Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.03.2023 16:30
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində maksimum alışma 20 mart tarixində baş vermiş M 1.2 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı artaraq 125 olmuşdur. Martın 20-də Yerə yönəlmiş 2 Tac Kütlə Atılması (CME – Coronal Mass Ejections) qeydə alınmışdır. Martın 16-dan Günəşin səthində tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox elektron seli geostasionar orbitdə həyəcanlaşmış səviyyədə olmuşdur (746 pfu), 10 MeV-dən çox enerji yüklü  proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin sürəti artaraq Yer orbitində 647.7 km/san-ə çatmışdır. Tac Kütlə Atılmalarının təsiri nəticəsində planetlərarası maqnit sahəsinin intensivliyi 23 martda artaraq 22 nT, radial istiqamətdə isə -17 nT-yə çatmışdır. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 0.25 nT-dir.

Martın 20-də qeyd alınan böyük Tac dəliyi və Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları səbəbilə 23-24 mart tarixlərində maqnit qasırğası  qeydə alınmışdır. 24 mart tarixində qasırğanın gücü artaraq, G4 (7 Kp) səviyəsinə kimi yüksəlmişdir. Hal-hazırda isə geomaqnit sahə sakitdir (+1 Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (27 mart - 02 aprel) C sinif alışmanın baş vermə ehtimalı 90%, M sinif (R1-R2) 10%, X sinif isə 1% təşkil edir.

Enerjisi 2 MeV olan elektron selinin 27-29 martda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Geomaqnit sahənin həftə ərzində aktiv olacağı gözlənilir. Belə ki, 27-28 martda mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı proqnozlaşdırılır. 30 mart tarixində isə G1 sinifli maqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: