilmədilər və buna cəhd də etmədilər. Xalq olmaq üçün vacib şərtlərdən biri digər xalqlara qarşı xoşgörüdür, tolerantlıqdır. Ermənilər aralarındakı və ətraflarındakı digər xalqlara qarşı nifrət, deportasiya və assimilyasiya siyasəti yürütdülər və bu gün də davam etdirirlər. Nəticə göz qabağındadır - Ermənistan monoetnik ölkədir, ermənilərdən başqa heç bir millət yoxdur. Ermənilər dövlət də qura bilmədilər. Dövlət olmaq üçün mütləq şərtlərdən biri sərhədinin olmasıdır. Ermənistanın sərhədi bəlli deyil, 1918-ci ildə də, 1920-ci ildə də, 1988-ci ildə də, 1991-ci ildə də, 2000-ci illərdə də, bu gün də sərhədi məlum deyil. Digər bir beynəlxalq baxışa görə ermənilər Qarabağda yaşayan ermənilərə yüksək status almaq üçün mübarizə aparırlar. Lakin hələ SSRİ dövründə ermənilərin Qarabağda yüksək statusu var idi. Bu statusu özləri 1988-ci ildə ləğv etdilər. Həmçinin 1994-2020-ci illər ərzində dəfələrlə danışıqlar aparıldı, torpaqlarımızın dinc yolla qaytarılması müqabilində ermənilərə status verilməsi müzakirə edildi. Lakin hər dəfə də məhz ermənilər bundan imtina etdilər.

Nuru BAYRAMOV, AMEA-nın müxbir üzvü, professor

“Respublika” qəzeti

  • Paylaş: