Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Başqa cür düşünən sədr və tənha döyüşçü
31.03.2023 09:40
  • A-
  • A
  • A+

Başqa cür düşünən sədr və tənha döyüşçü

O yazıların hamısının müəllifi eyni adam idi və həmin yazıların hər biri fərqli yerlərə, ayrı-ayrı adlara ünvanlanmışdı. Ancaq o məktubların hamısı göndərildiyi ünvana yetişəndən sonra ləngimədən dərhal başqa bir təşkilata göndərilirdi - Dövlət Təhlükəsizlik Komitəsinə.

Sonra DTK-ya o naməlum müəllifin Azərbaycandan kənara yola saldığı məktublar da göndərilməyə başlandı. Həm də haralardan - "Pravda" qəzetindən, "İzvestiya"dan, digər respublikaların rəhbərliyindən.

Bəlkə də mahiyyəti etibarı ilə anonim olan bu məktublara məhəl qoymamaq, bir sərsəmin hərəkətləri kimi qəbul edib, dərinə getmədən zərfləri cırıb atmaq da olardı. Çünki ağlı yerində olmayan adamların buna oxşar xəstə hərəkətlərinə əvvəllər az rast gəlinməmişdi. Elə bu təhər ona-buna məktublar yazan, hədə-qorxu gələn, bəzən kimlərisə ölümlə hədələyən, yaxud guya bildiyi hansısa mühüm sirri açmaq istədiyini izhar edənlərin az məktubları olmamışdı və araşdıranda həmin kağızları ağıldan kəmlərin, ruhu xəstələrin qələmə aldığı ortaya çıxmışdı, bunu arayıb-axtarmağa sərf olunan vaxta da heyifsilənmişdilər. Ancaq başdan xarabların yazdıqları məktublar, adətən, elə cümlələrinin dolaşıqlığından, xətlərinin qarışıqlığından ilk baxışdanca özünü göstərirdi və heç oxumağa başlamamış əsaslı şübhələr yaradırdı. Yoxlamaya başlayınca da gümanlar özünü doğruldurdu, namə müəlliflərinə baş qoşmağın bihudəliyi ortaya çıxırdı. Burada isə vəziyyət fərqli idi. Fərqli yox, əslində tam başqa cür idi. İndiyədək təcrübədə belə hala rast gəlinməmişdi.

Məktubların hər biri yetərincə səliqəli tərtib edilmişdi, hamısı yalnız dərin  məzmunlu deyil, aydın zəkanın, ardıcıl müşahidələrin nəticəsi idi. Məktubların hər birində qoyulan məsələlərə elmi yanaşma, müqayisəli təhlillər, çoxsaylı mənbələrdən səliqə ilə istifadə vardı. Məktublar azərbaycanca, rusca, Türkiyə türkcəsində, Azərbaycan dilində ərəb əlifbasında idi, hamısı, aydınca sezilirdi ki, mükəmməl savadlı bir şəxsin əlindən çıxıb.

Elə isə bu məktubları niyə Elmlər Akademiyasına yox, birbaşa DTK-ya yollayırdılar?

İş ondadır ki, həmin məktubların hamısı qatı antisovet məzmunlu, millətçi mündəricəli və üstünə sovet əyyamlarının məşhur qarayaxma yarlıqlarından sayılan pantürkist damğası vurula biləcək biçimdə idi. Odur ki, həmin məktublardan hər hansı biri hansı ünvana yetişirdisə, özünü sığortalamağa çalışan, yaxud bunun ona qarşı bir qəsd olduğunu düşünən və ya məqsədli şəkildə atılan, "görək nə reaksiya verəcək" niyyətli təxribatçı addım olması ehtimalı fikrindən keçən müraciətolunmuşlar şəri özlərindən qırağa qovmaqçün dərhal xatalı zərfləri "Dəniz qırağı"na yönəltməyi daha münasib sayırdılar.

Və həmin adsız, imzasız, lakin "qan-qan" deyən məktubların bir qismi elə ünvanlara göndərilmişdi ki, DTK onlardan qat-qat az səlahiyyətlərə malik idi və oradan həmin məktublar "Yoxlanılsın!" dərkənarı ilə bura gəlmişdisə, yubatmadan araşdıraraq cavab vermək mütləq idi.

Və bəziləri makinada, bəziləri əllə yazılmış o məktubların da, onların müəllifinin də qətiyyən təsadüfi olmadığına özləri inanandan sonra DTK əməkdaşları bu laübalı mətnlərin toplandığı qovluğu hələlik sədr müavini olan, tezlikləsə sədr vəzifəsini tutacaq Heydər Əliyevə təqdim etməyi qət etmişdilər. O da tanış olunca indiyədək qarşılaşdıqlarına qətiyyən bənzəməyən əsl dissidentlə üz-üzə dayandıqları qənaətinə gələrək "Axtarıb tapın" göstərişini vermişdi.

1960-cı illərin ortalarında Azərbaycanda, elə o çağlar Sovet İttifaqının bir sıra başqa yerlərində olduğu kimi, azad düşünən gəncləri birləşdirən xeyli gizli təşkilat yaranmışdı. Xruşşov dönəmində 1930-1940-cı illər sovet repressiyaları haqda müdhiş həqiqətlərin faş edilməsi, Kremlin birbaşa və məqsədli təşəbbüsləri ilə Dövlət Təhlükəsizlik Komitəsinin səlahiyyətlərinin xeyli məhdudlaşdırılması, insanlardakı NKVD, KQB xofunun dağıdılması üçün bu qurumun xeyli dərəcədə dişsizləşdirilməsi, siyasi mülayimləşmənin ən mühüm bəhrələrindən biri kimi mətbuatda, ədəbiyyatda fikir azadlığına və sərbəst özünüifadəyə müəyyən meydan açılması çox cavanları cəsarətləndirmiş, vətənpərvər, millətsevər duyğuların dalğasında onları təşkilatlanmağa, cəmiyyət və dövlət həyatına təsir göstərə biləcəklərinə inanacaq qədər mübariz olmağa səfərbər etmişdi.

Dövlət siyasətinin pərdəarxası gizlinlərinə yaxşı bələd olan, sovetin "yadfikirli" hesab etdiklərinə yumşaq yanaşmalarının müvəqqəti olduğunu yaxşı anlayan Heydər Əliyev belə fəaliyyətlərin o gənclərin başına gələcəkdə hansı müsibətlər gətirəcəyini yaxşı dərk etdiyindən, əksərən işıqlı, ümidverən tələbələrdən ibarət belə gizli təşkilatların neçəsini cinayət məsuliyyətinə cəlb etməkdən qoruya bilmiş, o dəliqanlı cavanların bir çoxunu şəxsən qəbul edərək köpünü almış, müfəssəl söhbət aparmış, öyüd-nəsihət verərək sərbəst buraxmışdı. Ancaq hələ ki kimliyi bəlli olmayan bu məktub müəllifi onların heç birinə bənzəmirdi. Əvvələn, o, tək idi, özü bir təşkilat kimi idi və ikincisi də, yazdıqlarından açıqca duyulurdu ki, inqilab romantikası ilə çalxanan çılğın cavanlardan fərqli olaraq, o, məsələlərə təfəkkürlə, miqyasla, həm soyuq ağılla - elmi, həm də yeri düşdükcə yanar ürəklə - şairanə yanaşa bilir.

1967-ci il idi. Hələ üzünü görmədən həmin şəxsin onu maraqlandırdığını, həm də siyasi baxışlarına rəğmən yetərincə bilikli, məlumatlı olmasının içərisində xəfif bir rəğbət oyatdığını Heydər Əliyev həmin vaxtdan çox illər sovuşandan sonra, artıq 1993-cü ildə Azərbaycan Milli Məclisinə rəhbərlik edərkən özü etiraf etmişdi. Aradan 26 il keçirdi, Heydər Əliyevin bu uzun vaxt boyunca gözləri önündən sanki epizodik kimi olan o qədər belə surətlər keçmişdi ki! Heydər Əliyevin heyrətli  dərəcədə qüvvətli olan yaddaşı hər kəsə bəlli, lakin hadisələr və insanlarla zəngin belə uzun vaxtdan sonra 1993-cü ildə ona göndərilən bir məktubun altında həmin ad və soyadı görüncə dərhal dünənləri xatırlaması, "Dəvət edin, görüşəcəyəm" tapşırığını verməsi, söz yox, o adamın vaxtilə Heydər Əliyev kimi təəccübləndirilməsi çətin olan bir şəxsiyyətin hafizəsinə həkkolunacaq qədər parlaqlığa malik olmasıyla da bağlıdır.

Bu əhvalatı mənə Heydər Əliyevin qayıdışından sonra Azərbaycan Milli Məclisinə rəhbərlik edərkən onun mətbuat katibi olmuş unudulmaz Aqşin Babayev söyləmişdi.

O dövrdə mən bütün başqa fəaliyyətlərimlə yanaşı, həm də "Amerikanın səsi" radiosunun Azərbaycandakı xüsusi müxbiri idim. Hadisələrlə ləbələb, gərgin aylar idi. Azərbaycanın ictimai-siyasi həyatında baş verən hər yenilik barədə Vaşinqtondan reportajlar istəyirdilər. Mən də Heydər Əliyevin təqribən bütün görüşlərini, mətbuat konfranslarını izləyir, xəbərlər hazırlayırdım. Axşamlardan birində dəqiq saata təyin olunmuş görüşün vaxtı mühüm vəzifə tutan xarici diplomatın gecikməsi ucbatından çox uzanırdı. Hələ mobil telefonlarsız vaxtlarımız idi, arada zəng vurmaqçün hələ tələbəlik illərimdən aramızda mehriban münasibətlərimiz olan Aqşin müəllimlə onun otağına getmişdik. Nəsə söz-sözü çəkdi, söhbət Heydər Əliyevin fenomenal yaddaşından düşdü. Aqşin Babayev qayıtdı ki, hamımıza məlumdur ki, Heydər Əliyevin hafizəsi bir möcüzədir. Amma burada işlədiyim müddətdə hər dəfə elə məqamlarla rastlaşıram ki, mat qalmaya bilmirəm. Bax elə ötən həftə ona məktub yazmış bir vətəndaşın imzasını görən kimi tapşırdı ki, bunu dəvət edin gəlsin. Vaxtilə bu adam dissident olub, tutulub. Onu 1967-ci ildən xatırlayıram. Məktubuna baxıram, bu qədər vaxt keçəndən sonra da o adam əqidəcə dəyişməyib.

Aqşin müəllim belə demişdi, heç həmin adamın adını da çəkməmişdi. Ötəri olub keçmiş bu söhbəti sanki  yerli-dibli unutmuşdum. Və taleyin, tarixin əcaib bir cazibəsi ilə həmin ad, həmin məktub Aqşin müəllimlə o söhbətimizdən düz 30 il sonra - 2023-ün martında qəfilcə rastıma çıxdı. Dövlət Təhlükəsizlik Xidmətinin arxivində 1960-cı illərin ortalarında antisovet baxışları və əməllərinə görə məhkum edilmiş, artıq çoxdan həyatda olmayan Məcid Axundovın 3 cildlik cinayət işini vərəqləyirdim. Və Aqşin müəllim deyən həmin məktub, Heydər Əliyevin yadına keçmişləri gətirən imza çıxdı qarşıma.

Bu məktub 1993-cü il iyulun 24-də yazılıb. O vaxt artıq Məcid Axundovun 63 yaşı vardı. Ömür ötmüş, gün keçmişdi. Amma qəlbindəki od həminki od idi. Cəmiyyət həyatında, ictimai-siyasi gedişatdakı əngəllər, yöndəmsizliklər onu elə cavanlığında, ahıllığında olduğu kimi narahat edirdi. O, biganə qala bilmirdi. Yazacağı ilə nəyinsə dəyişəcəyinə ümid bəsləməsə belə, ən azı ürəyini boşaltmaqçün yenə keçmişlərdəki barışmazlığı ilə yazırdı: "Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyev yoldaşa!

Mən Axundov Məcid Ələşrəf oğlu 1969-cu ildə Azərbaycan Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin 63-cü maddəsinin birinci hissəsində göstərilən cinayətdə təqsirləndirilərək 199/69 nömrəli iş üzrə Azərbaycan SSR Ali Məhkəməsinin 8.IX.1969-cu il tarixli hökmü ilə beş il müddətinə həbs cəzasına məhkum edilmişəm. Və cəzamı çəkib həbs yerindən azad edilmişəm. Qayıdanda altı ay işsiz qalmışam, indi təqaüddəyəm. Məhkəmə hökmünün surəti mənə verilməyib. Bununla da hüquqi müdafiəm məhdud edilmişdi. O dövrdə SSRİ Baş prokuroru R.A.Rudenko etiraf etmişdir ki, mənim işim SSRİ mövcud olduğu dövrdə prokurorluqda açılmış yeganə siyasi işdir. Lakin indi SSRİ buraxılandan sonra hərə bir partiya açıb siyasi "liderliyə" qurşanıbdır. Bu da ermənilərlə atışmada müttəfiqsiz edilmiş Azərbaycanı dağılmağa və məğlubiyyətə aparır. İndiki ixtilaflı dövrdə istər azərbaycanca və istərsə də rusca erməni iddialarına qarşı tarix, əlifba, dövlət və siyasətə dair bir neçə məqalə dərc etdirmişəm. SSRİ və Azərbaycan SSR Ali sovetlərinə müraciət etmişəm".

Və artıq ixtiyarlaşmış bu insan bədənində taqət azalsa da, sönməyən şövqü, sınmayan təpəri ilə yenə biliyiylə, qələmiylə, sözüylə xalqın, Vətənin bu ağır günündə bacardığını etməyə hazır olduğunu bildirirdi.

O, qətiyyən fərqində deyildi ki, uğrunda mübarizə apardığı ideallara görə onillər öncə, çətin dövrdə cəzalanmışdı, azadlığını itirmişdi, həyatı məhvərindən çıxmışdı və o vaxt susanlar, onu qınayanlar indi - müqayisəedilməz qədər asudə vaxtda  onun o vaxt etdiyinin yüzdəbirini də etmədən qəhrəmana çevriliblər, şan-şöhrətə yetiblər.

Cavanlığında olduğu kimi, indiki oturuşmuş çağında da o, tənha yalquzaq  kimi kimsənin nə qiymət verəcəyini gözləmədən meydana can atırdı, yenə gücü çatanı edirdi və köhnə tanışı Heydər Əliyevə ərizəsini yazmaqda da məqsədi nəsə ummaq yox, köməyini təklif etmək, işğala uğrayan Vətəninə bu yorğun canıyla daha nələrisə etməyə bütün varlığı ilə hazır olduğunu çatdırmaq idi.

Və onun məhz Heydər Əliyevə müraciət etməsi də səbəbsiz deyildi - Məcid Axundov ömrü boyu qapalı adam olmuşdu, içərisində yaşadığı mühitdən çox öz içərisində qurduğu dünyada var olmuşdu və onu olduğu kimi tanıyanlar nəinki ətrafındakılar, hətta doğmaları arasında az idi,  dərinə getsən, yox kimi idi (Qardaşı İsmixan kişi xatırlayır ki, Məcid özü bizə, digər qardaşların evinə ara-sıra baş çəksə də, bizim heç birimizin onun evinə get-gəli olmadı).

Ancaq Məcid bilirdi ki, Heydər Əliyev onun kim olduğunu yaxşı bilir.

Bütün olmuşlarsa ilğım kimi uzaqlarda görünüb-itən 1960-cı illərdə qalırdı...

Azərbaycan istiqlal mübarizələri tarixinin bu müstəsna siması gərək unudulmasın. Bəlkə də bu məqamda "unudulmasın" tam dəqiq ibarə deyil. Haçansa tanıdığın bir şəxsi vaxtın keçməsiylə unuda bilirsən. Bu zavallını millət heç tanıyırmı ki, üstəlik unuda da. Amma onu hökmən tanımaq gərəkdir. Belə bilinməz igidlər tarix boyu millətin böyük ruhunu, yenilməz iradəsini yaradıblar, macal verməyiblər ki, könüllərdəki istiqlal şövqü təntisin, mərdanəlik ocağı sönsün.

...El sözümüzün ən zərif, ən əlvan qanadı, ədəbiyyatımızın ən zəngin, ən sahilsiz ümmanı - bayatılarımız. Azərbaycan insanının duyğu və düşüncə aləminin hətta ən xırda çaları belə yoxdur ki, bayatılarda misralaşmasın. Bayatı Azərbaycan bədii sözünün o dünyasıdır ki, burada xalq ürəyini hər üzünə boşaldıb. Ayrı-ayrı lap əski bayatıları bəlli müəlliflərin yaratdığı lap çoxdan fərz edilsə, bəzən tutarlı dəlillər gətirilərək bunun sübutuna cəhd edilsə də, bu dörd sətirlik möcüzələrin tək müəllifinin məhz Xalq olması inamımız daha qəlbəyatandır. Çünki bayatılar dəryasına baş vurunca bu şeirləri oxuyan məhz bütöv bir xalqı görəcək, onun hansı fikirlər və hisslərlə yaşamış olduğuna və yaşamaqda davam etməsinə şahid kəsiləcək, elin məhəbbətini də, nifrətini də, dərdini də, sevincini də, qeyrətini də, dəyanətini də görəcək.

Lazım gələndə göylərə də üsyan edən bayatılarımızda, əlbəttə ki, Azərbaycan insanı zaman-zaman axarında olduğu tarixin yaxşılı-yamanlı olacaqlarına da ürəkdən tikan çıxaran sözünü bayatılaşdıraraq deyib. İndiyəcən işıq üzü görmüş Azərbaycan bayatı toplularının hamısı sovet dönəmində nəşr edilib. Təbii, o dövrdə sovetin xətrinə dəyə biləcək bayatıların həmin kitablara düşməsi mümkünsüz idi. Ancaq dəqiq tarixi olan dikbaş bayatılarımız da var axı. Həm də olmaya bilməzdi! Bayatını bu xalqın ruhunun güzgüsü sayırıqsa, heç mümkünmü minlər və onminlərlə insanı  onillərcə həyəcanlandırmış, qayğılandırmış, yollar aramağa səsləmiş bunca vacib mətləblər bayatılaşmayaydı?! Olub, sadəcə gizli qalıb.

O bayatılardan bir dəstəsinin yazarı zamanında dustaqlıq da çəkib, həyatını yaşayaraq dünyadan haçandır köçünü də çəkib. Ancaq yazdığı bayatılar hələ də məhbus olaraq qalır. Məhz məhbus! Dustaq kimə deyərlər ki! Əgər bu şeirlər yazıldığı vaxtdan az sonra müsadirə edilərək Dövlət Təhlükəsizlik Komitəsinə gətirilibsə, o zamandan bəri də bir qovluğun içərisindən zindandaymış kimi kənara çıxa bilməyibsə, onillər ərzində bircə dəfə də dindirilməyibsə, bu şeirlərə dustaq deməyək, nə ad qoyaq?!

Bu bayatıları həmin Məcid Axundov yazıb. "Mirzə Məcid" çağırılmış həmin dissident araşdırıcı və şair. Bu gün bu bayatıların azadlığa çıxan günü, Azərbaycan insanına ilk dəfə zühur edən saatıdır. O mətləbləri ki Məcid Axundov müxtəlif yuxarı instansiyalara, ayrı-ayrı redaksiyalara məktublarında nəsrlə yazırdı, burada həmin diləklərini şeirlə ifadə edib.

Müraciətlərində yazırdı ki, mənəvi dəyərlərimiz, dinimiz əldən gedir və bu, məqsədli şəkildə edilir, bizi biz edən keyfiyyətlər qəsdən unutdurulur. Ancaq "Unutmayacağıq, bizi başqa bir xalqda əritməyə çalışmaqla milli kimliyimizi əlimizdən ala bilməyəcəksiniz!" deyirdi:

Əzizim inamım var,

Öz yurdum, Turanım var.

Gavur yasaq elədi,

Bilmədim "Quran"ım var.

Əzizim yer odlana,

Od tutub alovlana,

Turanımdan ayrılıb

Dönmərəm slavyana.

Əzizim yer odlana,

Od tutub alovlana,

Qoymaram Turanımı

Dəyişib uruslana.

"Türk" sözünü dilə, qələmə gətirənlərin "pantürkist" ittihamı ilə ləkələndiyi və bu ifadənin qorxunc siyasi ittiham sayıldığı günlərin içərisində o qorxmaz insan açıq Turançı mövqeyini car çəkirdi, Turançılığın coğrafiyasını nişan verirdi:

Əzizim Finədəkdi,

Balkandan Finədəkdi.

Turanın hüdudları

Çukotdan Çinədəkdi.

Bəxtiyar Vahabzadənin 1960-cı ilin oktyabrında paytaxtda - mərkəzi qəzetlərdən birində deyil, əyalətdə - "Nuxa fəhləsi" qəzetində dərc ediləndən sonra Azərbaycan boyu əl-əl gəzmiş, illah da gəncliyin şüuruna çox qığılcımlar səpmiş "Gülüstan" poeması  yazarı ilə bərabər ən sərt təqib və təzyiqlərlə qarşılaşandan sonra bu mövzu altmışıncı illərdə küncə qısnanan kimi idi. Cənubi Azərbaycan məsələsinin mətbuata nə şəkildəsə çıxışının yolu sanki qapanmışdı. Ancaq bu tənha döyüşçü, bu tək etirazçı - Məcid Axundov durmadan yazaraq ünvan-ünvan yolladığı təhlilli elmi-tarixi məqalələri ilə yanaşı belə ötkəm Güneyli bayatılar da qoşurdu:

Əzizim gülistanı,

Şeh düşər, gül islanı.

Peterbörkdən gəldilər,

Böldülər Gülüstanı.

Arazım, xan Arazım,

Məğrur axan Arazım,

Sərhəd səndən yox, ola

Kaş Okadan, Arazım!

Arazın suyu lildi,

Bir tərəfi məftildi,

Araz işğal olanı

Yüz əlli iki ildi.

Bu şeirin dəqiq tarixi üstündədir. Arazın əsir olma yaşının 152 olduğunu deyir. 1813-cü ilə işarə edir. Çar Rusiyası ilə şahlıq İranı arasında Azərbaycanı ikiyə bölmək haqda Gülüstan müqaviləsinin bağlandığı vaxta. Ancaq Məcid bu bayatını və ona əlavə etdiyi digər dördlüklərini redaksiyalara 1966-1967-də göndərir. Niyə daha əvvəllər yox, məhz həmin vaxt?

Onun açıq antisovet fəaliyyətə keçməsi, dövlət orqanları və mətbuatı antisovet və oçağkı ideologiyanın nəzərincə, ifrat millətçi yazıları ilə atəşə tutmasına bais Sovet İttifaqı Kommunist Partiyasının Proqramı olmuşdu. Hər şey onun həvəsə düşərək partiyaya üzv qəbul edilməkdən ötrü ərizə ilə müraciət etməsindən başlanmışdı. Qəbul gedişində verilə biləcək suallara hazırlaşmaqçün götürüb başlamışdı partiya proqramı və nizamnaməsini oxumağa. Oxuduqca da xeyli uyğunsuzluqlar müşahidə etmişdi və kommunistlər sırasına qoşulmağa tətikləndiyi bir əsnada çevrilib olmuşdu sırf antikommunist. O dövrdə eyni düşüncədə olub səsini çıxarmayanlar bəs deyincə idi, ancaq bu kişinin digərlərindən təfavütü o idi ki, hərəkətə keçmişdi və günü-gündən də soyumaq əvəzinə daha da qızışırdı.

Kim idi Məcid Axundov? O, əslən Ermənistanın Krasnoselsk rayonunun  Ardanış kəndindən idi. 1930-cu il yanvarın 17-də dindar bir ailədə doğulmuşdu. Əsl soyadları Həsənov idi. Ancaq atası Ələşrəf axund olduğundan onun bu rütbəsi dönüb olmuşdu nəslin rəsmi familiyası. Məcid 1949-cu ildə gəlir Bakıya, Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinə daxil olur və 1954-cü ildə ali təhsilini başa vurduqdan sonra 4 il - ta 1958-ci ilin əvvəllərinədək, yenidən Bakıya qayıdanacan Cənubi Qazaxıstanda müxtəlif geoloji ekspedisiyalarda çalışır. Elə gələcək həyat yoldaşı, əslən Kurqan vilayətindən olan Nina Yermakovanı da orada tapır. 1969-cu ilin 19 mayında artıq əri həbsdə olanda şahid qismində ifadə verən Nina xanım söyləyir ki, biz onunla 1957-ci ildə Qazaxıstanda, Çimkənt rayonunun Georgiyevsk kəndində tanış olduq. Məcid orada ekspedisiyada idi, mənsə həmin kəndə Şadrinsk şəhərindən qohumlarımıza qonaq gəlmişdim. Təsadüfən tanış olduq, elə 1958-in yanvarında da evləndik. Məcidin valideynləri Gədəbəy rayonunda yaşayırdılar. Ancaq məni onlara heç göstərmədi.

Məcid bilirmiş ki, mollalıq edən ruhani və nurani atası Axund Ələşrəf onun xristian bir qızla ailə qurmasını rəva görməyəcək. Elə əvvəldən öz inandığı və tutduğu yolun düzlüyünə əmin olan və məqsədlərinə doğru irəliləyəndə heç bir kənar rəyə məhəl qoymayan Məcid şəxsi həyatını quranda da həmin prinsipinə sadiq qaldı. Qohum-əqrəbası evinə gedib-gəlmirmiş və bu, onun eyninə deyilmiş. Heç dostları, sıx ünsiyyətdə olduğu tay-tuşları da yoxmuş. 2 oğlu, zövcəsi vardı, işdən gələn kimi qapıldığı kitablarla, yazı-pozuları ilə qalaqlanmış iş masası vardı, hərdən ya mətbəxə, yaxud yataq otağına çəkilərək qarışıq dalğalar arasından seçərək dinlədiyi xarici radiosəslər vardı və bu balaca dünyası onu tam qane edirdi.

Çöldə-bayırda danışmasa da, Məcid evdə yoldaşına söyləyirmiş ki, ruslar bizi işğal edib, mədəniyyətimizi əlimizdən alıblar. Sənədlərində milliyyəti rus kimi qeyd olunan həyat yoldaşının qəlbinə bu cür əksrus münasibətinin dəyə biləcəyini nəzərə alaraq Məcid onu inandırmağa çalışır, bir növ təlqin edirmiş ki, sən əslində rus deyilsən, Cənubi Uralda doğulmusan, urallıların hamısı monqolların, digər türk xalqlarının törəmələridir, sadəcə onlar ruslarla qarışaraq əsillərini unudublar.

Bunları da Nina Yermakova 1969-cu ildə əri barədə ifadə verərkən müstəntiqə söyləmişdi.

...Mühəndis-geofizik kimi Məcid Axundov yaxşı mütəxəssismiş. Universiteti bitirəndən sonra təyinatla göndərildiyi Qazaxıstandan Azərbaycana qayıdandan, geologiya idarəsində işə başladıqdan sonra vəzifə pillələri ilə daim yüksəlmişdi (bunu Məcid Axundovun həbsindən sonra DTK-nın tələbi ilə işləmiş olduğu idarədən verilən müsbət xasiyyətnamə də təsdiqləyir) və yəqin, partiya sıralarına qəbul edildikdən sonra  perspektivləri bir qədər də yaxşılaşacaqmış.

Di gəl, 1965-ci ildə qəza dönüşü baş verir.

Məcid Axundov bu "səhv" yola necə düşməsinin tarixçəsini müstəntiqə 1969-cu il iyulun 18-dəki dindirilməsində belə izah edirdi: "1965-ci ilə qədər mənim sovet quruluşuna, Kommunist Partiyasına, sovet hökumətinin keçirdiyi tədbirlərə münasibətim loyal idi. 1965-ci ildə idarəmizin partiya təşkilatı katibinə Sov.İKP sıralarına daxil olmaq istəyimlə bağlı müraciət etdim. Bu münasibətlə də partiya proqramını oxuyub öyrənməyə başladım. Orada əksini tapmış belə bir cəhət diqqətimi çəkdi ki, Sovet İttifaqı Kommunist Partiyası gələcəkdə xalqların bir-birinə yaxınlaşması, vahid sovet xalqının yaranmasına çalışır.  Mən bunu gələcəkdə SSRİ-də kiçik xalqların yox olması, rus xalqına qarışması kimi başa düşdüm və bunu böyük ədalətsizlik hesab etdim. Bütün bunları qəlbimə çox yaxın tutdum, ağrı ilə qəbul etdim və həmin fikirlər məndə millətçi hissləri oyatdı. Mən Sov.İKP-nin  Proqramı ilə razılaşa bilmədim və ona görə də partiya sıralarına qəbul edilmək niyyətimdən də əl çəkdim. Məndə həmin millətçi hisslərin qüvvətlənməsinə Azərbaycanda, xüsusən də Bakıda ana dilimin hər yerdə tətbiq edilməməsi, elə çalışdığım geologiya idarəsində və geofizika ekspedisiyasında bütün hesabatlar və yazışmaların rusca aparılması ciddi təsir göstərdi. Azərbaycan dilinin hətta gündəlik həyatda, məişətdə belə seyrək işlənməsi aşkardır. Mən özüm ruscanı sərbəst bilirəm, ancaq söhbət məndə deyil, dilin, millətin taleyindədir. Bu hisslərin təsiri ilə mən tarixə, siyasətə, ədəbiyyata, dilə aid kitabları oxumağa, "Bi-Bi-Ci", "Amerikanın səsi", daha çoxsa Pekindən türk dilində yayılan verilişləri dinləməyə başladım. Beləliklə, məndə tədricən antisovet, millətçi əqidə yaranmağa başladı. Ona görə də 1966-cı ildən etibarən bu barədə məqalələr, elmi araşdırmalar, müraciətlər şəklində yazılar hazırlamağa, onları müxtəlif sovet təşkilatlarına göndərməyə başladım. Pekin radiosunun Sov.İKP rəhbərliyi və sovet hökumətinə qarşı maoçu siyasətə söykənən təxribatçı verilişləri mənim dünyagörüşümə məxsusən güclü təsir etdi. 1966-cı il noyabrın 7-də "Pravda" qəzetində dərc edilən baş məqalədəki  partiyanın sevimli işə - sovet xalqlarının yaxınlaşması və qarışmasına hər cür kömək göstərməyə hazır olması fikri mənim millətçi baxışlarımın daha da qüvvətlənməsinə təkan vurdu. Mən bunu xalqların yox edilməsinə, assimilyasiyasına, ruslaşdırılmasına bir psixoloji hazırlıq kimi qavradım. Sonra respublika qəzetlərində xalqlar dostluğu mövzusunda dərc edilən bir sıra yazıları da mən həmin çağırışa cavab kimi anladım. Ona görə də buna cavab olaraq mən antisovet məktublarımı yazmağa başladım. Çünki mən xalqların özünəməxsusluqlarının aradan getməsinə gətirib çıxaracaq belə yaxınlaşmaların əleyhinə idim".

Məcid Axundov dərrakəli adam idi. O məktubları ki Kremldən tutmuş Azərbaycan dövləti və hökumətinin rəhbərlərinədək, respublikanın ən aparıcı qəzet-jurnallarından başlamış Sovet İttifaqının ən əsas qəzetlərinədək yollayırdı, bunların çap edilməyəcəyini də, mövcud vəziyyətə əhəmiyyətli təsir göstərmək gücündən məhrum olduğunu da gözəlcə dərk eləyirdi. Sadəcə, o, biganə qala bilmirdi. Hamının eyni cür düşünüb, eyni cür danışmağa məhkum kəsildiyi qapalı bir cəmiyyətdə heç də hamının qəflət yuxusuna dalmadığını, süst düşüb mürgü döymədiyini səsi, xətti, sözü çatacaq qədər ünvanlara ötürməyə səy edirdi, yazdıqlarımı oxuyandan sonra bəlkə onların da içərisində nəsə işıq yana biləcəyi ümidində idi.

Və onun mübarizəsinin bir özəlliyi də bu idi ki, tam tək idi. İşlədiyi idarədə yaxın münasibətləri olmasa da, ən azı salam-kəlamı olan adamlar vardı. Gördüyü işlər, hazırladığı məqalələr, tərtib etdiyi məktublar, onu narahat edən fikirlər barədə bircəsinə də kəlmə belə söyləməmişdi. Həbsindən sonra şahid qismində bir neçə nəfəri danışdırmışdılar. Hamısı "Məcid qaradinməz, adamayovuşmazdır, bizimlə əsla rəy bölüşməyib, o barədə heç nə danışmayıb" demişdi.

Kim bilir, bəlkə Məcid Axundov bunu həm də ətrafındakı həmin adamları qorumaq üçün edirmiş?!

...1967-ci ildə Bakıda, Şəfiqə Ağayevanın tərcüməsində italyan yazıçısı Canni Rodarinin "Celsomino Yalançılar ölkəsində" kitabı nəşr edildi və uşaqlar üçün nəzərdə tutulsa da, ona böyüklər daha çox meyil etdi. Çünki bu nağıl-kitabı vərəq-vərəq çevirdikcə sovet adamları sətirlərin ardında özlərinin deyə bilmədikləri, amma acısını yaxşı duyduqları bir həqiqəti görürdülər: Celseminonun varid olduğu  Yalançılar ölkəsində hamı düşündüyünün tərsinə danışırdı. Acdırsa toxam deyir, qəmgindirsə şadam söyləyirdi.

Heydər Əliyev SSRİ-də, o sıradan Azərbaycanda dövlət siyasətinə əks düşünənlərdən, dissidentlərdən söz düşəndə gizlətmədiyi fəxrlə deyirdi ki, Sovet İttifaqının başqa yerlərində olan sayaq bizdə rəsmi ideologiyayla müxalifətdə olanlara nə güclü təzyiqlər göstərilib, nə kütləvi həbslər olub, yazıçımız da, ziyalımız da istədiyini deyib, yazıb, ən cəsarətli əsərlər səhnəyə də gəlib, ekrana da çıxıb. Bununla qürur duyurdu ona görə ki, 1960-cı illərdən ta 1980-ci illərin əvvəllərinədək - əvvəlcə DTK-da, sonra Mərkəzi Komitədə çalışdığı müddətlərdə həmin gedişatın hansı səmtdə və tərzdə cərəyan etməsi bilavasitə ondan asılı olmuşdu. 1997-ci ilin oktyabrında Azərbaycan yazçılarının X qurultayında bütün qələm əhli qarşısında Heydər Əliyev "Kommunist partiyasının içində ən böyük dissident elə mən olmuşam!" deyirdi. Müəyyən mənada haqqı da vardı. Sovet cəmiyyətində tüğyan edən korrupsiya da  vardı, rüşvətxorluq da, neçə-neçə bu qəbil cinayətlər də. Ancaq hətta zəlzələlərdən, ən müxtəlif təbii fəlakətlərdən, partlayışlardan sonra hər hansı ölüm-itimin olmamasını elan etməyin yazılmamış qanun kimi olduğu SSRİ-də (səbəbsiz yerə iti sözlü xalq rişxənd etmirdi ki, ən humanist zəlzələ Sovet İttifaqındadır, çünki tələfatsız ötüşür) o qəbil cinayətlərdən də açıq və geniş bəhs etmək məqbul sayılmırdı. Heydər Əliyevsə, sovet Azərbaycanına rəhbərlik etməyə başladığı ilk çağlardan həmin mübarizəni apardı da, bu barədə əks-sədası "VOA"-dən gələcək qədər ucadan danışdı da. Eldar Quliyevin "Bir cənub şəhərində" filmi hər kadrın altında zərrəbinlə siyasi yanlışılıq gəzənlərin, bu kinolentin guya cəmiyyətimizi çox neqativ göstərməsindən xoflananların hikkəsi ucbatından rəflərdə qala bilərdi,  yasağı Heydər Əliyev ləğv etdi, film baxıldı, sevildi, yaşadı. Heydər Əliyevin vaxtilə Rüstəm İbrahimbəyovun "İstintaq" filminin yolunu geniş ekrana açması da elə o dönəmdə dövlət səviyyəsində başqacürdüşünənlik demək idi. Ya Anarın, ifşa hədəflərindən biri ali məktəblərə qəbul imtahanlarındakı rüşvətxorluğun tənqidi olan "Şəhərin yay günləri" pyesinə də Heydər Əliyev "yaşıl işıq" yandırmasaydı, bu əsərin böyük səhnəyə yolu qapalı qalacaqdı. Başqacürdüşünməklik, fərqli yanaşma, qəliblərdən kənara adlamaq, yıpranmış çərçivələri sındırmaq qətiyyəti Heydər Əliyevə həmişə xas oldu. Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə başqa cür düşünənlərdən olduqları üçün nəzarətə götürülən, həbs edilən cavanların neçəsini elə sözlə islah etmək yolunu tutaraq azad buraxması, bəlkə də daha mühafizəkar başqalarıyla qarşılaşaqdılarsa, həyatları şikəst ola biləcək neçə istedadlı gəncin xilası demək idi. Özü başqa cür düşünənlərdən olduğu üçün hamı kimi deyil, fərqli düşünənlər də ona qəlbən yaxın idi və qulluq etdiyi məfkurənin, tutduğu vəzifələrin diktə etdiyi şərtlərə rəğmən onlara heç vaxt irəlicədən hazır bir rəylə düşmən, yolagəlməz kimi baxmadı, onları ağına-bozuna bənd olmadan təcrid etmək fikrindən uzaq durdu, belələrini qabiliyyət, istedad daşıyıcısı saydı və Azərbaycan üçün onlardan necə yararlanmaq barədə fikirləşdi.

Və sözün əsl mənasında dissident olmuş Məcid Axundov cavanlığında DTK təcridxanasında ilk dəfə Heydər Əliyevlə üz-üzə dayanarkən ondan qəlbində iz buraxan hansı həssas münasibət görmüşdüsə, artıq ömrün payızında, ayrı bir zaman kəsiyində, yaşı altmışı keçərkən köhnə şakəri ilə yenə məktub yazır, yox, şikayətlənmir, dərdləşirdi, mən hələ ayaqdayam xəbərini verirdi, indiki qarışıq vaxtda nə kimi xeyir verə biləcəyini soruşurdu...

“525-ci qəzet”

  • Paylaş: