Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Heydər Əliyev-100: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri” adlı konfrans keçiriləcək
02.02.2023 11:02
  • A-
  • A
  • A+

“Heydər Əliyev-100: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri” adlı konfrans keçiriləcək

27 aprel 2023-cü il tarixində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri” adlı respublika elmi konfransı keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə 1970-ci illərdən başlayaraq böyük dəstəyi olub. O, tarix və arxeologiya elmlərinə, xalqımızın mədəni irsinin öyrənilməsinə xüsusi əhəmiyyət verirdi. Bu diqqət və qayğının nəticəsində alimlərimizin bir sıra vacib nailiyyətləri olub. Hal-hazırda bu istiqamatdə işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Konfransa təqdim olunan çıxışların mövzuları Azərbaycanda arxeoloji, etnoqrafik və antropoloji tədqiqatlara həsr olunmalıdır. Ulu Öndərin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində verdiyi töhfələr və indiki dövrdə bu işlərin ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilməsi haqqında müxtəlif bilgiləri məqalələrinizdə qeyd etməyiniz tövsiyə olunur.

Konfrans təqdim olunacaq materiallar üçün qaydalar:

- Mətnin həcmi 9000 – 18.000 arası işarədən ibarət olmalıdır (söz arası məsafə istisna olmaqla). Mətnin həcminə xülasə və ədəbiyyat siyahısı daxildir. Məqaləyə şəkil və tablolar əlavə olunarsa, o zaman hər əlavə olunan səhifəyə görə mətnin həcmi 1800 işarə azalmalıdır;

- Məqalənin mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla yazılır. Məqalənin həcmi 15 səhifədən artıq olmamalıdır (xülasə, ədəbiyyat siyahısı və şəkillər daxil olmaqla).;

- Mətnin birinci sətrində müəllifin adı və soyadı, mötərizədə elmi dərəcəsi və elmi adı qeyd olunmaqla səhifənin sağ tərəfində göstərilir;

- İkinci sətirdə müəllifin E-mail adresi səhifənin sağ tərəfində göstərilir, üçüncü sətir boş saxlanılır, dördüncü sətirdə məqalənin adı səhifənin ortasında qalın (bold) şriftlə göstərilir;

- Məqalənin adından sonra bir sətir boş buraxılır və məqalənin xülasəsi verilir – həcmi 100-150 söz. Məqalə Azərbaycan dilində təqdim edildikdə xülasə ingilis dilində verilməlidir. Məqalə rus dilində təqdim edildikdə xülasə Azərbaycan və ingilis dillərində verilməlidir. Məqalə ingilis dilində təqdim edildikdə xülasə Azərbaycan dillində verilməlidir;

- Xülasədən sonra bir sətir boş buraxılır və məqalənin məzmununu əks etdirən 5 açar söz Azərbaycan və ingilis dillərində yazılır;

- Məqalədə istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir və mənbə göstərilir;

- Şəkillər ardıcıl nömrələnir. Məqalədə bir şəkil olduqda o nömrələnmir. Məqalənin sonunda şəkillərin siyahısı yazılır – “Şəkil” sözü, onun sıra nömrəsi və şəklin adı yazılır. Məqalə mətnində istifadə olunan şəkillərin hər birinə istinad edilir. Məqaləyə daxil edilən şəkillər keyfiyyətli olmalıdır. JPEG ya da TIFF formatlarında olması vacibdir. Şəkillərin elektron sənəd (JPEG ya da TIFF) adı məqalədə istinad olaraq göstərilmiş şəkillərin sıra nömrələrinə müvafiq olmalıdır. Şəkillərə istinad mötərizədə şəkilin nömrəsi ilə verilir;

- Mətndə istifadə olunacaq mənbələrə və müəlliflərə mütləq şəkildə istinad olunmalıdır. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, s.162; 155 s.23] və s;

- İstifadə edilmiş ədəbiyyat siyahısı mətnin sonunda verilir. İstifadə edilmiş ədəbiyyat siyahısı əvvəlcə latın əlifba sırası ilə, sonra isə kiril, ərəb və s. əlifbaları ilə düzülür və ardıcıl olaraq nömrələnir. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı və ya nəşrin adı ilə verilir.

Materiallar 10 mart 2023-cü il tarixinədək institutun icraçı direktoru, t.ü.f.d. Zaur Həsənova (zaurmail@gmail.com) göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: