Dünya üzrə elmi mühit qlobal iqlim dəyişikliklərinin başvermə səbəblərindən birinin öncə antropogen faktor olduğunu qəbul etsə də, daha mühümünün qalaktikamızın, o cümlədən Yer kürəsinin hərəkət trayektoriyası və ya kosmik anomaliyalarla əlaqədar olub-olmadığının müəyyənləşdirilməsi vacibdir. Aydınlaşdırılmalıdır ki, ən azından Yer kürəsində belə bir ardıcıl kritik iqlim dəyişiklikləri nə vaxtsa baş vermişdimi? Çünki biz kainatda və məskunlaşdığımız planetdə prosesləri tam da olmasa, dəqiqləşdirməsək, qabaqlayıcı tədbirlərimizin effekti az olacaqdır.
Bizim dağlıq zonalardakı biçənəklər üzərində apardığımız müşahidələrə əsasən, iqlim dəyişiklikləri təqribən 2000-ci ildən başlayaraq intensivləşməyə başlamışdır. Həmin zamanlarda hündürlüyü təqribən 1,2 m olan ot örtüyü builki müşahidələrə görə, artıq 15-20 sm səviyyəsinə düşmüşdür. Bəzi yerlərdə biçənəklər artıq otlaq kimi istifadə edilir. Ot kütləsinin azlığı əhalini məcbur etmişdir ki, meşə talalarını biçənək kimi istifadə etsinlər, həm də heyvanları, xüsusən iribuynuzluları meşədə otarsınlar. Bu isə birbaşa və ya dolayısı yolla talaların genişlənməsinə, meşələrin seyrəlməsinə səbəb olmuşdur. Beləliklə, sutənzimləyici rolu olan meşələr su itkisinin də baş verməsinə vəsilə olur.
Dünyada iqlim dəyişikliklərinə səbəb olan amillərdən ən başlıcası antropogen amillərdir. Bəşəriyyətin törətdiyi davamlı müharibələr, Yerin təkindən acımasızcasına istifadə, böyük şəhərlərin yaratdığı "parnik effekti", plastik, pestisid, zəhərləyici maddələrlə torpaq və suyun çirkləndirilməsi, okean və dənizlərin çirkab anbarına və atom bombaları sınaqlarının meydanına çevrilməsi təbiətin də, şübhəsiz, cavab reaksiyası verəcəyi anlamına gəlirdi. Bir çox növlər qırmızı kitablara salmağımıza baxmayraq, təbiətdə artıq müşahidə edilmir, bu fikir həm flora, həm də fauna növlərinə aiddir.
Ona görə də bəzi qabaqlayıcı tədbirlərin görülməsi vacib olduğu qədər həm də qaçılmazdır:
1. Respublikada qida zəncirinin başlanğıcı olan bitki örtüyünün qorunması, səmərəli istifadəsi və artırılması.
2. Respublikada su ehtiyatı mənbələrinin qorunması, su xətlərində itkilərin azaldılması və səmərəli istifadəsi birnömrəli məsələdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi su probleminin vacib faktor olduğunu göstərdi. Ölkə rəhbəri tərəfindən qəbul edilən tədbirlər ardıcıl davam etdirilməklə, şübhəsiz, əhalinin firavan və sağlam yaşayışını stimullaşdıracaq, yaşıllıqların salınması işini asanlaşdıracaqdır.
3. Təbiətdəki vəziyyəti kritik statuslu olan növlərin, xüsusən birillik bitkilərin toxum materialının toplanılaraq genbanklarda saxlanılması.
4. Digər funksiyaları ilə bərabər başlıca sutənzimləyici funksiya daşıyan meşələrdəki talalarda və çaysahili seyrəlmiş tuqay meşələrində elmi surətdə yaşıllaşdırma işlərinin davam etdirilməsi, digər üstünlükləri ilə bərabər, həm də yaşıllıq sahələrinin artmasına imkan verəcəkdir.
5. Dağlıq zonada "ağıllı çöl layihələri"nə start verilərək, yağıntılar zamanı yamaclarda yaranan axıntıları üfüqi istiqamətlərə yönləndirərək, yağış sularından istifadənin effektivliliyini artırmaq.
6. Yay otlaq sahələrində fermalara verilmiş ərazilərdə normaya uyğun mal-qaranın növ sayına ciddi nəzarət edilərək otlaq sahəsinin yüklənməsinin qarşısının alınması, otarılma qaydalarına nəzarət edilməsi.
7. İri şəhərlərdə tıxacların ciddiliyini, səmərəsiz yanacaq sərfi və havanın çirkləndirilməsini nəzərə alaraq, "yaşıl işıq" xətlərinin yaradılmasına çalışılması.
8. Televiziya verilişləri ilə əhaliyə təbiətdə baş verən qlobal iqlim dəyişikliklərinin ciddiliyini başa salaraq ətraf mühitə qarşı qayğılı münasibətin artırılması.
Tariyel TALIBOV, Akademik
“Azərbaycan” qəzeti