Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İranın dil siyasəti: hamı farsca danışmalıdır
14.01.2023 16:55
  • A-
  • A
  • A+

İranın dil siyasəti: hamı farsca danışmalıdır

İran İslam Respublikasında müxtəlif məsələlərlə bağlı elmi konfranslar keçiilrməklə hakim molla rejiminin siyasəti elmi baxımdan müdafiə və təbliğ edilir. Belə ümummilli konfranslardan biri “Əsas Qanunun 15-ci maddəsi: perspektivlər və nəticələr” formatı ilə keçirilir.

Bu format 2012-ci ildə “İkinci Kəsrəvi” adlandırılan Rəhim Nikbəxt tərəfindən təsis edilib, baş ofisi “Diyare kohən” (Qədim diyar) Tehrandadır. Təbrizdə isə qurumun Azərbaycan şöbəsi   tarix və mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Şöbə Azərbaycan tarixi və mədəniyyətini   panfarsizm və anti-Azərbaycan mövqeyindən öyrənir.

Qeyd etdiyimiz konfrans isə  Mərkəzi Vəkillər Cəmiyyətinin mədəniyyət və incəsənət komissiyasının əməkdaşlığı ilə Tehranda,  ictimai və humanitar  elmlər sahəsində ixtisaslaşmış dövlət müəssisəsi olan  Əllamə  Təbatəbai Universitetində  keçirilmişdir. Konfransın elmi katibi doktor Məhəmməd Reza Pasiban açılış çıxışında deyib: “Hətta yadellilərin belə fars dilini himayə etməsi və yayması– məsələnin belə qoyuluşu hamının ziyanınadır”.

“Diyare kohən” müəssisənin icraçı direktoru, Şərqi Azərbaycanın Sərab rayonunun Mirkuh kəndində 1971-ci ildə anadan olmuş Rəhim Nikbəxt isə bildirib ki, son vaxtlar (Əsas qanunun  etnoslara yerli və etnik dillərdən yarımçıq istifadə hüququ verən) 15-ci maddəsindən (seçki zamanı) səs almaq və hakimiyyətə gəlmək üçün istifadə edirlər.

Sonra  keçmiş irşad naziri və keçmiş deputat doktor Seyid Məhəmməd Hoseyni dövlətin etnik dilləri himayə etməsi təsəvvürünü yaratmaq üçün  söyləyib ki, guya, ölkənin rəsmi dili ilə  etnik dillər arasında qarşıdurma yoxdur: “İranlılar rəsmi  dili zəiflətməsinlər, xarab etməsinlər. Etnik mədəniyyətə isə ona görə diqqət göstərilir ki, bu, Qərbin  mədəni hücumuna qarşı vasitədir. 2009-cu il Ali Mədəni İnqilab Şurası qanun qəbul etdi: Universitetlər məhəlli dilləri qorumaq və onların unudulmasının qarşısını almaq üçün  həmin dillərini tədris edə biərlər. Unutmayın ki, inqilabdan sonra müxtəlif tədbirlərlə xalqda öz dilinə maraq yaradıldı. İndi yerli şuralar və deputatlar bölgələrdən seçilir”.

Əllamə Təbatəbai Universitetinin elmi işlər üzrə prorektoru doktor Həmidrza Olumi Yəzdi deyib ki,  15-ci maddənin etnik dilin tədrisi sahəsində verdiyi hüquqdan  istifadə olunmayıb, kaş ki, farslar da bir etnik dil biləydilər. Əsas qanun millətyaratma və milləti vahid etmək potensialına malikdir və belə də olacaq. Mərkəz Vəkillər Cəmiyyətinin sədr müavini doktor Əbdülsəməd Zahid Paşa isə heç nə deməyib və bir şer oxuyub.

İran radiosunun müdiri və irşad nazirinin keçmiş müavini olmuş  doktor Məhəmməd Cəfər Məhəmmədzadə bildirib ki, İran polilingvistik  və polietnik cəmiyyətdir və  dünyada başqa belə hal yoxdur. İranın varlığı, ərazi bütövlüyü etnosların  vəhdətindən   asılıdır: “Fars dilindən başqa, bütün məhəlli dillər sıradan çıxacaqdır, çünki  yazı dili, qaydaları  yoxdur  və ümum tərəfindən qəbul edilmir. Hazırda gərək fars dilini  iranlıya sinonim bilək. Yaxın Şərqdə problemləri fars dilinin vasitəsi ilə həll etmək olar, fars dili indi o səviyyədədir”. İranın tanınmış hüquqşünası, doktor Seyid Məhəmməd Haşımi “İnsanlar milli, etnik və tayfa kimlikləri ilə bir-birinin yanında ölkə yaradırlar”.

Digər çıxışlardan İranın rəsmi dil siyasəti üçün səciyyəvi mülahizələrə nəzər salaq:

Doktor Seyid Məhəmməd Rezayi: “Birinci  nəticə odur ki, qeyri-rəsmi mətnlərdə yerli dilə qadağan yoxdur, amma  15-ci maddədə  qanun yol vermir ki, yerli dil məktəbdə tədris olunsun, ancaq ədəbiyyatın tədrisinə icazə var”.

Doktor Ətaullah Əbdi: “Bizdə məhəlli dildə tədris edə biləcək kadr yoxdur, etnosların tələblərinin sonu görünmür”.

Doktor  Həbibulla Fazili: “Dünyada  vahid dil siyasəti yoxdur”.

Doktor Mehdi Hodavənd: “Dövlət yalnız məhdud, ədəbiyyat sahəsində ana dilinin tədrisinə mane olmur, deməli,15-ci maddəyə görə, ana dili qalan sahələrdə qadağandır”.

Doktor Bəhməni Qacar: “Olmaz bir regionu bir dillə ayırasan”.

Salar Seyfəddini (təbrizli, qatı türk düşməni, milli satqın): “Qanun ana dilinin tədrisinə icazə vermir, düz edir”.

Doktor Faez Dinpərəsti: “Yerli məktəblərdə yerli dillər tədris olunur, dövlət cavab verməlidir, nə edir?”

Dəştbani: “Fars dili bir etnosun dili olmayıb, padşahların dili idi və əmr etdilər ki, hamı bu dildə danışsın.  Xorasanda yayıldı, sonra oradan başqa yerlərə yayıldı. “Bürhane qate” izahlı lüğətində deyilir ki, fars dili öz-özünə rəsmi dil  olub. İran türk və ərəblərə öz dilini qəbul etdirdiyi kimi, qalanlara da  qəbul etdirəcək”.

Rza Kədxudazadə: “15-ci maddə  ana dilinin tədrisinə icazə vermir, seçki zamanı ortaya çıxır,  tədbir görülməlidir”.

Doktor Paseban: “Vaxt keçdikcə etnosentristlərin təhlükəsinə, kimliyin saxtalaşdırılmasına, kimlik və tarixin  inkar edilməsinə yaxınlaşdıq. Bu təhlükə inqilabla başlanıb və güclənir. Bir qrup dindarlıq bayrağı ilə millətçilik məqsədlərinin ardınca gedir və hökumətə də nüfuz edir. İran dövləti İran tarixinin tarac olmasına laqeyd olub. İran heç vaxt daxildən bölünməyib, millətçilərin səyləri  nəticə verməyəcək, təəssüf ki, İrşadın lisenziyası ilə yüzlərlə  qəzet və jurnal İran əleyhinə yazılar yayırlar”.

Sonda Nikbəxt yenidən danışaraq deyib: “Qətnamə yayılacaq, Nəzarət şurası müəyyən etməlidir ki, Əsas qanuna zidd danışan deputatın deputat səlahiyyəti varmı?”.

Bütün bu deyilənlər İran fars rejiminin millin diollərə düşmən münasibətini açıq sərgiləyir. Yəni İran fars dövlətidir, onun bir dili olmalıdır– bu dil də fars dilidir. Əlavə şərhə ehtiyac varmı?!

Vidadi MUSTAFAYEV, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor

“Xalq qəzeti”

  • Paylaş: