Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Kitabxanaların elmi-kommunikativ fəaliyyətinə ümumi baxış
15.03.2023 10:50
  • A-
  • A
  • A+

Kitabxanaların elmi-kommunikativ fəaliyyətinə ümumi baxış

Müasir dövrün kitabxanaları elm, informasiya, mədəniyyət, təhsil müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, elmi bilikləri müəyyən təsnifatlarla, standartalarla qeyd etməklə arxivlərin yaradan və mühafizəsini təmin etməklə cəmiyyətə informasiya xidməti göstərən sosial institutlardır. Bu sosial institut müstəqil dövlətimizin intellektual və mənəvi potensialının formalaşması və inkişafı kimi əvəzedilməz funksiyaların yerinə yetirilməsində də mühüm rol oynayır. Məhz kitabxanalar vasitəsilə müxtəlif informasiya daşıyıcıları sistemli formada toplanıb mühafizə edilir, onların ödənişsiz ictimai istifadəsi təşkil olunur. (Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı) Kitabxanalar milli yaddaşımızı, milli və intellektual sərvətlərimizi qoruyub saxlayır və nəsillərdən-nəsillərə ötürür.

Ümummilli liderimiz Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri informasiya cəmiyyətinnin, qlobal informasiya mühitinin formalaşdığı bir dövrdə  Azərbaycan kitabxanalarının xalq, millət üçün necə əhəmiyyətli elm, bilik, mənəviyyat xəzinəsi olduğunu, intellektual sərvət olduğunu göstərir. Və Ulu öndərin  davamçısı olan Prezident İlham Əliyev bu haqda öz məntiqli fikrini dəqiq ifadə etmişdir: “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir” (Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 20 aprel, 2007-ci il).

Fundamental, tətbiqi və nəzəri tədqiqatların informasiya təminatı və  kitabxanalar

Yaşadğımız  əsr sürətli inkişafda olan informasiya texnologiyaları ilə formalaşan və fasiləsiz yenilənmək səylərinin gücləndiyi bir əsrdir. Kitabxanalar həyatımızın bütün sahələrində baş verən bu yeniliklərə uyğunlaşmalı, cəmiyyəti elmi bliklərlə məlumatlandırmaq, informasiyalaşdırma funksiyasını itirməməyə çalışmalıdırlar. İnformasiyalaşdırma isə bildiyimiz kimi, informativ resurslarının formalaşması və istifadəsini təşkil etməklə bütövlükdə cəmiyyətin informasiya tələbatını ödəməyə yönəlmiş sosial-iqtisadi və elmi-texniki prosesdir.

Yaşadığımız dövrdə elmi araşdırmaların nəticələrini bu və ya digər formada toplayan,  müəyyən biblioqrafik standartlarla işləyərək onun akademik dünyaya inteqrasiyasını və mübadiləsini həyata keçirən kitabxanalar elmi ünsiyyətin mühüm məkəzləri kimi çıxış edir. 

İnformasiyanın əldə edilməsində olduğu kimi, onun ötürülməsində də rabitə kanalları çox müxtəlifdir. Formasına görə yazılı, şifahi və elektron olaraq qruplaşdırdığımız informasiya resursları texnoloji baxımdan əksini tapdığı ünsiyyət vasitələrinə, ötürüldüyü kanallara görə də fərqlidir. Bu müxtəliflik və fərqlilik kitabxana-informasiya proseslərinin yeni meridianlarda  inkişafını şərtləndirən amillərdir.

Kitabxanaların elmi biliklərin inteqrasiyası sahəsində mövcud təcrübəsi onu müasir informasiya proseslərinin daha fəal iştirakçısına çevirə bilər. Bunun üçün ilk növbədə kitabxanaların müasir informasiya və kommunikasiya mühitinə uyğun səmərəliliyinin artırılması tələb olunur.

Elmi mühit üçün aşkar imkanlara malik olan kitabxanaların həyata keçirdiyi  kommunikativ təcrübələr - istifadə olunan sosial ünsiyyət növləri (şifahi, sənədli, elektron) alimlər üçün indi daha zəruri və tələb olunandır.  Kitabxanalar:

-          Sənədli kommunikasiya elementi olmaqla, daim yenilənən elmi informasiya mühiti yaratmaq;

-          Tədqiqatçıları yüksək keyfiyyətli etibarlı informasiya ilə təmin etmək;

-          Gənclərin elmi idrak fəaliyyətinin formalaşmasında iştirak etmək;

-          Özünütəhsil fəaliyyətini qarşılıqlı əlaqənin şifahi və hibrid formaları vasitəsilə stimullaşdırmaq və s. imkanlarına malikdir.

Elmi-tədqiqat institutlarının kitabxanalarının bu proseslərdə iştirakının perspektivi onların öz elmi potensialına, kontingentinə, platformalarına və kommunikasiyasına təsiri spesifik texnologiyalara münasibətdən birbaşa asılıdır. Aid olduğu sahələr üzrə elmi tədqiqatların fundamental informasiya bazasını formalaşdıran kitabxanalar rəqəmsal mühitin  bütün mövcud forma və formatlarından istifadə etməyə borcludur, zəruri olduqda isə, onları öz (ənənəvi və innovativ) tədbirləri ilə əlçatan edə, birləşdirə, genişləndirə bilər. Dünyanın müasir elmi mənzərəsini formalaşdıran idrak proseslərinin inkişafında elmi biliklərin fasiləsiz mənimsənilməsini stimullaşdıran optimal şərait yaratmaq elmi-tədqiqat müəssisələrinə aid kitabxanaların əsas vəzifəsidir.  

Elmi biliklərin inteqrasiyası və kitabxanaların vəzifələri

Cəmiyyətin təkamülünün mühüm hissəsi olan elmi biliklərin yayılması və mübadiləsi tarix boyu bütün dövrlərin aktual məsələsi olaraq qalmışdır. Dövrümüzdə bu elmi məlumatları saxlamaq və təqdim etmək üçün müxtəlif internet resursları və rəqəmsal məlumat bazaları yaradılır. Getdikcə artan elmi biliklərə açıq çıxış müasir alim və tədqiqatçıların fəaliyyəti üçün təbii ki, ilkin şərtdir. Elmi tədqiqat institutları, universitetlər və digər elmi mərkəzlərdə çalışan ziyalılar üçün rəqəmsal elmi bazalarda təmsil olunmaq,  İnternetdə elmi məqalələrin dərci, istehsal olunmuş elmi biliklərdən qarşılıqlı səmərəli istifadə prioritet vəzifədir. Artıq  əsasən iri kitabxanalarımız öz oxucuları üçün çoxlu sayda elektron mənbələrə çıxış əldə edir və ya bu girişi müxtəlif fondlar vasitəsilə həyata keçirirlər. Göstərilən xidmətlər vasitəsilə fondların həm fiziki, həm də virtual olaraq oxuculara yaxınlaşdırıllmasına çalışırlar. Kitabxanaların vəzifələri, texnoloji imkanları, sosial əhəmiyyəti və elmi biliklərin inkişafında və təbliğində rolu zamanın tələblərinə görə yenilənməyə doğru davam edir.

Müasir rəqəmsal dünyada  mətnin hansı daşıyıcıda - papirusda, perqamentdə və ya kağızda, sərt disklərdə və ya serverdə yazılmasının fərqi yoxdur, kitabxana insan biliklərinin və bəşəriyyətin intellektual irsinin mühafizəçisi statusunu saxlamaqda davam edir. 

Elmi-tədqiqat  institutu kitabxanaları cəmiyyətdəki rolunu yenidən düşünməli və yeni islahatlarla informasiya xidməti servisini təkmilləşdirməli və elm adamları ilə cəmiyyətin ünsiyyətini genişləndirməyə imkan verən tədbirləri təşkil etməlidir.

Kitabxana fərdi xidmət üsullarından istifadə etməklə oxuculara differensial xidmət təşkil edir. Hazırda tam əhatə edilməsi nəzərdə tutulan əsas kitabxana xidmətləri:

-          Ənənəvi və elektron kataloq sistemi, kartoteka və informasiya təminatının digər formaları vasitəsilə dolğun məlumat vermək;

-          Ənənvi və elektron sənədlərin axtarışına yardım göstərmək;

-          Elmi-tədqiqat institutu tərəfindən bağlanmış müqavilələr əsasında əməkdaşlar üçün tələb olunan və ya təbliği, yayımlanması nəzərdə tutulan sənədlərin digər kitabxanalar və ya təşkilatlarla ənənəvi və elektron mübadiləsini aparmaq;

-          İnstitutun bağladığı müqavilələr əsasında elektron resursları qəbul etmək və onlara çıxışı təmin etmək;

-          Kitabxananın elektron oxu zalında oxucuların internetə və kompüterlərdə quraşdırılmış proqram məhsullarına çıxışını təmin etmək;

-          Biblioqrafik göstəriciləri və istifadə olunan ədəbiyyat siyahılarını tərtib etmək (ənənəvi çap və elektron olmaqla);

-          Tematik, ünvan və digər biblioqrafik istinad siyahıları yerinə yetirmək;

-          Biblioqrafik bazalar tərtib etmək;

-          İnstitutun elmi-tədqiqat fəaliyyətinə uyğun olaraq ənənəvi və interaktiv kitab sərgiləri,  və digər tədbirləri, təqdimatları təşkil etmək;

-          İnstitutunun profilinə və aparılan elmi tədqiqat predmetlərinə uyğun olaraq, habelə oxucuların informasiya tələbatını nəzərə alaraq kitabxana fondunu komlektləşdirmək,  formalaşdırmaq;

-          İnstitutun büdcəsində nəzərdə tutulmuş vəsait hesabına, İnstitutun əməkdaşları və İnstitutun Elmi Şurasının qərarı ilə nəşr və dərc edilmiş elmi işləriin məcburi nüsxələrinin təmənnasız alınmasını və mühafizə edilməsini təmin etmək;

-          Ədəbiyyatın icmal və fərdi uçotunu, texniki emalını aparmaq. Fond yoxlamasını həyata keçirmək. İnstitutun rəhbərliyi, təsərrüfat bölmələri və digər təşkilatlarla (mühafizə və s.) birlikdə kitabxana fondunun təşkilini, yerləşdirilməsini və saxlanmasını təmin etmək;

-          Qüvvədə olan əsasnaməyə uyğun olaraq sənədləri kitabxana fondunda dövriyyəsini (aktla silinməsi və ya daxil olması, hədiyyə edilməsi və s) təmin etmək.

-          Fondların elmi məzmununa uyğun ənənəvi və maşınla oxuna bilən daşıyıcılarda kitabxana fondu və kataloqu yaratmaq;

-          İnstitutun rəhbərliyinin köməyi ilə qabaqcıl kitabxana texnologiyasını,  təcrübələri tətbiq etmək və s.

Elmi biliklərin peşəkar səciyyələndirilməsi və ictimaiyyətə çatdırılması müəlliflərin elmi statusunun dəyərini müəyyən etməyə, cəmiyyət və bütün bəşəriyyət üçün  gərəkli olacaq ümumi nəticələrin təbliğinə kömək edə bilərmi?. Əlbəttə edər. Bu baxımdan Fondun oxucuya yaxınlaşmasının yollarından biri də ixtisaslaşdırılmış elektron kitabxanaların yaradılmasıdır. Müasir alim bu gün əsasən fənlərarası informasiyaya diqqət yetirir, çünki tədqiqat getdikcə daha çox inteqrativ xarakter alır. İstifadəçi məlumatlara bu cür çıxışın təmin ediləcəyini gözləyir.

Amma bu düzgün yolla, müəllif hüququ sahəsində Azərbaycan dövlətinin qanunvericiliyinə ciddi riayət etməklə aparılmalıdır. Bu məsələnin informasiya resurslarının açıq istifadəsinin genişləndiyi bir dövrdə elm adamları, ziyalılarımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu ayrıca izah etməyə ehtiyac yoxdur.  

 İnformasiya cəmiyyətinə keçid dövründə bir çox inkişaf etmiş ölkələrdə, eləcə də ölkəmizdə kitabxanalar yenidən strukturlaşma proseslərini həyata keçirməkdədir. Bu proseslərdə ən əhəmiyyətli dəyişikliklər elmi ünsiyyətdə əhəmiyyətli çəkiyə malik rəqəmsal resurslar - elektron kitab və resenziyalı jurnallar və s. - elektron mühitdə nəşri, açıq giriş modelləri, internet üzərindən əldə edilən məlumatların sürətinin artması və tam mətnli verilənlər bazalarının yayılması  proseslərinə ehtiyacın artması ilə bağlıdır. Eyni zamanda, kitabxana-informasiya xidmətlərinin virtual mühitə köçürülməsi və istifadəçilərin qeyd edilən istiqamətlərdə maarifləndirilməsi prosesləri də paralel şəkildə sürətləndirilməlidir. 

Kitabxana-informasiya sistemləri

İnformasiya texnologiyaları müasir kitabxanaların fəaliyyətində əsaslı dəyişikliklərə səbəb oldu və kitabxana-informasiya sistemləri, MARC formatı əsasında biblioqrafik bazalar yarandı, materialların verilişində ştrix-kodlardan istifadə olunmağa başlandı. Kitabxanaların avtomatlaşdırılması bütün dünyada kütləvi hərəkata çevrildi. 

Azərbaycanın dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncam və dövlətin kitabxana-informasiya sahəsində nəzərdə tutulan tədbirlər proqramı kitabxanaların informasiya cəmiyyətinin katalizatoruna çevrilməsini bir vəzifə olaraq qarşya qoydu. 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 oktyabr  tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı  üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.2 bölməsinə əsasən kitabxanaların kompüter və informasiya-proqram təminatı, avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri ilə təchiz edilməsi, respublikada müasir texnologiyalara əsaslanan  kitabxana-informasiya şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur. Sözügedən dövlət əhəmiyyətli sənəd ölkənin kitabxana-informasiya şəbəkəsinin kompleks inkişafı üçün yeni imkanlar açdı.

İlk növbədə kitabxanalarda avtomatlaşdırmanın ilkin əsasını - avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin (AKİS) yaradılması təşkil edirdi. Bu sistemlərin qarşısına qoyulmuş əsas məqsəd isə kitabxanalarda avtomatlaşdırılma prosesini kompleks həyata keçirmək, zəruri olan texnoloji proseslərin və əməliyyatların maksimum dərəcədə əhatə etməkdir. Müasir dövrümüzdə informasiya bazarında müxtəlif xarakterli keyfiyyət və kəmiyyət göstəricilərinə malik kifayət qədər AKİS-lər var (ALEPH, LIBER (LIBER MEDIA), TINLIB 270, VTLS 92/3 (VIRTUA) və s.). Müəyyən parametrlərinə görə  onların biri digərindən üstün və ya əksinə sayıla bilər. Azərbaycan kitabxanaşünaslığında AKİS-nin texnoloji əhatə dairəsinin ümumi mənzərəsini əks etdirən, elmi-nəzəri təsəvvür verən mənbələr çox azdır. Bu və digər avtomatlaşdırma sisteminə qoyulan kitabxana texnologiyası tələblərinin və ya digər kitabxanaya uyğunluq baxımından seçimə yardım edəcək metodoloji yanaşma nəzəriyyələri də kifayət qədər işlənməmişdir.

Qardaş Türkiyədə kitabxanalarında tətbiq edilən AKİS-lər və tətbiqi proseslərini haqqında ayrı-ayrı yaradıcı qrupların, mütəxəssislərin təcrübə və rəylərini əks etdirən xeyli  materiallar mövcuddur. Eyni zamanda Azərbaycanın aparıcı kitabxanalarında tətbiq edilən müxtəlif AKİS-lərin (M.F.Axundov adına Milli kitabxana, Prezident Kitabxanası.) funksional analizinin aparılmasına, müqayisəli təhlilinə və əldə edilmiş nəticələrin araşdırılmasına ehtiyac var. Xüsusilə, Azərbaycan kitabxanalarının inkişafına yönəlmiş dövlət proqramları  və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahəyə dair göstərişləri, imzaladığı sənədlər Azərbaycan kitabxana-informasiya mühitinin  inkişafı üçün bunu zəruri edir.

Sevil ZÜLFÜQAROVA, AMEA-nın Dilçilik İnstitutunun kitabxana müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: