Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

"Heydər Əliyev İli"nə dəyərli töhfə
01.02.2023 17:35
  • A-
  • A
  • A+

"Heydər Əliyev İli"nə dəyərli töhfə

"Qırmızı kitab"ın III nəşri yekunlaşmaq üzrədir

Təbii-iqlim şəraitinin, geoloji-relyef quruluşunun mürəkkəbliyi ilə əlaqədar Azərbaycan biomüxtəlifliyin zənginliyinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Qlobal iqlim dəyişikliklərinin, antropogen amillərin təsiri, Azərbaycan ərazilərinin 2020-ci ilə kimi Ermənistan tərəfindən beynəlxalq hüquqa və konvensiyalara məhəl qoymadan ekoloji terrora məruz qalması bölgənin unikal biomüxtəlifliyinə də ciddi ziyan vurmuşdur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bioloji müxtəlifliyinin də xilası üçün tarixi şans yaranmışdır.

Artıq ay yarıma yaxındır ki, Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, gənc fəalların Laçın-Şuşa yolunda ermənilərin törətdiyi ekoloji terrora qarşı etiraz aksiyası keçirilməkdədir. Bu və ya digər səbəblərdən itmək təhlükəsində olan bioloji müxtəliflik elementlərinin xilası üçün Azərbaycanda da beynəlxalq sistemə uyğun olaraq qırmızı siyahılar və onların əsasında Azərbaycan Respublikasının "Qırmızı kitab"ı tərtib olunur. Azərbaycan Respublikasının "Qırmızı kitab"ının nəşrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən AMEA ilə əlaqəli təşkil edilir. Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə qəbul edilmiş Əsasnaməyə uyğun olaraq, 2019-cu ildən "Qırmızı kitab"ın III nəşrinin hazırlanmasına başlanılmış, AMEA-da müvafiq qərarlar qəbul edilərək həyata keçirilmişdir. Tədqiqatlar bütün respublikanı, həmçinin işğaldan azad edilmiş əraziləri də əhatə etmişdir. Hazırda kitab üzərində son tamamlama işləri aparılır. "Qırmızı kitab"ın III nəşri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına daxil edilmişdir və nəşr "Heydər Əliyev İli"nə ETSN, AMEA və ETN-in müvafiq institutlarının mühüm töhfəsi olacaqdır.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ölkəmiz bir sıra flora və fauna növlərinin ilkin əmələgəlmə mərkəzlərindəndir. Lakin antropogen landşaftların, o cümlədən urbanizasiyanın və əkin sahələrinin genişlənməsi, qlobal iqlim dəyişikliklərinin intensivləşməsi, fraqmentasiyanın və digər mənfi stres amillərinin güclənməsi ilə bağlı təbii mühitlərin itirilməsi bəzi bitki və heyvan növlərinin də yox olmasına, bir çoxunun isə itmək təhlükəsi ilə üzləşməsinə gətirib çıxarmışdır. Son 30 ildə Azərbaycanın biomüxtəlifliyinə daha bir ciddi təhdid isə respublika ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və 2020-ci ilə isə kimi işğal altında saxlanılaraq ekoloji terrora məruz qoyulması idi.

İşğalçılar tərəfindən təbii landşaftlara, meşə örtüyünə vurulan zərərlər, hərbi əməliyyatlar zamanı qadağan edilmiş silahlardan istifadə nəticəsində bir sıra beynəlxalq konvensiyalara (UNESCO-nun Ramsar Konvensiyası - 1971, BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası - 1992, BMT-nin Avropa İqtisadi Komissiyasının "Məlumat əldə etmək, qərar vermə prosesində ictimaiyyətin iştirakı və ətraf mühit məsələlərində ədalətə çıxış haqqında"  Orhus Konvensiyası - 1998, Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Bern Konvensiyası - 1999 və s.) BMT-nin Davamlı İnkişaf Məqsədlərinə, digər müvafiq beynəlxalq sənəd və qanunvericilik aktlarına zidd olaraq, bölgənin unikal biomüxtəlifliyinə də ciddi ziyan vurulmuşdur. Vurulmuş zərərin tam miqyasını ərazilərimiz minalardan təmizləndikdən sonra daha dəqiq müəyyənləşdirmək olacaqdır. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə ermənilər tərəfindən ekoloji terror və talan siyasəti davam etdirildiyindən monitorinq və qiymətləndirmə işlərinin aparılması qeyri-mümkündür.

Artıq ay yarıma yaxındır ki, Azərbaycanın QHT-ləri, vətənpərvər ekofəallar Laçın yolunda toplaşaraq etiraz aksiyası keçirməkdədirlər. Bu akt ilkin olaraq azərbaycanlı mütəxəssislərin "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına buraxılması tələbi ilə keçirilsə də, ümumilikdə Ermənistanın Qarabağı işğalda saxladığı dövrdə törətdiyi ekoloji terrora, həmçinin yerüstü təbii sərvətlərimizin vəhşicəsinə talanmasına qarşı xalqın səbrinin tükənməsinin, ictimai fikrin göstəricisi hesab edilə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, bu və ya digər stres amillərinin məcmusu, əsasən də insanın təbiətə istismarçı münasibəti Yer üzərində canlı həyatın davamının təminatçısı olan növ müxtəlifliyinin azalmasına, bir çox qiymətli bitki, göbələk və heyvan taksonlarının aşınmaya uğramasına səbəb olur. Vəziyyətin ciddiliyini dərk edən tərəqqipərvər bəşəriyyət, xüsusən elmi dairələr hələ ötən əsrin ortalarından başlayaraq həyəcan təbili çalmış və müvafiq instansiyaların bu təhlükəli prosesə lazımi reaksiya verməsinə nail olmuşlar. Dünya birliyi tərəfindən ətraf mühitin, o cümlədən bioloji müxtəlifliyin qorunması üzrə beynəlxalq konvensiyalar, digər mühüm sənədlər (bəzilərinin adları yuxarıda qeyd olunmuşdur) qəbul edilmiş, onların icrası üçün bütün mümkün tədbirlər həyata keçirilmişdir. Beynəlxalq, regional və milli səviyyələrdə təhlükə altında olan növlərin qırmızı siyahıları hazırlanaraq mütəmadi olaraq yenilənir, bu siyahılar üzrə lazımi məlumatlar ölkələrin və müəyyən regionların rəsmi "qırmızı kitab"ları şəklində dərc edilir.

Məhv olmaq təhlükəsində olan növlərin qırmızı və çəhrayı siyahılarının yaradılması, qiymətləndirmənin kateqoriya və meyarlarının müəyyən edilməsi və yüksək risk altında olan növlərin təsnif edilməsi üçün Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən müvafiq sistem (1989) yaradılmışdır. Təhlükə altında olan növlərin kateqoriya və meyarlarının dəqiqləşdirilməsi üçün 1994-cü ildən Qırmızı sorğu kitablarından istifadə edilir və demək olar ki, 30 il ərzində qeyd edilən siyahılar, eləcə də kateqoriya və meyarlar bir neçə dəfə yenilənmiş, modifikasiya olunmuşdur.

Azərbaycan Respublikası da prosesdən kənarda qalmamışdır. Dövlətin dəstəyi ilə "qırmızı siyahı"ların hazırlanması və nəşri, nadir və itmək təhlükəsində olan növlərin mühafizəsi üçün görülən tədbirlər daim diqqət mərkəzində saxlanılmışdır. Bu tədbirlərdən ən mühümü isə respublika ərazisində nadir və nəsli kəsilmək təhlükəsi altında olan vəhşi heyvan, yabanı bitki və göbələk növlərinin funksional vəziyyəti haqqında rəsmi dövlət sənədi olan Azərbaycan Respublikasının "Qırmızı kitab"ının mütəmadi hazırlanması və nəşri hesab edilə bilər. Bu kitab, fauna və floranın qırmızı siyahısı bütün dünyada olduğu kimi, növlər və ekosistemlər səviyyəsində ilkin xəbərdarlıq sistemi olmaqla, mühafizə fəaliyyətlərinin istiqamətlərini də müəyyən edir.

Azərbaycan Respublikasının "Qırmızı kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilir: yoxa çıxmaq təhlükəsində olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyil edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, mühafizəsinin təşkili işində müəyyən çətinliklər olan heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Azərbaycan Respublikasının 1-ci "Qırmızı kitab"ı ilk dəfə hələ sovetlər dönəmində - 1989-cu ildə nəşr olunmuşdur. "Qırmızı kitab"ın II nəşri isə xeyli sonra - 2013-cü ildə hazırlanmış və 2 cilddə çap edilmişdir.

"Qırmızı kitab"ın III nəşri üçün qarşıya qoyulan əsas məsələlər aşağıdakı kimi planlaşdırılmışdır: ilkin siyahıların müəyyənləşdirilməsi; çöl məlumatlarının (bitkilər üçün həmçinin herbari) materiallarının toplanması; nadir və təhlükə altında olan növlərin beynəlxalq və yerli kateqoriya və kriteriyalar üzrə qiymətləndirilərək taksonomik statusunun aydınlaşdırılması; elektron məlumat bazasının yaradılması; növlərin şəkillərinin çəkilməsi və yayılma xəritələrinin hazırlanması, oçerklərin yazılması, kitabın tərtibatı.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı və əlaqələndiriciliyi ilə aparılmış müzakirələrin nəticələri nəzərə alınaraq, "Qırmızı kitab"ın redaksiya heyəti tərəfindən III nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramı hazırlanaraq AMEA Rəyasət Heyətinin 14 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Proqramın əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

"Azərbaycan Respublikasının "Qırmızı kitab"ı haqqında Əsasnamə"yə uyğun olaraq, 16 oktyabr 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında III nəşrlə bağlı əməkdaşlıq və iş bölgüsü üzrə müqavilə bağlanmışdır.

Azərbaycan Respublikası "Qırmızı kitab"ının III nəşrinə daxil edilməsi planlaşdırılan növlərin IUCN-in "Qırmızı siyahı"sının kateqoriya və meyarlarına görə qiymətləndirilməsi ilə bağlı mütəxəssislərin beynəlxalq təcrübə ilə yaxından tanışlığına və daha dərin bilgilərə yiyələnməsinə ehtiyac olduğunu nəzərə alaraq, ötən dövr ərzində müvafiq seminarlar və təlim kursları da keçirilmişdir.

Azərbaycan Respublikası "Qırmızı kitab"ının II nəşrində Ermənistan tərəfindən 30 ilə qədər müddətdə işğal altında saxlanılmış ərazilərimiz kifayət qədər əks olunmamışdı. Çünki regionda hər hansı tədqiqat işi aparmaq, monitorinqlər həyata keçirmək, nadir və itmək təhlükəsində olan növlərin real vəziyyətini müəyyənləşdirmək mümkün deyildi. Azərbaycan Respublikasının "Qırmızı kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qoyulmuş, dərman bitkiləri toplanaraq, qiymətli dendroflora nümunələri ("Qırmızı kitab"a salınmış Şərq çinarları da daxil olmaqla) kəsilərək daşınıb aparılmışdır. 43 min hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş flora və fauna müxtəlifliyinin taleyi sual altındadır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında və Azərbaycan əsgərinin şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionun III nəşr üzrə tədqiqatlara cəlb edilməsi mümkün olmuşdur.

Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı 2021-2022-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə böyük uğurla keçirilmiş konfransların əsas mövzularından biri də məhz Qarabağ regionunun "Qırmızı siyahı"ları, nadir və itmək təhlükəsində olan növləri ilə bağlı olmuşdur.

Ədəbiyyat məlumatlarına görə, Azərbaycan Respublikasının "Qırmızı kitab"ının ilk iki nəşrinə daxil edilmiş 266 nadir və nəsli kəsilməkdə olan ali bitki növlərinin əksəriyyətinə, o cümlədən Şuşa gəvəni, Şuşa xaşası, xarıbülbül adı ilə məşhur olan qaş səhləbi, itburnu cinslərinin bir sıra növlərinə Şuşa və Şuşa ətrafı ərazilərdə rast gəlinir.

İşğaldan azad edilmiş ərazilərdə "Qırmızı kitab"a düşən flora və fauna nümunələri ilə bağlı aparılmış ekspedisiya tədqiqatlarında alimlərimiz heç bir fədakarlıqdan çəkinməmişlər. Azərbaycanın tanınmış botanik alimi, Dendrologiya İnstitutunun mərhum baş direktoru, "Qırmızı kitab"la bağlı Xızı rayonuna səfər zamanı faciəli şəkildə həyatını itirmiş AMEA-nın müxbir üzvü Tofiq Məmmədov regiona bir neçə dəfə səfər etmiş, "Qırmızı kitab"a daxil edilmiş dendroflora növləri ilə bağlı monitorinqlər aparmışdı.

"Qırmızı siyahı" növlərinin monitorinqləri Azərbaycanın tam nəzarətində olan və minalardan təmizlənmiş ərazilərdə aparılmışdır. Təəssüflər olsun ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə tədqiqat işlərini həyata keçirmək, real vəziyyətlə yerində tanış olaraq qiymətləndirmə aparmaq hələ də mümkün deyildir. Lakin əminik ki, tezliklə həmin ərazilərə də elmin qayıdışına real şərait yaranacaq, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "Qırmızı kitab"ının hazırlanması planları da reallaşdırılacaqdır.

Hazırda "Qırmızı kitab"ın III nəşrinin hazırlanması ilə bağlı elmi tədqiqatlar, xarakterik şəkil və yayılma xəritələri ilə birgə oçerklərin yazılması başa çatdırılmış, son redaktə və tərtibatla bağlı yaradıcı kollektivin üzərinə düşən işlər də yekunlaşmaq üzrədir.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: