Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

23.01.2023 11:02
  • A-
  • A
  • A+

Ən uca rütbə

Ən uca rütbə

Vaxt onları yaşlarından daha yaşlı etmişdi. Zəmanə sanki onların hərəkətlərinə də bir yeyinlik bağışlamışdı.

1920-30-cu illərin cavanları sonrakı onillərdə ömür sürmüş eyni yaşlı tay-tuşlarından, elə bil ki, 15-20 yaş böyük olublar. O nəslin bir çox elm, maarif, mədəniyyət adamlarıyla yaxınlığım, çox söhbətlərim olub.

Bəzən XXI əsrin 35-40 yaşlı cavanlarına yüksək dövlət vəzifələri veriləndə dodaq büzənlər olanda ki, hələ cavandırlar, yetişməyiblər, dərhal onlara etiraz edənlər də tapılır ki, 1930-cu illərdə nazir təyin edilənlərin, respublika idarəçiliyində ali məqamlar etibar olunanların əksərinin yaşı heç 30-a çatmayıbmış.

Üzdən yanaşsan, doğru iraddır. Ancaq o çağın həyatın tez yetişdirdiyi, erkən kişiləşdirdiyi və həm də sanki daha qabil, daha istedadlı cavanlarının hər birini bizim günlərin cavanlarından ikiqat fərqli tutun - yaşca da, başca da daha irəligetmiş sayın.

Unudulmaz bəstəkarımız Tofiq Quliyev mənə sevimli müəllimi, vur-tut 23 illik insafsızca qısa ömür yaşasa da, XX yüzildə çağdaş Azərbaycan musiqisinin təməlçilərindən, bir sıra istiqamət və janrları musiqi mədəniyyətimizə ilk gətirənlərdən olan Asəf Zeynallının gündəlik təhsil həyatı ilə bağlı indi sözümə söykək duracaq maraqlı bir məqamı xatırladırdı. Deyirdi ki, sonralar elə Asəf Zeynallının adını daşıyacaq orta ixtisas musiqi məktəbinin binasının aşağı qatında o çağlar musiqi məktəbi yerləşirdi və biz orada oxuyurduq, müəllimlərimizdən biri Asəf idi. Amma həmin binanın yuxarı qatında konservatoriya yerləşirdi və Asəf müəllim də orada təhsil alırdı. Hər gün ya bizə dərsini deyib ora qalxardı, ya orada dərsini alıb sonra bizim sinif otaqlarına enərdi.

Öyrənə-öyrənə öyrətməklə də məşğul olmaq quruculuq, sabaha inam və ümidlər çağlayan 1920-30-cu illərdə qabaqcıl cavanların çoxuna xasmış və Heydər Əliyev də onların biri idi.

Elə orta məktəbin yeddinci sinfini bitirincə Naxçıvandakı Pedaqoji texnikuma daxil olur. Əlbəttə, orta təhsilini onuncu sinfə qədər də davam etdirə bilərdi, ancaq pedməktəbdə oxumağın verə bildiyi bir neçə üstünlük vardı: həm burada oxuya-oxuya ibtidai siniflərdə dərs vermək imkanı əldə edirdi, həm təhsilini başa vurunca əlində həm orta təhsil attestatını əvəz edən, həm ona əlavə səlahiyyətlər verən orta ixtisas təhsili diplomu qazanacaqdı, həm də 1 il irəli düşəcəkdi - orta məktəbdə davam edəcəkdisə 3, burada oxuyacaqdısa 2 ilə bitirəcəkdi.

Orta məktəbdə, musiqi məktəbində, Bakı Dövlət Universitetində dərs aldığım müəllimlərdən həyatda olanlarının hər birinin varlığı məni sevindirir, fürsət düşdükcə onlarla görüşürəm, canısulu, gümrah olduqlarını görüncə fərəhlənirəm. Çünki onların varlığıyla mən özümü də yaşımdan dəfə-dəfə gənc hiss edirəm, uşaqlığıma, yeniyetməliyimə, ilk gəncliyimə qayıdıram.

Heydər Əliyev Moskva illərindən sonra Vətənə qayıdaraq Naxçıvanda yaşayıb-işlədiyi, sonra yenidən respublikaya rəhbərlik etdiyi dövrdə yaşı 70 həndəvərində idi və bu da ömrün elə həddidir ki, artıq ilk müəllimlərin çoxu həyatdan getmiş olur. Ancaq taleyin Heydər Əliyevə bir töhfəsi də vardı. Sevimli müəllimlərindən biri, 1903-cü ildə anadan olmuş Lətif Hüseynzadə 105 il ömür sürdü. İlk qiymətli əsəri - "İran şahlarının Naxçıvan xanlarına fərman və məktubları (XVIII-XIX əsr)" adlı kitabı Bakıda hələ 1930-cu ildə nəşr edilmiş, sonralar XV əsrin Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin şeirlərini geniş həcmdə Azərbaycan oxucusuna ilk dəfə çatdırmış, hökmdar-şair haqqında dəyərli araşdırma aparmış Lətif Hüseynzadə Heydər Əliyevin Pedaqoji texnikumda oxuduğu dönəmdə həm orada dərs demiş, həm də tədris hissə müdiri olmuşdu.

Yaşı səksənə doğru irəliləyən Prezident Heydər Əliyevin hər dəfə müxtəlif mərasimlərdə, tədbirlərdə Lətif Hüseynzadə ilə - yaşı 100-ə doğru irəliləsə də, sinnindən xeyli cavan, şux görünən keçmiş müəllimi ilə rastlaşarkən qəlbən sevindiyini, həmin dəqiqələrdə elə onun özünün də göz önündəcə sanki qəfilcə gəncləşdiyini hiss etməmək mümkünsüz idi.

Naxçıvanda Pedaqoji texnikumda Heydər Əliyevin müdam hərarətlə andığı müəllimlərin hansı səviyyə daşıyıcısı olduqlarını, necə bilik verə biləcəklərini soraq kitablarını açmadan, əski arxivləri qaldırmadan elə həmin Lətif müəllimin atüstü təqdimatlarından da təsəvvür etmək çətin deyil. Rəhmətlik Lətif müəllim Hüseyn Cavidin böyük qardaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Şeyx Məhəmməd Rasizadəni, Cavidin kiçik qardaşı, Qori Müəllimlər Seminariyasını bitirmiş və rus dili dərsi verən Əlirza Rasizadəni, Sankt-Peterburqda təhsil almış riyaziyyat müəllimi Tofiq Bəktaşini, elə onun kimi Rusiyada oxuyub gəlmiş, fizika-riyaziyyat müəllimi olsa da, rusca gözəl danışdığından həm də bu dili mükəmməl mənimsəmək istəyən müəllim və şagirdlərdən ötrü, bir növ, bu dilin köklü daşıyıcısı kimi göydəndüşmə olan Murad Tutayuqu, İrəvanda təhsil alıb gəlmiş anatomiya müəllimi Həsən bəy Qaziyevi, geniş savadlı coğrafiya müəllimi Əbdüləzim bəy Rüstəmovu, hərbi dərsləri aparan, sonraların məşhur generalı Akim Abbasovu xatırlayır, hətta bədən tərbiyəsi kimi zahirən ikinci dərəcəli kimi təsəvvür edilə biləcək dərsi də Rusiyada zabitlik məktəbini bitirərək qayıtmış İbrahimxəlil Axundovun apardığını söyləyirdi və belə bir bələdçilik Naxçıvandakı oçağkı təhsil mühiti haqqında məmnun qənaətin yaranmasına bəs edirdi.

Bu və bu qəbil sanballı müəllimlərin dərs verdiyi Pedaqoji texnikumu da Heydər Əliyev əla oxuyur, ən fərqlənənlərdən, çox illər ötəndən sonra da unudulmayanlardan olur.

Texnikum təhsilinin yekunu olan attestat ona ibtidai siniflərdə müəllimlik hüququ verirdi.

Amma Tale Heydər Əliyevi sadəcə ibtidai sinif müəllimliyindən daha geniş auditoriyalardakı müəllimliyə çəkirmiş və 1939-cu ildə Şahbuzdakı kəndlərdən birində müəllimlik etmək, ya artıq könlünə qonmuş memar olmaq arzusunun hökmü ilə Bakıya, Sənaye İnstitutuna yollanmaq seçimi qarşısında qalanda ali təhsil sevdasının vəd etdiyi bütün çətinliklərə rəğmən, paytaxta getməyin üzərində dayanır.

Ancaq Pedaqoji texnikumda aldığı təməl təhsil sonralar da, özünün dəfələrlə etiraf etdiyi kimi, daim ona arxa olacaq. Bu sağlam bünövrəni həmişə minnətdarlıqla xatırlayacaq. 1998-ci il sentyabr ayının 26-da Azərbaycan müəllimlərinin Birinci qurultayında kürsüdəydi və hamısı müəllimlərdən ibarət böyük bir auditoriya qarşısında o, müəllimlərin əksərini kövrəldən razılığını edirdi: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən orada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm.

...İndiyə qədər həyatımda keçdiyim yol mənim biliyim, elmim - hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır, eyni zamanda, mənim kimi, bizim də, xüsusən mənim müəllimə böyük hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də - onillər keçib üstündən - müəllimlərimi heç vaxt unutmamışam  və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm".

(Hər halda mənə Heydər Əliyevin ibtidai sinifdə birincilərlə dərs aparmasını, həm də bunu qılıqlı, mehriban bir müəllim kimi necə məharətlə icra etməsini görmək də nəsib oldu.

2000-2001-ci illərdə mən iki əsr boyunca - XIX-XX yüzillərdə Şərq və Qərbin 30-dan artıq ölkəsində birinci siniflər üçün yazılıb nəşr edilmiş ilk dərsliyin - hərfləri, oxuyub-yazmağı öyrətməkçün nəzərdə tutulan üç yüzə yaxın kitabın nüsxələrini topladım, araşdırdım və gələcək Azərbaycan üçün büsbütün yeni olan "Əlifba" dərsliyi yazdım.

Həmin kitabda irili-xırdalı yüzlərlə rəsm vardı və mən onları çəkmək üçün iri bir dəstə qabil rəssamı, animasiya ustalarını cəlb etmişdim. Məzmun öz yerində, bu kitab həm də görünüşcə xeyli əlvan olmalı idi. O vaxt Azərbaycanda hələ indiki kimi irəli getmiş poliqrafiya yox idi və mən dərsliyimi Ankarada nəşr etdirəsi oldum. Kitabın çapı və cildlənməsinin hələ davam etdiyi günlərdə hazır nüsxələrdən birini götürüb Türkiyədən Strasburqa uçdum, orada Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etməyə hazırlaşan nümayəndə heyətimizə qoşuldum. Azərbaycanın bu mötəbər Avropa qurumundakı ilk nümayəndə heyətinə gələcək Prezidentimiz İlham Əliyev rəhbərlik edirdi. Yeni kitabımı Strasburqda ilk olaraq İlham müəllimə göstərdim. Belə bir kitab üzərində işlədiyimi əvvəl də ona söyləmişdim. Özünə xas diqqətcilliklə 200 səhifədən artıq kitabı əvvəldən-axıra diqqətlə vərəqlədi, bəyəndi və dedi ki, sizin söhbətlərinizdən bu kitabın yaxşı olacağını təsəvvür edirdim, ancaq açığı, bu qədər gözəl alınacağını zənn etmirdim. Bakıya qayıdanda nüsxələrindən verərsiniz, cənab Prezidentə də çatdırarıq.

Bakıya dönüncə deyilən kimi də elədim.

Bir neçə ay keçdi, "Əlifba" ilə bağlı heç bir səs-səmir olmadı. "Millətin zərrəsi" adlı yeni kitabım çıxmışdı. Bunu və "Əlifba"nın daha bir nüsxəsini Prezidentin köməkçisi Dilarə Seyidzadəyə verərək çatdırmasını xahiş etdim.

Bir neçə gün sonra Dilarə xanımla görüşəndə söylədi ki, hədiyyə etdiyin təzə kitabın Heydər Əliyevin masasının üstündədir, oxuyur, ancaq "Əlifba" ilə bağlı dedi ki, bu kitabı görüb, onunla bağlı neçə ay qabaq da göstəriş verib.

Qayıtdım ki, hələ ki səs-soraq yoxdur. Dilarə xanım bu məlumatı da çatdıracağını vəd etdi.

Bir müddət də keçdi. Bakıda deyildim, cib telefonuma zəng gəldi ki, təzə məktəb açılacaq, dövlət başçısı ora gedəcək, "Əlifba" kitabınızdan 20-25 nüsxə çatdırın ki, birincilərin masası üstündə həmin dərslik olsun.

2001-ci il sentyabrın 1-də Səməd Vurğun küçəsində Bakıdakı ilk özəl ümumtəhsil məktəb kompleksində birinci dərs günü olacaqdı. Prezident Heydər Əliyev indi artıq onun adını daşıyan məktəbin açılış lentini kəsdi, komplekslə tanışlıqdan sonra təzə məktəbdə ilk dəfə dərsə başlayacaq sinif otaqlarından birinə daxil oldu.

Və həmin uşaqlar o anlarda həyatlarında necə xoşbəxt və təkrarsız anın baş verdiyini illər sonra anlayacaqlar.

Onların ilk müəllimi, onlarla "əlifba" dərsini ilk başlayan böyük Heydər Əliyev oldu.

 

"Əziz uşaqlar, arzu edirəm ki, sizin hamınız yaxşı oxuyasınız, əlaçı olasınız. Olacaqsınız, yoxsa yox?"

Birincilər hamısı bir ağızdan "Bəli" dedi.

Müəllim növbəti sualını verdi: "Məktəbə həvəslə gəlmisiniz, yoxsa elə ata-ananız gətirib?"

Yenə xorla "Həvəslə gəlmişik" dedilər.

Və Heydər Əliyev qarşısında açıq "Əlifba" kitabı olan şagirdlərdən birinə yaxınlaşdı, başladı səhifələrdəki şəkillərlə bağlı suallar verməyə.

Şagirdlərdən biri kitabın ortasından bir səhifəni açmışdı və oradakı rəsmin elə indi onlarla dərsi başlayan müəllimin şəkli olduğunu görüncə heyrətlə baxırdı.

Həmin səhifədə Heydər Əliyev, elə onlar kimi, birincilərin əhatəsində idi və rəsmin yanında da bu uşaqların yalnız bir neçə ay sonra, hərfləri öyrənincə oxuya biləcəkləri şeir:

Heydər baba, rəhbər baba,

Yolumuzu aç sabaha.

Əmrə hazır hər bir balan,

Biz əsgərik, sən komandan.

Hələ olsaq da biz kiçik,

Ana yurdun ümidiyik.

Elə bu açılışın ardınca Təhsil Nazirliyində bu "Əlifba" ilə bağlı respublikanın görkəmli təhsil mütəxəssislərinin, tanınmış alimlərin, yazıçıların, seçmə ziyalıların iştirakı ilə geniş müşavirə keçirildi və nazir Misir Mərdanovun sentyabrın 4-də imzaladığı əmrlə bu kitab birinci sinif dərsliyi olaraq rəsmən təsdiq edildi.

Bu o demək idi ki, cari ildə respublikanın müxtəlif məktəblərində mənim nəşr etdiyim tirajın imkan verdiyi sayda məktəbdə "Əlifba" bu dərsliklə tədris ediləcək, növbəti ildə isə 150-160 min sayda buraxılacaq.

Ancaq heyiflər ki, niyyət gerçəkləşmədi. Bir-iki gün sonra mənə təhsil sahəsini inhisarında saxlayan və Heydər Əliyevin də bir neçə dəfə kəskin tənqid etdiyi məmur telefon açaraq özünəməxsus təkəbbürlü əda ilə dərhal mənfi cavabını aldığı əcaib sual verdi: "Sən bu kitabının müəlliflik hüququnu bizə sata bilərsənmi?"

Mən daha bu məsələnin ardınca düşmədim. Heç vaxt köhnəlməyəcək, vaxtının mütləq gələcəyi kitab ortadaydı, Heydər Əliyev kimi ali bir şəxsiyyət kitabın qiymətini vermişdi, üstəlik, o kitabla birincilərlə ilk işləyən ilk müəllim olmuşdu və bu hadisənin tarixiliyinin qüruru və sevinci bəsim idi...

Amma bütün bunlar çox sonrakı zamanların söhbətləridir.

Hələliksə 1939-cu ilin yayı idi və yeniyetmə Heydər o çağın, elə xeyli sonraların da rayon cavanlarının hər biri üçün də ən ülvi arzuları gerçəkləşdirə biləcək sehrli məkan kimi göyçək Bakıya gəlmişdi və sanki bu ilk gəlişdə, ömrünün Bakı parçasının başlanğıcında ciddi narahatlıq doğuracaq bir sıxıntısı yox idi.

Mehmanxana-filan aramağa lüzum duyulmurdu. Hələlik qalası yeri vardı. Ailəsi ilə birgə yay istirahətinə yola düşən böyük qardaşı Həsənin mənzilində qalacaqdı və biliklərinə arxayın olduğundan imtahanlar sarıdan da təşviş keçirmirdi.

AZİİ - Azərbaycan İndustriya İnstitutu o illərdə respublikanın digər ali məktəbləri arasında ən nüfuzlulardan idi.

Qəbul imtahanlarını uğurla verir, seçdiyi fakültəyə də qəbul edilir.

Və indi o məqam yetişir ki, artıq gərək aylar sonranı, bundan belə bu qərib şəhərdə necə yaşayacağını düşünəydi.

Onu qayğılandıran çoxlarının "orada oxumaq qəliz işdir" xəbərdarlığı deyildi.

Oxumağa, öyrənməyə qəlbən aludəliyindən savayı, daxil olduğu memarlıq fakültəsində əksər tələbələrə müşkül gələn kifayət qədər yaxşı rəsm çəkmək səriştələrinə malik olmaq onun eyninə deyildi, əl qabiliyyətinə söz ola bilməzdi. Di gəl, maddi imkansızlıq da vardı, tutalım, lap yataqxanada yer verdilər, dolanmaq, lazım gələndə kitab-dəftər almaqçün vəsait də gərək idi axı. Kasıbçılıq idi, evdən, Naxçıvandan nəsə göndəriləcəyinə ümid bəsləmək də əbəs idi, üstəlik, başqa rayonlardan gələn tələbələrdən fərqli olaraq, sərhəd bölgəsində yerləşən Naxçıvana hər gəliş-gediş üçün xüsusi icazə tələb olunurdu.

O dövrdə bu ali məktəbin rektoru işləyən Musa Əliyev Sənaye İnstitutunu nümunəvi bir ali məktəbə çevirməkçün çox səylər qoymuşdu və istədiyinə də nail olaraq və adı sonralar neçə dəfə dəyişdirilsə də, xalq dilində elə oçağkı təhər adlandırılan "AZİ"-ni Azərbaycandan kənarlarda da şöhrətləndirmişdi.

2000-ci ildə bu ali məktəbin 80 illiyi bayram edilərkən söz deyənlərdən biri də keçmiş tələbə Heydər Əliyev idi.

1940-cı ilin noyabrını, müəllimləri, tələbə yoldaşları ilə birgə elə bu zalda institutun 20 illiyinin qeyd edildiyi günü, bu divarlar arasında ötmüş, heç vəchlə yaddan çıxmayan anları xatırlayırdı: "Çox ciddi intizam vardı. Bu giriş qapısı indiki kimi yadımdadır. Tələbələr çalışardılar ki, gecikməsinlər, qapının ağzında tıxac yaranardı. Bizim yataqxana sabiq Solntsev küçəsində yerləşirdi, oradan bura 5 nömrəli tramvay gəlirdi. Burada 3-cü mərtəbədə böyük bir otaq var. Ora bizim memarlar qrupunun auditoriyası idi. Aşağıda yeməkxana idi.

Burada aldığım təhsil, tərbiyə, nizam-intizam, biliklər sonrakı həyatımda mənə çox kömək oldu".

3-cü qatdakı o böyük auditoriyada dərslərə hamıdan yaxşı cavab vermək, bilikləri ilə fərqlənmək Heydər Əliyevçün asan idi - hər şey özündən asılı idi - bir az gec yatardı, bir qədər tez durardı, daha çox oxuyardı, kitabxanada keçirdiyi saatların miqdarını artırardı və qarşıya qoyduğu məqsədə çatardı. Ancaq ən azı hər gün mindiyi o tramvaya bilet almalıydı, çöldəki qəhvəxanalardan ucuz olsa da, tələbə yataqxanasından hər gün nəsə götürməkçün pul da ödəməliydi...

Artıq bu olmuşların üstündən 60 ildən də çox keçərkən 1999-cu ilin dekabrında keçmiş tələbə dostu, həm də yataqxanadakı otaq yoldaşı memar Süleyman Hacıyevlə rastlaşarkən o günlərdəki əziyyətlərini, məhrumiyyətlərini də yada salmışdı. Amma uzaq xatirələrin kədər, ağrı qarışıq yükünü köhnə dostla bu qarşılaşmanın sevinci sanki yuyub apardığından o zəhmətli, nigaran anları da təbəssümlə xatırlamışdı: "Sən də, mən də yaxşı rəsm çəkirdik. Ancaq sənin burada qohumların vardı, mənsə uzaqdan gəlmişdim. Ehtiyac da çox idi. O vaxt hələ indiki Hökumət Evi tikilməmişdi, o səmtdə - limanda Rusiyadan şalbanlar gətirib tökərdilər. Mən də azacıq gəlir olsun deyə gecələr ora gedib şalban daşıyardım. 17 yaşında uşaq idim. Hətta şalban daşımaqdan çiynimdə yara da əmələ gəlmişdi".

Süleyman da dərhal təsdiqləyir ki, gecə orada işləyib səhərə yaxın qayıdardın, amma düz saat 9-da da dərsdə olardın.

Və Heydər Əliyev köhnə dostundan xahiş edir ki, yaz bu xatirələri, bu əhvalatlardan heç kimin xəbəri yoxdur. İndikilər belə şeyləri görməyiblər.

Məhz maddi sıxıntılar vadar edir ki, Heydər Bakıdan ayrılsın, Naxçıvana qayıtsın.

1996-cı ilin oktyabrında Cavid məqbərəsinin açılışına Naxçıvana uçarkən əvvəlcə təyyarədə, sonrasa Naxçıvan şəhər qəbiristanlığında müəllimi Şeyx Məhəmməd Rasizadə ilə bağlı ona verdiyim sualları cavablandıranda Heydər Əliyev bunu da söyləmişdi ki, 1940-cı ildə Bakıda təhsilimi yarımçıq qoyub Naxçıvana qayıdanda ilk günlərdə hər kəsdən əvvəl görüşməyə getdiyim istəkli müəllimlərim oldu. Əvvələn, getdim onlara bir daha dərslərinə, verdikləri biliklərə görə "sağ ol" deyim. Çünki qəbul imtahanları verəndə də, Sənaye İnstitutunda oxumağa başlayanda da heç bir tələbə yoldaşımdan geridə olmadığımı gördükcə bunu ilk növbədə müəllimlərimin xidməti sayırdım. İkincisi də, müəllimlərimin yanına ona görə getmişdim ki, qayıtmağımın oxuya bilməməyim yox, tamam ayrı səbəbdən olduğunu onlara söyləyim.

(Heydər Əliyevin ən diqqətəlayiq insani keyfiyyətlərindən biri də ona edilmiş heç bir yaxşılığı, ona göstərilmiş heç bir diqqəti unutmamaq, imkanı düşüncə qat-qat artığıyla həmin nəcibliklərin əvəzini çıxmaq idi. Və bu yaxşılıqları etmək imkanının yarandığı vaxtlarda artıq bir çoxu həyatda olmayan keçmiş müəllimlərinə borcunu, heç olmazsa, hər məqamı düşüncə çıxırdı. 1999-cu il oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında yenə nitqinin səmtini yönəltmişdi müəllimləri sarı: "Mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Çox şeylər, çox insanlar görmüşəm, çox böyük şəxsiyyətlər görmüşəm. Yadda qalanları da, qalmayanları da var. Az yadda qalanı var, çox yadda qalanı var. Amma sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir").

...1940-cı il idi, Heydər Əliyev təhsil aldığı Sənaye İnstitutundan həmişəlik ayrılmayaraq, sadəcə maddi durumu müəyyən qədər qaydaya salandan sonra yenidən qayıdaraq oxumağını davam etdirə bilmək niyyəti ilə uzunmüddətli möhlət götürüb Naxçıvana gəlmişdi.

Təzədən memarlıq fakültəsinə geri dönüb buradakı təhsilini başa vurmaq ona nəsib olmayacaq.

Sevib-seçdiyi fakültədən həmişəlik ayrılsa da, memarlıq ondan ayrılmayacaq, bir ülgü kimi düşüncəsində də, taleyində də daimi yol yoldaşı kimi qalacaq.

Memarlığın ardınca getsəydi, söz yox, barmaqla göstərilənindən olacaqdı. O istedad, o zəhmətsevərlik, o məqsədyönlülük, o hər niyyətində ardıcıllıq ki Tanrı Heydər Əliyevə bəxş etmişdi, hansı sahəyə üz tutsa, uğurlu nəticələri mütləq görünəcəkdi.

Memarlığı seçsəydi, yəqin, bu gün onun gözəl layihələriylə ucaldılmış neçə-neçə füsunkar tikilidən danışa biləcəkdik.

Memarlıq biliklərinin sonralar ona Azərbaycanın tikilib-qurulması istiqamətindəki işlərə nəzarət edərkən peşəkar mənada yardımçı olması öz yerində.

Ən əsası budur ki, memar düşüncə tərzi Heydər Əliyevin ömrü boyu daimi müşayiətçisinə çevrildi.

Hansı işə başlayacaqsa, əvvəldən beynində cizgisi hazır oldu.

Hansı hədəfə doğru irəlilədisə, nəyisə qurmağa çalışdısa, bir memar bəsirətliliyi ilə öncədən miqyasları dəqiq müəyyənləşdirdi, edəcəyinin təməlini də, sütunlarını da, divarlarını da, tavanını da əngin zəkasının qatlarında ən xırda ayrıntılarınacan hazır elədi, Allaha pənah irəliləmək istəyənlərdən, başlayaq görək axırı hara çatacaq düşünənlərdən fərqli olaraq, o, heç vaxt qarasına yola çıxmadı. Lazım gələndə risk də etdi, zahirən gözlənilməz kimi gələn addımlar da atdı, amma daim hara getdiyini, niyə getdiyini, nə üçün getdiyini aydın bildi.

Ona görə də işi həmişə avand gətirdi.

Tale və Tarix ona millət quruculuğunu, müasir və mükəmməl Azərbaycan dövlətini yaratmağı, sarsılmayacaq, ömrü əbədi olacaq müstəqillik mülkünü dikəltməyi həvalə etmişdi.

Böyük Millət və Dövlətçilik memarı tək özünün gördüyü, öz içərisində bir layihə üçün tələb olunan bütün yoxlanışlardan keçirdiyi cizgilərin sayəsində bu ali məqsədinə də yetişdi. Şah əsərini - yeni, güclü Azərbaycanı doğurdu.

...Tarixin yönəltməsiylə sonralar aldığı ali universitet təhsilinə görə Heydər Əliyev üstün bir tarix müəllimi də ola bilərdi.

Lakin tale onu bu xalqa və bu yurda sinif otaqlarına daxil olaraq tarix dərsi deyən bir müəllim kimi yox, Vətən boyda auditoriyada bütün millətə tarixin çətin aşırımlarından adlamağın dərsini verən Millət Müəllimi, cahanşümul tarix yaradan Öndər olaraq bəxş etmişdi.

...Əlində bir coğrafiya müəllimi sayaq göstərici çubuğu tutaraq Heydər Əliyev dayanırdı xəritə qarşısında.

Azərbaycanın haqq səsini qulaqları ağır eşidən qərəzli, tərəfkeş dünyaya çatdırmaqçün dili ilə söylədiklərini şüurlarda izi, əks-sədası qalsın deyə xəritədə də nişan verirdi.

Dünyanın irili-xırdalı neçə ölkəsində şagirdlərinə növbəti dərsi izah edən müəllim kimi danışırdı.

MÜƏLLİM millətinin ağrıları haqqında dünyaya dərs keçirdi.

Artıq unudulmaz Heydər Əliyevin həyatda olmadığı günlərdə qazanılmış, bizi xoşbəxtlərin xoşbəxti etmiş misilsiz Qarabağ Zəfərinin ardında Böyük Millət Müəlliminin o dərslərinin izlərini görməmək olarmı?!

Zərbülməsəl siqlətli, dərsliklərə düşəsi bu müdrik kəlam da onun yadigarıdır: "Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir!"

Tarix Heydər Əliyevə ən yüksək saydığı adın ən ali rütbəsi olan Millət Müəllimliyini nəsib etdi.

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

  • Paylaş: