Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Svanlar da türkdürlərmi?
24.01.2023 10:00
  • A-
  • A
  • A+

Svanlar da türkdürlərmi?

Müstəqillik illərindən başlayaraq svanların kimliyi dəfələrlə ölkəmizdə gündəmə gəlmişdir.  Həqiqətdə, svanlar kimdirlər?

Son araşdırmalar göstərir ki, svanlar qədim Ön Asiyanın iki qəbilədən ibarət prototürk etnosudur. Misir papirus mətnlərində, Ellada dövrü tarixçilərinin əsərlərində onlar sevan və suvan adlandırılır. Kam və Kuş mənşəli həmin etnoslar Orta bürünc dövründə – bizim eradan öncə III minillikdə Nil vadisini tutmuş, yeni çarlıq dövrü fironların zamanında – b.e.ö. II minilliyin ortalarında şimala qovulmuşlar.

Sevanlar və suvanlar Nil vadisində Suvan adlı şəhər salmışdılar. Həmin şəhər X əsrə qədər qalırdı. İbn-Xordadbeh yazır ki, yuxarı Misirdə Suvan adlı vilayət və şəhər var. Vilayətin və şəhərin əhalisi qüptiləşsə də, öz adını qoruyub saxlayırdı. Sonralar həmin yerdə Nil çayı üzərində As-Suan (Asuan) bəndi tikildi.

Suvanların öz tarixi vətəninə Urmiya gölü vadisinə dönən qanadı Manna ərazisində Zuvan şəhərini saldılar. Assuriya mixiyazılı mətnlərində onların ölkəsi Zuvanaul adlanır. Zuvanlar II Saraqonun zamanında Urmiya gölünün şərqinə köçdülər. Onlar assurlarla vuruşa-vuruşa iki yerə bölündülər. Xəzər dənizi ilə Muğan düzü arasında və Van gölünün şimal-şərqində yurd saldılar. Muğandakı suvanları irandilli qonşuları Zuvand adlandırırlar.

Van gölü vadisinə, oradan İveriyanın şimal-qərbinə köçən suvanları erməni tarixçiləri supan, gürcü tarixçiləri svan adlandırırlar. K.S.Kekelidze yazır ki, Bizans tarixçilərinin əsərlərindəki Suvania elə Svanetidir.

Mari Brosse 1828-ci ildə Parisin Asiya Cəmiyyətinə məruzəsində qafqazşünasların nəzərinə çatdırmışdır ki, Svaneti böyük və kiçik olmaqla ikidir. Ptolomeyin xəritəsində Kuban çayının Suvan adlanması göstərir ki, suvanların bir oymağı da Qıpçaq çölündə yaşayıb.

Suvanlar və svanlar xristianlığı qəbul edəndən sonra tədricən bizdən uzaqlaşıb gürcülərlə yaxınlaşdılar. Baxmayaraq ki, onlar gürcülərin, gürcülər onların dilini başa düşmürlər. Hazırda Qazaxıstanda yaşayan suvanlar isə türk və müsəlman olaraq qaldılar.

Çokan Valixanov yazır ki, onlar özlərini Svan yox, Suvan adlandırır, həm qazaxların, həm qırğızların arasında yaşayırlar.

Sevanlar isə Göyçə gölü vadisində və Borçalı mahalında yurd saldılar. Ermənilər gölə Sevan deyirlər. Ensiklopedik nəşrlərə inansaq, Göyçə – türk, Sevan – erməni sözüdür. İstinad etdiyimiz mənbələr birmənalı şəkildə təsdiq edir ki, hər ikisi türk etnonimidir. Erməni dilindəki yəhudi mənşəli “sev”, yəni “qara” sözü ilə bağlı deyildir.

Sevan nəslinin Borçalı və Dərəçiçək mahalında yaşayan qanadı özünü sevənli adlandırır, İslam dininə iman gətirirmişdir. O kəndlərin əhalisi qədim sevanların son qalıqlarıdır.

Musa Xorenli hələ VII əsrdə yazırdı ki, sevan xalqının ölkəsi ermənilərə tabe deyildir. XIX əsrin əvvəllərində İstanbul arxiyepiskopu olan Malaxiya Ormanyan yazır: “Göyçay gölünün ortasındakı adada sevan monastırı var idi. O monastır zəlzələ zamanı ada ilə birlikdə suyun altında qaldı”.

Monastır suların altında qalmasaydı, biz onun salnamələrini oxuyub svanlara deyə bilərdik ki, daş atıb başını yardığınız azərbaycanlılar sizin qan qardaşlarınızdır...

Abxazlar XI əsrə qədər Xəzər dilində danışırdılar. Bizim bundan xəbərimiz yoxdur. Acarlar özlərini Azər övladı sayırdılar. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yarananda onların parlamenti öz ölkələrini ikinci Azərbaycan adlandırdı. Biz bu tarixi hadisədən də xəbərdar deyilik.

Hesab edirik ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin fəaliyyəti yeni reallığa uyğun istiqamətlənməlidir. Biz yaxın qonşularımızın əli ilə törədilə biləcək iğtişaşları vaxtından əvvəl proqnozlaşdırmağı bacarmalıyıq.

İlhami CƏFƏRSOY, AMEA-nın Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmlər doktoru

“Xalq qəzeti”

  • Paylaş: