Mayın 12-də AMEA Rəyasət Heyəti və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli filosof alim, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 illik yubileyinə həsr olunan “Azərbaycan fəlsəfəsinin yadda qalan simaları – Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunda baş tutan tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının işığında AMEA-da müxtəlif istiqamətlərdə və mövzularda silsilə tədbirlərin keçirildiyini deyərək, belə tədbirlərin sırasında həyatı və elmi fəaliyyəti Akademiya ilə bağlı olmuş görkəmli alimlərin yubileylərinin də qeyd olunduğunu bildirib. Akademik İsa Həbibbəyli böyük elm fədailərinin yubiley tədbirlərinin keçirilməsini həmin alimlərin fəaliyyətinə və xidmətlərinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, həm də AMEA-nın inkişafının müəyyən mərhələlərinin tarixi olduğunu vurğulayıb. O, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 illiyinə həsr olunan bugünkü konfransın Fəlsəfə və Sosiologiya İnstitutunun bazasında Akademiyanın yubileyinə aid tədbirlər kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görkəmli filosof Məqsəd Səttarovun fəaliyyətinin birbaşa Akademiya ilə bağlı olduğunu söyləyən AMEA rəhbəri onun uzun illər bu elm məbədində çalışdığını, Fəlsəfə və Hüquq İnstitutunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etdiyini bildirib. Qeyd edib ki, Məqsəd Səttarov, həmçinin Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri kimi gənc alimlərin hazırlanması sahəsində mühüm xidmətlər göstərmişdir.
Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun Sovet dönəmində yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, cəmiyyətin alt qatını yaxından görən, hələ 70-ci illərdə cəmiyyəti dərindən dərk edən ziyalı olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Məqsəd Səttarov 1964-cü ildə sosializm və kommunizm şəraitində “Azərbaycanda elmi ateizm nəzəriyyəsinin formalaşması və bərqərar olunması” mövzusunda elmlər doktorluğu dissertasiyasını uğurla müdafiə edib. Alimin elmi fəaliyyəti həmin dövrün filosoflarının taleyi ilə eyni şəkildə, o zamanki sosializm quruluşunun ideallarına uyğun inkişaf edib. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Məqsəd Səttarov cəmiyyəti düşündürəcək fikirləri söyləməklə, gəncləri o cəmiyyətin simasını dərindən dərk etməyə, azərbaycançılığa xidmət etməyə yönəldib.
“Məqsəd Səttarov öz dövrünün ideallarına uyğun əsərlər yazsa da, həmin cəmiyyətin ümumi totalitar simasını hamıdan əvvəl dərk edən, onun məhvə məhkum olunduğunu hiss edərək yeni nəsillərə çatdıran görkəmli filosof alimdir”, - deyə AMEA prezidenti bildirib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli Məqsəd Səttarovun “Fəlsəfə və ideologiya”, “İnsan və cəmiyyət haqqında düşüncələr” kitablarının məziyyətlərindən danışıb, filosof alimin zəngin irsinin bugünün işığında, azərbaycançılıq istiqamətində daha dərindən tədqiq olunmasının vacibliyini qeyd edib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Məqsəd Səttarovun fəlsəfi görüşlərinə dair” adlı məruzəsini təqdim edərək alimin elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında məlumat verib. Bildirib ki, Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən ateizm tarixi və nəzəriyyəsi, ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə edib. O, Azərbaycanın mənəvi-mədəni həyatında İslamın yeri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması, Azərbaycanda ateist fikir kimi məsələləri araşdırıb.
Məruzəçi qeyd edib ki, Məqsəd Səttarov 1950-ci illərin sonlarından etibarən taleyini ömürlük olaraq Fəlsəfə İnstitutu ilə bağlayıb. Təxminən otuz ildən çox Fəlsəfə kafedrasına rəhbərlik edən Məqsəd Səttarov gənc və perspektivli alimlərə daim qayğıkeş münasibət göstərib. O, fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın bir çox aktual problemlərinə həsr olunmuş otuz kitab, monoqrafiya və çoxsaylı məqalələr yazıb.
Diqqətə çatdırılıb ki, alimin əsərləri çoxaspektlidir, fəlsəfə və ictimai elmlərin bir çox aktual məsələlərinə, maarifçilik ideyalarına həsr olunub. Onun cəmiyyət və ideologiya haqqında düşüncələri müəyyən maraq kəsb etməklə bərabər, həm də mühüm əhəmiyyət daşıyır.
Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Elmi rəhbər tələbkarlığı ilə səmimi qayğının vəhdəti”, həmin institutun şöbə müdiri professor Rəna Mirzəzadə “XX əsr Azərbaycan fəlsəfəsində yeri və rolu olan Məqsəd Səttarov”, şöbə müdiri professor Azər Mustafayev “Məqsəd Səttarov: fəlsəfi düşüncələrdə, yaddaşlarda və xatirələrdə”, şöbə müdiri professor Sakit Hüseynov “Düşüncənin yolu: Məqsəd Səttarovun fəlsəfi elmə və Azərbaycanın mənəvi həyatına töhfəsi” və şöbə müdiri f.e.d. Arzu Hacıyeva “Məqsəd Səttarov opponent rolunda, yaxud zaman içində fəlsəfi dialoq” mövzularında məruzə ilə çıxış ediblər. Professor Rəbiyyət Aslanova çıxış edərək Məqsəd Səttarovun fəlsəfi irsinə münasibətini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.