Belçikanın “Belhaber” saytında AMEA-nın Fəlsəfə və Sosilogiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “SSRİ-də yüksək postların sahibi Heydər Əliyevin “Qanlı Yanvar” hadisəsinə sərt mövqeyi və Azərbaycan xalqının müstəqillik şüurunun yüksəlişi” başlıqlı məqaləsi yayımlanıb. Məqalədə Azərbaycan xalqının 1990-cı il 20 Yanvar faciəsi real faktlarla şərh edilir, tarixi şəxsiyyət, Ümummilli Lİder Heydər Əliyevin Qanlı Yanvar hadisəsinə sərt münasibəti və bu hadisənin Azərbaycan xalqının müstəqillik şüurunun yüksəlişinə təsiri elmi obyektivliklə təhlil edilərək qiymətləndirilir.
Məqaləni təqdim edirik:
20 yanvar 1990-cı il. O vaxtdan 33 il keçir. O vaxt Azərbayanın daxilində olduğu SSRİ-nin öz müttəfiq respublikalarından biri olan bu ölkəyə yaşatdığı dəhşətli faciə ilində 10 yaşı olanların 43, 33 yaşı olanların 66, 66 yaşında olanların 99 yaşı olur. Deməli, nəsillər gəncləşir. Yaşlılaşır və təbii dünyasını dəyişir. 20 yanvar 1990-cı il tarixində SSRİ-nin Qızıl Ordusu Azərbaycanın paytaxtı Bakı şəhərini 1 neçə saatın içərisinə darmadağın etdi. Əliyalın-silahsız insanlar nəinki öz vətənlərinin yollarında, küçələrdə, hətta evlərinin eyvanlarında, pəncərələrinin önündə odlu silahlardan açılan güllələrə tuş gəlib məhv edildilər. O güllələr millət, qadın-kişi, körpə-yaşlı tanımadı… Qırdı, qanına qəltan etdi bir xalqı! Səhəri günü kütləvi dəfn təşkil etdi. Adət-ənəni gözləmədən – vaxtbivaxt torpağa verdi yüzlərlə tək istəyi müstəqillik olan xalq kütlələrini. Milyonlarla insanın birlik nümayiş etdirərək bu xalq matəmi-dəfn gününə axın etməsi Rus imperiya qalıqlarının həm də qorxusu idi. O gün Bakıda hər qan damcısı düşmüş yerin minlərlə Qərənfil çiçəyi ilə örtülməsi və o ilin o günündən Qərənfilin matəm çiçəyi statusu qazanması unudulmaz bir hadisə idi. Ancaq Fövqəladə Vəziyyət adlanan Hərbi qanun tərbiq ediləndən sonra mənfur düşmən rahatlandı. Törətdiyi dəhşətin izlərini xüsusi bacarıqla “silib- süpürdü”. Yavaş-yavaş “rəngləndi” şəhər…
Milli tarixi yaddaş isə əsla dəyişilmədi! 40 günlük hüzn il dönümləri ilə əvəzləndi. Şəhidlər tarix yazdı. O tarix hər il yeni-yeni anımlarla, əsərlərlə dolğunlaşıb 20 yanvar salnaməsi oldu.
Bu il 20 Yanvar hadisəsinin 33-cü il ildönümüdür. Bu gün hələ bugünə kimi neçə günlərdir Azərbaycanın hər yerində, Azərbaycan xalqının istər orta məktəblərində, istər ali məktəblərində, müxtəlif sahələrin iş yerlərində 20 Yanvar faciəsi Qanlı-Yanvar hadisəsi yad edilir. Axı o vaxt ölkəmizdə Fəxri xiyabanla yanaşı ilk ayrıca – Şəhid məzarlıqları yaranmışdı. Sovet ordusunun Bakıya daxil olana kimi məhv etdiyi insanların dəfn olunduqları məzarlıqlar… Bu günlər Fəxri xiyabana və o şəhid məzarlıqlarına axının ardı-arası kəsilməyir.
Dərd də böyüyür. Biz bunu 33 ildə öyrəndik. İndi azərbaycanlıların sağalmaz Qanlı Yanvar Faciəsi 33 yaşındadır. Azərbaycan xalqı 33 yaşlı milli tarixi yaddaşı ilə öz müstəqilliyinin zirvəsinə doğru addımlayır.
Bu milli tarixi yaddaşda hər şey Azərbaycan xalqının Ulu Öndəri, SSRİ-də yüksək postların sahibi Heydər Əliyevin Qanlı Yanvar faciəsinə sərt mövqeyi də səhifələnib. Bu mövqe milli hisslərin hər şeydən yüksək olmasını öyrətdi. Bu mövqe vətənin hər bir postdan dəyərli olmasını diktə etdi. Bu mövqe xalqa görə əsl şəxsiyyətin canını təhlükəyə atmağın məktəbi oldu.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Azərbaycan xalqına qəddarcasına divan tutmasına sərt mövqeyi faciədən 2 gün sonra, səhhəti ilə bağlı sanatoriyada olduğu vaxtda Moskvada Azərbaycan SSR-in daimi nümayəndəliyinə gələrək SSRİ-MK-nın baş katibi M.Qorbaçovun birbaşa göstərişi ilə həyata keçirilmiş bu tarixi (əsl) terror hadisəsini kəskin tənqid etməsi kimi zamanına və hər zamana görə böyük bir qəhrəmanlıq nümunəsi ilə təsdiqlənir.
Heydər Əliyevin 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Azərbaycan xalqına qəddarcasına divan tutmasına sərt mövqeyi onun Kommunist Partiyası üzvülüyündən tarixi boyu 4-cü nüfuzlu yüksək siyasi şəxs olaraq imtina etməsi ilə də təsdiqlənir. Bu bütün siyasi reallıqları arxada qoyaraq daxili azadlıq, qəhrəmanlıq, bunları hərəkət etdirən milli ruh xarizmasından çıxış etməsini şərtləndirir. Hər bir ərizənin əsasları olduğu kimi Heydər Əliyevin də Sov.İKP üzülüyündən imtina etməsinin öz əsasları vardı.
Siyasi şərhçi Nikolay Zenkoviç “Heydər Əliyev tale yolları” kitabının “Heydər Əliyev və Sov.İKP” fəslində yazır: “Belə bəyanatdan sonra qarşısına çıxa biləcək çətinlikləri təsəvvür edirdimi? Şübhəsiz, təsəvvür edirdi. Axı, DTK generalı idi. Cürbəcür hücumları və mənəvi təqibləri qabaqcadan görürdü. …Özünün məsuliyyət dərəcəsini dərk edirdimi? Şübhəsiz, dərk edirdi. Hər şeyə də hazır idi. Adamı xüsusilə riqqətə gətirən budur ki, Sov.İKP sıralarını tərk edərkən, partiyaya hələ də inanan və ümid bağlayan bütün təmiz və namuslu kommunistlərə hörmətini bildirməyi zəruri saymışdı. Ürəkdən gələn bu cür təsirli sətirləri Yeltsinin, Şevardnadzenin və Yakovlevin müraciətlərində görmək olmaz. Bu addımı atmasına gətirib çıxarmış başlıca səbəblər də dürüst və inandırıcı şəkildə şərh edilmişdir” .
Siyasi şərhçi SSRİ-nin yüksək hakimiyyət kürsüsündə xüsusi yer tutan Heydər Əliyevin dövrün ən nüfuzlu “biletin”dən - Sov.İKP üzvlüyündən imtina etməsinin 3 əsas səbəbinə diqqəti yönəldərək Heydr Əliyevin öz fikirlərini misal gətirməklə əslində onun tarixlər üçün milli vətənpətvər şəxsiyyətini rəsm edir: “…Üç Səbəb. Birinci səbəb. Hələ 1990-cı il yanvarın 20-də Mərkəzin və Azərbaycan KP MK-nın siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərcə günahsız dinc sakin öldürüldü və şikəst edildi, onların arasında qocalar, qadınlar və uşaqlar da var idi”. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP MK və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım. Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, “Правда”dаn başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəlmiş uydurma faktları əsaslandırılmış şəkildə elə həmin kütləvi informasiya vasitələrinin özlərindəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan “aşkarlıq” özünü birtərəfli göstərirdi...”.
Nikolay Zenkoviç “Heydər Əliyev tale yolları” kitabının “Heydər Əliyev və Sov.İKP” fəslində Heydər Əliyevin Sov.İKP sıralarından imtina edərək çıxması səbəblərinin ikincisi əsası haqqında da obyektiv-məntiq nəticələr şərh olunmuşdur ki, bu Heydər Əliyevin xalqının tarixi torpaqlarına əsl vətənpərvər münasibətini təsdiq edir. “İkinci səbəb. “Üç ildən artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov. İKP MK-nm havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulubdur. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir, demək olar, hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar “humanist ideologiyalı” sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, 1987-1988-ci illərdə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlayanda onun qarşısını ala bilərdi, getdikcə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gəlirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi Mərkəzə bu münaqişə lazımdır”.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Azərbaycan xalqına qəddarcasına divan tutmasına sərt mövqeyi olaraq Kommunist Partiyası üzvülüyündən bu partiyanın tarixi boyu 4-cü nüfuzlu yüksək siyasi şəxs olaraq imtina etməsini Heydər Əliyevin öz dərin mühakimə dili ilə əsaslandırdığı səbəblər sırasında üçüncü, yekun nəticə xarakterli səbəb isə artıq həm mahiyyət etibarı ilə, həm də zahirən nəhəng siyasətçinin on illər boyu pillə-pillə sistemləşdirib inkişaf etditdiyi Azərbaycanın müstəqil dövlət statusu qazanması arzu və məqsədini aydın surətdə əks etdirir. “Üçüncü səbəb. “Bütün cəmiyyətin demokratikləşdiyi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda 1988-ci ildə ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov.İKP MK-in rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb. İl yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq “demokratik seçkilər” və nəticələri İttifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın öz iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçicilərin mütləq əksəriyyətinin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışlar. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə hətta baxmağa belə lüzum görməyib”. “Hər hansı suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz” .
“Heydər Əliyev tale yolları” kitabının müəllifi Heydər Əliyevi gözləyə biləcək taleyi də dərk etdiyini vurğulayır ki, bu da onun cəsarətli xarakterini bir daha əks etdirir: “ Müraciəti yazan şəxs hansısa sıravi, şüursuz partiyaçı olsaydı, nə vardı ki, hərçənd belələrinin bu məzmunda müraciətlərinə rast gələ bilməzdin, şüursuzları, adətən, partiya orqanlarının təşəbbüsü ilə xaric edirdilər. Elə onun təkcə vəzifələrini sadalamaq adamın nəfəsini kəsir - Sov.İKP MK Siyasi Bürosunun üzvü, iri respublika partiya təşkilatının uzun illər rəhbəri, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov.İKP-nin silahlı dəstəsi olan DTK-nın generalı. Amma indi Siyasi Büronun keçmiş üzvü, SSRİ Hökuməti Sədrinin keçmiş birinci müavini... Yazı masasının arxasında əyləşən şəxs acı-acı gülümsədi”.
Heydər Əliyevin bu qorxmaz, əyilməz, qəhrəman keyfiyyətləri onun sovet imperiyasının biliksiz və səriştəsiz SSRİ rəhbəri M.Qorbaçovun “tədbirlərinə” qarşı göstərdiyi prinsipal mövqe unudulmazdır. O, Rusiyanı tərk edir. Naxçıvan Muxtar Respublikasına - öz doğma vətəninə sığınır. “Yaralı” həmvətənlilərinin insan haqları üçün mübarizə aparır. Məsələn, Ulu Öndər Heydər Əlyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Rus Sovet İmperiyasının siyasi rəhbərliyinin göstərişi ilə Qızıl Ordunun xalqımızın dinc, suveren müstəqillik arzularına qarşı çıxaraq törətmiş olduğu 20 yanvar faciəsinə siyasi lider, həmçinin də vətən övladı olaraq qiymət verilməsi məqsədilə “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi hazırlamış və bu vətənpərvər siyasi sənədi 1990-cı il 21 noyabr ayında Naxçıvan MR Ali Məclisi qəbul etmişdir.
Haşiyə:
Mən Moskva M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda 3 illik uzunmüddətli ezamiyyətdəydim. Atam xəstələndiyi üçün gəlmişdim Bakıya, Azadlıq meydanında mitinqlər gedirdi. Birdən hadisələr sərtləşdi. Mən də yaxın ailə üzvlərimlə birlikdə PA-nın qarşısındakı mitinqlərə qatıldım. ... Yanvarın 19-u idi. Mənə 1 qadın yaxınlaşdı, aparatın yuxarı pəncərələrini göstərib, vuracaqlar dedi. O qadın qruplarla dayanmış adamlara da yaxınlaşıb nəsə (yəqinki elə bunu) deyirdi. Amma heç kim dağılmadı. Lap gecə mən və bacılarım dönmək istədik. Amma yollar bağlı idi. Dəqiq Baksovet metrosuna getmək mümkün deyildi. Filarmoniyandan keçib metroya girmək istədik. Metro dəqiq bağlı idi. 26-lar stansiyasına dedik gedək, üzbəüz gələn adamlar, ora da bağlıdır, dedilər. Indi qıracaqlar, deyənlər də vardı... Qardaşım mitinqdə olduğu üçün qaça-qaça aparatın binasına tərəf getdik. Gedərkən uğultulu tank səsləri və dəhşətli qışqırıqlar eşitdik. Yaxınlaşmaq mümkün olmadı. Dəhşət içində Baksovet stansiyasına döndük. Bu dəfə açıq idi. Məcbur girdik metroya. Adamlar eskalotorla qaçaraq çıxırdılar. Demək ki, onlar da tank səslərini eşitmişdilər. Hamı dəhşət içində qaçırdı...
Biz Nərimanova gəldik. Amma qardaşsız evə girə bilməzdik. Bu tərəfdən də fövqəladə vəziyyət elan olunmuşdu. Nərimanovda “Skorı pomoş”un həyətində 1 saatdan çox gözlədik. Adamlar hey gəlirdilər. Birdən qardaşımı gördük. Onu 2 gənc qoluna girib gətirirdi. Buna da şükür, deyib, qarşısına qaçdıq. 18 yaşı tamam olmamış arıq, doğuluşdan zəif qardaşımın rəngi sapsarı idi. Danışa bilmirdi. Onu gətirən oğlanlar dedi ki, tanklar “xoda” düşəndə düşəndə qarışıqlıq oldu. Ayaq altında nə qədər adam qaldı. Yenə çox şükür, biz yaxındaydıq, əl verib qaldırdıq. Borcumuzdu, bura qədər də gətirdik... Gecə qardaşımın vəziyyəti pisləşdi
Təcili yardım çağırdıq. Həyətdə ola-ola gəlmirdilər. Çağırışlar daha salınmırdı. Mən çıxdım evdən. Getdim və həkim tələb etdim. Əsl kinolarda gördüyümüz kimi hərbi geyimli adamlar dolu idi orda. Dönə-dönə həkimə yardım lazım olduğunu dedim, tələb etdim. Saymırdılar. Qardaşımın halını deyib, qışqırdım. Biri mənə gecə ilə küçədə olanlar ekstrimistlərdir, ekstrimistlərə yardım edək? dedi. Öz küçələrimizdə olduğumuzu, dedim... Axır ki, öz millətimizdən olan 1 həkimi “verdilər”, gətirdim evə. O bizə himcimlə dəhşət baş verdiyini, qardaşımın yaxşı qurtardığını bildirdi. Nə yaxşı... Həkimə qorxub qaçan kütlənin qardaşımın ürəyinin üstünə çıxdığını dedik. Əlindən gələn köməyi elədi, səhər növbədən çıxanda da gəlib baş çəkdi, iynə vurdu, dərman verdi. Yenə işarələrlə dəhşət vəziyyət olduğunu bildirdi.
O vaxt bu vaxt!.. Qardaşımın indiyədək ürəyi ağrıyır. ...Mən sonra Moskvaya döndüm. Sov. İKP üzvüydüm. İmtina etdim. Çox çətinliklə qəbul etdilər. Moskvada qalmadım! Necə deyərlər, o karyerama nöqtə qoyuldu. Amma bu dəqiqdi ki, 20 Yanvar faciəsinə Ulu Öndər Heydər Əliyevin etirazına səs verərək Kremlin bir addımlığına və özləri deyən – Dünya Ədəbiyyatı İnstitutunda ilk “belə iş görən” – Sov. İKP patiyası üzvlüyündən imtina edən mən sonra partbileti geri götürmədim.
Mən Moskvada, aspirantlar evində qalırdım. Təxminən 1 ay sonra bizimkilər, aspirantlar evində videolent nümayiş etdirdilər! Dəhşətlər nümayiş olunurdu. Bizim hökumət nümayəndələri o lenti Moskvaya MK-yə göstərməyə gətiriblərmiş... Aspirantlar evində qalanların hamısı - o cümlədən rus, erməni millətlərindən olan aspirantlar, dissertantlar da gəlib baxırdılar və ən əsas hamı lənət oxuyurdu. Onu da qeyd edim ki, mən arxada qalan 33 ildə həmin lentlərə bir daha baxa bilmədim. Çünki dəhşətli epizodlar vardı. Mən təkrar baxsaydım, fiziki sarsılıb, bəlkə həyatımı itirərdim. O, əsl lentlər elə bu kimi əsaslarla heç bəlkə tam göstərilmir...
... 20 Yanvar faciəsində qardaşım özünə söz verir ki, hərbçi olacaq, milli orduda xidmət edəcək. Gedib özünə forma aldı, papaq tikdirdi. Ürəyinin ağrıları ilə ali təhsilini bitirib getdi hərbi xidmətə 1 il əvəzinə 5 il xidmət elədi. Baş leytenant, tağım komandiri, hərb hissənin komandir müavini oldu.
20 yanvarda hərbi gəmilərin səsindən, hərəkətə keçməsindən qağayılar da kütləvi qırıldılar. Həm də pərən-pərən düşdülər. Mən onlara şeir yazdım: “Didərgin vətəndaşlar”. Bu şeir həm ölkəmizdə, həm də Avropada yayımlanıb.
33 il arxada qaldı. 20 Yanvar faciəmiz unudulmadı. unudulmayacaq da!
Başda İlham və Fərizə olmaqla yaşlı, gənc, uşaq, körpə, kişi-qadın bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bugünkü müstəqilliyimiz uğrunda canlarından keçən həmvətənlərimiz heç vaxt unudulmayacaq!
İllər sonra Heydər Əliyev Qanlı Yanvara həsr olunmuş rəssamlıq əsərlərinə də əsl estetik-sənətşünas qiyməti verərək göstərirdi ki, “20 Yanvar hadisələrinin bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını,cəsurluğunu, ölümün gözünə dik baxaraq təacavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu daha çox lazımdır”.
Ulu Öndər təsviri sənətə ideyalılıq baxımından xüsusi diqqətlə yanaşdığından 20 Yanvarı təsvir edən rəsmlərdə qəhrəmanlıq hisslərinin əks olunmasını arzulayır və tələb edirdi. “Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər bu ondan irəli gəlir ki, Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə sovet ittifaqının ordusu qarşısında dayanmağa qadirdilər”.
Çox xarakterik bir haldır ki, Heydər Əliyev necə ədəbiyyatda, söz yaradıcılarının əsərlərində xalq, onun insan haqlarının öz əksini tapmasını yüksək qiymətləndirirdi, bunu təsviri sənət, ümumiyyətlə bütün incəsənət növlərindən gözləyirdi və təsadüfi deyil ki, Ulu Öndər hamıdan, rəssamlardan, sənətşünaslardan əvvəl, onlardan daha prinsipal olaraq bu haqda kəskin çıxış edirdi: “Bəs bu xalq, o qəhrəman, o üsyankar xalq, milli azadlıq uğrunda çalışanlar haradadır? Onlar niyə öz əksini tapmayıblar bu əsərlərdə? Tankın altında ölən, əzilən var, amma tankın qarşısında duran azərbaycanlı balası hardadır? Niyə onun surəti yoxdur?”
Çıxışının davamında dövlət rəhbəri, siyasi xadim peşəsinin sahibi rəssamlara bir sənətşünas, estetik, tənqidçi tövsiyələrini verir ki, bunlar rəssamların gələcək fəaliyyətləri üçün önəmli ideyalar kimi aktuallığını bu gün də qoruyur. Çıxışdan gətirdiyimiz bir misal bu baxımdan səciyyəvidir. Belə ki, Ulu Öndər Heydər Əliyev bu iqtibasdakı fikirlərində həm vətəndaş olduğunu, həm yaradıcılıq məsələlərindən hali olduğunu, həm də siyasi xadim vəzifəsini xatırlatmaqla, ancaq əsas ideya - ümumi dövlət mövqeyindən çıxış etdiyini bəyan edir: “...məsələn, o mitinqləri təsvir etsəydiniz, bunlar da çox gözəl əsərlər olardı. Onda aydın olar ki, həmin hadisələr nə ilə bağlıdır. Yoxsa, məlum deyil axı bu tank niyə buraya gəlib? Bu adam niyə tankın altında qalıb. Mən bunu hökm kimi demirəm. Mən bir vətəndaşam. Özü də yaradıcılıq məsələləri ilə müəyyən qədər tanış olan adamam və şübhəsiz ki, siyasi xadiməm. Siyasi nöqteyi-nəzərdən öz fikrimi deyirəm və güman edirəm ki,burada bir boşluq var”.
Göründüyü kimi, çıxışdakı fikirlər, Heydər Əliyevin həm özünün milli vətənpərvər -vətəndaş maraqlarını, həm Milli Lider kimi xalqla Birlik amalını dolğun ifadə edir.
Bundan başqa, Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun birbaşa göstəriş ilə Azərbaycanlılara qarşı törədilmiş 1990-cı il Qanlı 20 Yanvar hadisələrinə Heydər Əliyevin göstərdiyi sərt mövqe Ulu Öndərin 1992-ci il ermənilərin torpaqlarımızı ələ keçirmək məqsədi daşıyan növbəti vandallıq-soyqırım aktı, Xocalı soyqırım faciəsinə daha fəal surətdə reaksiya verməsi, həmvətənlərimizin dərdinə şərik olması, habelə soyqırımın əbədiləşdiləşdirilməsi istiqamətində fəaliyyəti ilə də təsdiqlənir ki, bu xalqın milli müstəqillik şüurunun yüksəlişi üçün real bünövrədir. Məqamı olduğu üçün burada bir misalı nəzərdən keçirməyi məqsədə uyğun hesab edirik. Belə ki, Heydər Əliyev “Xocalı” soyqırımını “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - kimi bəşəri cinayət kimi qiymətləndirir və habelə, müxtəlif çıxış və müracətlərində tarixçi alimlər, politoloqlardan daha dolğun və kəsərli şərh edirdi.
Təsadüfi deyil ki, 1993-cü il fevralın 26-sı tarixi Heydər Əliyevin milli lider və əsl vətəndaş təəssübkeşliyi ilə Xocalı soyqırımı günü kimi qəbul olunmuşdur. Həmçinin Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi Qərarla, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur. Eləcə də Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Bəli! 20 Yanvardan 33 il keçdi. 1990-cı il yanvarın 20-də vətən anasının qəhrəmanları müstəqillik hissi ilə yanvarın – qışın oğlan çağında isti evlərini qarlı-soyuq vətən küçələrinə dəyişdilər. Günlərlə sinələrini vətənin azadlığı üçün sipər etdilər. Onlar günlərlə müstəqillik üçün keşikdə dayandılar. Xəyal edirdilər ki, sovet ordusu onların bu əzmini görüb ölkəyə daxil olmaz. Düşünürdülər ki, səhərə qədər növbə çəksələr sovet ordusu onların bu iradəsini görüb ölkəyə fikrindən daşınar. Ağıllarına gəlmirdi ki, sovet ordusu onların “yatmış aslanlar” olduğunu bilirdi və bu bilinclə dəhşətli planlar qurmuşdu. Xəritə hazır idi: Bütün Bakı mühasirəyə alınmışdı.
Onlar milyonlarla idi! Vətən uğrunda “döyüşə atılan” təkcə kişilər deyildi. Bu igidlər təkcə gənclər deyildi. Onların arasında qocalar da, uşaqlar da var idi!.. Onlar – bu səhər öldürüləcək, iflic olacaq, şəhid olacaq insanlar, kənddən gələn fəhlə, həkim, müəllim, işsiz, tələbə, sadə əkinçi idilər, deməli, onlar kütlə idilər – xalq idilər! Onların silahları birlik idi! Onların tələbi müstəqillik idi!
Kimlərsə eşitdirirdi: Dağıdacaqlar! Hakimiyətlərini asanlıqla əldən verməzlər!.. Kimlərsə başa salırdı, vuracaqlar, dağılmaq lazımdır. O gün - bugün olsaydı, ayıq olardı insanlar. Amma illər.. O illər məsum idi bəşər. Silahsızların üzərinə öz torpaqlarında tanklar irəliləcəyinə inanmazdı xalq kütlələri.
...Duyulanlar gerçək oldu. İnanmadıqları başlarına gəldi. Sovet ordusu 1990-cı il 20 yanvar tarixində Azərbaycanda qətliam həyata keçirdi! Dünya tarixin Qanlı Yanvar adı ilə yazılan bir qətliam. Elə bir qətliam ki, 33 il keçsə də unudulmayıb.
Ancaq o qətliam Azərbaycanda xalqının milli dövlət müstəqilliyinin başlanğıcı oldu. O qətliam müstəqil Azərbaycan dövlətinin memarı olacaq qüdrətli Lider Heydər Əliyevi Azərbaycana gətirdi və Azərbaycan xalqının müstəqilik şüurunun yüksəlişinin təməli oldu.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.