Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi!
Folkor xalqın bədii-fantastik tarixidir. Əgər tarixçi məlum faktlara, sənədlərə əsaslanırsa, xalq yaradıcılığında bədii-fəlsəfi məntiq dünyaduyumu ilə birləşərək cəmiyyət həyatını obrazlı təfəkkür aynasında əks etdirir.
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
Folkorumuzun janr sistemində yığcam mətn strukturu, dərin lirizm ilə seçilən bu bayatıda tarixi torpaq itkisi, Vətənin ağrı-acıları, xalqın ayrılıq dərdi Təbriz, Araz nisgili ilə dil açır. O nisgil ki, Arazın Təbrizi Bakıya həsrət qoymuş sərhədə çevrilməsini bədii şəkildə tarixləşdirir.
Su durdu, çayda qaldı,
Şərur bu tayda qaldı.
Arazı ayırdılar,
Təbriz o tayda qaldı.
Yol çəkilir düz yerdən,
Hamar yerdən, düz yerdən.
Haraylaram Təbrizi,
Əlli yerdən, yüz yerdən.
Araz, Araz, xan Araz.
Gəl eyləmə qan Araz.
Qardaş dəryada qaldı,
Nə axırsan, yan Araz.
Yüküm Təbrizdə qaldı... Azərbaycanın döyünən ürəyi, tarixlərə şahid olan, özü də uzun bir tarix yazan Təbriz! Zaman-zaman ürəyinə qardaş dağı çəkilən, göz yaşı Araza qarışan ana şəhər, ulu diyar! Ağısını “Baş sarıtel”də, nisgilini “Qürbəti”də, göynəyini “Xan çobanı”da, harayını “Cəngi”də, qəzəbini “Misri”də səsləndirən, yarası hər vaxt qan verən Təbriz! Adına “Tibriz” dedilər, “Tavreş” dedilər, “Tauri” dedilər.... “Atəş”ə bağladılar, “dağ”a söykədilər, “qala” adlandırdılar. Tarix yazan keçmişinin ağırlığında kölgələndilər, “narahat şəhər”, “bulanıq diyar” damğası vurdular... Ərənlərin yurdu Təbriz, doğma övladların isə sənin dərd yükünü ağıya, bayatıya çevirdilər:
Gün çıxdı, gündüz oldu,
Yollarım dümdüz oldu.
Çox el-oba dolaşdım,
Məskənim Təbriz oldu.
Təbrizdə məzə qaldı,
Əlimdə kuzə qaldı.
Yadlar gəldi görüşdü,
Ayrılıq bizə qaldı.
Yüküm Təbrizdə qaldı... Bu yük sənin döyüş meydanlarında at oynadan, qılınc tutan, namərdləri diz çökdürən, mərdləri sevindirən, basdığını kəsməyən qəhrəman keçmişinin ardında namərdlərdən hələ də ala bilmədiyin qisasındır, halal-hümmət haqqındır. Bu yük Koroğlunun Qıratının nərəsi, Misri qılıncının qında qalan ağrısıdır, Təbriz!
Mǝndǝn salam olsun ǝcǝm oğluna,
Meydana girǝndǝ, meydan mǝnimdi!
Qıratım köhlǝndi, özüm qǝhrǝman,
Çalaram qılınçı, düşmǝn mǝnimdi.
Meydana girǝndǝ meydan tanıyan,
Haqqın vergisinǝ mǝn dǝ qanıyam;
Bir igidǝm, igidlǝrin xanıyam,
Bu ǝtrafda bütün hǝr yan mǝnimdi!
Adımı soruşsan, bil, Rövşǝn olu,
Atadan, babadan sinsim Koroğlu.
Mǝnǝm bu yerlǝrdǝ bir dǝli, dolu,
Gündoğandan ta günbatan mǝnimdi!
Əsrdən-əsrə, nəsildən-nəsilə keçən itkin mirasımızın keşiyində duran, bu bitib-tükənməz xəzinəni el-el, oba-oba toplayıb xalqın özünə qaytaran, “Balaca Qara balıq” nağılında azadlığın göl deyil, okean ümmanını arzulayan, haqq səsi dəryalarda boğulan Səməd Behrənginin qisasıdır bu yük... Xalq belə ağladı şəhidini, belə ağladı ziyalısını:
Araza səd vurdular,
Səmədi boğdurdular.
Kəsdilər mərd əsərin,
Güllərin soldurdular.
Gecənin ilk banıdır,
Səhərin sübh danıdır.
İçmərəm Araz suyun,
Səmədin al qanıdır.
Yüküm Təbrizdə qaldı... Bu yük güneyli soydaşlarımızın doğulandan dilinə, dodağına vurulan kiliddən püskürən qana bələnib. “Dəvəçi”nə – “Şotorban”, “Daş körpü”nə – “Polo səngi”, “Alaqapı”na – “Dərbi-əla”, “Meydan çayı”na – “Mehranrud” dedilər. Ancaq xalqın iradəsi qırılmadı, bayatısında, nəğməsində haqq səsini nəsillərə, sabahına ötürdü:
Bizim yerdə yad olmaz,
Düşmən bağrı şad olmaz.
Quruçay, Quruçaydır,
Dönüb Şahabad olmaz.
Bütün bu haylar-haraylar Güney qardaş-bacılarımızın zaman-zaman farslaşdırılan, kökündən, ululuğundan qoparılan tarixidir, milli-mənəvi varlığıdır. Bu dildə Dədəm Qorqudun öyüdü, Koroğlunun döyüşü, Vaqifin gözəlləməsi, Sabirin qınağı dastanlaşıb, əbəbi salnaməyə dönüb. Araz dərdini daşıyan, qardaş həsrəti ilə qovrulan Şəhriyarın naləsidir bu yük:
Heydərbaba, gün dalıvi dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə, mənim yatmış bəxtim oyana.
Heydərbaba, göylər bütün dumandır,
Günlərimiz bir-birindən yamandır,
Bir-birizdən ayrılmayın amandır,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Bir soruşun bu qarğımış fələkdən,
Nə istiyir bu qurduğu kələkdən?!
Deynən keçirt ulduzları ələkdən.
Qoy tökülsün, bu yer üzü dağılsın.
Bu şeytanlıq qurğusu bir yıxılsın.
Yüküm Təbrizdə qaldı... Bu yük Təbriz toylarının nəğmələrində qanad açıb uçan “sarvanlar”ın sorğusudur, halayların çağırışıdır, Təbriz “Qaragilə”sinin bayağılaşdırılan misralarının hıçqırtısıdır:
Əlində çaxır,
Gözləri axır,
Mən baxan yara, Qaragilə,
Gör kimlər baxır?
Lakin sən ən sadə, ən səmimi, ən təmiz hisslərdən yoğrulmuş bir məhəbbət nəğməsiydin, Qaragilə:
Evində qarman, Qaragilə,
Veriri fərman.
Xudam eyləsin, Qaragilə,
Dərdivə dərman.
Yükü Təbrizdə qalan, Arazı lilləndirən, qum ilə doyurulan, qardaşı qardaşa həsrət qoyan bu dünyada Dədəm Qorqudun bir öyüdü, nəsihəti də var qulaqlarımızda:
Qara eşşək başına
üyən ursan qatır olmaz!
Qaravaşa ton geyirsən xanım olmaz.
Əski pambıq bez olmaz,
Qarı düşmən dost olmaz...
Düşmənin qarıdır, qaraniyyətlidir, Qaragiləm:
Gəlmişəm otağına
Oyadam səni
Qaragiləm, oyadam səni
Yükün tarixlər qədər ağırdır Təbrizim:
Su durdu, çayda qaldı,
Şərur bu tayda qaldı.
Arazı ayırdılar,
Təbriz o tayda qaldı.
Yol çəkilir düz yerdən,
Hamar yerdən, düz yerdən.
Haraylaram Təbrizi,
Əlli yerdən, yüz yerdən.
Sən bu zülm, haqsızlıq, ayrılıq yükündən tezliklə, birdəfəlik qurtulacaqsan, Güney Azərbaycanım!
Mətanət ABBASOVA, AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri