AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) sözügedən müəssisənin baş mühəndisi, “Əməkdar mühəndis” Ramiz İskəndərovun 70 illik yubileyi qeyd olunub.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, Ramiz İskəndərov hər zaman öz işində peşəkar və məsuliyyətli işçi olub. R.İskəndərovun RSXM-dən əvvəl də müxtəlif məsuliyyətli vəzifələrdə çalışdığını qeyd edən baş direktor respublika ərazisində yerləşən seysmik stansiyaların qurulmasında Ramiz İskəndərovun böyük əməyinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Ramiz İskəndərovun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Professor Qurban Yetirmişli R.İskəndərovun bu gün öz işində böyük əzmlə və məsuliyyətlə çalışdığını qeyd edib. Baş direktor R.İskəndərovu 70 illik yubileyi münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
Daha sonra Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəsinin müavini Ruqiyyə Kərimova, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və başqaları yubilyar haqqında yüksək fikirlər söyləyərək onu 70 illik yubileyi münasibətilə təbrik ediblər.
RSXM-nin baş direktoru Qurban Yetirmişli 70 illik yubileyi münasibəti ilə Ramiz İskəndərovun fəaliyyətinin AMEA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini bildirərək onun AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin Fəxri fərmanı ilə təltif olunduğunu qeyd edib. RSXM-nin baş direktoru hər iki Fəxri fərmanı yubilyara təqdim edib.
Sonda Ramiz İskəndərov göstərilən diqqətə görə mərkəz rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.