Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İranın nüvə proqramı və Azərbaycan: tarixin dərsləri
07.02.2023 17:42
  • A-
  • A
  • A+

İranın nüvə proqramı və Azərbaycan: tarixin dərsləri

İranın nüvə proqramı və onun məqsədi, hətta siyasət ilə məşğul olmayanlar üçün belə, tamamilə aydındır.  İran “sülh atomu” adı altında nüvə silahı əldə etmək istəyir. Bununla da müasir dövrdə atom silahına malik olan “Atom klubuna” (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan və İsrail) qoşulmağa cəhd edir.

Bu proqramın əsasları hələ şah dövründə qoyulsa da, İran İslam Respublikası zamanı daha ciddi xarakter almışdır. İranın 15 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş üzvü–ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və eyni zamanda Almaniya arasında bağlanmış atom müqaviləsinin əsas məqsədi də onu belə bir istəkdən məhrum etməyə yönəlmişdir. ABŞ-ın 8 may 2018-ci ildə bu müqavilədən çıxması ilə yeni bir situasiya meydana gəlmişdir. Buna baxmayaraq, İranın inadla bu proqramı davam etdirməsinə dair məlumatlar vardır.  Uranın zənginləşdirilməsi sahəsində atom müqaviləsi üzrə müəyyən edilmiş həddi dəfələrlə keçən İran atom silahı əldə edilməsinə məqsədyönlü şəkildə yaxınlaşmaqdadır.

İranın atom proqramının müvafiq silaha aid strategiyasının yönəldiyi əsas hədəflərdən birinin İsrail olması açıq-aydın ifadə edilir. İran Azərbaycan və İsrail arasındakı dostluq və qarşılıqlı münasibətlərin yüksək səviyyəsinə düşmənçiliklə yanaşaraq, Azərbaycanı təhdid edən təbliğat aparır. Bu təbliğat İsrail üzərinə hücumun Azərbaycandan keçməsini təlqin edir. Bununla atom proqramının hədəfləri sırasına Azərbaycanın da daxil edildiyi aydın olur. Bu məsələdə qeyd edilən faktın rolu nəzərə alınmaqla birgə, demək lazımdır ki, İranın Azərbaycana qarşı açıq və ya gizli düşmənçilik münasibətləri də burada həlledici yerlərdən birini tutur. İranın Azərbaycana qarşı siyasətinin tarixi dinamikasında bugünkü reallıq da deyilənləri təsdiq edir.

Qacarlar dövləti Rusiya imperiyası ilə 1804–1813-cü illər müharibəsində məğlub olduqdan sonra, yeni müharibəyə hazırlaşmağa başlamışdır. Növbəti müharibə 13 il sonra, 1826–1828-ci illərdə baş verdi. Bu arada Osmanlı dövləti ilə də Rusiya arasındakı soyuq münasibətlər 1806–1812-ci illər müharibəsinə səbəb oldu. Qacarlar bu müharibədə Osmanlı dövləti ilə ittifaq yaratmadılar. Əksinə, Qacarlar ilə Osmanlı dövləti arasında 1821–1823-cü illər arasında müharibə baş verdi. Bu müharibə Rusiya imperiyasının regiona intensiv müdaxilə etdiyi dövrdə hər iki dövlətin hərbi-siyasi potensialını zəiflətdi və Rusiya üçün əlverişli şərait yaratdı. 1826–1828-ci illər müharibəsində də məğlub olan Qacarlar, 1828–1829-cu illər Osmanlı–Rusiya müharibəsində də türklərlə birləşmədi.

Hadisələrin sonrakı gedişində Osmanlı dövləti ilə  Rusiya arasında müharibələr davam etsə də (1853–1856-cı illər Krım müharibəsi, 1877–1878-ci illər rus–türk müharibəsi və s.) İran nəinki Rusiya imperiyası ilə hərbi konfliktə getmədi, hətta onun ərazisi rus hərbi qüvvələrinin platformasına çevrildi. 1879-cu ildə Rusiya tərəfindən İranda mühüm səlahiyyətlərə malik olan və istədiyi halda onun daxili işlərinə qarışan Kazak diviziyası təşkil edildi. Rusiya 1905–1911-ci illər İran inqilabı və I Dünya müharibəsi dövründə İrana hərbi müdaxilə etdi. Rusiya qarşısında hərbi baxımdan aciz qalan İran imperiyanın dağılması və 1918-ci ildə müstəqil  Azərbaycan Cümhuriyyətinin yaradılması ilə cildini dəyişdi. Cəsarətləndi və Cümhuriyyətə qarşı ərazi iddiaları irəli sürməyə başladı və s. 

Azərbaycanın 1920-ci ildə sovetləşdirilməsi və yeni meydana gələn Sovet Rusiyasının regionda mövqeyinin güclənməsi İran hakimiyyətinin xarakterini bir daha üzə çıxardı. Sovet Rusiyası ilə İran arasında bağlanan 1921-ci il müqaviləsi ilə Türkmənçay müqaviləsi rəsmən ləğv edilsə də, onun ərazi ilə bağlı olan müddəası qüvvədə qaldı. Sovet dövləti müqavilənin 5 və 6-cı maddələrinə əsasən, təhlükə yaranacağı təqdirdə İranın ərazisinə qoşun yeritmək hüququ əldə etdi. Azərbaycan SSR-in 1922-ci ilin sonlarında SSRİ-nin tərkibinə daxil edilməsindən sonra İran xarici siyasətini SSRİ ilə davam etdirməli oldu. İran Rusiya imperiyası dövründə olduğu kimi, SSRİ qarşısında da hərbi baxımdan aciz qaldı. 1941-ci ildə isə sovet qoşunları İrana daxil oldu və yalnız 1946-cı ildə oradan çıxdı. İran-Sovet münasibətləri bundan sonrakı dövrlərdə SSRİ-nin dağılmasınadək hərbi konflikt olmadan davam etdi.

SSRİ-nin dağılması və 1991-ci ildə müstqəil Azərbaycan dövlətinin meydana gəlməsi İranı Azərbaycana qarşı yenidən fəallaşdırdı. Burada bir neçə dövr ayırmaq olar: 1)1991–1994-cü illər. İran Ermənistanın Azərbaycan torpaqlarını işğalının sistemli şəkildə həyata keçirilməsinə gizli dəstək verdi.   Şuşa şəhərinin işğalında İranın siyasətinin də mühüm yeri olduğu məlumdur. 2)1994-2020-ci illər. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından sonra İran Azərbaycanın neft strategiyasının həyata keçirilməsinə mane olmağa çalışdı. Xəzərin hüquqi statusunun müəyyən edilməsinə hər vasitə ilə əngəl yaratmaqla bu strategiyanın həyata keçirilməsində destruktiv mövqe tutdu. 2001-ci ilin iyulunda İran hərbi təyyarələrinin Xəzər üzərindəki uçuşları da təsadüfi xarakter daşımırdı. 3) 2020-ci il 27 sentyabr–10 noyabr–İkinci Qarabağ müharibəsi dövrü. Bu dövrdə İran bir müddət hadisələrin gedişinin Ermənistanın xeyrinə dəyişə biləcəyini düşünüb, gözləmə mövqeyi tutdu. Bəzi faktlar göstərir ki, İranın Ermənistan tərəfindən müharibəyə dəstək verməsi planları da olmuşdur. Azərbaycanın müharibənin gedişindəki parlaq qələbələri İranın mövqeyinin dəyişməsinə təsir göstərmişdir. 4) Post-müharibə dövrü. Bu dövrdə İran, demək olar ki, əvvəlki dövrlər üçün xarakterik olan siyasi-diplomatik oyunlardan açıq şəkildə anti-Azərbaycan fəaliyyətə keçmiş, bununla da İranın Azərbaycana qarşı siyasəti tarixən yeni mərhələyə daxil olmuşdur. Post-müharibə dövründə Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərdən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktına qədər amplitudada baş verənlər ciddi mülahizələr irəli sürülməsinə səbəb olmudur. Onlardan biri də İranın Azərbaycan Respublikası ilə  müharibə riskinin gündəliyə çıxması ilə bağlıdır.

Bu halda İranın Azərbaycan Respublikasına qarşı yönəlmiş hərbi təcavüzkarlıq planının nüvə proqramının tərkib hissəsi olan atom silahının əldə edilməsi ilə onun hədəflərindən birinə çevrilməsi ehtimalının irəli sürülməsini zəruri edir.

Azərbaycanın  xarici  siyasəti İran və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında həyata keçirilməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycan  istər regionda, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi siyasi xətt ilə ölkənin milli təhlükəsizliyinin təmin edilməsinin möhkəm bünövrəsinin formalaşdırılmasını uğurla davam etdirir. Bu xətt İranın bütün anti-Azərbaycan siyasətinin, o cümlədən onun atom proqramının Azərbaycan üçün də yarada biləcək təhlükəsinin  qarşısının alınması üçün olduqca vacibdir.

Kərim ŞÜKÜROV, tarix elmləri doktoru, professor

“Xalq qəzeti”

  • Paylaş: