Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

18.01.2023 12:02
  • A-
  • A
  • A+

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları

İkinci məqalə

Lütfi Zadə və Azərbaycan

Dünyaşöhətli alim Lütfi Zadənin ömür yolu Azərbaycandan başlayır. Dahi alim bu qədim odlar diyarının, günəşli ölkənin, dünyanın 11 iqlimindən 9-na malik coğrafiyanın necə deyərlər, bərəkətli çörəyi ilə şəfalı suyu türk əcdadlarının Dədə Qorqud inancı ilə  “bir igid ömrünə” çatana kimi Azərbaycanda yaşamışdır. Lütfi Zadənin dünyaya ilk yolculuğu kimi son-əbədi yolculuğu da Azərbaycanla bağlı olduğu üçün onun “dövrü” bu vətəndən başlayır. Lütfi Zadə ziyalı, şərqşünas Rəhim Ələsgərzadənin və Rusiya yəhudisi Fanya Moiseevna Korenmanın ailəsində Azərbaycanın paytaxtı Bakıda, daha dəqiq desək Bakının Novxanı kəndində dünyaya gəlmişdir. Məktəbə qədər uşaqlıq illəri Novxanıda, 6-7 yaşdan 10-11 yaşlarına kimi “dövrü” paytaxtın mərkəzində keçmişdir. Ondan sonra İran, Amerika və müxtəlif ölkələrlə kəsişən ixtiralar dolu həyatı gəlir. Hətta Azərbaycana düşən ömür payı az, o ölkələrdən qısadır, ancaq şüurun formalaşması baxımından o illər psixoloji cəhətdən daha dolğun olduğu üçün dahinin dövrünün dərkində “Lütfi Zadə və Azərbaycan” mövzusu ayrıca xüsusi əhəmiyyət kəsb edir və tədqiq-təhlil olunaraq qiymətləndirilməsi labüddür.

Beləliklə, müxtəlif dillərdə olan mənbələrdə Lütfi Zadənin “dövrünün” Azərbaycana bağlılığının əsasını təşkil edən ailəsi haqqında bu ailənin başçısı Rəhim Ələsgərzadənin haqqında yanlışlarla müşayət olunsa da (biz science.gov.az saytının 11.01.2023 tarixli sayında yayınlanmış birinci məqaləmizdə bu haqda bəhs etmişik) çox yığcam məlumatlar vardır.

Əvvəlki məqalədəki bu haqda tədqiqatlarımızla müəyyən etdiyimiz məsələlərə bunu da əlavə etmək məqsədəuyğundur ki, Azərbaycan və ingilis dilindəki internet mənbələrindən fərqli olaraq rus dilində olan “viki” məlumatlar Rəhim Ələsgərzadənin jurnalist missiyası üçün Azərbaycana gəldiyini yazır. Biz birinci məqalədə “Lütfi Zadə dünyaya nələr bəxş etdi” məqaləsini nəzərdən keçirdik. Bu məqalənin müəllifi araşdırmaçı yazar Həmid Herisçidir. O, əslən İrandan olan ədəbyyatşünas alim Qafar Kəndlinin oğludur. Onun İranla bağlı, xüsusə də atasının da Azərbaycana gətirib çıxarmış “o dövr” haqqında məlumatlarına inanmaq olardı. Lakin o, “Lütfi Zadənin atasının “İran” həftəlik qəzetinin Bakı müxbiri kimi fəaliyyətə başlayaraq öz sahəsində tezliklə yaxşı nəticələr əldə etdiyini” yazsa da əsaslandırmamışdır. Rəhim Ələsgərzadənin 1895-ci ildə doğulduğunu və onun öz qənaətinə görə 1911-ci il Səttarxan hadisələri dövründə Azərbaycana gəldikdə 16 yaşı olduğunu nəzərə aldıqda, həmçinin “bu yaşda” Rəhimin əldə etdiyi həmin “nəticələri” görmək əlbəttəki maraqlı olardı. İkincisi, rus mənbələrindən birində Lütfi Zadənin ata babasının zəngin olduğu vurğulanır (Rəhim Ərdəbildən olan varlı valideynlərin oğlu idi).

Belədə sual yaranır. Rəhim İranda inqilabın tüğyan etdiyi vaxtlarda, həm də 16 yaşda isti ailəsini, təhsilini, hətta varlı ailəsini atıb Azərbaycana sadəcə kibrit satmağamı gəlmişdi?.. Biznesmen fəaliyyəti üçün Rəhim Bakıda qalardı. Rəhimin kənddə - şəhərdən aralıda olan Novxanıda məskunlaşması, hələ ailə qurub, “canını oda-suya vurub” gənc ailəsini dolandırması. Bundan da başqa SSRİ qanunlarına görə məcbur olub Azərbaycanı” 24 saat ərzində” tərk etməsi onun valideynlərini zəngin olması, jurnalist fəaliyyəti məsələləri ilə heç uyğun gəlmir. Biz hələ Lütfi Zadənin yeganə rəsmi qohumu kimi tanınan Cənnət Səlimovanın mediaya, deməli tarixə ötürdüyü məlumatları nəzərə alsaq ümumiyyətlə, o dövrdə Lütfi Zadənin atasının adı heç Rəhim olmayıb, o, Ağarəhim Ələsgərzadə olub.Diqqət etsək onun soyadı da sabit olmayıb. O, gah Ələsgərzadə, gah Əsgərzadə adlanıb. Halbuki, bunlar ayrı-ayrı adlar və soyadlardır. Bu vəziyyət fikri qarışdırır və əsas da onun tacirlik məqsədindən artıq elə jurnalistlik fəaliyyəti məqsədi ilə Azərbaycana gəldiyini, bəlkə də göndərildiyini ifadə edir.     

Beləliklə, Rəhim Ələsgərzadə haqqında məlumatlar çox az, bəsit, eyni zamanda yanlışlıqlardır. Onun kimi dahi alimin anası ilə bağlı məlumatlar da yox qatmaqarışıq, qeyri-müəyyən səviyyədədir. Aydın ifadə etsək çoxsaylı məqalələrdə onun Feyqa (Fanya) Rusiyada yəhudi millətindən olan insanların təqib və ağır məhrumiyyətlərlə üzbəüz qaldığı illərdə Odessadan Azərbaycana qaçıb sığınmış yəhudi əsilli bir tibb fakültəsi tələbəsi və ya uşaq pediatr həkimi olduğu haqqında bir cümləlik qeyddən və Cənnət Səlimovanın “alabəzək xatirələrindən” başqa heç nə yoxdur. Cənnət Səlimovanın adını belə doğru-dürüst göstərmədiyi (məsələn, Müxbirin “Lütfi Zadənin anası, sizin xalanız Fanyanın tam adı nə idi? sualına “Fenka. Amma Fanya deyirdik. Üstəlik Lütfi Zadənin arvadının da adı Fenka idi və biz qarışdırmamaq üçün bəzən ona Fey deyirdilər” kimi yanlış cavab verir) media müsahibəsində Fanya Moiseevna Korenmanın Bakıda qardaşının olduğu, Fanyanın “ailəsini” Odessada qırğınlar vaxtı onun Bakıya çağırdığını, R.Ələsgərzadə ailəsi İrana geri qayıdarkən Fanyanın anasını da özləri ilə apardıqlarını bildirmişdir. Ancaq Cənnət Səlimova nə nənəsi, nə dayısı və nədə öz anası barədə heç bir məlumat verməmişdir. Əlbəttə bizim üçün Azərbaycan əsilli dahi alim Lütfi Zadənin dünyagörüşünə, elmi- intellektual səviyyəsinə, fəlsəfi baxışlarına təsiri baxımından böyük əhəmiyyət kəsb edən “dövrü” hadisəsi maraqlı olduğuna görə bu kimi yanlışlıqlarla dolu yazılar üzərində çox dayanmadan əsas  məsələlərə diqqət yönəltməyi lazım bilirik.

Fikrimizcə, ən önəmlisi Lütfi Zadənin dövrünü işıqlandıran onun ata və anasının ziyalı olması, onu intellektual və mənəvi cəhətdən düzgün yetişdirməsidir. Ailənin sağlam bünövrəsi ailədaxili münasibətlərin də alimin dövrünü dolğunlaşdırmış, onun şəxsiyyət kimi fomalaşmasına səbəb olmuşdur. Aydındır ki, Fanya Moiseevna Korenmanın savadı da, geniş mənada əxlaqı da elə yüksək səviyyədə olmuşdur ki, o dünyaya hər əsrin, hər ölkənin və hər millətin taleyinə nadir hallarda yazılan bir dahini bəxş etmişdir.

Tarixə diqqətli baxış müəyyən edir ki, Fanya Moiseevna Korenmanı və ümumiyyətlə Lütfi Zadənin hər iki valideynini Azərbaycana eyni tale gətirib çıxarmışdır. Sovet ideoloji buxovlarını kənara çəksək, Rəhim Ələsgərzadə İrandakı əsasən türk mənşəli inqilabçılara zülmdən, anası Fanya isə Ukraynada 1820-ci illərdə Odessada başlamış və 100 il sonra təkrarlanmış (hətta ikinci Dünya müharibəsi illərində (və sonralar)) antisemitizmdən canların qurtararaq Azərbaycana köçmüşdülər.

Feyqa (Fanya) Moiseevna Korenmanın Azərbaycana dəqiqliklə neçənci ildə habelə kiminlə və necə mühacirət etdiyi bizə dəqiqliklə məlum olmasa da onun 1911-1913-cü illər arasında yəhudilər üzərinə atılan qətl  hadisələri böhtanları zamanı antisemitizmə məhkum olaraq Ukraynanı tərk etmiş ailələrdən olduğu istisna deyildir. Ola da bilər ki, dahi alimin anası Feyqa təxminən 100 min yəhudinin öldürüldüyü 1917-1921-ci illərdə, yəni Holokosta tən tutulan yəhudilərin dəhşətli qətliamı illərində Azərbaycana gəlmişdir.   Təəssüf ki, Korenmanlar nəslinin bir qolu olan Cənnət Səlimova bu cür ciddi və həm də “asan” suallara belə cavab verməmişdir.

Ona görə də vurğulamaq yerinə düşər ki, Odessada yəhudi qətliamlarını Ukrayna millətçisi, ixtisasca jurnalist, 1918-1921-ci illərdə Ukrayna Xalq Respublikasının prezidenti, Ukrayna Ordusunun Ali Baş Komandanı olmuş Simon Petliuranın adı ilə bağlayırlar və onu 1926-cı ildə suiqəsdlə məhv etmiş Şolom Şvartsbard adlı yəhudinin 15 ən yaxın ailə üzvü məhz Fanyanın didərgin düşdüyü Odessadakı qırğınlarda öldürülmüşdür. Onu da qeyd edək ki, uzun zamanlar təqiblər, antisemitizm əzabları yaşamış yəhudilər kütləvi surətdə ad-soyad dəyişdirməyə məcbur olmuşlar ki, heç bilmək olmaz bəlkə Fanya Korenmanın nəsli də buna neçə dəfə məruz qalmışdır. Bu baxımdan da istər dahi Lütfi Zadənin atası Rəhim Ələsgərzadənin (yaxud da Əsgərzadə...) istərsə də Fayqa (Fanya) Korenmanın şəxsiyyətləri yetirdikləri dahi alimin valideynləri olduqları üçün heç olmasa 1, 2 səhifəlik dolğun və gerçək vikipediya məlumatı ilə tarixə iz salmaları alimlərin, xüsusən tarixçilərin labüd məqsədlərindən biri olmalıdır.

Burdan keçid alırıq Lütfi Zadənin fiziki həyatının “dövrünə”. Dahi alimin Rəhim Ələsgərzadə və Fayqa (Fanya) Korenman köçkün cütlüyünün ailəsində doğulduğu illərə və əlbəttə ki, Azərbaycanda keçmiş illəri onun özünün də xüsusi vurğuladığı kimi çox parlaq dövrü olub...

Beləcə, 1921-ci il fevral ayının 4-ündə Bakının yaxın kəndlərindən biri Novxanıda Rəhim Ələsgərzadə və Fayqa (Fanya) Korenmanın oğul övladları dünyaya gəlir. Adını Lütfəli qoyurlar. Bu yerdə Lütfəli adının mənasını qısaca anlatmaq yerinə düşər. Lütfəli sözü iki hissədədir. Birinci söz - Lütf “mərhəmət” və ya “Allahdan Əli hörmətinə, Əliyə xatir, eləcə də İmam həzrət Əlinin  rəhm etməsi” kimi anlaşılır. Əli adı isə müsəlman, xüsusən də şiə mənsəbi - Əhli Beyt insanlarının ən nüfuzlu şəxsiyyəti Birinci İmam Əliyə hörmət əlaməti anlamındadır. 

Azərbaycanda yeni doğulan körpələr üçün deyilən qədim bir deyim var: “adı ilə böyüsün”. Qaçqın-köçkün olduğu cəmiyyətdə Lütfi Zadəyə bu deyimi nə qədər insanın dediyi bəlli olmasa da o “adı ilə böyüdü”. Allahın nəzərləri ömrünün ilk günündən həyatının sonuna qədər üzərində oldu və o, Lütfi Zadə 1 insanın arzulaya biləcəyi - sayıb-qurtarmaq belə mümkün olmayan hər şeyə nail oldu.

Tədqiqatımızın dünya şöhrətli alim “Lütfi Zadənin dövrü” hissəsində təhlilinə zərurət olan onun dünyaya gəldiyi 1921-ci illər haqqında.

Lütfi Zadənin dövrünün başlanğıcında artıq Birinci Dünya müharibəsi və SSRİ-nin yaradılması üçün baş vermiş Sosializm inqilabı arxada qalmışdı.

Bu illərdə Lütfi Zadənin ailəsinin məskunlaşdığı Azərbaycanda siyasi məzmunda “sular durulmuş” sayıla bilərdi. Azərbaycan bir dövlət kimi 1918-ci ildə özünü dünyada tanıdan Müstəqil Demokratik Respublika olaraq rəsmi qaydada tanıtsa da Rusiya İmperiyasının güc siyasəti ilə Sovetləşmə həyata keçirildikdə (1920-ci ildə) SSRİ-nin tərkibinə daxil edilmiş, bu yolda bütün siyasi-hüququ və diplomatik cəhdlər tapdalanaraq bütövlüyünü, müstəqilliyini itirmişdi.

Bununla da “gənc” respublikada 1920-ci illər Azərbaycanda etirazlara dözməyə məhkum insanların deyil, ölkənin “çiçəklənməsi” həyata keçirilirdi.

Təbii “başını dik tutanların” ən xırda qanun pozuntusunda günahlandırılaraq, hətta edamı planlaşdırılaraq 1918-ci ildə yaradılmış Stalin perressiya sisteminin sələfi QULAQ, rus dilində Гла́вное Управле́ние Лагерей (və ya “коло́ний”) – yəni Baş Düşərgə İdarəsinə yerləşdirilmək (xalq arasında Kulak edilmə) həbs, sürgün kimi taleyi də istisna deyildi.

Dünyanın hər yerində ailələr övladlarına bir ad qoyur, ancaq müraciətdə bu rəsmi ad qısaldılmış halda tanınır. Lütfi Zadəyə də Lütfi dedilər və nəhayətdə o rəsmi olaraq da bu adla tarixə düşdü. Beləcə, Lütfi və ailəsinin yaşadığı Azərbayanın paytaxtı Bakı şəhərinin ictimai-siyasi tablosu onun dövrünün başlanğıc nöqtəsində belə idi: Azərbaycanın bu gün və həmişə diqqət mərkəzində olmuş Dağlıq Qarabağ məsələsi 1921-ci ilin iyun ayında Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun iclasında Qafqaz Bürosunun plenumunda erməni tərəfin xeyrinə, yəni  Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qəbul edilmiş qərar başda Nəriman Nərimanov olmaqla Azərbaycanın Kommunist rəhbərlərinin qətiyyətli addımları və Rusiya KP-na siyasi təsiri ilə ləğv olunmuş və ərazi vahidinin Azərbaycan SSSR-in tərkibində saxlanılması haqqında qərar qəbul edilmişdi. Lakin görkəmli siyasi xadim Nəriman Nərimanov və eləcə də Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olunsa da Cənubi Azərbaycan regionuna tarixən Rusiya İmperiyasının dəstəyi, həmçinin siyasi məqsədləri ilə gəlmə olan və daim Rusiyanın əlaltısı kimi çıxış edən ermənilər 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edilməsinə nail olmuşdular.

Bu baxımdan Rəhim Ələsgərzadənin ziyalı ailəsində sözsüz ki, bu hadisələr əks-səda vermişdi və evdəki söhbətlər gələcəyin dahisi Lütfi Zadənin körpə anlamı ilə şüur və şüuraltı “arxivinə” yüklənmişdi.

İnsanın körpəlik, ilk uşaqlıq illərinin xatirələri tibbi-psixoloji olduğu kimi mənəvi baxımdan da unudulmazlıq kəsb edir. Təsdiqlənmiş bir faktdır ki, hətta kliniki ölüm keçirən insanların həyata dönüşündə yaxın illərin yaddaşını bərpa etmək mümkünsüz ola bilir, lakin uzaq uşaqlıq illərinin hadisələrini silmək olmur. Bu yəqinki insanla yaradanına aid bir məsələdir və indiyə heç bir şəkildə dəqiq, məntiqi izahını tapmamışdır.

Bu məntiqi qənaətimizdən çıxış edərək Novxanıda doğulmuş, 8 yaşına, yəni 1-ci sinifə kimi burada yaşamış Lütfi Zadənin dünya boyda balaca ilk vətəni haqqında tarix, ABŞ, Avropa və bütün maraqlılar üçün bir az ətraflı məlumat verməyi zəruri hesab edirik.

Rəhim Ələsgərzadənin əsas nə səbəblə məhz məskunlaşmaq məqsədi ilə seçmiş olduğu (bəlkə də İrandan bura gəmi ilə gəlmişdir) Abşeron rayonunda dəniz sahilində yerləşən Novxanının taleyi “başıbəlalı” olub. Tarixi məlumatlarda bildirilir ki, əsl Novxanı kəndi keçmişdə mənası yanmaq olan “Sis” sözündən yaranmış Siyan adlanmış və XVI əsrin sonları dəniz suyunun artması və ya güclü zəlzələ zamanı batmış – yox olmuşdur. Əhali XVII əsrin ortalarında yerlilər arasında Aşağıbaş deyilən ərazidə yeni evlər tikərək yerləşmiş və bura fars dilində “yeni ev”- “yeni kənd” mənasını verən "Nov xanı" (noii xanə) adlanmışdır.

Lütfi Zadənin balaca dünyasının böyük vətəni Novxanı kəndinin əhalisi əkinçiliklə, əsasən üzümçülüklə, heyvandarlıqla, habelə xalçaçılıqla məşğul olmuşdur. Lakin dahi alimin uşaqlıq dövrünün bu liman kəndindən məşhur siyasi xadim - Azərbaycanın ilk müstəqil Demokratik Dövlətinin Qurucusu Məhəmməd Əmin Rəsulzadə, onun “silahdaşı” Mirzəbala Məmmədzadə, İkinci Dünya Müharibəsinin iştirakçısı, Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadə, Xalq rəssamı Əzim Əzimzadə və bir çox tanınmışlar çıxmışdır.

Dahi alimin dövrünü xarakterizə edən əsas xüsusiyyətlərdən biri onun Novxanı kəndində “Ceyran baba” ocağının yaxınlığında və ümumiyyətlə, dini inancı, dinə etiqadı möhkəm adamların əhatəsində yaşaması ilə izah oluna bilər. O vaxtlar xeyli kiçik bir kənd olan Novxanıda XVII əsrə aid Şah Sultan Hüseyn, Hacı Səfəralı məscidləri, “Ceyran baba” ocağı və b. dini məbədlər olmuşdur ki, kənd əhalisinin bu yerlərə inancı heç şübhəsiz ki, Lütfi Zadənin “Dövrünün” ən yadda qalan silinməz izləridir. Hətta bir maraqlı rəvayət var ki, Lütfi Zadə Novxanı “dövründə” ailəsi ilə birlikdə “Ceyran baba” ocağında yaşamışdır: “Ceyran piri” həndəvərində dünyaya göz açan dünya şöhrətli azərbaycanlı. Ötən əsrin əvvəllərində bu sirli ünvanın qapısına yaralı ceyran deyil... yox... yaralı, kimsəsiz, ac-susuz iki zavallı qonaq gəldi. Fayton qapıda dayandı əvvəlcə. İçindən əli məşəlli Məhəmməd Əmin Rəsulzadə düşüb sakit səslə atası Axund Ələkbəri səslədi: “Ata, bu yaralı kişi yaxın silahdaşımdı. Gürcüdü. Stalin... Çar xəfiyyələrindən birtəhər qaçıb canımızı qurtarmışıq. Bizi bu ceyran ocağında gizlət”. Stalindən sonra bu ocaqda, bu kənddə başqa zavallılar da özünə şəfa tapmaq istəyir. Belələrindən biri kim olsa yaxşıdı? Dünya şöhrətli alim Lütfi Zadənin valideynləri - atası Rəhim Ələskərzadə, anası Feyqa Moiseyevna Korenman” Lütfi Zadənin ailəsinin Novxanı dövrü ilə əlaqədar məlumatlar çox az olduğu üçün biz onun ailəsinin nə vaxta kimi bu müqəddəs məqamda yaşamış olduğunu təəssüf ki, müəyyənləşdirə bilmirik. Biz əslində doğrudanda bu ailənin “Ceyran pir”-ində 1 gün, 5 gün  qaldığını, o cümlədən Bakıya nə vaxt köçdüyünü dəqiq bilmirik. Bircə rəsmi məlumat dahi alimin ilk təhsilini Bakının 16 nömrəli məktəbində alması və Cənnət Səlimova xatirələrinə inansaq bu ailənin İrana dönənə kimi “indiki Əlövsət Quliyev küçəsində yaşadığıdır”. Ona görə “inansaq” ifadəsini işlədirik ki, Cənnət Səlimova bu cümləsinin davamında “Lutik burada doğulur...”, - kimi tam yanlış fikir bildirişdir. Ümumiyyətlə, rus alimlərinin yaxşı mənada şovinist yazılarını çıxmaqa bizdə Lütfi Zadə haqqında əsas 3 şəxsin xatirələri vardır ki, onlarda paylaşılan məlumatlar çox hallarda bir-birini təkzib edir və dahi alimin Azərbaycan “dövrünü” yaxşı işıqlandırmır. Bu haqda növbəti – 3-cü məqalədə. 

Davamı olacaq

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: