Ümumiləşmiş ensiklopedik fikirlərə görə Qafqaz albanlarının ilk dövləti eradan əvvəl I minilliyin sonlarında yaranmışdır. Əslində Alban dövlətçiliyi Troya və Urartu dövründə mövcud idi. Urartu çarı Sarı Turun (ermənilərin iddialarına görə Sardurun) kitabəsində yazılıb: “Həmin il albanların gölün o tərəfindəki ölkəsinə qoşun yeritdim. Göyçə gölü ilə Kür çayı arasında onların 20 şəhəri, 120 kəndini tutdum”. Albanların etnik icmaları və patriarxları haqqında məlumat Urartu çarı Uruzun Alçalu kəndindən tapılan kitabəsində də vardır. Orada göstərilir ki, albanların ölkəsində Ay, Ultuz, Kuyaş-günəş, Ut-od, Er-ərən, Ama-ana adlı qəbilələr yaşayırlar.
Bu fikirlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoyun “Albanlar Troya və Urartu dövründə” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, kimerlər Urartu ordusunu məğlub edəndə albanlar təhlükədən xilas oldular. Romalılar Qafqaza gələndə artıq onlar irili-xırdalı 26 tayfanı birləşdirib yeni ittifaq yaratmışdılar. Kiçik istisna ilə həmin tayfaların və başçılarının adları türk adlarıdır.
Pompey Kür çayını keçib Albaniya çarı Uruzun qardaşı Quzu ilə vuruşmuşdu. Ancaq Uruzun adı Oroys, Quzunun adı Kozis kimi dərsliklərə daxil edilmişdi. Halbuki “Armeniya və Rim” kitabının 1843-cü il Sankt-Petrburq nəşrində çarın adı Oroz, qardaşının adı Kuzu formasındadır.
Quzu döyüşdə öldürüldü, Uruz İveriyanın içərilərinə çəkildi. Albanlar o zaman Kala adlanan Tiflislə Qırmızı körpü və Qarayazı arasında Ucar, Çoban, Çumlak, Er, Sapar, Çor, Qax, Qux, Toz və başqa şəhərlərini saldılar.
Gürcülər Toz mahalını Duşeti, Er, yəni Ərən mahalını Ereti adlandırırlar. Ucar şəhərinə Ucarma, Qax mahalına Kaxeti deyirlər.
Xristianlıqdan qabaq albanların İveriyanın cənub-şərqində Tokuz Çoxrax Kapi adlı məbədi var idi. Məbəd yerdən qaynayıb çıxan doqquz bulağın üstündə tikilmişdi.
Tokuz doqquz, çoxrax bulaq, kapi qapı deməkdir. Azov Urumları indiyəcən bulağa çoxrax deyirlər:
İndim çoxrax başına,
Yazı yazdım taşına.
Sevda nedir bilmedim,
O da qeldi başıma.
Urartu qaya yazılarında, kilsə salnamələrində Alban çarlarının, patriarxlarının adları qalmışdır. Kiçik istisna ilə o adların hamısı türk adlarıdır.
Türk mənşəli Alban yepiskoplarından birinin adı Şəqaq idi. İveriya hakimi II Ər Şuşanın dəvəti ilə Mesrop Maştos qarqarların yanından Bərdəyə gəlmiş, yepiskop Şəqaqla birlikdə Bərdə əlifbasını tərtib etmişdi.
Şəqaq türk nəslidir. Ermənilər Şəqaq nəslindən olan din xadimlərinin adını Saxak kimi yazmaqla uzun zaman türkoloqların diqqətini yayındırıblar.
Şəqaqın tərtib etdiyi əlifba 52 yox, 38 hərfdən ibarət idi. Həmin əlifba ilə yazılmış mətnlərdən ikisi Mingəçevirdən tapılıb. Arxeoloq Vahidovun tapdığı bürünc şamdan üzərində tanqri, yəni tanrı sözü aydın oxunur.
Başqa bir Alban yepiskopunun adı Bakur idi. Bakur 488-ci ildə keçirilən Alban kilsə məclisinin qərarını imzalamışdı.
Albanlar Göyçə gölü ətrafına gəlməzdən qabaq indiki Türkiyə ərazisində Troyanın şərqində yaşayırdılar. Alban etnik icması haqqında sənədlərdən biri Kayseri şəhəri yaxınlığındakı Kül təpədən tapılmışdır.
Eradan əvvəl II minilliyin ortalarına aid olan həmin mətndə yazılıb ki, Alban tacir icması başçısının 8 talant bürünc külçələri vardır. Makedoniyalı İsgəndərin zamanında 1 talant 8 kiloqram 902 qram idi.
Albanların bir hissəsi Troyanın süqutundan – eramızdan əvvəl 1334-cü ildən sonra Göyçə gölü ətrafına gəldi, bir hissəsi Eneyin arxasınca İtaliyaya köçüb getdi.
İtaliyaya köçənlər Eneyin oğlu Azxanın başçılığı altında Alban dövlətinin əsasını qoydular. Yunanlarla, romalılarla min ildən artıq vuruşdular. Sonra şimala - indiki Avropa Albaniyasına çəkildilər.
Azərbaycan tarixçilərinin bəzilərinə görə, Qafqaz və Avropa albanları arasında hər hansı bir etnogenetik bağlantı yoxdur. Bəziləri isə düşünürlər ki, albanlar Qafqaza Avropadan gəliblər. Əslində isə albanlar eradan əvvəl II minillikdə Anadoluda yaşamış, Troyanın süqutundan sonra iki yerə bölünərək bir hissəsi Qafqaza gəlmiş, bir hissəsi Avropaya köçmüşdür.