Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

O külü unutsaq
13.03.2023 14:00
  • A-
  • A
  • A+

O külü unutsaq

Hələ cib telefonları çıxmamışdı və hələ çox adamın heç ev telefonu da yox idi. Bu xəbəri nə radio yaymışdı, nə televiziya. Bu hadisə haqda qəzetlər də heç nə yazmamışdı. Ancaq ertəsi gün artıq Qarabağdan tutmuş Bakıyadək, oradan da bütün Azərbaycan boyu dünən Xankəndidə baş verənlər camaatın dilində idi. Hərə sözü bir ağızdan eşitmişdi və ona görə də hərənin ağzından bir avaz gəlirdi. Biri eşitdiyini bir az da artırıb, digəri bir qədər qısaldıb nağıl edirdi. Ancaq nə qədər fərqli olsa da, bütün danışanların hamısının söhbətindən keçən bir ortaq söz vardı: "Dəhşət!"

1967-ci il iyul ayının ortalarında axşam qaranlığı qatışandan, küçələrdən əl-ayaq yığışandan sonra, gec saatlarda o vaxtlar Stepanakert adlanan Xankəndinin mərkəzindəki Məşədi Əzizbəyov adına parkda, yay kinoteatrının yaxınlığında şəhər kommunal təsərrüfatı idarəsinin əli belli-dırmıqlı bir neçə nəfər işçisi yük maşınından enərək işə başladı. İri bir dairə cızaraq oradan asfalt layını çıxartdılar, həmin yerə torpaq tökərək çiçəklər əkməyə başladılar. Ertəsi gün artıq oradan keçib gedənlər dünənki qara asfaltın yerində göz oxşayan bir güllük gördülər.

Hər axşamüstü təzəcə basdırılmış çiçəkləri gün əyiləndən sonra sulayırdılar və ayın axırında artıq oranın torpağı da sütül çəmənlə örtülmüşdü və birinci dəfə görən elə zənn edərdi ki, bu güllük burada elə çoxdan varmış.

Lap az öncə isə - 1967-ci il iyulun 3-də həmin güllüyün yerində bir iri tonqal qalanmışdı və axşam qaranlığında gur alovla yanırdı.

Elə bir tonqal ki, onun acı tüstüsü bu gün də gözləri göynədir, müdhiş qoxusu bu gün də kəskinliyiylə duyulur və unutqan insanların gözləri həmin tüstünün göynərtisini, yaddaşsızların burunları o əcaib kabab qoxusunu haçansa hafizəsindən çıxarsa da, tarix heç vaxt bunları öz pozulmaz vərəqlərindən silə bilməz, imkan da verməz ki, həmin meydandakı güllərin altındakı külləri zamanın küləkləri sovurub aparsın...

...1967-ci il iyulun 3-dən 4-nə keçən gecə o dövrdə Stepan Şaumyanın adını daşıyan küçədə yerləşən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin, başda bu vəzifəyə yenicə təyin edilmiş sədri olmaqla, həyəcan siqnalı ilə dəvət edilmiş əksər əməkdaşları iş otaqlarında idilər. Səhər DTK, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət böyük dəstə Xankəndiyə yola düşəcək. Baş vermiş fövqəladə hadisənin sorağı artıq Moskvaya da çatıb.

Gündüzün günorta vaxtı aydın səmada şimşək çaxması kimi qəfil təsir bağışlayan bu qəziyyə nə qəziyyə idi və həqiqətənmi elə gözlənilmədən, kortəbii baş vermişdi? Söhbəti başdan başlayaq. Əslində başdan da olmayacaq. Çünki əsl başlanğıcdan, əsl qaynağından götürsək, gərək çox uzaqlara və çox dərinlərə gedək (az sonra elə oralara da baş vuracağıq). Hələliksə bir az yaxınlıqdakı başlanğıca dönək.

...Martuni rayonunun Kuropatkino kəndi yaxınlığında 1966-cı ilin 23 oktyabrında bir oğlan uşağının meyiti tapılır. Bəlli olur ki, bu, 8 yaşlı Nelson Movsesyanın cəsədidir. İstintaq başlanır və araşdırmalar 4 ay çəkir. Nədirsə, lap əvvəldən uşağın valideynləri də, qohum-əqrəbası da, onlara səs verənlər də qara-qışqırıq salmağa başlayırlar ki, qətli törədən azərbaycanlılardır.

Və 3 nəfər azərbaycanlı şübhəli bilinərək həbs edilir. 1967-ci il martın 28-dən aprelin 9-dək Dağlıq Qarabağın vilayət məhkəməsində təhqiq edilən iş sonra Ali Məhkəmənin səyyar sessiyasına yönəldilir və burada da həmin il iyunun 20-dən iyulun 3-dək məsələyə diqqətlə yenidən baxılır. Dünyanın hər yerində olduğu sayaq, Azərbaycanda da, o sıradan, elə həmin Dağlıq Qarabağda da o günəcən yüz cür cinayət törədilmişdi, qətllər də olmuşdu. Ancaq qəribədir ki, bu ölüm işinin ətrafında qaldırılan hay-küy, bir başı gedib Ermənistana çatan söz-söhbət səngimək bilmir, əksinə, gün ötdükcə sanki bir az da körüklənir, daha da şiddətlənirdi.

Və nəhayət, 1967-ci il iyunun 12-dən iyulun 3-dək Stepanakertdə, vilayət məhkəməsinin binasında 8 yaşlı erməni uşağı xüsusi qəddarlıqla öldürməkdə ittiham edilən Ərşad Məmmədov, Aləmşad Məmmədov və bu hadisədən guya xəbərdar olaraq həqiqəti gizlətmiş Zöhrab Məmmədov haqqında son qərar verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyasının iclasları gedirdi. Hər növbəti iclas əvvəlkindən daha gərgin keçirdi, mərhumun atası, babası, digər yaxınları mütəmadi olaraq yerdən bağırmaqla, müxtəlif replikalarla, söyüşlərlə, hədələrlə iclasın gedişinə maneçilik törədirdilər. Eyni gərginlik elə həmin günlərdə şəhərin küçələrində, məhəllələrində də yaşanırdı. Sonra yığışırdılar ayrı-ayrı mənzillərə, xosunlaşmalarını orada davam etdirirdilər. Həmişəki kimi, Yerevandan Stepanakertə təşrif gətirib o cür söhbətlərin iştirakçılarına çevrilənlər də öz yerində.

Ümumi narahatlıq elə bir həddə idi ki, şübhələnməyə, ehtiyat tədbirləri görməyə dəyərdi. Həm də yalnız vilayətdə fəaliyyət göstərən hüquq mühafizə qüvvələrinə tam arxayın olmayaraq. Çox da yerli hakimiyyət vilayətdəki cari durumla bağlı Bakının sorğularını cavablandıranda arxayın salırdı ki, vəziyyətə tam nəzarət edirik. Axı hiss olunurdu ki, şiş getdikcə böyüyür və bu minvalla günlərin birində partlaya da bilər.

1967-ci il iyul ayının 3-də Stepanakertn mərkəzindəki Məşədi Əzizbəyov adına parkda yerləşən yay kinoteatrında hökmün oxunacağı axırıncı iclas keçiriləcəkdi. Əgər axşamüstü iclas başa çatandan sonra ora minlərlə erməni axışaraq sovet dönəmində misli olmayan qanlı cinayət törədəcəkdisə, bunu qətiyyən kortəbii baş verən bir iğtişaş kimi qavramaq mümkün deyil. Vaxtın hündürlüyündən baxarkən, hadisələr zəncirini göz önündə canlandırarkən barmağını dişləyirsən ki, heç şey təsadüfi deyilmiş. Hər addım irəlicədən cızılmış ssenari üzrə gedirmiş. Olsun ki, vilayətin partiya rəhbərliyinin, milisinin də bir çox əməkdaşları elə həmin məkrli oyunun içərisindəymiş. Bunlar da qeybətlərə söykənən gümanlar deyil, hadisələrin gedişi göstərəcək ki, acı həqiqətlərmiş!..

Olan olub, bitən bitəndən sonra müsəlmanın sonrakı ağlıyla təhlil edəndə araşdırma aparan səlahiyyətlilər heyifsilənəcəklər ki, niyə qəflətə qapılmışıq?! Sən demə, məhkəmə iclası keçirilən yerdən az aralı bir ağaca dəryazın asılması da təsadüf deyilmiş, xəbərdarlıqmış ki, başınızı kəsərik!

Heyhat, bu və buna bənzər xeyli müşahidələr hadisələr bitəndən çox sonra ağla gəldi. Qarşıda dayananın isə erməni olduğu gərək heç vaxt, nəinki belə hisslərin tarıma çəkildiyi günlərdə, hətta ən xoş, zahirən heç bir narahatlıq vəd etməyən əyyamlarda da unudulmaya. Nə o günlərdə, nə ondan əvvəlki çox-çox həftələrdə, aylarda və illərdə bunu bir an belə yaddaşdan çıxarmaq olardı, nə də gərək bütün gələcəkdə bu özəllik diqqətdən yayınaydı. Həmişə bilməliyik ki, biz özünü "millət", "xalq" adlandırsa da, əslində varlığıyla təşkilat olan bir toplumla üzbəüzük. İndiyəcən gördüyümüzü görmüşük. Atalar boşuna deməyib ki, köpəklə dostluq edənin çomağı əlində gərək!

İyulun 3-ü idi. Bir neçə saat sonra hökm elan ediləcəkdi. Zala 200 nəfərdən artıq adam buraxmamışdılar ki, çox tünlük olmasın. Ancaq günortadan sonra yavaş-yavaş iclasın keçirildiyi kinoteatrın yan-yörəsinə əhali axışmağa başlayır. Öldürülmüş uşağın atası Benik Movsesyan, babası Ambarsum Arustamyan hey kobud şəkildə müdaxilə edir, hakimin sözünü kəsir, "hamınız satılmısınız" qışqırır, mühakimə edilənlərin zaldakı qohumları ilə dava-dalaş salırdılar. Hakim onlara bir neçə dəfə xəbərdarlıq edəndən sonra özünü xeyli çılğın aparan, heç bir xəbərdarlığa-filana da məhəl qoymadan əl-qol atan, isterika ilə çığırmaqda davam edən dayısı Ernst Arustamyanın zaldan çıxarılması haqda göstəriş verir.

İclasın keçirildiyi məkanın qorunması üçün 60 nəfər milis işçisi cəlb edilmişdi. Əsl həngamə saat 18-19 arası - hökm elan ediləndən sonra qopur. Mühakimə edilənlərdən birinə - Zöhrab Məmmədova bəraət verilir, onun elə məhkəmə zalındanca azadlığa buraxılması haqda qərar çıxarıldığı elan edilir. Digər 2 nəfərdən birinə - Aləmşad Məmmədova ölüm hökmü çıxarılır. Ərşad Məmmədova isə 15 il iş kəsilir. Benik Movsesyanın səsi zalı başına götürür. Hakimi söyür, təhqir edir, "pulla alınmısınız" deyir, Aləmşad Məmmədovla yanaşı, Ərşad Məmmədova da ən ağır cəza istəyir, Zöhrab Məmmədovun buraxılmasına, bəraətinə etiraz edirdi: "Quzuya ölüm hökmü çıxarıb, canavarı buraxırsınız. O da güllələnməlidir!"

Meydan oxuyurdu: "Görərsiniz biz nə edəcəyik!" Bu sözləri iclasın protokolundan köçürürəm. Lap az sonra vəd etdiyini hamılıqla göstərəcəklər. Deməli, nə edəcəklərinin planı da irəlicədən hazır idi. Məhkəmənin gedişinə əsasən hansı hökmün veriləcəyini təxmini müəyyənləşdirmək mümkün idi. Onlar - mərəkənin təşkilatçıları bu qarışıqlığı istənilən halda, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, törədəcəkdilər. Hətta bu da istisna deyil ki, minlərlə adam ki bu işə cəlb etmişdilər və onlardan da bir neçə yüzü ki daha fəal idilər və qarşıdurmanın ön cərgəsində olacaqdılar, onları da öncədən arxayın salıblarmış ki, qorxub eləməyin, sizin həbs edilməyinizə imkan verməyəcəyik.

Verdikləri bu sözə də nəhayətdə əməl edə bildilər. Mühakimə edilən 20 nəfərlə yanaşı, içəridə olmalı olan bir neçə yüz nəfər çöldə qaldı və onları Moskva qorudu.

...Həmin 3 iyul günündə o meydana 8 minədək adamın yığıldığı təsdiqlənir. Bu qədər insanı bir yerə cəmləmək asan məsələ deyil. İndinin indisində bu, çox müşküldür. Onda qalmış sovet insanlarının gözüqıpıq ömür sürdüyü, etirazçılığa, dikbaşlığa meyl göstərmədiyi 1967-ci il ola. Minlərlə adam bir yerdədirsə, demək, bunun arxasında mütləq əl var. Daha dəqiqi: əllər. Həm xaricdən uzanan - erməni diasporasının əli, həm də Ermənistandan uzanan əllər. O Ermənistandan uzanan əllər də yalnız hansısa ultra millətçilərin, daşnak tör-töküntülərinin əlləri deyildi. Çox böyük ehtimalla, bunca mütəşəkkil bir üsyanın təşkilində Ermənistan Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin içərisindəki elə xəmiri həmin ifrat şovinistlər, daşnak törəmələri kimi eyni mayadan yoğrulmuşlar da az deyilmiş.

Təsəvvür edirsinizmi, elə bir işi azərbaycanlılar törətmiş olsaydı, Moskvadan bu kütləvi cinayəti araşdırmağa neçə dəstə gələrdi, bəlkə də həbsə alınanların sayı yüzlərlə deyil, minlərlə olardı.

...1967-ci il, iyulun 3-ü. Artıq axşam saat 7-dir. Hökm oxunub və zaldakıların hamısının sanki qəfilcə vintini burublar. Zaldakıların ovqatından vəziyyətin qəlizləşdiyini hiss edən və artıq sərbəst buraxılması haqda qərar çıxarılmış Zöhrab Məmmədov konvoyun rəisi Petrosovdan xahiş edir ki, onu da digər 2 məhbusla birlikdə dustaq maşınında türməyə apararaq orada azad buraxsınlar.

Zala qarışıqlıq düşmüşdü və artıq idarəolunmaz hal yaranmışdı. Milisin sakitliyə çağırış səsləri zilə qalxmış qahaquda əriyib itirdi. Gözləri qaynayan Benik Movsesyan və böyür-başındakılar yaxınlaşırlar konvoya ki, erməni deyilsiniz, verin o dustaqları bizə. Sizə nə qədər istəsəniz pul, qızıl da veririk.

Və bunlar hamısı olmuş hadisələrdir. Rəsmi sənədlərdə qalan izlərdir. Konvoyun rəisi Petrosovu vurub yıxırlar yerə. Qəribədir ki, hamısı silahlı olsa da, bu 10 nəfərlik konvoy ara qızışmağa başlayanda heç olmazsa havaya atəş açmaqla azğınlaşan kütləni ram etməyə təşəbbüs göstərmir. Həmin konvoydakılardan yalnız 2-si azərbaycanlı, qalanları erməni idi. Hadisələrin sonrakı gedişi də göstərəcək ki, elə məhz həmin 2 nəfər özünü milis, qalan 8-i isə erməni kimi aparıb.

Konvoyun rəisi yerə aşırdılanda serjant İbadullayev avtomatı tuşlayır komandirini itələmiş Benik Movsesyana və onu ayağından vurur. Zaldakı etirazçıların ən aqressiv olanı - uşağın atası yaralanıb yerə yıxılınca sanki kütlə də diksinən kimi olur, bir neçə dəqiqəliyə dayanır. Ancaq çöldən nəsə komanda gəlir və camaat təzədən daha gur qışqırmağa, kinoteatrın qapılarını sındıraraq zala doluşmağa başlayır.

60 nəfər milis çöldə asayişi təmin etməkçün ayrılmışdı. Üstəlik, milis idarəsi də məhkəmə iclasının keçirildiyi zalın lap yaxınlığında idi.

İclas bitəndən sonra mühakimə edilənləri türməyə aparmalı olan dustaq maşını dayanmışdı yay kinoteatrının qarşısında.

Həmin 60 nəfərdən savayı, 10 nəfər də konvoy vardı ki, onlar keçmişdilər zala. Konvoyun rəhbəri, vzvod komandiri, baş leytenant Petrosov silahlı idi, onun tabeliyindəki 7 nəfərin də avtomatı vardı və daha 2 nəfərin birində Makarov pistoleti, digərində TT tapançası.

Əlavə olaraq bu meydana bir yanğınsöndürən maşın da gətirilmişdi ki, camaat artıq-əskik hərəkət etsə, güclü su şırnağı ilə geri oturdulsun.

Necə ki milis işçiləri asanlıqla silahlarını üsyançılara təhvil vermişdilər, yanğınsöndürən komanda da o sayaq. Qıvraq hərəkət etmək əvəzinə su şlanqını asta-asta sahmana salan, səbirlə şırnağı camaata yönəltməyə hazırlaşan, bununla da sanki "di gəlin, alın əlimdən" işarəsi verən yanğınsöndürənlərə yaxınlaşmışdılar, şlanqı heç şırnağı kütləyə yönəltməmiş onların əlindən qoparmışdılar.

Mühafizəyə cəlb edilmiş milislərin arasında, ümumən, vilayət milisinin tərkibində azərbaycanlılar barmaqla sayılacaq qədər az idi. Həm də, sən deyən, yüksək vəzifələri və səlahiyyətləri də yox idi. Ancaq həmin dar macalda da onlar bacardıqlarını edirlər, vəzifə borclarını sonacan yerinə yetirirlər. Erməni milislərsə sanki adi müşahidəçilər idilər. O boyda hadisə baş verir, qımıldanmırlar da...

Camaatın zala doluşduğunu görüncə konvoy mühakimə edilənləri nisbətən təhlükəsiz yer hesab edərək səhnəyə çıxarır, oradakı qrim otağında yerləşdirir. Ancaq zala hücum edənlər səhnəyə də dırmaşır, qrim otağının qapısını yerindən çıxarır, dustaqlara cumurlar.

Başından daşla ağır zərbə alanlardan ilki azad olunması haqda qərar çıxarılmış, ancaq digər dustaqlarla birgə türməyə aparılaraq oradan buraxılmasını xahiş etmiş Zöhrab Məmmədov idi. Bayaq rəisini qorumaq üçün Benik Movsesyana atəş açmış İbadullayev qanı axan Zöhrabı alır çiyninə, arxa qapıdan çıxaraq onu aparıb konvoy maşınına mindirir. Zavallı Zöhrabın, onun o gün məhkəmə zalında olmuş əzizlərinin vəziyyətini təsəvvür edin. Neçə müddətdir ki, istintaq gedir, o özü də, ailəsi də iynə üstə oturan kimidir. İndi sanki xoşbəxtlik gülüb üzünə. Ona bəraət verilib. Elə məhkəmə zalındaca "artıq azadsan" söylənilib. Bu xoşbəxtliklə müdhiş sonun, min bir əzabla qətlə yetirilməsinin arasında heç saat da yoxdur, dəqiqələr var...

...Elə həmin yolla, kinoteatrın arxa qapısından Zöhrabı çıxaran sayaq, Ərşad Məmmədovu da dustaq maşınına erməni konvoy Malimanov aparmalıydı. Zöhrabdan fərqli olaraq, Ərşad öz ayağı ilə gedirdi. Onu maşına çatdırmaq, təbii ki, daha asan idi və hər ikisini maşın dərhal aradan çıxara bilərdi. Ancaq İbadullayevdən fərqli olaraq, erməni konvoy ləng tərpənir, 2-3 iğtişaşçı ona yaxınlaşan kimi dustağı da, avtomatını da təhvil verir.

Konvoydakı digər azərbaycanlı Xəlilyarov 15 il iş almış dustaq Ərşad Məmmədovu öldürməkçün həmlə edən əli daşlı-kəsəkli erməniləri dayandırmaqdan ötrü havaya atəş açır. Ancaq o, təkdir. Digər əlisilahlılar müqavimət göstərmir. Qüvvələrsə qeyri-bərabərdir. Kütlə Xəlilyarovu sıxışdırır divara, avtomatının darağını dartıb çıxarırlar. Gözlərini qan örtmüş hücum edənlər Ərşadı da kinoteatrın zalında başına daş çırpa-çırpa, bədənini bıçaqla deşə-deşə, artıq canı çıxmaqda olanda ayaq altına salıb tapdalaya-tapdalaya həlak edirlər.

Həmin dəqiqələrdəki ən məşum səhnə isə qrim otağında cərəyan edirdi. Bu otaqda keçmiş günlərdə səhnəyə, tamaşaçı qarşısına çıxmağa hazırlaşan aktyorlar, müğənnilər daha cazibədar görünməkçün özlərinə son tumarı verərdilər. İndi isə daşlarla, bıçaqlarla silahlanmış həmlə edənlər həmin qrim otağını cəhənnəm guşəsinə döndərmişdilər və artıq müdafiəsiz qalmış Aləmşada həyatının son saniyələrinin insandözməz məşəqqətini yaşadırdılar. Aləmşad onların caynağında idi. Bir dəstə vəhşiləşmiş adamın köməksiz, müqavimət göstərmək imkanından məhrum bir insana belə əzazilliklə divan tutması üçün nifrət, kin, qəzəb bəs eləməzdi. Bu duyğunun adı nəsə başqadır. Qəddarlığın bu həddi hər millətdə, hər insanda ola bilməz. Başına daşlarla o qədər zərbələr endirmişdilər ki, kəllə yarıq-yarıq olmuşdu. Artıq canı çıxmış bədəni yerə yıxılmağa da qoymurdular, bıçaq soxurdular, ürəkləri soyumurdu - əllərindəki müxtəlif dəmir parçalarıyla ardı-arası kəsilmədən zərbələr endirirdilər, kəsirdilər, deşirdilər. Yıxılmışdı yerə. Bilirdilər, görürdülər ölüb. Əzirdilər, tapdalayırdılar.

İnsanlıq adına həqarət olan o dəqiqələrin qorxunc gerçəklərindən Ayın şahidliyi ilə xəbər tutmamışıq. Nağıl etdiyimizdən də dəhşətlisini sənədlər söyləyir. Dünyadan çox şeylər gedəcək, o sənədlər qalacaq. Qaldıqca da zaman-zaman həmin rəzalətləri törətmişlərə lənətlər oxutduracaq...

...Aləmşadla Ərşadın cansız, islahatdan çıxmış cəsədlərini sürüyüb çıxarmışdılar kinoteatrın qarşısındakı meydana. Lakin kütlənin bir hissəsi vəhşicəsinə öldürülmüş dustaqları çölə dartdığı əsnada digər dəstə zaldakı skamyaları sındırıb taxtalarını çıxarmağa başlayır. Sanki bu da irəlicədən düşünülmüş ssenarinin bir parçasıydı. Bayırdakı kütlə qeyzlə "avtozak" deyilən - dustaqdaşıyan maşına yaxınlaşıb onu yanı üstə çevirir. Əvvəlcə maşındakı Zöhrab Məmmədovun da, digər 2 azərbaycanlı kimi, beyni axıb çölə çıxanadək daşla başına döyəcləyirlər. Sonrasa aşırdıqları maşının benzin çənini açırlar.

Zaldan çıxanlar skamyalardan guya dəyənək əvəzi qopardıqları taxtaları meydanda yanaşı düzmüş, bir tonqal düzəltmişdilər.

Qəddarlıqla öldürülmüş 3 azərbaycanlını sürüyürlər həmin taxtaların üstünə. Benzin tökürlər, kibrit vurub yandırırlar.

Qarabağın dağlarına kabab iyi tanış idi. Buralarda zaman-zaman o qədər ocaqlar qalanmış, şad dost məclislərində o qədər kabablar çəkilmişdi ki...

Ancaq bu ocaq ayrı ocaq idi. Bu kabab ayrı kabab idi.

Olmazın məşəqqətlə qətlə yetirilmiş 3 azərbaycanlını ermənilər kabab edirdi.

Bu qoca dağların burnunda insan kababının da iyi qalmalıymış...

Bütün bunlar tarixdir, əziz həmvətənlərim.

O Ərşad, o Aləmşad, o Zöhrab sənsən, mənəm, bizim qardaşlarımızdır, övladlarımızdır. Onları məhz azərbaycanlı olduqları üçün belə qəddarlıqla öldürüblər, ölülərinə də iblisliklə od vurublar.

Bunları unutmaq olmaz.

Və bu yazdıqlarımda bircə kəlmə belə artırma yoxdur. Sırf sənədlərdə əksini tapanları yazıram. Hələ fotolar da qalıb. Yanıb kömürləşmiş bədənlər. Onları da bura əlavə edərək ürəyinizdən qara qanların axmasını istəmirəm.

Sənədlərdə o da əksini tapıb ki, həmin 3 iyul axşamında Əzizbəyov parkında baş verənləri seyr edənlərin arasında uşaqlar da varmış.

Diqqət: bu, vacib məqamdır. Həmin qətl meydanına gələnlər irəlicədən bilirdilər ki, hara gedirlər, orada hansı çaxnaşmanın yaşanması, lap müəyyən anlarda qarşıdurmanın, qaçaqaçın düşməsi də mümkündür. Hansı ata-ana rəva görər ki, balası baş verməsi ehtimalı yüzfaizli olan basabasın içində ayaq altında qalsın? Belə bir təhlükənin olmasını da göz altına alsalar belə, ermənilər uşaqlarını özləri ilə həmin yerə gətirmişdilər. Dərs verməkçün gətirmişdilər. Gətirmişdilər ki, övladları düşmənlə - azərbaycanlılarla nə təhər amansız rəftar etmək lazım olduğunu onlardan gözləri ilə görüb öyrənsinlər, bu tarixi günün ibrətini daimilik yadda saxlasınlar.

Siz də unutmayın, əziz bacı-qardaşlarım!

O vaxt - 1967-ci ildə həmin qanlı səhnələri seyr edən erməni uşaqları və yeniyetmələrinin 8-9, 10-12, 15-16 yaşları vardı. 1988-ci ildə onlar artıq yekə kişiydilər. Yenə Stepanakertdə meydandaydılar. Az sonra canlar alacaqları Xocalıdaydılar, Ağdamdaydılar, Füzulidəydilər, Cəbrayıldaydılar, Zəngilandaydılar, Qubadlıdaydılar, Kəlbəcərdəydilər, Laçındaydılar...

3 iyul dəhşəti ilə bağlı bir neçə gün sonra başlanacaq və bir neçə ay davam edəcək təhqiqatın gedişində Azərbaycan çekistlərinin əldə etdiyi və ümumi sayı 40 cildi aşan istintaq materiallarının arasında yer alan bir məktub çox düşündürücüdür.

18 yaşlı bir erməni qız Yerevandakı sevgilisinə məktub göndərir. Yazır ki, azərbaycanlılara od vurub yandırdılar, bu insan kababının iyi məni vəcdə gətirirdi.

1967-ci ildə 18 yaşında olan və belə düşünən o erməni qız da, yəqin, ərə gedib, uşaq doğub və damarlarında qan əvəzinə axan irinlə bu düşüncə tərzini bətnində daşıdığı ilan balasına da ötürüb.

Hətta adı və soyadı belə bizdən oğurluq olan və ixtisasca da Hippokrat andı içmiş həkim sayılan Zori Balayanın məşhur özünüifşa etirafı yadınızdamı? "Ruhumuzun canlanması" adlı sayıqlamasında yazırdı ki, Xocalını ələ keçirdiyimiz vaxt bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxırdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.

Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək.

...Bunları bir daha yada salıb millətimin qəlbini qanatdığma görə məni bağışlayın. Neyləməli ki, qəlbinizi vaxtaşırı qanadaraq belə faciələrimizi yada salmadıqca da asta-asta çox unudulmamalıları unudursunuz...

Bütün bunlar Sovetin mənəm-mənəm çağlarında olub.

Və bu, yalnız bizə qarşı düşmənçilik deyil, mahiyyətcə həm də Sovetə qarşı üsyan idi. Hərəkətə gəlməliydilər, o üsyanda iştirak edənlərin hamısının ən ağır cəzalarını verməliydilər.

Niyə indiyəcən rəsmi sənədlərdə - DTK, Baş Prokurorluq, Ali Məhkəmənin protokollarında, müxtəlif yazışmalarında yumşaldılaraq sadəcə iğtişaş, aksiya kimi verilmiş bu hadisəni ilk dəfə gerçək adı və mahiyyəti ilə məhz üsyan kimi dəyərləndirirəm? 8 min adamın bir yerə toplaşaraq dövlətin məhkəməsinin çıxardığı qərarı öz istəyi ilə zor gücünə ləğv edərək başqa qərar verməsi, dövlətin əlisilahlı milis qüvvələrini tərksilah edərək kənara atması, dövləti, onun qanunlarını heçə sayaraq nümayişkaranə şəkildə insanları öldürmək və yandırmağın adı bəs üsyan deyildir, nədir? Bu, dövlətə meydan oxumaq deyildirsə, bəs nədir?

...Milisin də bu üsyanı təşkil edən qüvvələr tərəfindən irəlicədən ələ alınması, əməkdaşlığa cəlb edilməsi, ya ən azı müəyyən həddə qədər üsyan təşkilatçılarının iradəsi altında olması zənnimiz də sadəcə bir şübhə, elə quruca ehtimal sayılmasın.

Milisin bu gedişatdakı heyrətləndirici süst mövqeyi rəsmi sənəddə də əksini tapıb. 1968-ci il avqustun 6-da Moskvaya, SSRİ DTK istintaq şöbəsinin müdiri, general-mayor A.Volkova Azərbaycan DTK-sından gedən təqdimatda birbaşa və açıqca yazılmışdı: "Cinayət yerində olmuş milis işçiləri istintaq gedişində, dindirmələr zamanı özlərini qeyri-səmimi aparmışlar. İstintaqa fəal kömək etmək əvəzinə onlardan çoxu cinayətkarları gizlətmiş, bildirmişlər ki, guya cinayət törədən şəxslər onlara tanış deyil və onları ilk dəfə görüblər. Ayrı-ayrı hallarda isə onlar şahidlərə də təsir göstərmişlər".

Bakı Mərkəzə bu məzmunda təqdimat göndərirdisə, demək, həmin 2-3 cümlənin ardından bu mülahizələri sübut edən bir qalaq təkzibedilməz sübutlar, dəlillər vardı.

Milis işçilərinin qanuna və dövlətə deyil, meydana toplaşmış kütləyə sərf edən davranışları haqqında elə məhkəmə qərarında da ittiham biçimli ifadələr qalmaqdadır: "Milis işçiləri nizamsız, qətiyyətsiz, qeyri-məqsədyönlü hərəkət etmiş, bir sıra hallarda isə qorxaqlıq göstərmişlər".

Vilayət milisinin xəyanətkarlığı, dövləti cinayətdə birbaşa əli olmasına bundan artıq nə sübut?!

Moskvanın təzyiqləri 1967-ci il 3 iyul Stepanakert hadisəsini olduğu böyüklükdə deyil, kiçildilərək Mərkəzin tələb etdiyi ölçüdə göstərməyi hədəf götürürdü. Bu daralan müstəvidə əlində nə qədər fakt olsa da, DTK-nın hadisələrə təsir imkanı məhdud idi. Ancaq o vaxt SSRİ DTK-ya və Azərbaycan rəhbərliyinə ünvanladığı bir sıra təqdimatlarla respublika Təhükəsizlik İdarəsi ən azı tarix üçün, baş vermişlərin sadəcə şəxsi zəmindəki qisasçılığın kütləvi qarışıqlığa çevrilmiş bir təsadüf olmadığını sənədləşdirir, DTK-nın məsul erməni əməkdaşının da, vilayətin partiya rəhbərliyinin də, elə milis kimi, yetərincə dürüst olmayan mövqedə dayandıqlarını, baş verənlərin dərin siyasi qatının da olduğunu, həm də kənardan idarə edildiyini, Ermənistanın bu məsələlərə birbaşa müdaxiləsinin olduğunu bildirirdi.

Sədr Heydər Əliyev Azərbaycan DTK kollegiyasının Mərkəzi Komitəyə yolladığı 1967-ci il 14 iyul tarixli qərarında göstərirdi: "DTK aparatına məlum idi ki, məhkəmə iclasları gedərkən orada və zaldan kənarda öldürülmüş uşağın qohumları və ayrı-ayrı xuliqan ünsürlər tərəfindən mühakimə edilənlər və digər şəxslərlə əlaqədar hədələr səsləndirilib. Bundan əlavə, DQMV ərazisində son illərdə sağlam olmayan vəziyyətlə bağlı faktlar müşahidə edilib, siyasi cəhətdən zərərli və qatı millətçi hərəkətlər haqda məlumatlar daxil olub. 1965-1967-ci illərdə vilayətdə ümumilikdə təxribatçı, qızışdırıcı səciyyəli 1100 vərəqə 3 fərqli gənclər təşkilatı tərəfindən yayılıb. Bir sıra hallarda millətçi, təxribatçı xarakterli sənədləri Stepanakertə Ermənistan vətəndaşları gətirib. Belə vərəqələrin və sənədlərin yayılması vilayətdəki əhalinin müəyyən hissəsində milli ehtirasların oyanması və qızışmasına gətirib çıxarıb. Bu şəraitdə DTK aparatının Stepanakertdəki müvəkkili Q.Markarov məhkəmənin yekunlaşması ilə əlaqədar ortaya çıxan arzuolunmaz təzahürlərlə bağlı vilayət partiya komitəsini məlumatlandırsa da, daxil olan siqnallara lazımi siyasi qiymət verilməyib, tələb olunan səviyyədə səy, ardıcıllıq, qətiyyət göstərilməyib. Öldürülmüş N.Movsesyanın qohumlarının əsl məqsədinin nədən ibarət olduğunu müəyyənləşdirməyib. Onun DTK 2-ci şöbəsinə informasiyası məhkəmənin yekun iclası ərəfəsində Stepanakertdəki gerçək vəziyyəti əks etdirməyib".

Vilayət rəhbərliyinin və Stepanakert idarəçiliyinin əvvəlcə bu və ya digər şəkildə cinayətin baş tutmasına münbit şərait yaratması, hadisə baş verəndən sonra isə əsl miqyasları və dibdəki gizlinləri ört-basdır etmək səmtindəki tərpənişlərinin də həm məntiqi, həm bilavasitə dəlillərə söykənən sübutları nə qədər desən!

Şəhər təsərrüfatının zibildaşıyan maşınını iyulun 17-də göndərirlər həmin meydana. Tapşırıq da verirlər ki, orada nə qədər iri çaydaşı var, hamısını yığ. Sürücünü də gözdən asılan pərdə lap qalın olsun deyə erməni yox, azərbaycanlı seçirlər. Adını da qoyurlar ki, orada abadlıq aparacağıq, güllük salacağıq.

Güllük salmağına salacaqlar. Həmin güllük guya zahirən parkın yaraşığını artırmaq, səliqə, gözəllik yaratmaq üçün idi. Həqiqətdə isə məqsəd cinayətin bir sıra izlərini və sübutlarını yox etmək idi. Həmin sürücü - Heydər Heydərov da dindirməyə dəvət edilir, xüsusi istintaq qrupunun təcrübəli, hər xırda cizgiyə də ciddiyyətlə yanaşan müstəntiqlərinin suallarına cavab verməli olur ki, oradan nə götürdün, hara apardın? O da cavab verir ki, müxtəlif ölçülü 25 ədəd iri şiş uclu daş parçalarını, sonra da hər biri təqribən 250-260 qram olan, ümumi çəkisi 14-15 kiloqram olan daşları yığdım, aparıb tökdüm şəhərin zibilxanasına.

Sürücünü gətirirlər zibilxana olan yerə, atdığı daşları göstərir. Baxırlar ki, daşların hamısının üzərində lopa-lopa saç, baş dərisinin qalıqları, kəllə sümüyünün qırıqları, quruyub qaralmış qan laxtaları var. Qətlə yetirilmiş 3 azərbaycanlıdan qalan izlər.

...Və o vaxt Azərbaycanı silkələyən həmin kədərli hadisələrin sorağını alınca böyük Azərbaycan şairi Rəsul Rza sarsılmışdı, qəlbini sancan bu ağrını qəmli misralara çevirmişdi. 1968-ci ildə yazdığı "Tonqal yerində çiçək" şeirini əvvəlcə ən yaxın dostlara, simsarlara göstərmişdi. Sonra bu şeiri radioda oxumuşdu. 1970-ci ildə isə o şeir "Azərbaycan" jurnalının may sayında "Qarabağ nəğmələri" adlı silsilə şeirlərinin arasında dərc edilmişdi.

Mətləb nə qədər üstörtülü ifadə edilsə də, bu, Azərbaycanda artıq çox adamın haqqında eşitdiyi böyük bir millət faciəsi barədə o dövrdə mətbuatda yer alan yeganə əks-səda idi:

Burda torpaq yanmışdı

qapqara.

Tonqal tüstüsü yayılmışdı

yaxınlara, uzaqlara.

Havadan asılmışdı

yanmış ət qoxusu.

Gözlərdə közərmişdi

qurbanlıq olmaq qorxusu.

Torpaq dözdü

atəşin ağrısına,

inciyinə.

Yanıq qalıqları

qalmışdı ikinci günə.

Üçüncü gün yağış yağdı;

dənəvər, gurşad.

Yudu tonqalın külünü.

Nə ah qaldı, nə fəryad.

Keçdi bir neçə gün,

tonqal yerində çiçək əkdilər.

Ancaq deyən olmadı burda

qırmızı qərənfillər

tonqaldan qabaq gərəkdilər.

Yanıq ət qoxusundan qabaq;

qurbanlıq qoxusundan qabaq.

Soruşan olmadı

tonqalı kimlər qaladı,

çiçəkləri kimlər əkdi?

Bu işin yaxşı tərəfi nə,

pis tərəfi nədir.

Yoxsa bu qan rəngli qərənfillər

sallaqların şərəfinədir?

 ...1967-ci il iyulun 4-də artıq Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev iri bir dəstə əməkdaşları ilə hadisə məkanında idi.

İlk növbədə Heydər Əliyev qətlə yetirilmiş hər 3 azərbaycanlının yas mərasimlərində iştirak edir.

Hər ziyanda həmişə mütləq bir xeyir də var. DTK sədri bilavasitə müşahidələr aparmaq, təfərrüatları ona təqdim ediləcək hesabatlardan yox, şəxsən aparacağı söhbətlər əsasında daha aydın görmək, bütün başvermişlərin əsl pərdəarxasını düzgün təsəvvür etməkçün buradadır.

Və Dağlıq Qarabağda olduğu 2 həftə ərzində həm də buralarda sabah necə işləmək üçün mühüm təməllər yarada bilir, həm də çoxdankı mühüm bir niyyəti də, nəhayət ki, həyata keçirməyə imkan qazanır. Dağlıq Qarabağla əlaqədar işləri aparmaq üçün Bakıda DTK-da müvafiq bölmə vardı. Lakin son illərin gedişatı, illah da bu sonuncu bənzərsiz hadisə artıq Dağlıq Qarabağda da DTK-nın yerli şöbəsini yaratmağı zəruriləşdirirdi. Polkovnik Heydər Əliyev törədilmiş hadisə ilə bağlı Mərkəzə göndərdiyi müfəssəl hesabatlarla yanaşı, həmin şöbənin yaradılmasının vacibliyi ilə bağlı əsaslandırılmış təqdimatı da yola salır. İzah edir ki, bölgədən uzaqda olmaqla buradakı gündəlik həyatın damarından tutmaq imkanı da məhdudlaşır. İstər əhali, istərsə ziyalılar arasından inanılmış şəxslər, məlumat verənlər, həmçinin agentlər cəlb etmək fürsəti qat-qat azalır.

Heydər Əliyev ermənini yaxşı tanıyırdı, onun bütün xislətlərinə bələd idi, onların vaxtilə Azərbaycan Daxili İşlər Xalq Komissarlığına, Dövlət Təhlükəsizlik Komitəsinə sarmaşaraq xalqımıza, millətin seçmə övladlarına qarşı nə faciələr törətmələrindən də xəbərdar idi. Bunu da anlayırdı ki, Stepanakertdə Azərbaycan DTK-nın şöbəsi yaranacaqsa, burada işləyənlərin çoxu erməni olacaq və onların bir xeylisinə də, çekist olsalar belə, xüsusi nəzarət tətbiq etmək ehtiyacı yaranacaq. Ancaq orası da var ki, burada ruslar, azərbaycanlılar da işləyəcək, onlar həm də elə daxili nəzarəti təmin edəcəklər.

Çox keçməyəcək, DTK-nın Dağlıq Qarabağ şöbəsinin yaradılmasına respublikanın da, SSRİ DTK-sının da rəhbərliyi "hə" deyəcək və Heydər Əliyev nail olacaq ki, rəis də erməni deyil, yaxşı tanıdığı və hər cəhətdən inandığı həmkarı, milliyyətcə rus olan Bıstrov təyin edilsin.

Xüsusi istintaq qrupunun vilayətdə olduğu və təhqiqat apardığı aylar Dövlət Təhlükəsizlik Komitəsi üçün həm də burada açılacaq yeni şöbənin işlərini qurmaqçün münasib girəvə idi. Əvvələn, minə yaxın adamın bir neçə ay ərzində mütəmadi olaraq ya şübhəli şəxs, ya şahid qismində söhbətə dəvət edilməsi həm də vilayətdə vəziyyətə operativ nəzarət edilməsinə yardımçıya çevrilir. Məhz o dövrdə əsası qoyulan və sonra möhkəmləndirilən təməl əsasında qarşıdakı illərdə Heydər Əliyevin həm DTK sədri, həm Birinci katib olduğu dövrdə Dağlıq Qarabağda 1960-cı illərin əvvəlləri və ortalarında yaşanılan gərginliklərdən əsər-əlamət qalmır.

Bunlar da müvəqqətiymiş. Bir şəxsiyyətin gücünə yaranmış bu vəziyyət o, respublikadan aralanınca yenə tədricən mənfiyə doğru dəyişməyə üz qoyur...

Ancaq bunlar sonrakı söhbətlərdir, hələliksə 1967-ci il iyulun 4-dür, müdhiş hadisədən bircə gecə keçir, hələ ağlasığmaz hadisənin vahiməsi və şoku hər kəsi sarsıtmaqda davam edir. Yayın yay günündə Stepanakertdə şıdırğı yağış yağır. Kimi deyir ki, bu müsibətə göylər də ağlayır, kimsə köks ötürür ki, Allah buraları iblislərin murdarlıqlarından yuyub təmizləyir...

İyulun 5-də isə 2 gün öncə törədilmiş cinayətləri araşdırmaq üçün Bakıda xüsusi istintaq-təhqiqat qrupu yaradılır və növbəti gün Stepanakertə yola düşür.

Həmin qrupa Azərbaycan Respublikası prokurorunun müavini, 3-cü dərəcəli dövlət müşaviri İ.Barıkin rəhbər təyin edilmişdi. Üzvlərin hamısı yüksək səviyyəli mütəxəssislər idi və iş ermənilərlə bağlı olduğundan, təbii ki, qrupa milliyyətcə erməni olan istintaqçılar da əlavə edilmişdi. Xüsusi istintaq qrupunun üzvləri Azərbaycan Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi A.Abbasov, Bakı şəhəri 26 Bakı Komissarı rayonu prokurorluğunun müstəntiqi V.İvanov, DTK-nın xüsusilə mühüm işlər üzrə baş müstəntiqi mayor E.Arutyunov, həmin şöbənin baş müstəntiqi kapitan A.Talantov, DTK-nın daha iki müstəntiqi baş leytenant R.Baxşəliyev və leytenant V.Litvinov. Elə tərkibdən də göründüyü kimi, hadisənin kriminal qatından daha dərində siyasi layının da olması səbəbindən xüsusi istintaq qrupunda çoxluğu elə DTK əməkdaşları təşkil edir. Həmin qrupdakı Ağaverdi Abbasov isə respublikada erməni quldurlardan ibarət bir neçə bandanın cinayətlərini açmaqda ad çıxarmış püxtə bir istintaqçı idi və onun apardığı işlər üzrə 11 erməni caniyə ölüm cəzası kəsilmişdi. O canilərdən birinin güllələnməsini ermənilər o vaxt SSRİ Ali Sovetinin sədri olan Anastas Mikoyanın köməyilə daha yüngül cəzayla əvəz etməyə müvəffəq olmuşdularsa, digər 10 hökm icra edilmişdi. Ağaverdi Abbasovu əsas ustadlarından sayan, hüquqşünaslığımızın patriarxlarından olan İkram Kərimov söyləyir ki, güllələnmə cəzası 15 illə əvəz edilən erməninin yaxınları ilə görüşünə təsadüfən şahid oldum. Həbsxanaya dəstə ilə gəlmişdilər, sevincək, hay-küylə öz dillərində danışırdılar, nə dediklərini anlamasaq da, tez-tez "Mikoyan, Mikoyan" təkrarladıqlarını eşidirdik.

Xalq arasında Ağaverdi Abbasovu müstəsna istintaqçı keyfiyyətlərinə görə "Şerlok Holms" adlandırırdılar. Onun xüsusi istintaq qrupuna daxil edilməsi də elə daha əvvəllərdə erməni cinayətkarların ifşasındakı məxsusi səriştələri idi.

4 ay davam edəcək araşdırmaların nəticəsi olaraq Stepanakert faciəsinin törədilməsində əsas günahkarlar kimi 20 nəfər məhkum ediləcək, onlardan 5-nə güllələnmə hökmü çıxarılacaq. Ancaq əvvəldən-axıradək bilavasitə işin içərisində olmuş həmin Ağaverdi Abbasov təsdiq edirdi ki, əslində aparılmış təhqiqatın nəticəsi olaraq 500 nəfəri məsuliyyətə cəlb etməyi nəzərdə tutublarmış.

Bu da onun etirafıdır ki, Moskva dərinə getməyə macal vermədi, təzyiq göstərdi, "Şişirtməyin!" dedi.

Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri üzrə kollegiyasının 1968-ci il mayın 21-dən həmin il iyulun 23-dək aparılan açıq məhkəmə iclaslarının yekunu olaraq mühakimə edilən 20 nəfərdən 5-nə güllələnmə, qalanlarına isə 15, 12, 8 və digər müddətlərə azadlıqdan məhrumetmə cəzası kəsilir.

Ancaq ermənilər burada da müəyyən qədər istədiklərinə nail ola bilirlər.

Yerevandan Moskvaya 140 nəfər tanınmış dövlət və hökumət adamının, alimin, yazıçının, mədəniyyət xadiminin imzası ilə məktub göndərilir və güllələnmə hökmü verilənlərin cəzasının dəyişdirilməsi xahiş edilir.

Əlbəttə ki, məktubla belə ağır iş həll olunan deyildi. Qabaqcadan danışılaraq müsbət cavab alınmışdı ki, məktubun da göndərilməsi məsləhət görülmüşdü. Yəni ictimaiyyətin səsinə qulaq asaraq bu qərar qəbul edilir.

Moskva o 5 qatildən ikisinin ölüm hökmünü 15 illik cəzayla əvəzləyir. Bəlkə bir az da o yana gedərdilər. Ancaq 3 azərbaycanlı öldürülmüşdü, guya nisbət gözləyərək bunlardan da güllələnməyə 3 adamı saxlayırlar...

(Güllənmə verilənlərdən biri Conrik Oqanov idi ki, törətdiyi ağır cinayətə görə həbsdən Stepanakert hadisəsindən vur-tut 10 gün əvvəl azad edilmişdi. Məhz bir çox bu cür adamların 1967-ci il iyulun 3-də ixtişaşın törədildiyi əraziyə yönəldilməsi işin ardında təcrübəli kuklaoynadanların və ölçülü-biçili ssenarinin dayandığına daha bir işarədir).

...Xankəndidə mən axırıncı dəfə 1980-ci illərin əvvəllərində olmuşam. Həmin qandonduran hadisədən 15 il sonra.

Yəqin, indi oralar çox dəyişib. Görəsən, quduzlaşmış ermənilərin 1967-ci ilin 3 iyulunda qətlə yetirəndən sonra yandırdıqları o 3 cəsədin tonqalının yerində salınmış güllük yenə qalırmı?

Əlbəttə ki, o doğma şəhərdə, o meydanda çox uzaq olmayan sabahlardan birində mütləq məruz qaldıqlarımızın rəmzinə çevriləcək bir abidə də ucaldacağıq.

Xankəndidə də, Qarabağ boyu illərcə həsrətimizi çəkmiş bütün əziz torpaqlarımızda da əlvan çiçəklər açacaq, o güllər göz oxşayacaq, könül sevindirəcək, gözəlliyi ilə ruhu sığallayacaq.

Ancaq hər dəfə o gözəlliklərə dalanda, zövq alanda, lütfən, unutmayın. Ən məsud anınızda da yaddan çıxarmayın ki, bu zərif güllərin, bu yaşıl çəmənlərin hər birinin altında bir ovuc kül də var.

O külü unutsaq, o güllər halalımız olmaz!

 

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: