Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Universitet-sənaye əməkdaşlığı və texnoparklar
19.01.2023 13:20
  • A-
  • A
  • A+

Universitet-sənaye əməkdaşlığı və texnoparklar

Elmi, texnoloji və sosial-mədəni aspektlər baxımından davamlı dəyişiklik və inkişafın olduğu bir dünyada universitetlər də fərqli zamanlarda müxtəlif missiyalar həyata keçirmişlər. Tarixdə yalnız təhsil vermək məqsədilə qurulan və daha çox hüquq, tibb və ilahiyyat kimi sahələri tədris edən ilk universitetlər “birinci nəsil universitetlər”, müxtəlif elm sahələri üzrə ixtiralarla təhsilə fundamental tədqiqat fəaliyyətləri əlavə edən universitetlər “ikinci nəsil universitetlər” olaraq qəbul edilir. Tətbiqi tədqiqatların və sənaye strukturunun daxil edilməsi ilə yaranan və texnologiyanı bazara çıxarmaqla əlavə dəyər yaratmaq prosesində fəal rol oynayan universitetlər “üçüncü nəsil universitetlər” hesab olunurlar. Üçüncü nəsil universitetləri ilə paralel rəqabətli və innovativ yanaşma nəticəsində sahibkarlıq universiteti də yaranmışdır. Bu modelə universitet-sənaye-dövlət əməkdaşlığına əsaslanan bir sistem kimi sahibkarlıq vasitəsilə akademik nailiyyətləri dəstəkləyən universitetlər aiddir. Ali təhsil müəssisələrinin köhnə qapalı təhsil sistemini dəyişdirmək üçün innovasiyaya yönəlmiş düşüncə tərzini ehtiva edən sahibkarlıq universitetləri rəqabət qabiliyyətini artırmaq və iqtisadi artımı stimullaşdırmaq məqsədi ilə sahibkarlıq təfəkkürünün və sahibkarlıq kapitalının yaradılmasında və təşviqində aparıcı rol oynayan, iqtisadi inkişafı və “biliklərin kapitallaşdırılmasını” təşviq edən universitetlər olaraq qəbul edilir.

Dördüncü nəsil universiteti anlayışı isə daha fərqli strateji yanaşmaları və fəal mühit formalaşdırmaq xüsusiyyətləri ilə fərqlənir. Bu universitetlər çoxyönlü və müxtəlif platformalardan insanları əhatə edən dinamik açıq innovasiya məkanına çevrilir. Dördüncü nəsil universitet ali təhsilin təkamülündə yüksək yer tutur. Bu tip universitetlər bəzi iqtisadi zonaların rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır və bir çox hallarda onlar iqtisadi inkişaf proseslərində fəal iştirak edirlər. Artan sosial və maliyyə öhdəlikləri səbəbindən müasir iqtisadi inkişaf universitetlərdən ənənəvi sahələr üzrə genişlənmələrini tələb edir. Yüksək keyfiyyətli təhsil universitetlərin tam iqtisadi potensialına çatmasına imkan verən həlledici, lakin yetərli olmayan amildir. Universitetlərin rəqabət qabiliyyətliliyinin artırılması, regionun rəqabət qabiliyyətinin  yüksəlməsi anlamına gəlir. İnkişaf etmiş iqtisadi zonalardakı universitetlərin cəmiyyətə və iqtisadiyyata təsirləri artdıqca ənənəvi fəaliyyətlərini (təhsil və tədqiqat) üçüncü məqsəd elementləri ilə daha çox zənginləşdirməyə başlayırlar. Müasir universitetlərin  biliyə əsaslanan cəmiyyətin ehtiyac və tələblərinə cavab vermələri üçün iqtisadiyyatla ayrılmaz şəkildə bağlılığı və innovasiya ekosisteminin iştirakçıları ilə gündəlik təmasda olmaları zərurəti yaranır.

Universitet-sənaye əməkdaşlığı dedikdə əsasən universitetlərdəki bilik, təlim keçmiş işçi qüvvəsi və tədqiqat potensialını sənayenin təcrübəsi və maliyyə gücü ilə birləşdirərək həyata keçirilən institusional fəaliyyətlər başa düşülür. Universitetlər bir tərəfdən innovativ texnologiyaların inkişafına rəhbərlik edir, digər tərəfdən isə elmi biliklərin formalaşmasında fəal rol oynayır. Universitet-sənaye əməkdaşlığında mövcud olan qarşılıqlı fayda prinsipi əsasında bu əməkdaşlığın müxtəlif motivləri meydana çıxır ki, bunlar, universitet üçün təhsil və tədqiqat işləri üçün maliyyə dəstəyinin tapılması, sənaye ilə əməkdaşlığı ilkin şərt hesab edən dövlət fondlarından faydalanmaq, ictimai maraqlara xidmət missiyasını yerinə yetirmək, tələbələr və alimlər üçün sənaye təcrübə sahələrinin açılması, tədqiqat tezisləri üçün aktual  problemlərin müəyyən edilməsi, regional iqtisadi inkişafa töhfə vermək və məzunlar üçün iş yerlərinin yaradılmasıdır.

Sənaye üçün isə üstünlüklər universitetin tədqiqat infrastrukturuna və insan resurslarına çıxış, müxtəlif laboratoriya qurğularından istifadə imkanlarının əldə edilməsi, universitetlər tərəfindən təmin edilən davamlı təhsil fəaliyyətlərindən faydalanmaq, şirkətlərin reputasiyasını və imicini yüksəltmək, texnologiyaların genişləndirilməsi və innovasiyaları təmin etmək, öz tədqiqat potensialını artırmaqla rəqabətə davamlı olmaq və region və ölkə qarşısında sosial məsuliyyət borcunu yerinə yetirməkdən ibarətdir. Bu transformasiya ilə universitetlər təkcə tədqiqat və inkişaf və innovasiya fəaliyyətləri ilə sənayenin problemlərinə innovativ həllər təklif etmir, həm də ölkələrin qlobal səviyyədə texnologiya rəqabətində lider olmalarını təmin edəcək texnologiyaların inkişafında mühüm rol oynayırlar.

Dünyada universitet-sənaye əməkdaşlığının tarixini araşdırdığımız zaman ilk müddəaları dahi ingilis filosofu və dövlət xadimi Frensis Bekonun universitet-sənaye əməkdaşlığı nəzəriyyəsində görə bilərik. Bekon bir-birindən öyrənmək və ortaya çıxan problemlərə birgə həll yolları təklif etmək məsələsini gündəmə gətirərək qeyd edirdi ki, elm istehsalçılarla görüşdükdə daha sürətlə inkişaf edə bilər. Universitet-sənaye əməkdaşlığı təcrübələri əsasında 17-ci əsrin sonlarına doğru London Kral Cəmiyyəti yaradılmışdır. Artıq bu dövrdən etibarən Avropadakı şirkətlər universitetlərdə tədqiqatçılarla birgə işləməyə başladılar. Universitet-sənaye əməkdaşlığı ilə bağlı ilk rəsmi təkliflər 1853 və 1857-ci illərdə ABŞ Konqresinə təqdim edilmişdir. Ikinci sənaye inqilabından sonra ABŞ-da Universitet-Sənaye Kooperasiyası ilə bağlı işlər görülməyə başladı. ABŞ-ın Milli Elm Fondu (NSF) tərəfindən idarə olunan Sənaye/Universitet Əməkdaşlıq Araşdırma Mərkəzi proqramı çəçivəsində fundamental tədqiqatlar aparılmasına başlanıldı. Bu proqram sənaye, akademik dairələr və dövlət arasında uzunmüddətli əməkdaşlığın qurulmasını nəzərdə tutmuşdur. Çində 1985-ci il iqtisadi islahatları ilə biliklərin effektiv yayılması və istifadəsini təmin etmək üçün özəl sektor və universitetlər arasında innovativ əməkdaşlıq təşviq edilməyə başlandı. 1990-cı illərdən etibarən Koreya Respublikasında universitet-sənaye əməkdaşlığına əhəmiyyət verilməyə başlanıldı və universitetlərə çərçivə qanunlarını və müxtəlif mexanizmləri tətbiq etməklə texnologiyanın inkişafı proseslərində daha fəal rol oynamasına şərait yaradıldı. Davamlı əməkdaşlıq ekosistemi yaratmaq üçün bu ölkədə “Sənaye Təhsilinin İnkişafı haqqında” və “Sənaye-Akademiya Kooperasiyası haqqında” qanunlar qəbul edilmişdir.

Dünyanın bir çox köklü universitetləri və şirkətləri arasında əhəmiyyətli əməkdaşlıqların aparılmasına nümunə olaraq 1994-cü ildə Motorola ilə Arizona Dövlət Universiteti, Stenford Universitetinin Kompüter Mühəndisliyi Fakültəsi ilə “Google” şirkəti, Corciya Texniki Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Məktəbi (ECE) ilə “Texas Instruments Incorporated şirkəti, Yale Universiteti və “Gilead Sciences” şirkəti  arasında həyata keçirilən müxtəlif istiqamətlər üzrə fəaliyyətləri qeyd etmək olar. Azərbaycanda da universitet-sənaye əməkdaşlığının çərçivəsində SOCAR, Azərgold, BP Azərbaycan və digər şirkətlərin elmi-tədqiqat müəssisələri və universitetlərlə uğurlu iş birliyinə dair təcrübələr mövcuddur.

Universitet-sənaye əməkdaşlığı prosesində dövlətin də daxil olduğu innovasiyanın Üçlü sarmal (Triple Helix) modeli, biliklər iqtisadiyyatında iqtisadi və sosial inkişafı dəstəkləmək üçün universitet, sənaye və hökumət arasında qarşılıqlı əlaqələr nəzəriyyəsini özündə ehtiva edir. Bu nəzəriyyə ilk dəfə 1990-cı illərdə Henry Etzkowitz və Loet Leydesdorff tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. Universitetlər, sənayelər və hökumətlər arasında qarşılıqlı əlaqələr texnologiya transferi ofisləri və elm parkları kimi yeni vasitəçi institutların və hibrid təşkilatların meydana gəlməsinə səbəb oldu. “Triple Helix” modeli innovasiya çərçivəsi şəklində geniş miqyasda qəbul edilmişdir.  Bu model aşağıdakı üç element arasındakı qarşılıqlı əlaqəyə əsaslanır: fundamental tədqiqatlarla məşğul olan universitetlər, kommersiya məhsulları istehsal edən sənayelər və bu prosesləri  tənzimləyən hökumətlər. Bu çərçivədə qarşılıqlı əlaqələr artdıqca, hər bir komponent digər institutun bəzi xüsusiyyətlərini mənimsəmək üçün təkamül edir ki, bu da hibrid institutların yaranmasına səbəb olur.

Müasir dövrdə ölkələrin iqtisadiyyatlarının inkişaf  bazasını yüksək texnologiyaların təşkil edəcəyi şübhəsizdir. Yüksək texnologiya dedikdə, yüksək elmtutumlu və unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar başa düşülür. Yüksək texnologiyalara rəqabətə davamlı məhsul istehsal etməyə imkan verən biotexnologiyalar, lazer texnologiyası, aviasiya, kosmik tədqiqatlar, nüvə energetikası, gen mühəndisliyi, kompüter və mikroopto-elektron texnologiyalar, kimya, telekommunikasiya və informasiya texnologiyaları aid edilir. “Hi-tech” (yüksək texnologiya) 1970-ci illərdə modernizm dalğasında yaranmış, 1980-ci illərdə geniş inkişaf tapmış arxitektura və dizayn sahəsində bir üslübdur. 1990-cı illərdən başlayaraq, hi-tech təbiətlə əlaqələndirildi və tədricən “bio-tech” və “eco-tech”-ə çevrildi. Bu gün yüksək texnologiyalar inkişaf etmiş ölkələrin iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edərək informasiya cəmiyyətinin yeni mərhələsinin-biliyin generasiyası, yayılması və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasını təmin edir.

Yeni iqtisadiyyatların inkişafında, onun dayanıqlı və davamlı olmasında yüksək texnologiyaların rolu həlledicidir. Davamlı və tarazlı inkişafın sürətləndirilməsinə xidmət edən mühüm amillərdən biri olan xüsusi iqtisadi zonaların yaradılmasının başlıca məqsədi xarici sərmayələri cəlb etmək, yeni iş yerləri açmaq, əhalinin məşğulluq səviyyəsini yüksəltmək, mövcud elmi-texniki potensialdan maksimum istifadə etmək, mövcud coğrafi vəziyyətindən faydalanmaq və regionların inkişafına kömək göstərməkdir. Bəzi ölkələr xüsusi iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Dünya iqtisadiyyatında bu cür tənzimləmə mexanizmi olan xüsusi iqtisadi zonaların növləri kimi azad iqtisadi zonaları, prioritet inkişaf ərazilərini, müştərək sahibkarlıq zonalarını, xüsusi iqtisadi rayonları, xarici ticarət zonalarını, sənaye-sahibkarlıq, ixracın inkişafı zonalarını, texnoparkları, texnopolisləri, texnoşəhərcikləri, sənaye klasterlərini göstərmək olar.

Məşhur ispan sosioloqu Manuel Kastelsə görə bilik əsaslı iqtisadiyyatın mühüm təzahürlərindən biri olan texnoparklar innovasiya, tədqiqat və inkişafa əsaslanan müəssisələrin yaradılmasını təşviq edən və onlara lazımi fəaliyyət göstərmələrinə şərait yaradan təşkilatlardır. Böyük Britaniya Elm Parkları Assosiasiyasının mənbələrinə görə, texnopark universitet və ya tədqiqat mərkəzi ilə rəsmi əlaqələr qurmuş, texnologiyaya əsaslanan şirkət və müəssisələrin formalaşmasını təşviq edərək, onların böyüməsini və inkişafını dəstəkləyən bir təşəbbüsdür. Beynəlxalq Elm Parkları Assosiasiyasının (IASP) tərifində texnoparklar əsas məqsədi biliklərə əsaslanan şirkətlərin innovasiya və rəqabət mədəniyyətini dəstəkləməklə cəmiyyətin sərvətini artırmaq olan ixtisaslaşmış mütəxəssislər tərəfindən idarə olunan təşkilatlar kimi təqdim edilir. Məqsədlərinə nail olmaq üçün texnopark universitetlər, tədqiqat institutları, şirkətlər və bazar arasında informasiya və texnologiya axınını idarə və təşviq edir, inkubasiya mərkəzlərinin köməyi ilə innovativ şirkətlərin yaradılmasını və böyüməsini asanlaşdırır.

Dünyada texnopark konsepsiyası 1951-ci ildə Silikon Vadisi - Stanford Tədqiqat Parkının yaradılması ilə başlamışdır. Silikon Vadisinin uğuru və yüksəlişi texnopark fəaliyyətinin yayılmasına səbəb oldu və 60-cı illərdə bəzi Avropa ölkələrinə, 70-ci illərin sonunda isə Asiya ölkələrinə çatdı.

Texnoparklar innovasiyaya və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşmasının əsas alətlərindən biridir. Dünya təcrübəsinin təhlili göstərir ki, texnoparkların yaradılmasında şərti olaraq üç model əsas götürülür: Amerika, Avropa və Asiya modelləri.

Texnoparkın Amerika modelinə görə, universitet özünün istifadə olunmayan binalarını, otaqlarını və laboratoriyalarını elmtutumlu şirkətlərə icarəyə verir və onlara müvafiq xidmətləri (mühafizə, kommunal) göstərir. Nəticədə texnoparkın əməkdaşları ilə universitetin alim, müəllim və tələbələri arasında təbii olaraq şəxsi əlaqələr, işgüzar münasibətlər və ümumi maraqlar formalaşır.

Amerika modeli üzrə universitetin tədris xidmətləri, elmi fəaliyyəti və sosial aktivliyi ilə texnopark şirkətlərinin iqtisadiyyatı və rəqabət qabiliyyəti vahid arxitektura daxilində fəaliyyət göstərir. Bütöv kompleksdə cəmlənmiş intellektual potensial və yüksək texnologiya, texnoparkın ümumi innovasiya strukturunu formalaşdırır.

Avropa ölkələrinin əksəriyyətində inkubator tipli texnoparklardan-innovasiya mərkəzlərindən istifadə təcrübəsi geniş yayılmışdır. Avropa modeli üçün çoxsaylı kiçik şirkətlərin ixtisaslaşmış bir binada yerləşdirilməsi, kollektiv xidmət imkanlarından birgə istifadə edən çoxsaylı kiçik və orta müəssisələrin formalaşmasına və inkişafına imkanların yaradılması,  bir neşə təsisçinin olması, idarəetmə mexanizminin mürəkkəbləşməsinə baxmayaraq, maliyyələşdirmə imkanları nöqteyi-nəzərindən daha səmərəli sayılması xarakterikdir.

Şərq yarımkürəsi ölkələrinin çoxunda mövcud olan texnopark strukturları Asiya modelinə uyğun gəlir. Asiya modelinin ən tipik nümunəsi olan yapon modeli texnopolislərin - yeni şəhərlərin salınmasını nəzərdə tutur. Texnopolislər prioritet istiqamətlər üzrə elmi fəaliyyəti özündə cəmləşdirir, fasiləsiz olaraq innovasiya fəaliyyəti aparır, fundamental sahələr üzrə elmi tədqiqatları tətbiqi işləmələrlə əlaqələndirərək elm və texnologiyanın intensiv inteqrasiyasını təmin edir. Cənubi Koreyadakı ilk texnopark 1998-ci ildə qurulmuşdur. Bu ölkədə texnoparklar yerli vəziyyətlərə uyğun sənaye inkişaf strategiyaları quraraq biliklərə əsaslanan kiçik və orta texnologiya şirkətlərini müəyyən edən və dəstəkləyən əsas təşkilatlardır.

İnkişaf etmiş ölkələrdə texnoparkların mövcud təcrübələrindən yararlanmaq, spesifik xarakter daşıyan xüsusiyyət və tendensiyalardan istifadə etməklə qarşıya qoyulan məqsədə daha yaxşı nail olmaq mümkündür. İnnovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunması hazırkı dövr üçün aktual məsələlərdən sayılır.

Beynəlxalq Elm Parkları Assosiasiyasının məlumatına görə bugün dünyada 1000-ə yaxın texnopark var. İnkubasiya mərkəzləri də daxil olmaqla, bu rəqəm 4000-ə çatır. Texnoparkların 83%-i qeyri-kommersiya təşkilatlarıdır. Texnoparkların 62%-də inkubasiya mərkəzləri var, bu təşkilatların 70%-i dövlət vəsaiti hesabına yaradılıb və onların 73%-i torpaq icarəsi yolu ilə fəaliyyətini davam etdirir. Texnopark şirkətlərinin 26%-i  informasiya texnologiyaları, 20 %-i biotexnologiya, 19 %-i elektronika, 8%-i ətraf mühit, 6 %-i qabaqcıl materiallar, 5 %-i i kimya, 9 %-i kənd təsərrüfatı, 7 %-i isə digər sektorlarda fəaliyyət göstərir. Texnopark şirkətlərinin 51%-i xidmətlər, 18%-i istehsal sənayesi, 31%-i isə tədqiqat və inkişaf şirkətləridir.

Türkiyə təcrübəsindən texnoparkların tədqiqat və inkişaf baxımdan yüksək göstəricilərə malik olmasını və iqtisadi artıma verdikləri töhfələri görmək olar.  Texnologiyanın İnkişafı Zonaları Assosiasiyasının statistikasına görə  ölkədə fəaliyyət göstərən texnoparklarda tədqiqat və inkişaf şirkətlərin sayı 7 min 580-ə çatıb. Bu şirkətlərin 45%-i proqram təminatı, kompüter və kommunikasiya texnologiyaları sektorlarında, 7%-i mühəndislik sahəsində, qalan 48%-i isə  tibb, enerji, kimya, qida, müdafiə, avtomobil, kənd təsərrüfatı, heyvandarlıq kimi sahələrdə fəaliyyət göstərir. Texnologiyanın İnkişafı Zonalarında yerləşən şirkətlərdə 64 min 463-ü tədqiqatçı olmaqla cəmi 78028 nəfər çalışır. Texnologiyanın inkişafı zonalarında həyata keçirilən tamamlanmış və davam edən tədqiqat və inkişaf layihələrinin ümumi sayı 56861-dir (2022-ci ilin məlumatı)  Fəaliyyətə başlayan və qeyd edilən zonalarda yerləşən şirkətlərin Amerika Birləşmiş Ştatları başda olmaqla Yaponiya, İsrail, İngiltərə və Almaniya kimi dünyanın ən inkişaf etmiş ölkələrinə texnoloji məhsul ixracı 6,9 milyard ABŞ dollarına çatıb. Xarici kapital baxımından Texnologiyanın inkişafı zonalarında xarici tərəfdaşlarla birlikdə ümumilikdə 322 şirkət var. Regionlarda fəaliyyət göstərən şirkətlər tərəfindən qeydə alınmış patentlərin (milli və beynəlxalq) sayı 1464-dür.

1970-ci illərdən etibarən dünyanın iqtisadi vəziyyətində baş verən dəyişikliklər nəticəsində istehsalı artırmaq və emal sənayesini canlandırmaq üçün inkişaf etmiş ölkələr elmi-tədqiqat işlərinə ayrılan vəsaitləri artırmağa başlamışlar.  Tədqiqat və inkişaf proseslərinə ilk beşlikdə olan ölkələr-ABŞ 612 milyard dollar, Çin 514 milyard dollar, Yaponiya 172 milyard, Hindistan 158 milyard  və Almaniya 131 milyard dollar vəsait ayırır. (2020-2022-ci illərin məlumatı). Tədqiqat və inkişafa qoyulan vəsaitləri artırmaqla yanaşı bu ölkələr tədqiqat nəticələrinin sənayeyə ötürülməsi mexanizmlərini təkmilləşdirməkdədirlər. Bu mexanizmlərdən ən təsirlisi texnoparklardır. 70-ci illərin iqtisadi böhranından çıxmağı qarşısına məqsəd qoyan inkişaf etmiş dövlətlər regional inkişaf, işsizliklə mübarizə, iqtisadi imkanlardan istifadə baxımından universitetlərin və elmi-tədqiqat mərkəzlərinin elmi-tədqiqat nəticələrinin sənayeyə transferini asanlaşdırmaq üçün texnoparklara əhəmiyyət vermişlər. Texnoparklar həmçinin bilikləri inkişaf etdirmək və texnoloji inkişafı təşviq etmək məqsədi ilə universitet-sənaye və hökumət əməkdaşlığının dəstəkləndiyi yer kimi qəbul edilir. Müxtəlif ölkələrdə texnoparklara və texnologiyanın inkişaf zonalarına müxtəlif adlar verilir: Texnologiyalar Parkı, Elm Parkı, Araşdırma Parkı, Texnologiyanın İnkişafı Zonaları, Texnologiyanın İnkişafı Mərkəzi, Texnologiya Dəhlizi , İnnovasiya Mərkəzi. Mahiyyət etibarilə texnoparkla eyni statusda olan bu yerlər bir-birindən çox da fərqlənməyən xüsusiyyətləri ilə xarakterizə olunur.

Azərbaycanda texnoparkların yaradılması prosesinə 2012-ci ildən başlanılıb. Sənaye parkları modeli kimi (Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Zəyəm Texnologiyalar Parkı,  Mingəçevir Sənaye Parkı və s.) yaradılan texnoparklar əsasən ənəvi istehsalat üzrə formalaşmağa başladı. 2016-cı ildə ölkə prezidentinin sərancamı ilə yaradılan Yüksək Texnologiyalar Parkı (YTP) isə daha çox elmi tədqiqatların sənayeyə tətbiqi ilə əlavə dəyərin formalaşdırılmasını, texnoloji baximdan yeni məhsulların istehsalını, akademik sahibkarlığı inklişaf etdirməyi hədəf olaraq qarşıya qoydu. Hazırda YTP-də əsasən neft-kimya sənayesinin inkişaf etdirilməsi üçün əlaqədar elmi-tədqiqat institutlarında (Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri İnstitutu) aparılan araşdırmaların  nəticələrinin kommersiyalaşdırılması prosesləri davam edir. YTP-nin rezidenti olan Təcrübə Sənaye Zavodunda artıq patentı əldə edilmiş və təkmilləşdirilmə prosesində olan hərbi təyinatlı yağların ixrac potensialı olduqca yüksək dəyərləndirilir.

Elmi- tədqiqat proseslərinin  sənaye ilə birləşərək yeni texnoloji, innovativ istehsal və xidmətlərin ortaya çıxarılmasını təmin edən və lazımi infrastruktura sahib olan ərazi  məhz ənənəvi texnopark anlayışı olaraq qəbul edilir. Texnoparklara verilən müxtəlif təriflər onu həm bir infrastrukturu olan ərazi, həm də elmin kommersiyalaşdırlması prosesinin mühüm fazası olaraq qavramağa imkan verir. Dünyada hazırda ən inkişaf etmiş iqtisadiyyatlar innovativ texnoloji istehsal üzərində formalaşan iqtisadiyyatlar hesab edilir. İnnovasiya yaranmasının ilkin mərhələsi isə tədqiqat və inkişaf prosesi ilə birbaşa bağlı olduğunu nəzərə alsaq, Azərbaycanda da innovativ iqtisadiyyatı formalaşdırmağın məhz tədqiqatdan başlanılması qənaətinə gəlmək olar. Tədqiqat təməl innovasiyanın  əsasını təşkil edir. Universitet-sənaye əməkdaşlığını gücləndirmək texnologiya istehsalçısına çevrilmək yolunda başlıca addımdır. Hal-hazırda Azərbaycanda müşahidə edilən innovativ yeniliklər daha çox texnologiyaların transferi əsasında həyata keçirilir. Ölkəmiz daha çox innovasiya istehlakçısı kimi təkmilləşdirilmiş və inteqrasiya edilmiş innovativ yenilikləri müxtəlif sahələrdə tətbiq etməklə bu istiqamətdə uğurlara imza atmaqdadır. Lakin müasir dövrdə artıq “dərin texnologiya”ya (deep technology) əsaslanan və əhəmiyyətli elmi və ya mühəndislik problemlərini texnoloji həllərlə təmin edən yeni müəssisələrin meydana çıxdığını nəzərə alaraq, tədqiqat və inkişafa əsaslanan innovasiyaların yaradılmasının qaçılmaz olduğunu müşahidə edə bilərik. Bu konteksdə universitet-sənaye əməkdaşlığı və onun ən uyğun reallaşdırma platforması olan texnoparkların əhəmiyyəti getdikcə artır. Texnoparklar üçün xarakterik olan əsas komponentlər- texnologiyaların transferi və kommersiyalaşdırılma, eləcə də startap və inkubasiya prosesləri universitet-sənaye əməkdaşlığının əsasını təşkil edir. Dünya təcrübəsində elmin kommersiyalaşdırılması (müasir ədəbiyyatda “texnologiyaların kommersiyalaşdırılması” terminindən daha çox istifadə edilir)  asan həyata keçirilən fəaliyyət hesab edilmir və onun iqtisadi dəyərə çevrilməsi ciddi proses kimi idarə olunmalıdır. Hətta texnoloji baxımdan ən inkişaf etmiş ölkələrdə belə (ABŞ, Koreya Respublikası, Çin, Yaponiya və s.) texnologiyaların kommerisyalaşdırılması uzun zaman tələb edən, bəzi çətinliklərlə müşayət olunan və bir sıra paralel fəaliyyətlərin zəruri olduğu (əqli mülkiyyət və s.) bir prosesdir.

Araşdırma və müşahidələrdən belə qənaətə gəlmək olar ki, Azərbaycanda yeni iqtisadi dəyər yaradan texnologiyalara yönəlmiş elmi-tədqiqat işlərinin artırıması və ölkəmizin texnologiya istehsalçısı olmasını şərtləndirən sistemli tədqiqat və inkişaf prosesinin yaxın illərdə reallaşması üçün bir sıra zəruri işlər görülməlidir.  Bunun üçün tətbiq və kommersiyalaşma potensialı olan işlərin kəmiyyət və keyfiyyət dinamikası təmin edilməli, universitet və elmi-tədqiqat mərkəzlərinin hər birində texnologiyaların transferi ofisləri və inkubasiya mərkəzləri yaradılmalı, gənclərin təşəbbüskarlıq imkanları dəyərləndirilməli və onlara dəstək göstərilməlidir. Yuxarıda qeyd  ediilən fəaliyyətlərin təmin edilməsi istiqamətində Azərbaycanda irəliyə doğru addımlar atılmaqdadır. Təkcə universitet və elmi-tədqiqat müəssisələrində deyil, özəl sektorda fəaliyyət göstərən bir neçə iri şirkətlərdə inkubasiya mərkəzlərinin yaradılması (Pasha Holding, Azercell, ABB və s.) ümumilikdə ölkədə startap hərəkatınıln genişləndiyini göstərir. Bu addımların daha da uğurlu olması üçün  birmənalı olaraq ilkin mərhələdə tədqiqata söykənən fəaliyyətlər gücləndiriməlidir. Ölkəmizin qeyri-neft sektorunda inkişafı innovasiyalardan, innovasiyaların yaradılması yolu isə tədqiqatlardan keçir. XXI əsrdə biliyə əsaslanan iqtisadiyyatların  inkişafı fonunda dünyanın ən qiymətli xəzinəsi  artıq nə neft, nə də qızıl deyil, kommersiyalaşdırılmış informasiyadır. Yüksək texnologiyalı bir ixtiranı ticari bir məhsul, üsul və ya xidmətə çevirmək üçün universitet və ya elmi-tədqiqat müəssisəsinin tədqiqat və inkişaf  prosesinin inteqrasiya edə biləcəyi texnoparklara sahib olması və ya onlarla əməkdaşlıq etməsi müasir innovativ iqtisadiyyatın əsas tələblərindən biridir.

Bünyamin SEYİDOV, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: