XX əsrin 80-ci illərinin sonuna doğru keçmiş SSRİ-də baş vermiş proseslər təkcə həmin illər meydana gəlmiş milli siyasi problemlərin nəticəsi olmayıb şovinist siyasətin sistemli şəkildə davamı kimi çözülməlidir. Bu siyasətin kökündə dayanan separatizm imperiyanın süqutunu sürətləndirdi. Belə şəraitdən sui-istifadə edən ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzün yeni mərhələsinə başladılar. Dağlıq Qarabağın isə münaqişə ocağına çevrilməsində təəssüf ki, şəxsən M.S.Qorbaçov Ermənistana havadarlıq edir, münaqişə ocağını alovlandırırdı. Hələ 1987-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ problemi respublikamızın ərazi bütövlüyünə qarşı, vətəndaşların konstitusiya hüquqlarının pozulmasına yönəlmiş cəhd kimi xalqımız tərəfindən pislənmişdir. İmperiya bir yandan sərhədlərimizin toxunulmazlığını rəsmən təsdiq etsə də, digər tərəfdən Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması haqqında fəal iş aparırdı.
1988-ci ilin mart ayında SSRİ KP MK və Nazirlər Sovetinin verdiyi qərarda muxtar vilayətə müstəsna hüquqlar verilmiş, bir çox məsələlərin həlli isə birbaşa ittifaqın nazirlik və qurumlarına həvalə edilmişdir. Azərbaycan SSR Ali Soveti isə özünün 1988-ci il 17 iyun tarixli qərarı ilə mərkəzin həmin qərarına təəssüf ki, müsbət münasibət bildirmişdir. Az sonra 1989-cu il 12 yanvarda SSRİ Ali Sovetinin “Dağlıq Qarabağda xüsusi idarəetmə forması”nın yaradılması haqqında qərarı A.İ.Volskinin başçılığı ilə Xüsusi İdarəetmə Komitəsinin fəaliyyəti faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılmasına yönəlmişdir.
Bundan istifadə edən Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında” qərar qəbul etdi. Bir neçə il ərzində baş vermiş siyasi proseslər Azərbaycan xalqına qarşı qərəzli münasibəti açıq göstərirdi.
Yanvarın 15-də SSRİ Ali Sovati Rəyasət Heyətinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” verdiyi fərman isə tarixi torpaqlarımızın mənsubiyyətini sual altında qoymağa edilən cəhdlər idi.
İlk dəfə olaraq Azərbaycan xalqı öz taleyini məhz özü həll etməyə, azadlığını, müstəqilliyini ərazi bütövlüyünü əldə etməyə və qoruyub saxlamaq naminə bir araya gəlmişdir. Xalqımıza divan tutmaq, onun mübarızə əzmini qırmaq yolunu seçən keçmiş sovet rəhbərləri 1990-cı ilin 20 yanvarında Bakıda fövqəladə vəziyyət elan etmədən misli görünməmiş vəhşiliklər törətdilər. Vətənpərvərlik hissləri güclü olan xalqımız əliyalın böyük bir imperiyanın silah və texnikanın qarşısına çıxmışdı. Bax bu, əsl qəhrəmanlıq, millətsevərlik idi. Azərbaycan xalqı isə öz suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunu bir daha dünyaya göstərdi.
Qanlı hadisələrə məhz Azərbaycan xalqının müdrik oğlu, böyük siyasi xadim Heydər Əliyev dərhal münasibət bildirmiş, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş qanlı cinayəti kəskin pisləmişdir. O dövr üçün çox əhəmiyyətli, həm də cəsarət tələb edən bu bəyanat bir daha Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması yolunda çox ciddi addım idi.
20 Yanvar hadisələrinin lazımınca qiymətləndirilməsi yolunda dövlətimizin başçısı Heydər Əliyevin 5 yanvar 1994-cü ildə verdiyi Fərmanla ciddi addımlar atılmış, Milli Məclisə bu hadisələrə tam siyasi hüquqi qiymat verilməsi tövsiyə olunmuşdur. Milli Məclis bu məsələyə xüsusi sessiya həsr edərək yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, günahkarları aşkar etmiş, yekunda isə hadisəyə tam şəkildə siyasi-hüquqi qiymət vermişdir. Həmin qərarda 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş cinayət və bütün bəşəriyyətə, hümanizmə və insanlığa qarşı dəhşətli bir əməl olduğu konkret faktlarla göstərilmişdir.
Azərbaycan xalqı təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Yalnız bundan sonra hadisələrin elmi baxımdan işıqlandırılması istiqamətində tədbirlər görülmüş, gələcək nəsillərə çatdırılması yolunda ciddi addımlar atılmışdır. Bununla belə, Azərbaycan tarixinin qanla yazılmış səhifəsini daha dərindən öyrənmək, obyektiv həqiqətləri üzə çıxararaq fundamental əsərlər yazmaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Sənan HƏSƏNOV, YAP Yasamal rayon Təşkilatı Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.