20 Yanvar xalqımızın 90-cı illərdə yaşamış olduğu ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Xalqın iradəsini sındırmaq üçün gecənin qaranlığında Bakını susdurmaq… 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayın hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışanda, faşizmin törətdiyi cinayətləri yada salanda düşünürsən ki, bu sonluğu heç kim gözləmirdi.
O zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə zülm edə bilər. Ona görə ki, sovetlərin apardığı təbliğat, insanlıq, xeyirxahlıq xeyirlə şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə xeyrin qələbəsi hər bir vətəndaşı belə düşünməyə vadar edirdi. Sovetlərin təcavüzkar siyasəti, zamanında susdurulmaması Şərin qələbəsinə yol açdı. 20 Yanvar məhz şərin xeyirə qalib gəldiyi bir an idi – qısa bir an. Bu şərin gəldiyi yolun tarixi isə hər an bizi ayıq etməliydi. Bu yol bir aylıq, iki aylıq yol deyildi. Bu, çox uzaqdan gələn bir yoldu. Bu yol 1813-cü ilin “Gülüstan”ından gəlir, bu yol 1828-ci ilin “Türkmənçay”ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın dövrü 1920-ci ilin 28 aprelindən xəbər verir. Ötən əsrin 30-cu illərinin qaranlıq zülmətindən, repressiyalardan, 40-50-cı illərin ağrı-acılarından keçib gəlmişdik 20 Yanvara. Bu illər tez-tez xatırlansa, tarixi həqiqətlər xalqa olduğu kimi çatdırılsa, bu hadisə baş verməzdi. Xalqın həqiqi tarixini gizlədib, acı həqiqətləri xalqa aşılamaq bu hadisələrə yol açdı. Vətənpərvər, azadlıqsevər bir məmləkətin, ərlər, igidlər yetişdirən bir millətin, məğrur bir xalqın faciəsidir bu illər. 20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də qarşımıza şər çıxmışdı. Elə bir şər ki, igidləri, ərləri, xalqın üsyankar səsini boğsun. Xalqın özü, millətin səsi olan bu igidlərə qənim kəsilmək. Gecənin müdhişində qətllər edən Qızıl ordu qızıl qan tökən orduya çevrildi. Bu gecənin qurbanlarından biri də Yusif Sadıqov oldu.
Yusif Allahverdi oğlu Sadıqov 1964-cü ildə Göyçə gölünün sahilində yerləşən Cil kəndində anadan olmuşdur. Bu yerlər sıldırımlı qayaları yaşıl meşələri, uca dağları ilə tanınırdı. İki tərəfdən dağ, bir tərəfədn Göyçə gölü ilə əhatə olunan bu kənddə dünyaya göz açan Yusif Tanrı payı idi bu millətə,bu torpağa.... Atası Allahverdi müəllimin ziyası bu kəndin, bu diyarın hər evini işıqlandırırdı. Halal zəhməti ilə övladlarını böyüdən Allahverdi müəllim üçün ən böyük qazanc balalarının yüksək səviyyəli ziyalı kimi yetişməsi idi. Bütün həyatını bu vətənin övladlarına elm, bilik öyrətməyə həsr etmiş bu insan evində də yeni ziyalılar yetişdirirdi. Evinin bir otağında divara lövhə asılmışdı. Bütün günü gənc nəslə yorulmadan bildiklərini öyrədən Allahverdi müəllim dərsdən sonra isə balalarını riyaziyyat elminin sirləri ilə tanış edirdi. Böyük qardaş-bacıları atasının söylədiklərinə diqqətlə qulaq asarkən balaca Yusif də onlarla bərabər bu ev dərslərinin şagirdi oldu. Evin balacası olsa da atanın, ananın, bacı-qardaşın istəklisi, savadı ilə elinin ən yüksək sevimlisi oldu. Hələ məktəbə başlamadan o da riyaziyyat elminin sirlərinə meyl etdi. Bax beləcə, atasını dinləyə-dinləyə öyrəndi riyaziyyat elminin sirlərini. Hər gün öyrəndiyi yeni bir sirr onu riyaziyyat elminə daha da bağladı. Zahirən sakit, əslində qaynar, coşğun təbiətli idi Yusif. Sakit təbiəti riyaziyyata bağladı Yusifi. Güclü məntiqi, iti yaddaşı olan Yusifi hələ orta məktəbdə hamı riyaziyyatçı kimi tanıyırdı. Bütün elm sahələrinə yiyələnirdi, qazandığı nailiyyətlər ona şöhrət gətirirdi. O, dəfələrlə respublika olimpiadalarında iştirak edib birincilik qazanmışdı. Orta məktəbi 1981-ci ildə qızıl medalla qurtarıb BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Oxuduğu illərdə dəfələrlə Moskvada, Vilnüsdə universitetin Mexanika-riyaziyyat fakültəsini təmsil etmiş, riyaziyyat olimpiadalarında qalib olmuş, I dərəcəli diplomla Vətənə qayıtmışdı. Universitet illərində yazdığı şeirləri, riyaziyyat sahəsində uğurları onu müəllimlərinin yaxın dostu etmişdir. Universiteti 1986-cı ildə fərqlənmə diplomu ilə qurtarmışdı. Elmlər Akademiyasında çıxışları, öz istedadı, qabiliyyəti ilə seçilən bu gənc 1988-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat-Mexanika İnstitutuna aspiranturaya daxil olmuşdur. Aspirant olduğu iki il ərzində minimumlarını əla qiymətlərlə vermiş, işini başa çatdırmış, dəfələrlə aspirantların respublika konfransında, institutda seminarlarda çıxış etmiş və istedadı ilə tanınmışdır. İnstitutun əməkdaşları Yusifin şəxsində gələcəyin böyük alimini görürdülər. Yusif müdafiəyə hazırlaşırdı. Gənclik, həyat eşqi onu gələcəyə səsləyirdi. Nişanlıydı. Lakin... Olanlar onun səbr kasasını doldurmuşdu.
Bir əsrdə dəfələrlə torpaqlarımızı tapdaq altına salan düşmənlər yenidən baş qaldırdı. Düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən, tarixən ata-baba yurdumuz olan torpaqlarımıza namərd qonşularımız göz dikmişdilər. Hər cəhdlə tarixi iftiralara əl ataraq Ulu Göyçəni, Zəngəzuru, Dərələyəzi imperiyaya arxalanaraq ələ keçirdilər. Bu illər Yusifin həyatına qara çökdürdü. Tarixi həqiqətləri düşündükcə damarlarında qan donurdu. Bu illərdə ata-baba yurdundan, isti ata-ana ocağından zorla ayrılması, ulu Göyçənin həsrəti onu rahar buraxmırdı. Öz tarixi ərazisində yaşayan azərbaycanlıların tarixi dədə-baba torpaqlarından qovularaq çıxarılması 26 yaşlı gəncə daha çox təsir edirdi. Buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik”, soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz ittifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu.
Bir tərəfdən də xain əllər Şuşaya, Qarabağa uzanırdı. Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anladırdı Yusifə. 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin hər bir hiylə ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş siyasəti hər bir kəsi düşündürürdü. Bu dövrdə guya “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi bu torpaqlara olan təcavüzkar siyasətin təzahürü idi. 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş siyasət idi. Bu açıqdan açığa ölkəmizin ərazisinə, xüsusən Qarabağa qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi. Geniş erudisiyalı gənc bunları düşündükcə Vətən yolunda mübarizəyə atıldı. Belə bir zamanın gəlməsi onun həyatını dəyişdi. 20 Yanvar - o qanlı gecə Yusif evdə otura bilmədi. Bakıya daxil olan qoşunların xalqın iradəsini qırmaq üçün törətdikləri terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Bu terror aktının şahidi, şəhidi olan Yusif Sadıqovu səhər açılanda hamı axtarırdı. Heç kimin ağlına gəlməzdi ki, o qaranlıq gecədə Yusif kimi gəncə nə isə ola bilər. Ana Yusifin uca boyuna, qardaş-bacı isə ağlına, zəkasına inanırdı. Heç kim inanmırdı ki, 70 il sülhsevər, xilaskar missiyanın daşıyıcısı kimi təbliğ olunan Qızıl ordu mifi Bakını al-qana boyayacaq. Səhər açılanda Bakı küçələri igidlərin qanı ilə boyanmışdı. Hadisələr zamanı Vətən uğrunda həlak oldu Yusif. Ancaq sağ qolu tapıldı Yusifin.
İyirminci əsr, doxsanıncı il.
Qanlı tarix yazdı Azərbaycana
Millət öz yolunda olmuşdu zəlil
Göylərin də üzü boyandı qana.
Sağ qolunu özündən nişanə qoyub getdi Yusif. Sanki bununla deyirdi qoy ölüm sevinməsin. Hazırda Şəhidlər xiyabanında sağ qolu dəfn olunan Yusif Sadıqov Vətənin azadlıq yolunda həlak oldu. Qanlı Yanvar gecəsinin müdhiş hadisəsində həlak olan oğul və qızlarımız xalqımızın azadlıq, müstəqillik qazanmasına yol açdılar. Bakının ən yüksək nöqtəsində Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız ümumxalq ziyatətinə çevrimişdir.
Şəbnəm HƏSƏNLİ-QƏRİBOVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.