Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.03.2023 09:05
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin dekabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin dekabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

3 dekabr – Prezident Heydər Əliyev peşəkar vokal sənətinin banisi Bülbülün 100 illiyi münasibətilə müğənninin Bakıdakı ev-muzeyində oldu, yubiley tədbirində nitq söylədi.

4 dekabr - ABŞ-nin Azərbaycandakı səfiri Stenli Eskuderonun etimadnaməsini qəbul etdi.

7 dekabr - Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin nümayəndə heyəti ilə görüşdü.

8-11 dekabr - İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə oldu. Zirvə görüşündə nitq söylədi, Azərbaycanın Tehrandakı səfirliyini ziyarət etdi.

14 dekabr - “Uşaqlar dünyanın sevincidir” devizi altında Teleteatrda keçirilən şənlikdə çıxış etdi.

23 dekabr - Sosial-iqtisadi problemlərin həllinə, əhalinin təchizatını yaxşılaşdırmaq məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

25 dekabr- Dünya azərbaycanlılarına müraciət etdi.

27 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə nitq söylədi.

29 dekabr - “Azərsun” şirkətinin “Caspian İnvestment Bankı”nın yeni ofisinin və “Bakı Xəzər Bitkisel Yağ” fabrikinin açılışında iştirak etdi.

31 dekabr - Şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunan Yeni il şənliyində çıxış etdi.

“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafı üçün misilsiz xidmətlər göstərib. Milli və peşəkar musiqi sənətinə yüksək qiymət verən Ulu Öndər xalqımızın musiqi tarixində əvəzsiz xidmətləri olan insanların xatirəsinin əbədiləşdirilməsini, görkəmli sənət adamlarının yubileylərinin keçirilməsini hər zaman diqqətdə saxlayırdı.

Heydər Əliyev 1997-ci il dekabrın 3-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətinin banisi Bülbülün 100 illiyi münasibətilə müğənninin Fəxri xiyabandakı məzarını ziyarət etdi, onun ev-muzeyində oldu və yubiley tədbirində çıxış etdi.

Bülbülün mədəniyyətimizin, incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərdiyini və özündən sonra böyük irs qoyduğunu vurğulayan Ulu Öndər qeyd etdi ki, keçid dövrünün çətinliklərinə, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrinə baxmayaraq, mədəniyyətimizi yaşatmalı və tariximizi qiymətləndirməliyik. Sənətkarın zəngin yaradıcılığından ətraflı söz açan Heydər Əliyev Bülbülün təkrarolunmaz səsi, bənzərsiz ifası ilə xalqın sərvəti olduğunu vurğuladı.

Sitat: Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir. Azərbaycanın gözəl guşələrindən biri olan, canımız qədər istədiyimiz Qarabağ torpağında, müqəddəs Şuşa şəhərində dünyaya gəlmiş Bülbül öz fitri istedadı ilə, fədakarlığı ilə Azərbaycan mədəniyyətinin parlaq ulduzuna çevrilmiş və bizim milli iftixarımızdır…

Bülbülün sənəti, onun bu günə qədər lent yazılarında qalmış məlahətli, təkrarolunmaz səsi, parlaq yaradıcılığı, onun qoyduğu böyük irs Azərbaycan xalqının milli sərvətidir”.

1997-ci ilin dekabrı Heydər Əliyevin daha bir mühüm xarici səfəri ilə yadda qaldı. Dekabrın 10-da İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin rəhbərlərinin VIII Zirvə görüşündə iştirak etmək üçün İrana gedən Ümummilli Liderin səfər proqramı olduqca zəngin idi. O, Tehranda Türkiyə, Pakistan, Türkmənistan, Tacikistan, İran, Fələstin, Suriya və Livanın dövlət başçıları, həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşdü və digər görüşlər keçirdi. Eləcə də bir sıra KİV-ə müsahibələr verdi.

Əlli beş ölkənin iştirak etdiyi üçgünlük Zirvə görüşündə İslam ölkələrinin birlik və həmrəyliyinə xidmət edən mühüm qərarlar, qətnamələr qəbul edildi, yekun sənəd olan Tehran bəyannaməsi imzalandı.

Zirvə görüşündə nitq söyləyən Heydər Əliyev Azərbaycanın uzun illərdir Ermənistanın işğalından əziyyət çəkdiyini, 1 milyondan artıq soydaşımızın ağır vəziyyətdə yaşadığını diqqətə çatdırdı. Azərbaycan xalqının İslam Konfransı Təşkilatının təcavüzü pisləyən qərarlarını, Azərbaycana dəstək verməsini yüksək qiymətləndirdiyini diqqətə çatdıran Ulu Öndər İslam ölkələrini daha fəal əməkdaşlığa dəvət etdi.

Sitat: “Müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək, xalqlarımızın əmin-amanlığını təmin etmək, onların rifahını yüksəltmək, dinimizi, ənənələrimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qoruyub inkişaf etdirmək İslam Konfransı Təşkilatının ən ümdə vəzifəsidir. Bu müqəddəs amalları həyata keçirmək üçün biz daim çalışmalıyıq. Mən hamınızı daha da fəal əməkdaşlıq etməyə dəvət edirəm. Müsəlman xalqları və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar Yer kürəsinin simasını dəyişdirir, o biri tərəfdən bir çox xalqlar aclıqdan, yoxsulluqdan, cəhalətdən əzab çəkirlər. Ona görə biz tərəqqi ilə ayaqlaşmalıyıq, inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Son illər ərzində Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri xeyli inkişaf etdirib. Həm İslam Konfransı Təşkilatı, həm də başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olub”.

Keçid dövrü yaşayan Azərbaycan bir çox sosial-iqtisadi çətinliklərlə üzləşirdi. Əhali işıq, qaz sarıdan əziyyət çəkirdi. Bu vəziyyət, yol verilən nöqsanlar Heydər Əliyevi narahat edirdi. Buna görə də 1997-ci il dekabrın 23-də sosial-iqtisadi problemlərin həllinə, əhalinin təchizatini yaxşılaşdırmaq məsələlərinə həsr olunmuş daha bir müşavirə keçirdi. Elektrik, su, qaz təchizatı, nəqliyyat və kommunal təsərrüfatı sahələrində mövcud vəziyyətlə bağlı müvafiq qurumların hesabatlarını dinlədi. Diqqəti işdə yol verilən nöqsanlara yönəldərək, bəzi məmurların köhnə üsul-idarə ilə işləməsindən narazılığını ifadə etdi. Respublikanın böyük enerji potensialı olduğunu vurğulayaraq qarşıda duran vəzifələrdən danışdı və qəti tapşırıqlar verdi: İqtisadiyyatın səmərə verməsi və insanların həyati tələbatlarının təmin olunması üçün nə lazımdırsa edilməlidir.

Heydər Əliyevin sosial-iqtisadi problemlərin həllinə həsr olunmuş müşavirədəki nitqindən

*Çox böyük qürur hissi ilə qeyd etmək olar ki, elektrik enerjisi istehsal etmək üçün Azərbaycanın geniş istehsal potensialı vardır. İndi respublikanı elektrik enerjisi ilə təmin edən istilik, su elektrik stansiyaları 5 min meqavat elektrik enerjisi verməyə qadirdir. Bu, çox böyük imkandır. Fəxr etməliyik ki, vaxtilə biz bu elektrik stansiyalarını yarada bilmişik və onlar bu gün Azərbaycan Respublikasına, xalqımıza xidmət edir. Bizim respublikanı təmin etmək imkanına malik olan neft mədənlərimiz vardır. Yəni bir çox ölkələrlə müqayisədə biz kənardan nə neft, nə də neft məhsulları almaq məcburiyyətində deyilik. Ölkəmizdə hasil olan neft həm Azərbaycanın tələbatını təmin edir, həm də onun bir qismi satılaraq respublikamızın iqtisadiyyatı üçün gəlir gətirir. Bu da müstəqil bir dövlət kimi Azərbaycanın çox böyük potensiala malik olduğunu göstərir.

* Əgər biz vaxtilə - 1970-1980-ci illərdə bu nəhəng elektrik stansiyalarını qurub-yaratmasaydıq indi vəziyyətimiz necə olardı? Zaqafqaziyanın digər respublikalarındakı vəziyyət sizə məlumdur. Onlar nə qədər əziyyət çəkirlər, amma bu əziyyət içində də yaşayırlar. Onlara nisbətən bizim respublikamızın vəziyyəti qat-qat yaxşıdır və bunu qiymətləndirmək lazımdır. Amma eyni zamanda, bu gün bizi narahat edən odur ki, bu imkanlardan nə qədər səmərəli istifadə edirik. Bu sahədə nöqsanlar, çatışmazlıqlar çoxdur, bir çox orqanlar və həmin orqanlara rəhbərlik edən vəzifəli şəxslər tərəfindən səhlənkarlıq, məsuliyyətsizlik hallarına yol verilir. Bunları aradan qaldırmaq lazımdır.

*Müəyyən bir müddətdən sonra Azərbaycanın həm elektrik enerjisi, həm qaz və başqa vasitələrlə təminatı xeyli yaxşılaşacaq. İndi isə biz müəyyən qədər məhdud olan imkanlardan səmərəli istifadə etməliyik. Hesab edirəm ki, bu imkanlardan səmərəli istifadə olunmur, israfçılığa, itkilərə yol verilir. Nəzarətsizlik, məsuliyyətsizlik baş alıb gedir. Əgər biz elektrik enerjisi haqqında danışsaq, bu gün burada tam aşkar oldu ki, istehsal edilən enerjinin hamısından səmərəli istifadə edə bilsək, təminat bundan xeyli yaxşı ola bilər.

*Mən tam əminəm ki, bir neçə ildən sonra Azərbaycan, keçmiş zamanlarda olduğu kimi, qazla tamamilə təmin ediləcək. Bu, bizim həqiqi gələcəyimizdir. Amma ölkələr var ki, belə imkanı bu gün də yoxdur, beş ildən də sonra olmayacaq, on ildən də sonra olmayacaq. Çünki onların belə təbii sərvətləri yoxdur.

*Güman edirəm, bu ilin yekunlarına görə respublikanın iqtisadi göstəriciləri 1996-cı ildən üstün olacaq. Aparılan islahatlar, - həm siyasi islahatlar, həm iqtisadi islahatlar, - şəhərlərdə də, kənd yerlərində də öz nəticəsini verir. Hesab edirəm ki, biz 1998-ci ildə islahatların daha da güclü aparılması, özəlləşdirmə proqramının daha geniş həyata keçirilməsi üçün yaxşı şərait yaratmışıq. Ona görə də ilin son günlərini,- adətən bu, həmişə belə olub, dövlət işində olan adamlar bunu yaxşı bilirlər, - biz daha da gərgin işləməli, üzərimizə düşən bütün vəzifələri yerinə yetirməli və 1998-ci ili layiqincə qarşılamalıyıq. Ancaq bu müşavirənin əsas məqsədi, əsas vəzifəsi respublikada sosial sahədə, xüsusən əhalinin elektrik enerjisi, qaz, istilik, su, nəqliyyat ilə və başqa sahələrdə təminatını ödəməkdir.

  • Paylaş: