Unudulmaz səhifələr
Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi tarixi epoxada cəmiyyət həyatının bütün sahələri ilə bir sırada ölkə elminin və Elmlər Akademiyasının da inkişafını yeni mərhələyə qaldırmışdır. Sovet hakimiyyəti dövründə Azərbaycanda fundamental və tətbiqi elmlərin inkişaf etdirilməsinə dövlət səviyyəsində dəstək verilməsi, Elmlər Akademiyasının “Xalqlar dostluğu” ordeni ilə təltif olunması, müstəqillik illərində ali dövlət elmi təşkilatının Milli Elmlər Akademiyası statusu qazanması, görkəmli elm xadimlərimizin dövlətimizin ən yüksək mükafatları və fəxri adları ilə təltif olunmaları görkəmli dövlət xadimi Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır.
Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının Azərbaycan Elmlər Akademiyası ilə bağlı daha bir səhifəsi də ölkə rəhbəri kimi onun Elmlər Akademiyasının həqiqi üzvlüyünə qəbul edilməsinə dair seçkinin keçirilməsi ilə əlaqədar indiyə qədər haqqında çox az, epizodik şəkildə söz açılmış məsələdir. Hesab edirik ki, həm elm tarixi ilə əlaqədar əhəmiyyətli fakt olduğu üçün və həm də dahi şəxsiyyət Heydər Əliyevin əsl dövlət xadimi olaraq xarakter xüsusiyyətlərinə yaddaqalan səhifələr əlavə etdiyinə görə bu məsələni də sənədlərin dili ilə geniş ictimaiyyətə çatdırmaq əhəmiyyətlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi irs arxivindən ilk dəfə əldə etdiyimiz sənədlərdən aydın olur ki, Elmlər Akademiyasının Rəyasət Heyəti 22 may 1998-ci il tarixdə Akademiyanın prezidenti, akademik Fəraməz Maqsudovun sədrliyi ilə keçirilmiş iclasında Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərini, dünya siyasətindəki xüsusi rolunu və mövqeyini, həmçinin ölkə elminin inkişafına göstərdiyi əvəzsiz diqqət və qayğısını əsas götürərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə əlaqədar qərar qəbul etmişdir. AEA Rəyasət Heyətinin iclasında görkəmli dövlət xadimi Heydər Əliyevin Akademiyanın həqiqi üzvü seçilməsi aşağıdakı elmi müddəalarla əsaslandırmışdır: “Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu, daxili sabitliyə nail olunması, yürüdülən daxili və xarici siyasət, ölkədə aparılan demokratik islahatlar məhz böyük siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. XX əsr dünya siyasət tarixinə adı əbədilik həkk olunmuş Heydər Əliyevin dövlət quruculuğu, siyasi, iqtisadi, hərbi, elmi-mədəni sahələrdəki qaynar, səmərəli və məhsuldar fəaliyyəti fundamental tədqiqat obyektidir. Artıq ölkəmizdə Heydər Əliyev siyasi məktəbi yaranmışdır və bu məktəbdən nəinki siyasi elmlər sahəsində çalışan Azərbaycan alimləri, habelə digər ölkələrin tədqiqatçıları da bəhrələnirlər».
Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri Akademiyanın prezidenti, akademik Fəraməz Maqsudovun təklifini müdafiə edərək, yekdilliklə Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər ixtisası üzrə AMEA-nın tərkibinə həqiqi üzv seçilməsini məqsədəuyğun saymışlar. Bu məqsədlə Akademiyasının Rəyasət Heyəti 22 may 1998-ci ildə aşağıdakı kimi qərar qəbul etmişdir: “Bu gün Azərbaycanın müstəqil dövlət kimi yaşaması, möhkəmlənməsi və onun təhlükəsizliyinin təmin edilməsi üçün digər elm sahələrindən daha çox siyasi elmlərin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq və Heydər Əliyevin AEA-nın tərkibinə siyasi elmlər ixtisası üzrə həqiqi üzv seçilməsini məqsədəuyğun hesab edərək, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti qərara alır:
1. 23 may 1998-ci il tarixdə AEA-nın Ümumi Yığıncağı çağırılsın.
2. Ümumi Yığıncağın gündəliyinə Heydər Əlirza oğlu Əliyevin AEA-nın həqiqi üzvlüyünə siyasi elmlər ixtisası üzrə seçkilərinin keçirilməsi məsələsi daxil edilsin.
3. Heydər Əlirza oğlu Əliyevin AEA həqiqi üzvlüyünə siyasi elmlər ixtisası üzrə namizəd seçilməsi məsələsinə İctimai Elmlər Bölməsinin Ümumi Yığıncağında müəyyən olunmuş qaydada baxılsın”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Akademiyanın həqiqi üzvlüyünə seçilməsinə dair seçkinin keçirilməsi üçün Nizamnaməyə uyğun olaraq 23 may 1998-ci il tarixdə çağırılan AEA İctimai Elmlər Bölməsinin iclasında Bölmədə təmsil olunan akademiklər görkəmli dövlət xadimi Heydər Əliyevin bu akademik qurumun siyasi elmlər üzrə həqiqi üzv seçilməsi məsələsini müzakirə edərək, böyük məmnuniyyətlə təklif edilən qərarın lehinə səs vermişlər. AEA-nın İctimai Elmlər Bölməsinin Ümumi Yığıncağının akademik Cəmil Quliyevin sədrliyi ilə keçirilmiş 23 may 1998-ci il tarixli iclasında çıxış edən AEA-nın həqiqi üzvləri: Asəf Nadirov, Ziyad Səmədzadə, Firudin Köçərli, müxbir üzvlər: Səlvər Aslanov, Mənsumə Məlikova, Məqsəd Səttarov, İqrar Əliyev, Teymur Bünyadov, Ağasəlim Ələsgərov, Fuad Qasımzadə kimi tanınmış elm adamları görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərini yüksək qiymətləndirdiklərini bildirmiş, onun geniş siyasi dünyagörüşü və dünya siyasətindəki yeri və mövqeyi haqqında elmi cəhətdən əsaslandırılmış fikirlər irəli sürmüşlər. AEA-nın İctimai Elmlər Bölməsinin 23 may 1998-ci il tarixli 3 saylı protokolundan görünür ki, akademik Firudin Köçərlinin sədrliyi ilə təşkil olunmuş və akademik Asəf Nadirovla akademik Ziyad Səmədzadənin üzv olduqları hesablama komissiyası Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər üzrə AEA-nın həqiqi üzvlüyünə seçkidə yüz faiz səs aldığını elan və təsdiq etdikdən sonra Bölmə onun AEA-nın həqiqi üzvlüyünə namizəd seçilmiş hesab olunduğunu nəzərə almaqla, Akademiyanın Ümumi Yığıncağının qarşısında bu qərara baxılması üçün vəsatət qaldırmışdır.
AEA-nın 23 may 1998-ci il tarixdə, günün ikinci yarısında keçirilmiş Ümumi Yığıncağında isə akademiyanın bütün elmi sahələri üzrə çıxış edən həqiqi üzvlərinin hamısı Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər üzrə həqiqi üzv seçilməsi məsələsini müzakirə edərək, onun lehinə böyük ruh yüksəkliyi ilə səs verəcəklərini bildirmişlər. Seçkinin keçirilməsinə dair protokoldan məlum olur ki, AEA-nın Ümumi Yığıncağında iştirak edən 26 nəfər Akademiyanın həqiqi üzvlərinin əksəriyyəti səsvermədən əvvəl Heydər Əliyevin çoxcəhətli yorulmaz fəaliyyətini, böyük xidmətlərini müxtəlif aspektlərdən elmi-siyasi cəhətdən təhlil edərək yüksək qiymətləndirmişlər. AEA-nın Ümumi Yığıncağında Heydər Əliyevin Akademiyanın həqiqi üzvü seçilməsi məsələsinin akademiyanın çoxsaylı akademiklərinin müraciətləri əsasında həyata keçirildiyi nəzərə alınmaqla, akademik düşərgəni təmsil edərək çıxış edənlər onun fəaliyyətini dövrlər və problemlər üzrə sistemli şəkildə təhlil edərək, ümumiləşdirilmiş elmi fikirlər və mülahizələr irəli sürmüşlər. Heydər Əliyevin Akademiyaya həqiqi üzv seçilməsi ilə əlaqədar səsləndirilmiş bu mülahizələr elm adamlarının siyasi mövqeyi və Azərbaycanda elmi-siyasi fikrin inkişaf səviyyəsi haqqında da aydın təsəvvürün yaranmasına xidmət edir. Dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik və çoxcəhətli fəaliyyətini geniş şəkildə təhlil edib dəyərləndirən AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov Azərbaycan Respublikasının Prezidentində dünya siyasətçilərinə və böyük dövlət xadimlərinə xas olan yüksək dövlətçilik xüsusiyyətlərini Ümumi Yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır: “Heydər Əliyevin siyasət elmi sahəsindəki işlərini 3 dövrə bölmək olar. 1970-ci illərdə apardığı işlər. O zaman Azərbaycan Respublikası Rusiyanın (SSRİ nəzərdə tutulur – İ.H.) tərkibində idi. Bu dövlətin tərkibində ola-ola özünə xas olan üsullarla, dəlillərlə Heydər Əliyev cənabları Azərbaycan diplomatiyasını ayaq üstə qaldırdı... Azərbaycanı dünya miqyasında tanıtdı.
Heydər Əliyev siyasətinin ikinci dövrü Moskvada işləyərkən, Baş Nazirin Birinci müavini olarkən apardığı siyasət idi. Dünyanın siyasi xadimləri, rəhbərləri Heydər Əliyev cənablarını əfsanəvi bir şəxsiyyət kimi qiymətləndirirlər. İstər xarici, istərsə də daxili siyasətdə ən çətin anlarda belə Heydər Əliyev cənabları öz işini görməkdə idi.
Heydər Əliyev cənabları siyasət sahəsində üçüncü dövrdə, bu çətin dövrdə Azərbaycanı dünyaya yenidən tanıtmaq üçün çox nəhəng, titanik işlər görmüşdür... O, dünya siyasətində aparıcı yerini tutur.
...O, Azərbaycanla nəfəs alır. Bu xüsusiyyət ona ana südü ilə daxil olub.
… Heydər Əliyev əsl bir alim kimi hər şeyə öz üsulu ilə yanaşır,… elmə əsaslanır…. Riyaziyyatçı ilə riyaziyyatçı kimi, musiqiçi ilə musiqiçi kimi, memarla memar kimi danışır. O, hər şeyi bilir, tariximizə gəldikdə isə… bizim bir nömrəli tarixçimiz cənab Prezidentimizdir».
AEA Ümumi Yığıncağının protokolunun stenoqramından görünür ki, bu elmi qurumun rəhbərinin giriş sözündən sonra Nizamnamənin müddəalarına əməl edilməklə, Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Cəmil Quliyev həmin Bölmədə Heydər Əliyevin siyasi elmlər üzrə AEA-nın həqiqi üzvü seçilməsi haqqında qəbul edilmiş qərar və qaldırılmış vəsatət haqqında məlumat vermişdir. AEA Ümumi Yığıncağının iştirakçıları olan Akademiya üzvləri çıxış edərək İctimai Elmlər Bölməsinin qərarını və vəsatətini ürəkdən dəstəklədiklərini bildirməklə yanaşı, həm də başlanmış müzakirələri davam etdirərək, Azərbaycan xalqının böyük oğlu və dünya şöhrətli qüdrətli dövlət xadimi, mahir siyasətçi Heydər Əliyev haqqında baxışlarını meydana qoymuşlar. Hesab edirik ki, Akademiyada keçirilən məsuliyyətli və şərəfli bir seçki prosesində Heydər Əliyev barəsində səsləndirilmiş elmi mülahizələr sadəcə yalnız seçki məsələsi ilə bağlı olmayıb, ümumiyyətlə bu dahi insanın şəxsiyyətinin və fəaliyyətinin miqyası, dövlətçilik sahəsindəki xidmətləri haqqında Azərbaycan alimlərinin elmi baxışlarının ifadəsidir. Akademiyanın Ümumi Yığıncağının 23 may 1998-ci il tarixli iclasında ölkəmizin görkəmli alimləri tərəfindən deyilmiş və indiyədək naməlum qalan, heç bir yerdə çap edilməmiş fikirlər Azərbaycan Heydər Əliyevşünaslığının əhəmiyyətli səhifələrindən ibarətdir. Ümumi Yığıncaqda bəyan edilmiş mülahizələrdən hər biri həmin fikirlərin sahibləri olan alimlərin Azərbaycan Respublikasında Heydər Əliyev epoxasında gedən proseslərə, qazanılmış nailiyyətlərə, baş vermiş ictimai-siyasi hadisələrə dair elmi yanaşmalarını, təhlillərini və dəyərləndirmələrini diqqətə çatdırır.
AEA-nın İctimai Elmlər Bölməsini təmsil edən akademik Asəf Nadirovun çıxışında Heydər Əliyevin ölkəni elmi əsaslarla idarə etməsi diqqət mərkəzinə çəkilmişdir: «Heç zaman Akademiyanın həyatında akademiyanın üzvlüyünə seçki mərasiminin bu qədər ruh yüksəkliyi ilə keçirilməsinin şahidi olmamışam. Bu şəxsiyyət əsl mənada Azərbaycanın ən böyük alimidir. Heydər Əliyev cənabları böyük iqtisadçı, filosof, tarixçidir.
Ancaq bir həqiqət var… 60-cı illərin axırlarında Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətdə idi. Lakin az bir müddət ərzində Azərbaycanın iqtisadiyyatı keçmiş SSRİ-də yüksək səviyyəyə qalxdı. Bəs, bu necə oldu? Həmin iqlim, həmin adamlar… Bu ondan irəli gəlir ki, Azərbaycanı idarə edən müdrik rəhbər var, bu müdrik rəhbər Azərbaycan iqtisadiyyatını elmi əsaslarla idarə edir.
… Biz müstəqillik deyəndə elə bilirdik ki, bu, 1991-ci ildə oldu. Doğrudur, bu belə idi. Ancaq gəlin həqiqətlərin üzünə düz baxaq. Mən Azərbaycan xalqının müstəqilliyinin ilk ab-havasını 70-80-ci illərdə görmüşəm. Məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan o səviyyəyə qalxmışdı. ...Bəli, biz onunla fəxr edirik”.
Akademiyanın həqiqi üzvü Ədilə Namazova: «Akademik seçəndə, istər SSRİ dövründə, istərsə də indi, biz onun elmi cəhətdən necə olduğunu nəzərə alırıq… Biz akademik seçəndə onun kadr hazırlığını nəzərə alırıq. Bütün bunlar bizim cənab Prezidentimiz Heydər Əliyevə məxsusdur.
Azərbaycanda nə qədər tibb elmləri doktoru varsa, hamısı Heydər Əliyevə borcludur. …Mən vaxtaşırı Rusiyada oluram. Doğrudan da, Rusiyanın tibb alimləri bizə həsəd aparırlar.
Siz Lissabon Sammitini yəqin ki dinləmisiz. Mən sənədləri oxuyanda, hətta orada çıxan qəzetlərdən deyə bilərəm ki, orada yazılır ki, «Ne tolko Lissabonskom Sammite i o nem». Bu, çox fərəhləndirici haldır. Mən qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev cənabları Azərbaycan Elmlər Akademiyasının üzvü olsa, bizim hörmətimizi daha da yüksəldər».
Akademik İsmayıl İbrahimov dövlət işlərində çalışdığı dövrdə Heydər Əliyevin fəaliyyətində müşahidə etdiyi yüksək dövlət idarəçiliyi qabiliyyətlərindən danışmışdır: «O illər, 60-80-ci illər Azərbaycan tarixinin xüsusi illəridir. Bu dövrdə bizim sənayemiz, iqtisadiyyatımız sox inkişaf etmişdir. Bu göstəriciləri əmələ gətirmək üçün... Büro iclaslarında Heydər Əliyev bütün məsələləri ətraflı öyrənməmiş, hiss etməmiş heç bir qərar qəbul etmirdi.
…Demək istəyirəm ki, o, ...hər bir məsələ üzrə təşkilatçı idi. Apardığı işlərə görə… ona bütün texniki elmlər üzrə elmlər doktoru adı vermək olar. Eyni zamanda, EA-nın həqiqi üzvü seçilməsinə də tam hüququ var”.
AEA-nın 23 may 1998-ci il tarixli iclasında iştirak edənlərdən hazırda müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirən akademik Akif Əlizadə, akademik Urxan Ələkbərov və akademik Ziyad Səmədzadə həmin xüsusi əlamətdar günün şanlı şahidləridir. Ümumi Yığıncağın iclasında akademik Akif Əlizadə və akademik Ziya Səmədzadə çıxış etmiş, akademik Urxan Ələkbərov isə seçki üzrə təşkil edilmiş müsabiqə komissiyasının üzvü kimi üzərinə düşən şərəfli vəzifəni məsuliyyətlə yerinə yetirmişdir.
Akademik Ziyad Səmədzadənin çıxışından: «Bu gün Azərbaycan elmində çox böyük bir hadisə baş verir. Onun problemlərinin həllində Heydər Əliyev cənablarının böyük xidmətləri vardır… Təkcə təşkilatçılıqda deyil, struktur dəyişikliklərində, Azərbaycanda əmək məhsuldarlığının surətlə artmasında Heydər Əliyev elmə əsaslanır və əsaslanmaqdadır. İlk dəfə olaraq çox cəsarətlə Azərbaycanın özü-özünü saxlamaq, yaşatmaq imkanlarını göstərmişdir.
Bu, Azərbaycan elminin tarixində yeni hadisədir. Bu, Azərbaycan elminin inkişafına, ictimai elmlərin surətli inkişafına, alimlərin qorunmasına xidmət edəcəkdir».
Akademik Akif Əlizadə: «Çox yaxşı oldu ki, mən də öz sözümü deyə bildim. Onun çox gözəl idarəetmə qabiliyyəti vardır... Bütün qlobal problemlərin, iqtisadi problemlərin həllində dərin iz buraxmışdır. Kadr hazırlığına göstərdiyi qayğı hamıya məlumdur… …Bu gün bizim yaddaşımızda dərin iz buraxacaqdır”.
Ümumi Yığıncaqda çıxış edənlərdən akademik Kamal Talıbzadə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ədəbiyyat və incəsənət sahəsində dərin biliklərə malik olmasından, azərbaycançılıq konsepsiyasını meydana qoymasından, akademik Musa Rüstəmov dahi şəxsiyyətin Akademiyanın həqiqi üzvü seçilməsini böyük şərəf işi hesab edilməsindən, akademik Böyükkişi Ağayev «hərtərəfli inkişaf etmiş siyasi bir alim kimi» gördüyü Heydər Əliyevin tibb elmi sahəsindəki xidmətlərindən, akademik Məhərrəm Məmmədyarov regionlarda elmin inkişafı sahəsindəki səmərəli fəaliyyətindən danışmaqla, akademik Musa Musayev onun biologiya və kənd təsərrüfatı sahəsindəki biliklərini və xidmətlərini xüsusi qeyd etməklə, Xəzər dənizinin dərindən tədqiq edilməsi üçün Akademiyaya «Elm» adlı gəminin verilməsindən böyük iftixar duyğusu ilə söz açmışlar. Akademik Hacıbəy Sultanov isə Azərbaycan astronomlarının qalaktikadakı bir ulduza Heydər Əliyevin adını verdiklərini Ümumi Yığıncağın iştirakçılarının nəzərinə çatdırmışdır. Ümumi Yığıncaqda seçkilərin keçirilməsi üçün Hesablama Komissiyasının sədri seçilmiş akademik Maqsud Əliyev səsvermənin nəticələrini elan etmişdir:
«Hörmətli toplantı iştirakçıları!
AEA-nın bugünkü yığıncağında 30 nəfər akademiya üzvü iştirak edir, onlardan 26 nəfəri həqiqi üzvdürlər. Gizli səsvermədə 30 nəfərin hamısı yekdilliklə Heydər Əliyev cənablarının AEA-nın həqiqi üzvü seçilməsinin lehinə səs vermişlər. Əleyhinə, yoxdur.
…Təklif var ki, Heydər Əliyev cənabları AMEA-nın həqiqi üzvü seçilmiş hesab edilsin. (Alqışlar).
...Bu gün Akademiyanın tarixində ən yaddaqalan tarixi bir gündür. …Mən fəxr edirəm ki, bu tarixi iclasın iştirakçısıyam».
Nizamnaməyə uyğun olaraq Elmlər Akademiyası Ümumi Yığıncağının iclasına Akademiyanın prezidenti yekun vurmuşdur:
Möhtərəm yığıncaq iştirakçıları!
Doğrudan da bugünkü gün bizim üçün çox əlamətdar gündür. Qeyd etmək istərdim ki, Heydər Əliyev Rusiyaya ilk rəsmi səfəri zamanı Rusiya Elmlər Akademiyasının kollektivi ilə görüşdü. Orada bütün elmlər üzrə alimlər var idi. …Heydər Əliyev orada bir akademik kimi çıxış etdi… Hamı heyran qaldı. Hətta qeyd etdilər ki, Rusiya Elmlər Akademiyasının divarları bu günə qədər belə çıxış eşitməmişdir. …Fransada Siyasi Elmlər Akademiyası (Sosial EA olmalıdır – İ.H.) var. Heydər Əliyev orada məruzə ilə çıxış etmişdi. Yaxşı bilirsiniz ki, Fransada erməni lobbisi çox güclüdür. O adamların çoxusu oraya xoş niyyətlə gəlməmişdilər. Heydər Əliyevin çıxışı oradakıları mat qoymuşdu. Cənab Prezidentimizi Akademiyanın həqiqi üzvü seçilməsi münasibətilə məhəbbətlə, ürəkdən təbrik edirəm».
Ümumi Yığıncaqda gizli səsvermənin nəticələrə dair hazırlanmış yekun protokolun mətni həm də Heydər Əliyevin dövlətçilik fəaliyyətini və xidmətlərini elmi və siyasi cəhətdən əsaslandıran sənəd kimi də əhəmiyyətlidir. Akademik səviyyədə yazılmış qərar layihəsinin mətnində Heydər Əliyevin möhtəşəm siyasi portretinin əsas istiqamətləri bütün dəqiqliyi ilə mükəmməl surətdə ifadəsini tapmışdır. Sənəddə yazılmışdı: “AEA-nın Ümumi Yığıncağı Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin XX əsrdə Azərbaycanda siyasi elmlərin inkişafındakı rolunu, onun gərgin, siyasi-diplomatik elmi fəaliyyətini, dövlətçilik təcrübəsini, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq və regional münaqişələrin həll edilməsi, yeni və ən yeni dövrün tarixinin və nəzəriyyəsinin, ümumi siyasi problemlərinin həlli, hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması sahəsindəki misilsiz xidmətlərini, Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin təqdimatını və Azərbaycan EA Ümumi Yığıncağının gizli səsverməsinin nəticələrini nəzərə alaraq, Azərbaycan EA Ümumi Yığıncağı QƏRARA ALIR:
Heydər Əlirza oğlu Əliyev «Siyasi elmlər» ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmiş hesab edilsin.”
AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov gizli səsvermənin nəticələri elan olunduqdan və təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi elmlər üzrə Akademiyanın həqiqi üzvü seçilməsinə dair diplomu imzalamışdır.
Seçki prosesinin gedişindən, stenoqramdakı çıxışların məntiqindən belə başa düşmək olar ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi məsələsi sanki Akademiyanın rəhbərliyi tərəfindən onunla əvvəlcədən razılaşdırılmışdır. Lakin Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudov bu barədə qabaqcadan ona deyilərsə, cənab Prezidentin razılıq verməyəcəyini dəqiq bildiyinə görə Azərbaycan alimlərinin minnətdarlıq və mənəvi borc hisslərini ifadə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürərək, seçki keçirməyə qərar vermişdir. Bu, həqiqətən də geniş mənada ölkəmizin, müstəqil dövlətçiliyin xilaskarı və rəhbəri olan görkəmli şəxsiyyətin keçid dövründə həm də Elmlər Akademiyasını ləğv edilməkdən xilas etməsi, çətin şəraitdə qoruyub saxlaması və inkişaf etdirməsi qarşısında Akademiya heyətinin gərçək bir dərkolunmuş mənəvi borcunun ifadəsi idi. Həm də Heydər Əliyev kimi beynəlxalq miqyasda qəbul edilmiş görkəmli bir dövlət xadiminin Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini nəinki Azərbaycanda və keçmiş Sovetlər İttifaqı məkanında, hətta bütün dünyada eşidən hər kəsin bu işi təbii və layiqli bir addım kimi qəbul edəcəyi də əvvəlcədən məlum idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə alimlərinin ona göstərdikləri ehtiramı yüksək qiymətləndirsə də, Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi haqqındakı qərarı qəbul etməmişdir. Əslində dövlət başçısının məsələyə bu cür münasibəti Elmlər Akademiyası üçün xoşagəlməz nəticə verə bilərdi.
Lakin Ulu Öndər Heydər Əliyev Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudova və AEA-nın həqiqi üzvlərinə 24 may 1998-ci il tarixdə məktub ünvanlayaraq, akademiya alimlərinin onun fəaliyyətinə yüksək münasibətini müsbət dəyərləndirmiş, ancaq Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini məqsədəuyğun hesab etməmişdir. Bu, Azərbaycan Respublikasının Prezidentinin hələ sovet hakimiyyəti illərindən etibarən rəhbər vəzifəli şəxslərin elmi dərəcə almalarına qarşı apardığı mübarizəyə, həmin istiqamətdə yürütdüyü ardıcıl siyasətə güzəştsiz mövqedə dayanmasının əyani göstəricisi idi. Akademiyaya ünvanlanmış məktubda da Heydər Əliyev onun akademik seçilməsi haqqında qərarı qəbul etməməsinin səbəbləri kimi, «heç vaxt Elmlər Akademiyasının üzvü olmaq arzusunda olmaması», «bu münasibətlə Elmlər Akademiyasına müraciət etməməsi» ilə bərabər, xüsusi olaraq «dövlət işləri ilə məşğul olduğuna görə buna ehtiyac duymaması»nı qeyd etməklə bir daha dövlət qulluğu sahəsində çalışanların dissertasiya müdafiə etmələrinə qarşı birmənalı münasibətini nəzərə çatdırmışdır. Qeyd etmək lazımdır ki, bu hadisədən təxminən bir il qabaq, 31 yanvar 1997-ci ildə Prezident İqamətgahında Elmlər Akademiyasının geniş tərkibli elmi heyəti ilə görüşərkən də dövlət başçısı hələ 1969-cu ildə respublikanın birinci şəxsi seçildiyi vaxtdan bu məsələ ilə ciddi mübarizə apardığını alimlərin diqqətinə çatdıraraq demişdi: «Xatirəmdədir, …altmışıncı illərdə Azərbaycanda ciddi bir xəstəlik əmələ gəlmişdi, partiya, dövlət işində işləyən çox adamlar bununla yanaşı özlərinə mütləq elmi dərəcə almaq istəyirdilər, namizədlik, doktorluq dissertasiyaları hazırladırdılar. Hesab edirdilər ki, gələcək üçün lazımdır.
…Sizə məlumdur ki, mən 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra bu hallarla ciddi mübarizəyə başladım, partiya, sovet işindəki şəxslərin belə məsələlərlə məşğul olmasının qarşısını almağa çalışdım. Hətta bəzi adamlar gizli şəkildə belə işlər gördüklərinə görə cəzalandırıldılar… Çünki o insanlar vəzifələrindən sui-istifadə edirdilər… Mən o vaxt da bunun əleyhinə olmuşam, indi də əleyhinəyəm. Bu, mənim mənəvi prinsipimdir».
Akademiyanın Ümumi Yığıncağında həqiqi üzv seçilməsi haqqında məlumat aldıqdan sonra Prezident Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərliyinə və üzvlərinə şifahi şəkildə müraciət etməsi də Ümummilli liderin elmə, Akademiyaya, elm xadimlərinə bəslədiyi yüksək hörmət və ehtiramın ifadəsi ola bilərdi. Elmlər Akademiyasına ünvanlandığı 24 may 1998-ci il tarixli məktub isə Heydər Əliyevin bu ali dövlət elmi təşkilatının nüfuzunu qorumaq və daha da möhkəmləndirmək sahəsindəki fəaliyyətinin daha bir nümunəsidir. Bu məqamda keçmiş SSRİ Elmlər Akademiyasının tarixində baş vermiş analoji bir hadisə ilə əlaqədar ibrətamiz bir müqayisəni yada salmaq Heydər Əliyev fenomeninin nə demək olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Təxminən 1960-cı ildə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Nikolayeviç Nesmeyanov o zaman Sovetlər İttifaqının rəhbəri olan Nikita Xruşovdan bu nəhəng akademik təşkilatın həqiqi üzvü seçilməsinə razılıq alır. SSRİ Elmlər Akademiyasının Ümumi Yığıncağında Nikita Sergeyeviç Xruşovun Akademiyanın həqiqi üzvlüyünə dair seçki keçirilərkən Rusiya akademikləri ölkə rəhbərinə səs vermirlər. Onlardan hər biri belə fikirləşir ki, Aleksandr Nesmeyanovdan başqa yəqin heç olmasa, 1-2 nəfər də Nikita Xruşovun lehinə səs verəcəkdir ki, soruşan olsa, həmin şəxsin özü olduğunu bildirməklə məsuliyyəti üstündən ata biləcəkdir. Lakin nəticə gözlənilənlərin əksinə olur. Səsvermə qutusu açılıb, bülletenlər hesablanarkən məlum olur ki, Nikita Xruşovun lehinə yalnız 1 nəfər səs vermişdir. Həmin səs də yəqin ki, SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Nesmeyanov imiş.
Doğrudur, Nikita Sergeyeviç bu hadisədən sonra akademik Aleksandr Nesmeyanovu dərhal cəzalandırmamışdır. Lakin bir neçə aydan sonra, 1961-ci ildə Akademiyanın prezidentliyinə növbəti seçkilər zamanı iki dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik Aleksandr Nikolayeviç Nesmeyanova yenidən etimad göstərilməmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev isə qanuni şəkildə keçirilmiş seçki əsasında yekdilliklə layiq görüldüyü Akademiya üzvlüyünü qəbul etməmiş, lakin ona səs vermiş Elmlər Akademiyasının rəhbərliyinə və üzvlərinə hörmət və ehtiramını ifadə edən xüsusi məktub göndərmişdir. Ümumiyyətlə, elm tariximiz və geniş mənada dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasına göndərdiyi 24 may 1998-ci il tarixli məktubun mətnini olduğu kimi təqdim edirik:
«Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov cənablarına
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinə
Elmlər Akademiyasının hörmətli prezidenti!
Hörmətli akademiklər!
Dünən axşam mənə məlum olmuşdur ki, ümumi iclasınızda məni Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçmişsiniz. Mənə göstərdiyiniz böyük diqqətə və fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə hamınıza təşəkkür edirəm.
Lakin mən heç vaxt Elmlər Akademiyasının üzvü olmaq arzusunda olmamışam, bu münasibətlə Elmlər Akademiyasına müraciət etməmişəm və dövlət işləri ilə məşğul olduğuma görə buna ehtiyac da duymamışam.
Hesab edirəm ki, qərar qəbul etməkdən öncə siz mənim fikrimi öyrənməli və bunun üçün razılığımı almalı idiniz. Bütün bunları nəzərə alaraq xahiş edirəm ki, mənim barəmdə qəbul etdiyiniz qərarı ləğv edəsiniz.
Azərbaycan Elmlər Akademiyasının müstəqil Azərbaycanın həyatındakı böyük roluna və onun üzvlərinin Azərbaycan elmi qarşısında göstərdikləri misilsiz xidmətlərinə görə bir daha sizə hörmət və ehtiramımı bildirirəm.
Səmimiyyətlə
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 may 1998-ci il».
Həcm etibarilə kiçik olan bu ibrətamiz məktubda mahiyyətinə və əhəmiyyətinə görə böyük mətləblər ifadə olunmuşdur. Ulu Öndər Heydər Əliyevi bir daha görkəmli dövlət başçısı kimi xarakterizə edən, eyni zamanda onun elmə, Elmlər Akademiyasına, alimlərə yüksək münasibətini əks etdirən və indiyədək tədqiqata cəlb olunmamış bu ibrətamiz məktub bir neçə cəhətdən xüsusi əhəmiyyətə malikdir:
1. Ulu Öndər Heydər Əliyev onu Elmlər Akademiyasının üzvlüyünə seçən alimlərə bu yüksək elmi adı qəbul etmədiyini məktub vasitəsi ilə bildirməklə məsələyə ciddi dövlət işi kimi rəsmi yanaşdığını göstərmişdir; 2. Dövlət qulluğu ilə məşğul olanların elmi dərəcə almalarına qarşı olduğunu birmənalı şəkildə ifadə etmişdir; 3. Bununla elmə olan böyük ehtiramını nümayiş etdirmişdir; 4. Akademiyanı elm məbədi kimi qorumağın əsl nümunəsini göstərmişdir; 5. Elm adamlarına xüsusi hörmət və ehtiramını bildirmişdir; 6. Elmi dərəcəni və elmi adi, ümumiyyətlə alim adını uca tutmağa çağırmış, bu sahədə vəzifəsindən asılı olmayaraq, heç kəsə güzəşt etməməyi tələb etmişdir; 7. Nəhayət, dövlət işləri ilə ciddi məşğul olmağı, özünü bütövlükdə bir sahəyə həsr etməyi də cəmiyyətin diqqət mərkəzinə çəkmişdir; 7. Əsl görkəmli dövlət xadimi olduğunu bir daha isbat etmişdir.
Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi Elmlər Akademiyasına ünvanlanmış 24 may 1998-ci il tarixli məktubun elmi ictimaiyyətə çatdırılması və mühüm tarixi əhəmiyyətə malik olan məktubdan irəli gələn vəzifələrin müəyyən edilməsi məsələsini 26 may 1998-ci ildə keçirilmiş AEA Rəyasət Heyətinin iclasının gündəliyinə daxil etmişdir. Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının protokolunun əldə edilmiş stenoqramı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkə elminə, Elmlər Akademiyasına, eyni zamanda, ölkəmizin elm xadimlərinin də dövlət başçısına qarşılıqlı olaraq yüksək hörmət və ehtiramını bir daha nümayiş etdirir. Bu, Heydər Əliyevin timsalında dövlət başçısı ilə ölkəmizin elmi ictimaiyyəti arasında olan möhkəm birliyin, həmrəyliyin ifadəsinə konkret bir nümunədir. Geniş mənada xalqın bütün təbəqələri ilə, o cümlədən yaradıcı ziyalılarla ölkə rəhbərinin münasibətlərindəki həmin sarsılmaz birlik bütövlükdə respublikamızın və eyni zamanda, Elmlər Akademiyasının inkişafında mühüm rol oynamışdır. Bütün bunlara görə elm tariximiz üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq, AEA Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının stenoqramının mətnini təqdim etməyi zəruri hesab edirik:
“Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının Qərarı
Gündəlik: Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin AEA-nın prezidenti akademik F.Maqsudova, akademiyanın həqiqi üzvlərinə 24 may 1998-ci il tarixli məktubu haqqında
Dinlənildi: AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov EA Rəyasət Heyətinin üzvlərini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının EA prezidentinə və həqiqi üzvlərinə ünvanladığı 24 may 1998-ci il tarixli məktubu ilə tanış etdi.
Çıxış etdilər: F.Maqsudov, N.Quliyev, T.Şahtaxtinski, M.Rüstəmov.
Çıxış edənlər Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli AEA-nın Ümumi Yığıncağının qərarı ilə bağlı Akademiyanın prezidentinə və onun həqiqi üzvlərinə səmimiyyətlə dolu məktubunda Akademiyaya verdiyi qiymətə görə ürəkdən minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, EA-nın Ümumi Yığıncağı dünya elmi-ictimai fikrində çoxdan formalaşmış rəyi yalnız hüquqi sənəddə təsdiq etdi. Əslində cənab Heydər Əliyev siyasi elmlərin ustadı kimi dünyada ən mötəbər elmi mərkəzlər tərəfindən alim və mütəfəkkir kimi çoxdan qəbul olunmuşdur.
Eyni zamanda, Akademiyanın Ümumi Yığıncağının qərarı haqqında cənab Heydər Əliyevin mövqeyi xalqa, millətə təmənnasız xidmət göstərən böyük təvazökar insanın qərarı kimi qiymətləndirildi.
Qərara alındı: Möhtərəm Prezident Heydər Əliyevin qazandığı mənəvi hüququ bütün qərar və elmi rütbələrdən üstün tutaraq, 23 may 1998-ci il tarixli AEA-nın Ümumi Yığıncağının qərarının icrası dayandırılsın”.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasına həqiqi üzvlüyə seçilməsinə dair seçkilərin keçirilməsi prosesi geniş mənada çoxəsrlik elm tarixinin, eyni zamanda, həm də Akademiyanın inkişafının ibrətamiz tarixi hadisəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında əsl dövlət xadiminin siyasi-mənəvi ucalığını bir daha təsdiq edən ibrətamiz faktdır. Baş vermiş seçki proseslərində gedən müzakirələr və qəbul edilmiş qərar həmçinin Azərbaycan alimlərinin, Elmlər Akademiyası rəhbərliyinin və akademiklərin Prezident Heydər Əliyevə sədaqətini, dövlət başçısının çoxillik və çoxcəhətli yorulmaz fəaliyyətinin elm xadimləri tərəfindən dərindən, hərtərəfli şəkildə dərk və şərh olunduğunu əyani şəkildə əks etdirir. Düşünürük ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsinə həsr edilmiş seçki prosesləri ilə əlaqədar təşkil edilən iclaslar, edilmiş məzmunlu çıxışlar, aparılmış yazışmalar, qəbul edilmiş qərarlar, çıxarılan nəticələr Azərbaycan Milli Elmlər Akademiyasının tarixinin ən şərəfli, məsuliyyətli və ibrətamiz səhifələridir. Həmin tarixi seçki prosesində tanınmış elm xadimlərinin göstərdikləri sədaqət və nümayiş etdirdikləri intellektual baxış yeni nəsil elm adamları üçün də əhəmiyyətli bir dərsdir. Azərbaycan Respublikası Prezidentinin Elmlər Akademiyasının rəhbərliyinə və tanınmış alimlərə razılaşdırılmamış seçkilərə görə bəslədiyi tolerant münasibət və ifadə etdiyi hörmət və ehtiram Heydər Əliyev kimi geniş dünyagörüşünə malik uzaqgörən dövlət xadiminin əsil müdriklik nümunəsi olan addımıdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının prezidentinə və akademiklərinə göndərdiyi 24 may 1998-ci il tarixli məktub Milli Elmlər Akademiyasının 80 illik tarixi salnaməsinin ən qiymətli səhifələrindən biridir. Bu tarixi məktub Azərbaycan Elmlər Akademiyasının prezidentinin və üzvlərinin fəaliyyətlərini inamla davam etdirmələrinə dövlət başçısı tərəfindən verilmiş vəsiqədir. Elmlər Akademiyasının və alimlərimizin nüfuzunu qorumaq üçün dövlət başçısının atdığı müdrik addım nəticə etibarilə Azərbaycan elminin inkişaf etdirilməsi üçün yeni nəfəs və üfüqlər açmağa xidmət etmişdir.
Bütün bunlarla bərabər, görkəmli dövlət xadimi Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvlüyünə dair seçkilərin keçirilməsi və dövlət başçısının 24 may 1998-ci il tarixi məktubu tədqiqat baxımından Ulu Öndərin şərəfli tərcümeyi-halının diqqətdən kənarda qalmış, öyrənilməmiş faktları və hadisələri kimi də mühüm əhəmiyyətə malikdir. Ümid edirik ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin tərcümeyi-halının naməlum səhifələrini əks etdirən təqdim olunmuş sənədlər və faktlardan onun həyatı və fəaliyyətini tədqiq edənlər mənbə kimi faydalanacaqlar. İnanırıq ki, haqqında danışılan seçki prosesinin düşünülməsi, gedişatı, detalları və nəticələri Milli Elmlər Akademiyasının inkişaf yolunu və ümumiyyətlə elm tariximizi öyrənənlərin də diqqətini cəlb edəcəkdir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsi üçün seçkilərin keçirilməsi, nəticəsindən asılı olmayaraq, Akademiyanın və akademiklərin dövlətçilik dərsləri kimi mühüm tarixi əhəmiyyətə malik olan ibrətamiz hadisədir. Həmin dövlətçilik dərslərini dərindən öyrənmək və ondan lazımi nəticələr çıxarmaq Azərbaycan alimlərinin və Elmlər Akademiyasının rəhbərliyinin və akademiklərin, yeni elmi nəsillərin borcu və vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsi məsələsini müzakirə edərək, EA Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılan 23 may 1998-ci il tarixli iclasa sədrlik etmiş Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi olan akademik Cəmil Quliyevin 2003-cü ildə yazdığı «Heydər Əliyev siyasət adamıdır, Heydər Əliyev həmçinin elm adamıdır» adlı məqaləsində baş vermiş tarixi seçki hadisəsi haqqında öz əkini tapmış aşağıdakı fikirlər həmin münasibətlə yaşanan proseslərə mənalı bir şəkildə yekun vurur:
«Yeri gəlmişkən, bir faktı yada salmağı özümə borc bilirəm: 1998-ci ildə AMEA-nın İctimai Elmlər Bölməsi Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini irəli sürmüş və Nizamnaməyə əsasən Heydər Əliyev Akademiyanın Ümumi iclasında gizli səsvermə yolu ilə yekdilliklə akademik seçilmişdir. Möhtərəm Prezident bu təşəbbüsü ehtiramla qarşıladı, lakin həqiqi üzvlük diplomunu qəbul etmədi… Amma bu məsələdə Heydər Əliyevin müdrikliyi təsdiqləndi.
…Heydər Əliyev tarixin ən mürəkkəb və çətin bir dövründə… XXI əsrin astanasında elmi-texniki potensiala, zəngin intellektual xəzinəyə malik Azərbaycan Milli Elmlər Akademiyasını xilas etdi. Alimin, elmin, ziyalının hörmət və nüfuzuna vurulan zərbələri dəf etdi.
…Qeyri-iradi …olaraq sual meydana çıxır: «Heydər Əliyevdə hansı keyfiyyət üstünlük təşkil edir – siyasətçilik, yoxsa alimlik? Bu suala birmənalı cavab vermək çətindir. Ancaq belə demək olar: «Görkəmli siyasətçi Heydər Əliyev görkəmli alim Heydər Əliyevi tamamlayır və əksinə». Bu formulda, düsturda daxili dialektik məntiq vardır: Heydər Əliyev özündə görkəmli siyasi xadimi və görkəmli alimi dərindən təcəssüm etdirir».
P.S. Elmlər Akademiyasının Ümumi Yığıncağında 23 may 1998-ci ildə keçirilmiş gizli səsvermənin nəticələri əsasında Prezident Heydər Əliyevin adına yazılmış və həmin gündə imzalanmış siyasi elmlər üzrə 01 saylı həqiqi üzvlük diplomu hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində qorunub saxlanılan sənədlər sırasındadır. Ehtimal ki, Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudov vaxtilə Ulu Öndərin verilməsini dayandırdığı həmin diplomu tarixi bir sənəd kimi Naxçıvandakı Heydər Əliyev Muzeyinə təqdim etmişdir...
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan elminin və Milli Elmlər Akademiyasının müasir dövr dünya təcrübəsinin reallıqları, müstəqil dövlətimizin inkişaf strategiyası və milli prioritetləri əsasında inkişaf etdirilməsi üçün aydın üfüqlər açmışdır. Bütövlükdə Azərbaycan elmi və Milli Elmlər Akademiyası yeni tarixi dövrün çağırışlarına layiqincə cavab vermək üçün bütün imkanlarını səfərbər etməkdə davam edir.
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
"525-ci qəzet"
24 noyabr 2024-cü il