Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev Bakıya gəlməsəydi nə ola bilərdi?
29.03.2023 16:21
  • A-
  • A
  • A+

Heydər Əliyev Bakıya gəlməsəydi nə ola bilərdi?

Azərbaycan xalqı tarix boyu bir sıra çətin sınaqlara məruz qalıb və nə yaxşı ki, belə sınaqlardan çıxmaq üçün qüdrətli şəxsiyyətlərimiz olub, ölkəmizi bu vəziyyətdən uğurla çıxarıblar. Bu mənada xalqımız Heydər Əliyevə öz xilaskarı kimi baxmağa borcludur və xilaskarı kimi də qəbul edir.

1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi nə ola bilərdi? O vaxt biz bilirdik ki, ölkəmizi bu vəziyyətdən təkcə Heydər Əliyev çıxara bilər və gələcək neqativ halların qarşısını o ala bilər. Ölkəmizin müstəqilliyi möhkəmlənər, Heydər Əliyevin öz təbirilə desək, suverenliyimiz əbədi olar. Lakin onu da bilirdik ki, Heydər Əliyev çoxlu teleqramlara, məktublara, şəxsi ziyalı və ağsaqqalların, ölkə rəhbərlərinin dəvətinə baxmayaraq vəzifəyə gəlmək istəmirdi. 1993-cü il fevral ayında möhtərəm Heydər Əliyevlə görüşümüz zamanı, baxmayaraq ki, iqtisadi vəziyyətlə bağlı çətinlikləri, yaranmış vəziyyəti məndən yaxşı bilirdi. O isə deyirdi, mən vəzifə istəmirəm, Naxçıvanda qalıb işləmək istəyirəm.

Lakin ölkədə kritik vəziyyət yaranandan, vətəndaş müharibəsi başlayandan sonra Heydər Əliyevin vətənpərvərliyi, Azərbaycançılığı, onun dahiliyi, xalqına bağlılığı, xalqının fədaisi olmağı öz istəyinə qarşı gediərək ölkə rəhbərliyinə gətirdi. Bir də təkrar edirəm. Əgər Heydər Əliyev vəzifəyə gəlmək istəsəydi o, fevralda da, martda da gələ bilərdi. O, gəlmək istəmirdi. Bu da təsadüfi deyil ki, o, birbaşa vəzifə kürsünə yox, Gəncədəki vəziyyətlə tanış olmağa, orada xalqa ürək-dirək verməyə gəlmişdi və Heydər Əliyevin həyatının qalan hissəsinin Azərbaycan xalqına bağışlanmağı dövrü başlandı. Heydər Əliyev həyatının mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görərək onun ən böyük dayağı xalq olduğuna əmin idi.

Heydər Əliyev ölkəmizdə rəhbər işlədiyi vaxtlarda həyatımızın və fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, onun inkişafına qayğı göstərməsin. Bura “Əsrin müqaviləsi”ni, Milli ordumuzun formalaşdırılması üçün göstərilən səyləri, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda görülən işləri, müstəqil Azərbaycanın ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk Konstitusiyasını və onlarla, yüzlərlə belə işləri göstərmək olar.

Heydər Əliyevin fəaliyyət dairəsinə aid olan işləri bir-bir sadalamaq mümkün deyil. Amma bu mümkündür ki, Azərbaycanın şəhər və rayonlarını, tikilmiş sənaye və sosial obyektləri göz önünə gətirəsən. Bu mənada mən inanıram ki, nə vaxtsa Azərbaycanın Heydər Əliyev dövrünün xəritəsi yaranacaq.

Bütün bu işlər haqqında ətraflı danışmaq fikrində deyiləm. Çünki bu işlər xalqın gözü qarşısında görülür, onları kiməsə sübut etməyə ehtiyac yoxdur. Bunu da sübut etməyə ehtiyac yoxdur ki, Heydər Əliyev cənablarının hər iş günü bir tarix idi.Bu və ya digər dərəcədə respublikamızın taleyi ilə bağlı problemlərin həlli sahəsində görülən işlərlə əlamətdar idi. Bu mənada Heydər Əliyevin xalqın təkidi və arzusu ilə hakimiyyətə gəldiyi günü - 15 iyunu Qurtuluş günü kimi qeyd etməyimiz Heydər Əliyevə olan xalq inamının, məhəbbətinin məntiqi nəticəsi idi.

Əminəm ki, bu gün bizim görmədiyimiz işləri gələcək nəslin nümayəndələri mütləq görəcəklər. Heydər Əliyevin hər bir fikri xalqımızın gələcəyi, inkişafı, müqəddəratı ilə bağlı idi. Heydər Əliyevin iş üslubuna aid elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq.

Mən konkret olaraq Heydər Əliyev cənablarının kimya sənayesinin inkişafına göstərdiyi qayğıdan danışmaq istərdim. Bu da səbəbsiz deyil. Çünki konkret sahələrə göstərilən qayğını bəzən əhalinin əksər hissəsi bilmir. Heydər Əliyevin kimya sənayesinə qayğısı onun respublikamıza rəhbərlik etdiyi birinci dövrdə başlanmışdır.

Biz gələcəyimizi görmək üçün keçmişimizi yaxşı təhlil etməliyik. Ona görə də Azərbaycanda kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu barədə bir sıra fikirlərimi demək istərdim. Onu da demək istəyirəm ki, əgər möhtərəm prezidentimizin respublikaya rəhbərlik etdiyi dövrlərdəki başqa sahələrə aid xidmətləri nəzərə alınmasa belə, o, kimya sənayesinin inkişafındakı xidmətlərinə görə tarixdə özünə şərəfli bir yer tutacaqdır. Bu, tək mənim fikrim deyil, respublikamızın çoxminli kimyaçılarının fikridir.

Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hələ İttifaq məkanında yaşadığımız vaxtda Azərbaycanın başqa ölkələrdən asılılığını minimuma endirməkdən ötrü uzaqgörənliklə tədbirlər görürdü. O vaxtlar bu və ya digər obyektin Azərbaycan xəritəsinə düşməsi üçün İttifaq hökumətinin maneələrini qırmaq o qədər də asan deyildi. Heydər Əliyev qüdrəti və iradəsi bunu müdrikcəsinə həll edirdi. Onun hakimiyyətə gəldiyi 70-ci illərin əvvəllərindən Azərbaycanda genişmiqyaslı quruculuq dövrü başlanmışdır. Heydər Əliyevin dəst-xətti bütün sahələrdə özünü göstərirdi. Onun üçün ikinci dərəcəli məsələ yox idi.

Ümumiyyətlə bu gündən çox sabahımız haqqında fikirləşmək Heydər Əliyevin xarakterindən, təəssübkeşliyindən irəli gəlirdi. O həmişə mövcud olanlarla kifayətlənməyib yenisini yaratmağa can atırdı. Yeniliyi yaratmaq isə həmişə, hər yerdə çətin olub. Mövcud olanla kifayətlənmək isə geriliyə yuvarlanmaqla nəticələnir. Bunları mən sizə faktlarla çatdırmaq istərdim.

Heydər Əliyevin qətiyyəti nəticəsində “Sintezkauçuk” zavodunda az səmərəli, ekoloji təmiz olmayan istehsalatlar bağlanıldı, onların yerində o vaxt üçün ən müasir texnologiyalar ilə butadien istehsalatları tikilib istifadəyə verildi. Etil spirti istehsalı, sulfat turşusunun qatılılığının yüksəldilməsi sexinin fəaliyyətləri dayandırıldı. Ətraf mühitin sulfat turşusu ilə çirklənməsinin qarşısı alındı. Heydər Əliyev Respublikanın rəhbəri seçiləndə “Sintezkauçuk” zavodunda mövcud etilen istehsalatında 70%-li etilen istehsal olunurdu, ondan etil-spirti, ondan da butadien istehsal olunurdu. Bu, ən köhnə, ekoloji cəhətdən ziyanlı, iqtisadi cəhətdən az səmərəli bir istehsalat idi. Yəqin ki, hələ də çoxlarının yadındadır: turşu buxarlandırma sexindən atmosferə atılan sulfat turşusunun buxarları o vaxt Siyəzəndən görünürdü. Bəlkə də hələ lap uzaqdan. Bu isə radiusda Şamaxıya qədər olan sahədə torpağı da, atmosferi də sulfat turşusu ilə zəhərləyirdi. Təsəvvür edin, sutkada atmosferə yüz tonlarla turşu atılırdı. Bağlanan istehsalatların yerində və yeni sahələrdə butanın dehidrogenləşməsindən alınan və kənardan gətirilən butan-butilen-butadien (divinil) butadien ayrılması istehsalı tikildi. Stirol istehsalının gücü artırıldı, butil kauçuk izobutilen, latekslər istehsalatları tikilib istifadəyə verildi. Kauçuk, stirol istehsalının gücü iki dəfə və daha çox artırıldı.

Heydər Əliyevin rəhbərliyi vaxtında ekoloji baxımdan ziyanlı olan o üç istehsalat bağlandı və yerində o vaxtın ən müasir qurğusu “EP-300” tikildi. Orada alınan butilen-divinil fraksiyasından isə o vaxtın ən müasir texnologiyasına əsaslanan divinil istehsalatı tikildi və 70%-li etilendən alınan etilbenzol istehsalatı bağlandı. Heydər Əliyevin böyük səyi nəticəsində lateks sexləri tikildi.

Sumqayıt “Superfosfat” zavodunda kolçedandan sulfat turşusu istehsalatı bağlanıb onun yerinə ən müasir texnologiya ilə illik gücü 450 min ton olan turşu sexi tikildi. Özü də buradakı istehsal texnologiyası Polşaya məxsus olduğundan, avadanlıqların quraşdırılmasında da Polşa mütəxəssisləri iştirak edirdilər. Məhz bundan sonra həmin zavodun istehsal gücü 1100000 ton dənəvər superfosfata çatdırıldı. Əvvəlki texnologiya ilə atmosferə atılan hidrogenflorid qazından və alüminium hidrooksiddən silisium floridli natrium duzu istehsalatı tikildi. Bu da ölkəmizin bu xammala olan tələbatını ödədi.

Üzvi sintez istehsalat birliyində EP-60 etilen istehsalı bağlanılıb onun yerində EP-300 etilenə görə illik məhsuldarlığı 300 min ton olan istehsalat tikildi. Az effektivli olan benzol istehsalı saxlanıldı. Oksi propilen, poliefir, dixlor etan, poli izobutilen, butadien istehsalatı, polietilen istehsalatları tikilib istifadəyə verildi. Gündəlik gücü 168 min m3 olan çirkab sularını təmizləyən qurğular istifadəyə verildi. Üzvi sintez istehsalat birliyində sulfat turşusu ilə işləyən, ekoloji baxımdan təmiz olmayan izobutilen sexi dayandırıldı. İqtisadi cəhətdən az səmərəli olan “EP-60” qurğusunun əvəzinə daha müasir EP-300 qurğusu layihələndirildi. Onun əsasında benzol istehsalı da planlaşdırıldı. Polipropilen, polietilen istehsalatları planlaşdırıldı.

Bunun üçün biz Heydər Əliyevə minnətdar olmalıyıq. Onu da deyim ki, Rusiya, Ukrayna, Belarus kimi böyük respublikalarda hələ də “EP-60” qurğularından istifadə olunur.

“Məişətkimyası” zavodunda gücü 60 min ton olan yeni istehsalat işləməyə başladı. Bununla əlaqədar heç bir yerdə deyilməyən bir faktı yada salmaq istərdim. O vaxt Sumqayıtdakı yuyucu vasitələr zavodu üçün lazım olan əsas avadanlığı qurutma qülləsini Heydər Əliyev Qazaxıstanda tikilməyə başlayan zavoddan gətirməklə özünü bir növ Kunayev kimi bir şəxsə qarşı qoyurdu. Və yaxud Leninqradda tikilən zavoddan poliqrafiya sistemini respublikamıza gətirməklə özünü Romanova qarşı qoyurdu. Belə işləri nəinki görmək, hətta dilə gətirmək də asan deyildi. Heydər Əliyev xalqının, ölkəsinin rifahı naminə öz nüfuzundan istifadə edirdi. Bunlar hamısı faktdır. Onları danmaq, qiymətləndirməmək ən azı nankorluqdur. Bəziləri vicdan əzabı çəkmədən deyirlər ki, Heydər Əliyev Sumqayıtı krimatoriyaya çevirmək istəyirdi. Belə “krimatoriya” ilə ABŞ, Almaniya və sair kimi dünyanın inkişaf etmiş ölkələri fəxr edirlər.

Yəqin ki, çoxlarının yadındadır, vaxtilə Sovet İKP MK yarımçıq qalmış mədəniyyət obyektlərinin tikintisini davam etdirməyi vəsaitin olmaması üzündən qadağan etmişdi. Amma bütün bu qadağalara baxmayaraq Heydər Əliyevin nüfuzu sayəsində Sumqayıtdakı 1300 yerlik mədəniyyət sarayının tikintisi kimya sənaye nazirliyinin vəsaiti hesabına davam etdirildi. Bununla əlaqədar o vaxtlar SSRİ Nazirlər Sovetinin sədrləri Tixonovun, Rıjkovun üç dəfə sərəncamları olmuşdur. Bu, Azərbaycana xüsusi qayğı deyildi. Heydər Əliyevə xüsusi hörmət idi.Bunu necə danmaq, necə qiymətləndirməmək olar ki, o vaxt “Baş Moskvatikinti”dən xüsusi bir briqada gəlib həmin sarayda tamamlama işləri ilə məşğul olurdu. Bu, Heydər Əliyevin o vaxt Moskva şəhərinin rəhbərliyi, xüsusən Promıslov ilə şəxsi münasibətlərinin sayəsində mümkün olurdu. Yeqin ki, müxalif qüvvələr təəccüblənəcəklər: o vaxt Moskvadan gəlmiş inşaatçılar deyirdilər ki, bu tipli mədəniyyət sarayı ittifaqda dörd, ya beş ədəddir. Bu, Heydər Əliyevin Sumqayıtlılara, Azərbaycan kimyaçılarına əvəzsiz hədiyyəsidir və bu hədiyyə gələcək nəsillərə də yadigardır.

Civə üsulu ilə xlor-qələvi istehsalatı o vaxt üçün müasir sayılan Almaniyadan alınan elektroliz vannaları əsasında yenidən qurulub. Bir sözlə, elə il olmazdı ki, yeni istehsal sahələri tikilib istifadəyə verilməsin.

Əgər o vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə “Üzvi sintez” zavodunun tərkibində sutkalıq gücü 168000 kubmetr olan, həm ümumiyyətlə şəhər, həm də sənaye müəssisələri üçün nəzərdə tutulmuş yeganə sutəmizləyici qurğu tikilməsəydi dənizin, şəhərin vəziyyəti necə olardı? Mənə elə gəlir ki, bunu hamı bilir. Belə quruculuq işləri bütün respublikanı əhatə edirdi. Bugünkü kimya sənayesi Heydər Əliyevin dünənki qayğısının dirəkləri üzərində dayanıb. Bunu görməmək, qiymətləndirməmək sadəcə olaraq mümkün deyil.

Heydər Əliyevin əməyini danmaq istəyənlərə bildirmək istəyirəm ki, məhz onun təşəbbüsü ilə o vaxtkı SSRİ-də parafindən sulfanol istehsalatı ilk dəfə Sumqayıtda yaranıb, onun istehsal gücü artırılıb. Diafraqma üsullu xlor və kaustik soda istehsalatı yaradılıb. İki elektroliz istehsalatı tikilib, biri yenidən qurulub.

1981-ci ildə Heydər Əliyevin yaxından qayğısı və təşəbbüsü ilə İtaliya avadanlığı və texnologiyası ilə Sumqayıtda alkilbenzol istehsalatının tikintisinə başlandı. Bir sıra xarici ölkələrin avadanlıqlarından quraşdırılan bu istehsalat nəinki respublikamızın, habelə o vaxtkı İttifaqın da həyatında mühüm hadisə idi. Səbəbi də o idi ki, illik gücü 75 min ton olan bu istehsalat o vaxtkı İttifaqın əhalisini yüksək keyfiyyətli yuyucu tozlarla təmin etməyə imkan verirdi. Amma çox keçmədi Heydər Əliyev Moskvada işləməyə dəvət olundu, bu istehsalatın da tikintisi unuduldu. Onu ancaq 1994-cü ildə istismara verə bildik.

Məlumdur ki, Heydər Əliyev cənabları kimyaçı deyil. Amma onun kimya elminin müxtəlif sahələrinin (neft kimyası, üzvi kimya, qeyri-üzvi və xlorlu üzvi kimya, elektrokimya, poliefirləşmə üsulları və sair) inkişafına bu dərəcədə qayğıkeşlik və təəssübkeşliklə yanaşması göstərir ki, bu sahəni də düzgün istiqamətləndirməyi uzaqgörənliklə bacarır. Kimya sənayesini yüksək səviyyəli kimya mütəxəssisi qədər bilirdi.

Zaqafqaziyada fosfor gübrəsi istehsal edən yeganə müəssisə “Superfosfat” zavodu da Heydər Əliyev cənablarının təşəbbüsü ilə 1970-80-ci illərdə genişləndirilmiş, burada yeni istehsal sahələri yaradılmışdır. Məsələn, 1973-cü ildə bu zavodda bor manqanlı yeni növ gübrə istehsalına başlanmış, 1975-ci ildə isə ikipilləli kontaktlaşma metodu ilə işləyən sulfat turşusu istehsalatı istismara verilmişdir. Görülən tədbirlər nəticəsində həmin illərdə sulfat turşusu istehsalı 10, mineral gübrə istehsalı isə 30 dəfədən çox artmışdı. Bəli, məhz Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində bir vaxtlar bu zavod ildə bir milyon tondan artıq mineral gübrə, 600 min ton sulfat turşusu istehsal edirdi. Məhz bunun hesabına vaxtilə respublikamızın kənd təsərrüfatında yüksək göstəricilər əldə olunurdu. Heydər Əliyevin 1978-ci ildə bu müəssisəyə gəlişi bir sıra problemlərin həllinə böyük kömək etmişdir.

Sumqayıtdakı “Etilen-Polietilen” zavodu ümumiyyətlə kimya sənayesinin inkişafı üçün əsas xammal bazasıdır. Çoxları bilmir ki, bu zavoddakı “EP-300” qurğusunun vaxtilə Azərbaycanda tikilməsi bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə, onun sayəsində mümkün olmuşdur. Bu gün respublikamızın kimya sənayesinin inkişafını bu qurğusuz təsəvvür etmək mümkün deyil. Heydər Əliyev cənabları bu günkü vəziyyətimizi təxminən 50 il bundan qabaq görürdü.

SSRİ-nin o vaxtkı rəhbərləri Sumqayıtda EP-60 istehsalatları ola-ola EP-300 istehsalatının tikilməsinə razı deyildilər. Heydər Əliyev sübut edib onları razı saldı ki, bu qurğu Sumqayıt Kimya Kompleksinin inkişafının lokomotivi rolunu oynayacaq və SSRİ-ni müasir kimya məhsulları ilə təmin edəcək.

Onu da qeyd etmək lazımdır ki, o qurğunun tam gücü ilə işləyə bilməsi üçün lazım olan 1 mln ton birbaşa qovulmuş benzinin alınması üçün Bakıda ikinci ElOU-avt qurğusu tikildi və Mazdok Bakı neft kəməri çəkildi. Bu xətt ilə ölkəmizə ildə 10 mln ton Qərbi Sibir nefti daxil olur, Bakıda ELOU-avt-də emal olunur, 1 mln ton birbaşa qovulmuş benzin borularla Sumqayıta verilirdi.

Məlumdur ki, XX əsrin sonlarında Sumqayıtda olan İstilik Elektrik stansiyaları mənəvi və fiziki cəhətcə köhnəldikləri üçün onlardan alınan istilik və elektrik enerjilərinin qiyməti yüksək olurdu. Enerji təminatında kimya müəssisələrində fasilələr yaranırdı. 1 kvt elektrik enerjisinə 400q mazut sərf edilirdi. Yanacağa qənaət etmək, yaxud sərfiyyat normalarına riayət etmək mümkün olmurdu. Ona görə də müəssisələrə verilən istilik və elektrik enerjilərinin qiyməti yüksək olurdu.

Enerji sistemlərində yaranan fasilələr kimya müəssisələrinə çox ziyan verirdi. Belə ki, müəssisə dayananda sistemlər avtomatik olaraq boşalır, məhsul keyfiyyətsiz olur. Ətraf mühit çirklənirdi. Kimya müəssisələrinin əsasən də EP-300 qurğusunun enerjilərlə müntəzəm fasilələrsiz, reqlamentlərə uyğun göstəricilərlə təmin olunması zərurəti yaranmışdır. Enerji təchizatında olan fasilələr EP-300 üçün ona görə yolverilməz idi ki, o qurğuda təzyiq 0 atm.40 atm. temperatur

-110 +10000C rejimində işləyirdi. Hər hansı bir fasilə həm çox təhlükəli idi, həm də çoxlu ziyan verirdi. Bunları möhtərəm Prezidentimiz Heydər Əliyevə deyəndən sonra o, bizim yeni Buxar-generator qurğusu tikmək təklifimizi bəyəndi və Yaponiya ilə işləməyə başladıq. Yaponiyanın Niçimen şirkəti ilə müqavilə bağlandı və cənab Prezidentimizin Yaponiyaya səfəri zamanı Yaponiyanın Eksim bankı ilə kredit alınması məsələsi həll olundu. Beləliklə, Sumqayıtda “Etilen Polietilen” zavodunda buxara görə gücü 480 t/saat, temperaturu 510 0C. Elektrik enerjisinə görə 27 mVt olan buxar generator qurğusunun tikintisinə başlandı. Qurğunun təməlqoyma mərasimində möhtərəm Prezidentimiz özü iştirak etdi, özülə birinci betonu tökdü. Qurğu 2 ilə tikilib istifadəyə verildi. Qurğunu möhtərəm Heydər Əliyev işə saldı. Bununla da Etilen Polietilen, Sintez kauçuk zavodlarının enerji problemləri aradan qaldırıldı. Qeyd etmək lazımdır ki, o qurğuda 1 kvt enerjiyə 127 q şərti yanacaq sərf olunurdu. Baxmayaraq ki, sonralar ölkəmizdə bir çox istilik elektrik stansiyaları tikilib, o göstəricilərə malik qurğu yoxdur. Bu güc möhtərəm Prezidentimizin dahiliyinin, uzaqgörənliyinin təzahürü idi. Əgər o qurğu o vaxt tikilib istifadəyə verilməsə idi, indi nə Etilen – Propilen zavodu, nə də Sokar polimerin, polietilen, polipropilen istehsalatları yox idi. Dahilik, uzaqgörənlik budur.

Bu da təsadüfi deyildir ki, bu qurğunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Yaponiyanın “Eksimbank”ının ayırdığı kredit də şəxsən möhtərəm Prezidentimizin təşəbbüsünün nəticəsidir. Biz kimyaçılar bu qayğı üçün prezidentimizə minnətdarlığımızı bildirməklə yanaşı, həm də bu işin nə dərəcədə məsuliyyətli olduğunu dərk edirik. Xarici investorların ayırdığı kreditə ilk dəfədir ki, Azərbaycan hökuməti zəmanət verir. Bu etimadı doğrultmaq isə kimyaçıların şərəf işidir. Möhtərəm Prezidentimizin qayğısı ilə kimya sənayesi ikinci həyatının ilk günlərini yaşamağa başladı.

EP-300 qurğusunun normal işləyə bilməsi üçün bütün şəraitlər yaradılandan sonra, Etilenin sərfinin məsələsi həll olunmalı idi, yəni təzə istehsalatlar tikilməli idi. Ona görə də “Polietilen” zavodunda yeni Borulu (Boru üsullu) polietilen istehsalı tikilməsi zərurəti yarandı. Burada da bir problem ortaya çıxdı ki, onu dünyada Heydər Əliyevdən başqa heç kim həll edə bilməzdi. Çünki o qurğuya çoxlu vəsait lazım idi və o qurğunun Anqarsk neft-Orq sintez istehsalat birliyinin tikilməsi üçün Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun qərarı var idi. Onun Sumqayıtda tikilməsi üçün büronun qərarı dəyişilməli idi. Buna da heç kəs razılıq vermirdi. Dahi Heydər Əliyev Siyasi Büronun üzvlərinə sübut edə bildi ki, bu qurğu birinci növbədə Anqarskda yox Sumqayıtda tikilməlidir və Rəyasət Heyəti öz qərarını dəyişdirdi.

Heydər Əliyev cənablarının böyük uzaqgörənliyinin nəticəsidir ki, respublikamızın müxtəlif regionlarındakı mövcud kimya müəssisələrinin inkişafına və yaxud yenilərinin yaradılmasına böyük qayğı ilə yanaşılmışdır.

1972-ci ildə istifadəyə verilmiş “Salyan Plastik Kütlə Emalı” zavodu o vaxtkı İttifaqda orta təzyiqli polietilendən boru hazırlamaq texnologiyasına yiyələnən ilk müəssisə idi. İldə 12-13 min ton polietilen örtük, 5min tona yaxın polietilen borular istehsal etmək imkanını biz Heydər Əliyevin qayğısı sayəsində əldə edə bilmişdik. Çünki xarici avadanlıqlar alınmadan bu işləri yerinə yetirmək mümkün olmazdı. Bunu da izah etməyə ehtiyac yoxdur ki, həmin zavodun məhsullarından istifadə etməklə respublikamızda kənd təsərrüfatı sahəsində də məhsuldarlığı artırmağa imkan yaranmışdı.

Eyni sözləri kimya kompleksinin Mingəçevir şəhərində yerləşən müəssisələri haqqında da demək olar. Onlar da məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə yenidən qurulmuş, yeni potensial sahələri yaradılmışdır. 1980-ci ildəki texniki iqtisadi göstəricilərinə görə buradakı rezin-texniki məmulatlar zavodunun istehsal etdiyi məhsulları satmaqla Mingəçevir şəhərinin əhalisini bir illik taxılla təmin etmək olardı. Və yaxud “Azərizolit” zavodunda xüsusi reseptlə hazırlanan plastik borularının dünya üzrə analoqu indinin özündə də çox azdır. Bunlar hamısı tarixi faktlardır. Və hər bir azərbaycanlı onları nəinki bilməli, həm də qürur hissi ilə xatırlamalıdır.

Kimya kompleksinin ilk müəssisələrindən sayılan Bakı Yod (1944) və neftçala Yod-brom (1932-ci ildə) zavodları çoxdan istifadəyə verilsələr də, onların hər ikisi sonrakı illərdə genişləndirilmişdir. Bakı Yod zavodu o vaxtkı İttifaqda buruq sularından yod istehsal edən ilk müəssisə idi. Burada texniki yod, kalium yodid, təmiz yod və kristal yod istehsal olunur.

1975-ci ildə görülən tədbirlər nəticəsində Bakı Yod zavodunda məhsul istehsalının həcmi bir neçə dəfə artırılmış, 1976-cı ildə isə burada təcrübə-sənaye qurğusunun tikintisinə başlanmışdır. O ki, qaldı Neftçala Yod-brom zavoduna, əvvəllər təcrübə qurğusu, sonra kiçik zavod kimi fəaliyyət göstərən bu müəssisədə 1981-ci ildə yod-brom istehsalı 1959-cu ildəkinə nisbətən iki dəfə artırılmış və əvvəlki zavoddan istehsal gücü dörd dəfə çox olan indiki zavod tikilib istifadəyə verilmişdir. Xatırladaq ki, Neftçala Yod-brom zavodu bu sahədə Avropada ən iri müəssisələrdən biri sayılır.

Azərbaycanın tarixi məhz belə işlərlə zəngin sayıla bilər. Bizim gələcək nəsillərə, həmçinin özümüzə hesabatımız siyasi partiyaların sayı və onların bəyanatları ilə ölçülməyəcək, ölçülə də bilməz.

Əgər bu gün ölkəmizə xarici investorların marağı artırsa, iqtisadiyyatımızın inkişafı üçün sərmayə qoyanlar varsa, Xəzərin neft yataqlarının istismarı ilə əlaqədar dünyanın bir sıra ölkələrinin nüfuzlu neft şirkətləri ilə birgə əməkdaşlıq edirlərsə, bu, möhtərəm prezidentimizin apardığı müdrik daxili və xarici siyasətin nəticəsidir. Respublikamızda yaranmış sabitliyin, əmin-amanlığın nəticəsidir. Şəxsən Prezidentimizin nüfuzundan yaranan inamın nəticəsidir.

Heydər Əliyev cənablarının qayğısı sayəsində Bakıdakı Budyonnı, Qarayev, Frunze adına neftayırma zavodlarında köhnəlmiş qurğular bağlanaraq əvəzində müasir tipli neftayırma, neft emalı qurğuları, bir-birinin ardınca “ELOU-Avt” qurğuları və s. tikilib istifadəyə verildi.

Kimya sənayesinin Bakıda yerləşən müəssisələri də Heydər Əliyev cənablarının hakimiyyəti illərində özlərinin əsas inkişaf mərhələsini yaşamışlar. Məsələn, Bakı Şin zavodunda 1969-1971-ci illərdə kecmiş SSRİ-də ilk dəfə olaraq şinlərin vulkanizasiyası üçün layihələşdirilmiş axın xətti quraşdırılmışdır. Yük və minik avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin hazırlayan bu zavodda görülən tədbirlər respublikamızın iqtisadiyyatına güclü təsir göstərmişdir.

Kimya-əczaçılıq zavodu Bakı tibb preparatları istehsal edən sexlər kimi fəaliyyətə başlasa da, 1972-ci ildən sonra onun imkanları daha da artmışdır. Yeni quraşdırılan xarici avadanlıqlar hesabına müəssisənin istehsal gücü on dəfə, məhsulların çeşidi isə dəfələrlə artmışdır. Bunu demək kifayətdir ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtlarda görülən tədbirlər nəticəsində elə indinin özündə də Orta Asiya və Qafqazda bu sahədə belə böyük zavod yoxdur.

Bu gün çox böyük fərəh və məmnunluq hissi ilə deyə bilərəm ki, mərhum prezidentimiz Heydər Əliyevin işləri ölkəmizdə İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sumqayıt Polimer istehsalat birliyinin Polipropilen, aşağı təzyiqli Polietilen, Sumqayıt Karbamid zavodu, Sumqayıtdakı və ölkəmizin müxtəlif bölgələrində tikilmiş müxtəlif texnoparklar bunun əyani göstəricisidir.

Fikrət SADIQOV, akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor

“Ədalət” qəzeti

  • Paylaş: