Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Səfirliyimizə qarşı terror hücumunu, soydaşlarımıza qarşı dözülməz münasibəti qəti şəkildə qınayırıq
03.02.2023 10:50
  • A-
  • A
  • A+

Səfirliyimizə qarşı terror hücumunu, soydaşlarımıza qarşı dözülməz münasibəti qəti şəkildə qınayırıq

İranda son zamanlar baş verən hadisələr, xüsusən də Azərbaycan Respublikasının Tehrandakı səfirliyində həyata keçirilən terror aktı bir daha “İslam” pərdəsi altında gizlənmiş bu qonşu dövlətin iç üzünü bütün dünyaya bəyan etdi.

Bu gün İranda İslam dəyərlərinə və Qurani-Kərimin tələblərinə yanaşma sırf simvolik xarakter daşıyır. Təəssüf ki, bu ölkədə bəzi dairələr İslam dinindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edirlər. İranda insan azadlığı və insan hüquqları “İslam” pərdəsi altında tapdalanır. 21-ci əsrdə qadınları şallaqlayan, daş-qalaq edən, dar ağacından asan dairələr hansı insan hüquqlarından danışır? Ailə, məişət, əxlaq və davranış məsələlərində zorakılıq və haqsızlıq hökm sürür. İran konstitusiyasında insanlara verilmiş yarımçıq hüquqlar belə onların əlindən alınır. Konstitusiyada bərabərlikdən, insan hüquqlarından, insan azadlıqlarından bəhs olunduğu halda, əməldə onlara riayət olunmur.

İslam dininin əsasını sülhə, əmin-amanlığa, haqqa, mərhəmətə çağırış təşkil edir. Fəqət indi bunların heç birinə riayət edilmir. İranda yaşayan onlarla xalqa öz dilində yazıb-oxumaq, məktəbə getmək hüququ verən, millətlərin bərabərliyini təsbit edən 15-ci və 19-cu maddələrin icrasına yol verilmir.

Allahın verdiyi ana dilində təhsil almaq hüququ hər bir insanın əzəli haqqıdır. Özünü Azərbaycanın “dostu” və “din qardaşı” adlandıran İran Azərbaycanın ərazi bütövlüyünü “tanısa” da, İslam Konfransı Təşkilatı və onun Parlament İttifaqında təcavüzkar Ermənistanı qınayan, Azərbaycanın işğal olunmuş ərazilərində müqəddəs islam abidələrinin və məscidlərinin dağıdılmasını pisləyən, üzv dövlətləri işğalçı Ermənistanla bütün əlaqələri kəsməyə çağıran qərar və qətnamələrə səs verdiyi halda, həqiqətdə daim Ermənistana hərtərəfli dəstək verir, ərzaqdan tutmuş neft və qaza qədər, hər növ silahdan tutmuş informasiya dəstəyinə qədər bütün zəruri tələblərlə təmin edir.

Son 30 ildə bu iki dövlət arasında salınmış körpülər, yollar, tunellər İranın Ermənistana yolladıqlarını mənzil başına tez çatdırmaq üçün təcavüzkar dövlətə mərhəmət və qayğının misalıdır. İranın statistikasında da rəsmən göstərilir ki, İran-Ermənistan ticarət dövriyyəsi ilbəil artır. Ulu Öndər Heydər Əliyev vaxtıilə Şərqi Azərbaycan ostanının valisini qəbul edərkən dediyi sözlər İranın Ermənistana necə dəstək verdiyinə gözəl misaldır. O, Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın “Əgər İran bircə həftə bizə ərzaq göndərməsə İrəvan acından ölər”, - etirafını xatırlatmışdı. Qəribə də olsa, İranın istər İslam inqilabından əvvəl, istərsə də sonra elmi, ictimai fikrində, kütləvi informasiya vasitələrində sovet Azərbaycanı, sonra Azərbaycan Respublikası terminlərini işlətməkdən, demək olar ki, imtina edilir, müxtəlif yanlış ifadələrə üstünlük verilir: Qafqaz, Cənubi Qafqaz, Aran, Arazın Şimalı, Azərbaycan əvəzinə Bakı, azərbaycanlılar əvəzinə müsəlmanlar və s. Millətçi ziyalı iranlılar sanki Azərbaycan Respublikası terminini işlətməməklə müstəqil Azərbaycan dövlətinin mövcud olmadığına özlərini inandırmaq istəyirlər. Həqiqət isə bundan ibarətdir ki, İran KİV-nin məqalələrində və qərəzli elmi araşdırmalarda “Azərbaycan Respublikası” ifadəsinə qısqanclıqla yanaşılsa da, iranlılar belə bir dövlətin mövcud olduğunu, daim inkişaf etdiyi və qüdrətləndiyini yaxşı bilirlər. 44 günlük II Qarabağ müharibəsində Azərbaycanın Zəfəri də İran dövlətinin Azərbaycan Respublikasına qarşı qısqanclığını daha da artırdı. Məhz Azərbaycan Respublikasının artan qüdrəti və nüfuzunu gözü götürməyənlər onun İranla münasibətlərini gərginləşdirmək yolunda hər təxribata əl atırlar. Tehrandakı səfirliyimizdəki terror aktı da buna bariz misaldır. Bu hadisə terrorun İranın dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha göstərdi. Hadisə zamanı səfirliyin qarşısında duran İran polisinin fəaliyyətsizliyi və terrorçunun onun qarşısından çox arxayın, hətta müəyyən əlaqənin olduğunu bildirən işarəni göstərərək keçməsi, səfirliyə hücumun davam etdiyi az olmayan müddətdə də İran polislərinin heç bir müdaxiləsinin olmaması bu ölkənin rəsmilərinin “ailə münaqişəsi” donu geyindirmək istədikləri hücumun terror aktı olduğunu təqdiqləyir.

İran dövlətinin tək Azərbaycan Respublikasına deyil, eləcə də milliyətcə Azərbaycan türkü olan öz vətəndaşlarına qarşı dözülməz münasibətini də bu günlərdə Cənubi Azərbaycanda baş verən zəlzələdən sonra onlara nəinki yardım etməməsi, hətta yardımlara mane olması faktları da açıq-aşkar nümayiş etdirir.

İstər səfirliyimizə qarşı terror hücumunu, istərsə də soydaşlarımıza qarşı dözülməz münasibəti qəti şəkildə qınayırıq.

Gövhər BAXŞƏLİYEVA, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru,  akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: