Zəmanəmizin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımı XX əsrin digər soyqırımı aktları ilə (Xolokost, Babiy Yar, Xatın, Serebrenitsa və s.) müqayisə oluna bilər. Beynəlxalq qanunvericilik bu kimi cinayətləri birmənalı şəkildə soyqırımı hesab edir və onları insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi qiymətləndirir. Azərbaycan rəhbərliyi, hökuməti, Milli Məclisi, ictimaiyyəti, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarda və dünya dövlətlərinin parlametlərində Xocalı qətliamına soyqırımı və insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımlar atmış və atmaqdadır.
Bu fikirləri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. O bildirib ki, XX əsrin başlanğıcından erməni daşnakları tərəfindən xalqımıza qarşı dəfələrlə soyqırımı aktları və etnik təmizləmə həyata keçirilib. Əsrin sonuna yaxın Qarabağın yuxarı hissəsini Azərbaycandan ayırmaq, Ermənistana birləşdirmək məqsədilə erməni separatçıları tərəfindən hərbi əməliyyatlara başlanıldı və bu zaman dinc azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və kütləvi qətliam aktları həyata keçirildi. Dinc azərbaycanlı əhalisi öz dədə-baba torpaqlarından amansız işgəncələrə məruz qalaraq qovuldu, evləri yandırıldı, minlərlə insan, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirildi, girov götürülüb əsirliyin bütün acılarını yaşadılar, itkin düşdülər. Azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarca adam girov götürülüb, kənd isə yandırılaraq yer üzündən silinib. Bu cinayətlərdən ən dəhşətlisi Xocalıda oldu. Doğma torpaqlarını qoruyan azərbaycanlıları qorxutmaq və onların mübarizə əzmini qırmaq məqsədilə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı əsl cinayət törədildi. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı (onlardan 63 uşaq, 106 qadın) milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
“Məlumdur ki, BMT Baş Məclisi 1948-ci il dekabrın 9-da “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 260 saylı xüsusi qətnamə ilə Konvensiya qəbul edib. Xocalı qətliamı bu Konversiyada soyqırımı cinayətinə verilmiş tərifə tam uyğun gəlir, yəni öncədən planlaşdırılmış kütləvi qırğın aktı Qarabağda yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək məqsədilə törədilib. Hətta qaçıb xilas olmaq istəyən dinc sakinləri erməni hərbçiləri təqib edərək qətlə yetiriblər.
Dövlətimiz bu cinayətin soyqırımı kimi tanıdılması və ona insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl iş aparır. Ölkənin bütün aidiyyəti qurumları Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırımı aktlarını, o cümlədən Xocalı qətliamını beynəlxalq miqyasda tanıtmaq üçün sistemli fəaliyyət göstərirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi qeyd olunmalıdır. Bu gün bütün səylərimiz Xocalı soyqırımını törətmiş qatillərin beynəlxalq ədalət məhkəməsinə çıxarılması və onların layiqincə cəzalandırılmasına yönəlməlidir”, - deyə G.Baxşəliyeva qeyd edib.