Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2023 14:10
  • A-
  • A
  • A+

Ziyarət dağında yerləşən alban abidəsində erməni saxtakarlığı

Ziyarət dağında yerləşən alban abidəsində erməni saxtakarlığı

Qafqaz Albaniyasına məxsus dini qibləgahlardan biri, Xocavənd rayonu ərazisində dəniz səviyyəsindən 2480 metr hündürlükdə, Qarabağ silsiləsinin cənub-şərqində yerləşən Ziyarət dağıdır. Alban tarixçisi Moisey Kalankatuklunun məlumatına görə, Albaniyada çar I Urnayr tərəfindən xristianlıq rəsmi dövlət dini elan edildi. I Urnayrın ölümündən sonra 330-337(8)-ci illərdə xristianlığın yayılmasının ikinci mərhələsində ilk alban katolikosu Qriqoris olub. Onun ilk dəfn olunduğu yer Amaras şəhərinin Haband vilayətində yerləşən Ziyarət dağı idi. Moisey Kalankatuklunun məlumatına görə, Qriqorisin qalıqları Haband vilayətində yerləşən monastırın şimalında (cənubunda) olan kilsədə saxlanmışdır. Kilsənin cənubunda (şimalında) tikili qalıqları (ölçüləri: 9,8x3,8 metr) və qala divarlarının bir hissəsi zəmanəmizə qədər gəlib çatmışdır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib.

O qeyd edib ki, Ziyarət dağı xristianlıqdan öncə də müqəddəs məkan kimi Ağoğlan piri adı ilə tanınıb. Din dünyagörüşü dəyişir, lakin müqəddəs məkanlarda dəyişməz prinsip və işləmə mexanizmini biz Ziyarət dağında da görə bilərik. Hazırda burada mövcud olan kilsənin uzunluğu 11,75, eni 6,70, hündürlüyü 5 metrdir. Tikili birnefli bazilka olmaqla tağvari örtüyə və nalvari altara malikdir. Əsas giriş qərb divarında olmaqla, şərq, qərb və cənub divarlarında mizraqvari pəncərələr var. Kilsə kobud formada yonulmuş yerli daşlardan istifadə edilməklə inşa olunub. Alban tarixçisinin verdiyi məlumatlardan aydın olur ki, alban çarı III Mömin Vaçaqan hakimiyyətdə olduğu dövrdə müqəddəs Qriqorisin cəsədinin axtarışına çıxıb, onun qalıqlarını taparaq Amaras monastırında dəfn edilməsinə nail olub. Məlumatlardan belə aydın olur ki, xristianlıq Albaniyada rəsmi dövlət dininə çevrildikdən sonra alban çarları dövlət idarəçiliyi sahəsində mühüm qərarlar veriblər. Bu istiqamətdə Alban çarı III Mömin Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen kilsə məclisi mühüm rol oynayıb. Bu məclisdə Albaniya dövlətinin konstitusiyası rolunu oynayan 21 maddədən ibarət mühüm qanun qəbul edilib. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilib.

“Qarabağ regionunun ən yüksək dağlıq ərazisində yerləşən bu möhtəşəm alban abidəsi də erməni işğalçılarının qeyri-qanuni fəaliyyətlərindən kənarda qalmayıb. Belə ki, hazırda Rusiya vətəndaşları olan erməni əsilli Arakeliyan qardaşları Armik, Narvik və Tiqranın maliyyə dəstəyi ilə “bərpaçı memar” Samvel Ayvazyanın layihəsinə əsasən icraçı Martiros Çalumyanın nəzarəti altında alban kilsəsində qeyri-qanuni təmir-bərpa işləri görülüb. Tağvari örtüyə malik kilsənin dam örtüyü sökülərək çatmavari formaya salınıb, üzərinə dəmir beton konstruksiyası yığılaraq Ermənistan istehsalı olan kirəmitlər döşənib. Kilsənin daxili kompozisiyası da ciddi dəyişikliyə məruz qalıb. 44 günlük Vətən müharibəsi dövründə Ağoğlan qəsəbəsinin işğaldan azad edilməsi ilə müqəddəs məkan sayılan Ziyarət düşmən tapdağından xilas edilib”, - deyə alim bildirib.

AzərTac

  • Paylaş: