Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Erməni faşizminin qanlı əməlləri - Bağanis Ayrım, İmarət-Qərvənd, Tuğ, Meşəli və Qaradağlı qətliamları
17.02.2023 10:24
  • A-
  • A
  • A+

Erməni faşizminin qanlı əməlləri - Bağanis Ayrım, İmarət-Qərvənd, Tuğ, Meşəli və Qaradağlı qətliamları

Qafqaz regionunun dinc həyatı XIX əsrin əvvəllərində çar Rusiyasının işğalçı müharibələri və müstəmləkə siyasətinin tərkib hissəsi olaraq, ermənilərin köçürülməsi ilə pozuldu. Bu hadisələr Qafqazın yeni tarixində faciəli dövrün başlanğıcı oldu. XIX əsrin sonlarında “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” kimi terrorçu siyasi təşkilatlar yaradan ermənilər türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. XX əsr Anadoluda və Azərbaycanda dinc müsəlman əhalisinə qarşı qanlı əməllər törədən erməni faşizminin tüğyan etdiyi dövr oldu. XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin Şərqi Anadoluda və Azərbaycanda törətdiyi soyqırımları nəticəsində bir milyondan artıq insan öz doğma el-obasını tərk edərək qaçqın vəziyyətinə düşdü, minlərlə insan qətlə yetirildi, yaşayış məntəqələri, tarixi-mədəni abidələr viran edildi, yer-yurd adları qondarma erməni adları ilə əvəz edildi.

Bu fikirləri AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O qeyd edib ki, 1948-1953-cü illərdə keçmiş SSRİ rəhbərliyinin fəal dəstəyi sayəsində və qəbul etdiyi anti-humanist qərarları əsasında ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisindən iki yüz min nəfərə yaxın, 1988-1991-ci illərdə isə iki yüz əlli min nəfərdən artıq azərbaycanlı öz əzəli yurd yerindən qovuldu. Hazırda Ermənistan adlandırılan, əslində isə Azərbaycan türklərinin əzəli yurd yeri olan Qərbi Azərbaycan ərazisində azərbaycanlılara aid 702 yaşayış məntəqəsinin adı qondarma erməni adları ilə əvəz edildi: “Keçən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə ermənilərin ərazi iddialarının qarşısı alındı. Lakin 80-ci illərin sonlarında SSRİ rəhbərliyinin Heydər Əliyevə qarşı təzyiqləri nəticəsində onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan xalqının tarixində faciəli dövr başlandı. 1988-ci ildə Birinci Qarabağ müharibəsi başlayanda SSRİ rəhbərliyindən fəal dəstək alan ermənilər həm Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə çıxış etməyə, həm də dinc əhaliyə qarşı deportasiya və soyqırımları həyata keçirməyə başladılar. Erməni faşizminin ən qəddar əməli 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı oldu. Lakin Xocalı soyqırımınadək ermənilər Qazax rayonunun Bağanis Ayrım kəndində, Qarabağın İmarət-Qərvənd, Tuğ, Salakətin, Axullu Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin dinc əhalisi olan azərbaycanlılara qarşı qətliamlar törətdilər. Qeyd edək ki, bu kəndlərin hamısının əhalisi Azərbaycan türkləri idi.

1990-cı il martın 24-də erməni silahlılarının rus hərbçilərinə məxsus hərbi texnika ilə birlikdə Qazax rayonunun Bağanis Ayrım kəndinə hücumu nəticəsində yeddi nəfər qətlə yetirildi, bir ailənin 5 üzvü öldürüldükdən sonra üstlərinə benzin tökülərək yandırıldı. Bu hadisə, erməni faşizminin əsl simasını göstərirdi. Birinci Qarabağ müharibəsi dövründə erməni faşizminin növbəti hədəflərindən biri də Ağdərə rayonunun İmarət-Qərvənd kəndi oldu. Murovdağ silsiləsinin ətəyində Ağdaban çayının sahilində yerləşən İmarət-Qərvənd kəndində işğaldan öncə 210-a qədər ev vardı. Kəndin ümumi əhalisinin sayı isə 1600 nəfərə yaxın idi. 1991-ci il sentyabrın 17-də qəfil hücuma keçən düşmən kəndi hər tərəfdən mühasirəyə aldı, dinc sakinlərə məxsus evlər yandırılmağa başlandı. Düşmənin müasir silah və texnikasına qarşı ov tüfəngi ilə mübarizə aparan kənd sakinləri Azərbaycanın ozamankı rəhbərliyindən kömək istəsə də, heç bir yardım göstərilmədiyindən vəziyyət gərginləşdi”.

Ramin Əlizadə bildirib ki, həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğundan mərkəzi hakimiyyətdə təmsil olunan şəxslərin antimilli mövqeyi açıq-aşkar düşmənin dəyirmanına su tökmək demək idi: “1991-ci il sentyabrın 18-də düşmən kəndin ərazisini “Alazan” raketləri ilə bombardman etməyə başladı. Kənd od tutub yanırdı. Elə ilk günlərdə kəndin dinc sakinlərindən 15 nəfər şəhid oldu. Məhz İmarət-Qərvənd qətliamından sonra türk qanına susamış erməni faşizmi Qaradağlı, Xocalı, Ağdaban və Ballıqaya kimi soyqırımları silsiləsi törətdi. Tuğ kəndində isə erməni faşizmi hələ Birinci Qarabağ müharibəsinin əvvəlində öz qanlı əməlləri ilə fəaliyyətə başlamışdı. O zaman Tuğ kəndinin 9-cu sinif şagirdi erməni əsilli idman müəllimi tərəfindən qətlə yetirilmiş, 1991-ci il oktyabrın 31-də kəndin işğalı zamanı isə 5 nəfər dinc sakin erməni terrorunun qurbanı olub. Meşəli və Qaradağlı kəndlərində baş verən qətliamlar isə daha dəhşətli idi. Ümumiyyətlə, 1991-ci ilin oktyabr və noyabr ayları ərzində Qarabağda 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı və Kərkicahan kimi kəndlər Ermənistan silahlı qüvvələri, həmçinin onlara kömək edən rus hərbçiləri tərəfindən yandırıldı və əhalisi qətlə yetirildi. Həmin il dekabrın 23-də erməni silahlıları səhər tezdən Meşəli kəndini mühasirəyə alaraq soyqırımına başladılar. Meşəli kəndində ermənilərin törətdiyi qətliam nəticəsində nəinki gənclər, hətta yaşlılar, qadınlar və uşaqlar da məhv edildi. Kəndin 12 nəfər dinc sakini qətlə yetirildi, 15 nəfər isə ağır yaralandı.

1992-ci il fevralın 14-də sübh çağı Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ silahlı qüvvələrinə məxsus olan 366-cı motoatıcı alayın hərbi qüvvəsi və texnikası ilə birlikdə Xocavəndin Qaradağlı kəndinə hücuma keçdi. Kənd düşmən tərəfindən mühasirəyə alınır. Fevralın 17-də kəndin yerli sakinləri 11 saat düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparsa da, həm hərbi qüvvələrin azlığı, həm də silah-sursat çatışmazlığı ucbatından kənd təslim olur, düşmən isə bu qədim türk yurdunu işğal edərək yandırır. Qaradağlı kəndinin 101 nəfər dinc sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Fevral ayının sonunda isə erməni faşizminin ən qanlı cinayət aktı olan “Xocalı soyqırımı” baş verdi. Erməni faşizminin Xocalıya yolu Qaradağlıdan başlandı”.

AzərTac

  • Paylaş: