Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2023 11:10
  • A-
  • A
  • A+

Kür çayında suyun aşağı düşməsi ilə əlaqədar Neftçala rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb

Kür çayında suyun aşağı düşməsi ilə əlaqədar Neftçala rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb

Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissədə Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilindən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.

Bu maddi mədəniyyət nümunələri Neftçala rayon Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova tərəfindən aşkar olunub və Cəngan kənd orta məktəbində saxlanılır. Maddi mədəniyyət nümunələri ilə tanış olmaq və əraziyə baxış üçün 9-11 mart 2023-ci il tarixlərində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu bölməsinin rəhbəri, t.ü.f.d., dosent M.Mustafayev və böyük laborant M.Qafarova Neftçala rayonuna ezam olunublar. Arxeoloqlar rayonun Cəngan kənd tam orta məktəbində saxlanılan materiallarla tanış olub və Kürün yatağının həmin hissəsinə baxış keçirib.

Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi nəticəsində, çayın birbaşa yataq hissəsindən məişət qabları (əksəriyyəti dağılmış vəziyyətdə) aşkar olunub. Ərazidə aparılan tədqiqatlarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov, Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova da iştirak edib.

Aşkar olunan maddi-mədəniyyət qalıqları çox maraqlıdır. Ərazidən bir ədəd iri həcmli təsərrüfat qabının lülək hissəsi aşkar olunub. 10 mart tarixindən suyun səviyyəsi yenidən qalxmağa başlayıb və maddi-mədəniyyət nümunələri tapılan ərazinin çox hissəsi su altında qalıb. Arxeoloji materialların təhlilindən görünür ki, bu ərazidə orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olub. Neftçalanın Cəngan kənd tam orta məktəbində saxlanılan materialların bir qismi aktlaşdırılaraq, tədqiq olunması üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, digər qismi isə Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində küp qəbirlər üzə çıxmışdı. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu bölməsinin əməkdaşları M.Mustafayevin rəhbərliyi ilə Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparıblar.

Aşkarlanan maddi mədəniyyət nümunələri bu ərazinin qədimliyindən xəbər verir. Tapılan maddi mədəniyyət nümunələri arxeologiya elminə yeni töhfə verməklə yanaşı, həm də bu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasını və bölgənin yenidən tədqiq olunmasını ehtiyac olduğunu göstərir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: