Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

01.03.2023 16:25
  • A-
  • A
  • A+

Biləsuvar rayonu Yedditəpə kurqanları haqqında arayış

Biləsuvar rayonu Yedditəpə kurqanları haqqında arayış

Kurqanlar Azərbaycan ərazisində geniş yayılmış qəbir abidələridir. Onların ən erkənləri eneolit dövrünə, sonuncu mərhələsi isə inkişaf etmiş dəmir dövrünə aid edilir. Kurqanların üst hissəsi torpaq və daş örtükdən, qəbir çalası isə torpaq, daş qutu, sərdabə və s. tipli ola bilir. Kurqanlarda tək, kollektiv, ölüyandırma adəti üzrə dəflər icra olunur. Azərbaycan ərazisində kurqanların daha geniş yayıldığı dövr son tunc-erkən dəmir dövrüdür.

Biləsuvar rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş abidələr yaşayış yerləri və kurqanlardan ibarətdir. Azərbaycan SSR Nazirlər Sovetinin 2 aprel 1968-ci il tarixli 140 nömrəli qərarı ilə rayonun Bəydili kəndi ərazisində 7 kurqan qeydə alınmışdır. Ötən əsrin 70-ci illərində 7 kurqandan ikisi dağıdılmış, ərazisi tikinti və təsərrüfat məqsədilə istifadə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq Biləsuvar rayonu ərazisindəki abidələr Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydə alınan zaman Yedditəpə kurqanları bir inventar nömrəsi ilə ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil edilmişdir. Hazırda 5 kurqanın hamısının ətrafı AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Biləsuvar rayonu üzrə baş mütəxəssisi İsayev Rafət Rzalı oğlu tərəfində çəpərlənmiş və kifayət qədər qorunurlar.

Kurqanların sərhədlərinin və mühafizə zolaqlarının müəyyən edilməsi prosesi yerli və mərkəzi icra orqanlarının iştirakı ilə həyata keçirilir və bu zaman arxeoloqlar rəyçi kimi iştirak edirlər. Hazırda Respublika ərazisində qeydə alınmış qoruqların sərhədləri və mühafizə zolaqlarının müəyyənləşdirilməsi ilə əlaqədar xüsusi komissiyaların işləməsinə baxmayaraq, ayrı-ayrı abidələrin sərhədləri ilə bağlı işçi qrupu yaradılmayıb və həmçinin bu zaman əsas götürüləcək meyarlar da müəyyən edilməyib. Məhz elə bu səbəbdən Yedditəpə kurqanlarının hər birində müdaxilə əlamətləri vardır. Yedditəpə kurqanlarına yerində baxış keçirilərkən aşağıdakılar müəyyən edildi.

Bir №-li kurqan (koordinatları 390 27’ 25” N; 480 33’ 47” E) Bəydili kəndi qəbristanlığının ərazisindədir və bu səbəbdən qorunması qənaətbəxşdir.

İki №-li kurqan 390 27’ 12” N; 480 33’ 53” E koordinatlarında yerləşir. “Kurqanın” ətrafı tamamilə dağıdılmış vəziyyətdədir. Bir tərəfindən su arxı qazılmış, digər tərəflərdən isə torpaq daşınmışdır. Yalnız bir tərəfdə, süni göllə arada olan hissədə kiçik yastan qalır. Bu hissənin də üzərində iki yarımçıq tikili inşa edilmişdir. Bu tikililər “kurqanın” mühafizə zolağından kənardadır və ona heç bir təsiri yoxdur. Hazırkı qalıqlara əsasən burada kurqan olmasını söyləmək mümkün deyil. Kifayət qədər dağıntılara məruz qalmış təpənin ətrafda heç bir maddi qalıqlara rast gəlinmir.

Üç №-li kuqan yerli əhali tərəfindən aerodrom adlandırılan ərazidə, 390 27’ 01” N; 480 33’ 55” E koordinatlarında yerləşir. Qismən dağıntıya məruz qalmış təpənin bir tərəfində yolun salınması ilə əlaqədar yarğan əmələ gəlmişdir. Yarğanda iki tərəfdə üfiqi şəkildə ağac dirlərin yanmış qalıqları izlənilir. Bu hissədə torpaq qatının çökməsi əlamətləridə diqqəti cəlb edir. Azərbaycan ərazisində tədqiq edilmiş bəzi kurqanlarda kurqanaltı sərdabələrin üzərinin ağac tirlərlə örtüldüyü və çox zaman dəfn prosesinin sonunda bu örtüyün yandırılması əlamətlərinə rast gəlinmişdir. Üç №-li kurqanın da bu tip qəbir abidəsi olması ehtimalı vardır.

Dörd №-li kurqan 390 27’ 20” N; 480 33’ 48” E koordinatlarında, şəxsi həyət evlərinin arasında yerləşir. Ətrafı çəpərlənmişdir. Ətrafda inşa edilmiş bir fərdi evin arxası kurqana tərəf olsa da, ona xələl gətirmir. Kurqanın arxa tərəfində isə yardımçı tikilinin inşa edilməsi ona xələl gətirmişdir. Çəpərin daxilində bir tərəfdə kiçik bir sahədə tikili inşa edilmişdir. Lakin tikintinin qarşısı alınmış və onun sökülməsi üçün xəbərdarlıq edilmişdir.

Beş №-li kurqan yerli əhali tərəfindən “Mal bazarı” adlanan sahədə, 390 26’ 46” N; 480 33’ 50” E koordinatlarında yerləşir. Ətrafında şəhid ailələri və qazilər üçün torpaqlar ayrılmış və onlar üçün fərdi evlərin inşasına başlanılmışdır. Bu kurqanın qorunma vəziyyəti qənaətbəxşdir.

Yekunda bildirmək istərdik ki, iki №-li kurqanın arxeoloji abidə olmasını kəşfiyyat qazıntısı ilə dəqiqləşdirmək mümkündür. Yanmış ağac tirlərin görsəndiyi üç №-li kurqanda isə təbii təsirlərlə dağılma prosesinin getdiyini nəzərə alsaq tədqiqata ehtiyacı olduğunu söyləyə bilərik.

S.AŞUROV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d., dosent

M.MUSTAFAYEV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin külliyatı şöbəsinin müdiri, t.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: