1918-ci il. Azərbaycan tarixinin ən qanlı illərindən biri. Eyni vaxtda alovlanan, Şimali və Cənubi Azərbaycanda xalqın yaddaşında silinməz iz qoyan Mart soyqırımı. Bu soyqırımında yüksələn alov təkcə iri şəhərlərimizi deyil, kəndlərimizi də faciələrə qərq etdi.
Bu fikirlər AMEA Rəyasət Heyəti aparatının mətbu orqanı olan “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimovun “Bir kəndin soyqırımı tarixi və ya şəhid məzarlığı qan yaddaşımızda” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
O ilin Novruz bayramı ərəfəsində Şamaxı şəhəri darmadağın edildi, xarabazarlığa çevrildi. Qanlı günlər qəza mərkəzinin əyalətindən də yan keçmədi. S.Şaumyanın göstərişi ilə erməni daşnaklarının rəhbəri S.Lalayevin başçılıq etdiyi quldur dəstəsi Hacıqabul yaxınlığındakı Nəvahi kəndinə basqın etdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər əliyalın insanları qətlə yetirməklə kəndin 955 nəfər dinc sakinini güllələdi, qılıncdan keçirdi, işgəncələrlə öldürdü. Bunlardan 555 nəfəri kişi, 260 nəfəri qadın, 140 nəfəri uşaq idi. Yüzlərlə sakin şikəst edildi, ağlagəlməz faciələrə məruz qaldı. İnsan qanına susamışlar hər addımı qanla yazdı.
Bakıdan dəmir yolu ilə gələrək Pirsaat stansiyasına yan almış ermənilərin Nəvahi kəndindən sonra növbəti həmləsi Qubalı Baloğlan kəndi oldu. Düşmən əvvəlcə Rəncbər kəndində mövqe qurdu. Pirsaat çayından yuxarıda yerləşən 517 evdən ibarət Qubalı Baloğlan kəndini ələ keçirmək planlarını hazırladı. Fövqəladə İstintaq Komissiyasının 1919-cu ilin 6 fevral tarixli dindirilmə protokolunun aktında kənd sakini hadisəni belə nəql edir: “Mənim adım Şahpələng Bəbir oğludur, Qubalı Baloğlan kəndinin kəndxudasıyam, 28 yaşım var, müsəlmanam, savadlıyam.
Keçən ilin yazında Pirsaat stansiyasından bizim kəndə çox hissəsi erməni, amma aralarında rusa oxşayan 12 nəfər əsgər gəldi. Bu nümayəndələr Bakıdan gəlmişdilər və bizə təslim olmağı, onların - bolşeviklərin hakimiyyətinə tabe olmağı təklif edirdilər. Biz tabe olmağa razılıq verdik, onda onlar kənddə olan bütün silahımızı verməyi tələb etdilər, biz buna razılaşdıq və bütün silahımızı verdik. Bu nümayəndələr kənddə qaldılar, amma sonra gördük ki, bütün kəndimiz hər tərəfdən qoşunlarla əhatəyə alınıb. Böyük hissəsi ermənilərdən ibarət, amma rus əsgərləri də olan bu qoşun kəndə daxil oldu, qəflətən sakinlərə atəş açdılar və evləri qarət etməyə, yandırmağa və dağıtmağa başladılar. Bizim sakinlər, qoca və qadınlar diz çökərək erməni əsgərlərindən heç olmasa həyatımıza aman verməyi yalvarırdılar, amma ermənilər bizə diqqət vermir, bizi və dinimizi söyürdülər. O vaxt bizdə 250 kişi, 150 qadın, 135 uşaq öldürüldü, yaralı kişilər 32, qadınlar 16 və uşaqlar 21 nəfər oldu. Ermənilər ən vəhşi şəkildə: güllələrlə öldürür, xəncərlə doğrayır, süngü ilə deşirdilər, qadınları zorlayırdılar, onlardan 3-ü ümidsizlikdən suya atıldı və boğuldu. Bir çox qadınların döşləri kəsildi, kişilərin isə qolları vuruldu və süngü ilə dəlik-deşik edildi, balaca uşaqları süngüyə keçirdilər, cəsədləri yandırdılar. Onlar iki dəfə kəndin nüfuzlu sakinlərini bir evə topladılar, ağızlarını bağladılar və diri-diri yandırdılar. Bütün bunlar sübh tezdən axşama qədər davam etdi. Bizim bütün həmkəndlilər kənddən qaçmağa çalışdılar, amma bu, çoxuna müyəssər olmadı. Ermənilər 10 evimizi yandırdılar, qalan 200-dən çox evdə bütün taxta hissələri çıxardılar, erməni əsgərləri bizim bütün 10 min baş iribuynuzlu mal-qaranı, dəvələri, atları, camışları, inəkləri və 15 min baş xırdabuynuzlu heyvanı sürüb apardılar. Onlar bütün ev mülkiyyətini taladılar. Ermənilər bütün taxıl məhsulunu və samanı yığıb apardılar. Əsgər forması geymiş, hücum edən ermənilər arasında Bakı erməni tacirlərini; Hacıqabuldakı dəmirçi Arutyunu, əvvəllər bizdən taxıl almış, bizim yaxşı bələd olduğumuz Xaçi, Akop, Nikolayı tanıdıq. Ermənilərə S.Lalayevin nəvəsi, 1905-ci ildə öldürülmüş Balabəyin oğlu rəhbərlik edirdi, o, kəndimizdə göstərişlər verirdi. Biz tamamilə çapıldığımıza, kənd təsərrüfatı ilə məşğul olmaq imkanına malik deyildik, sağ qalan sakinlərimiz 7, ya da 8 dəfə kəndə qayıtmağa cəhd etdi, amma erməni dəstələri bizi kəndə buraxmadılar.”
Nəhayət, Şamaxı istiqamətindən dağları aşaraq Udulu kəndi tərəfdən gələn Nuru paşanın əsgərləri dağ yamacı və dərələrdə sığınacaq tapanların fəryadına çatdılar. Özündə təpər toplayan, sağ qalan kənd sakinləri türk əsgərləri ilə birgə viran edilmiş yurdunu geri almaq üçün düşmən üzərinə hücum etdilər.
Ümumilikdə o dövrün hesablamalarına görə, Qubalı Baloğlan kəndinə böyük insan itkisi ilə bərabər 90 milyon rubla yaxın ziyan dəymişdir. Yerlə-yeksan olmuş kəndin sağ qalan cavanları, əli silah tutanları düşməni sonadək məğlub etmək qərarında olurlar. Bu gənclər Azərbaycan Xalq Cümhuriyyətinin və Nuru paşanın rəhbərlik etdiyi ordunun tərkibində Bakının, eləcə də Şuşa və Xankəndinin azad olunmasında iştirak edirlər. Düşmənə qarşı döyüşənlərin içərisində Həsən adlı gənc kənd sakini xüsusi igidlik göstərir, Nuru paşa tərəfindən xəncər və digər əşyalarla mükafatlandırılır. O, türk əsgərləri arasında “Hasan paşa” deyə çağırılır. Nuru paşa geri qayıdan zaman Həsəni də özü ilə aparmaq istəsə də o, “yurdumdan ayrı düşə bilmərəm” - deyir. Yurdunda yaşamaq isə ona baha başa gəlir. Sovet hakimiyyəti dövründə Türkiyə və Cümhuriyyət ordusu tərkibində erməniyə güllə atdığı üçün ona 20 ilə yaxın ağır sürgün həyatını yaşadırlar.
1950-ci illərdə Qubalı Baloğlan kənd sakini Mövlayev Hənifə Əkbər oğlu (1887-1970) övladlarına kəndin faciəsini belə xatırlayırmış: “...Kəndimizi geri qaytaran zaman mənim 31 yaşım vardı. Biz hər şeyimizi itirmişdik. Qalan isə intiqam hissimiz idi. Nəhayət, türk əsgərləri köməyimizə gəldi. Kəndin mərkəzində, dağılmış evimin yanında həlledici döyüş oldu. Bu döyüşdə 12 nəfərimiz şəhid düşdü, lakin düşməni geri oturtduq və sağ qalan ermənilər qaçmağa üz qoydular. Biz tərəfdən həlak olanların yarısı türk əsgəri idi. Şəhid yoldaşlarımızı imkan olmadığı üçün elə həyətimin qarşı tərəfində də dəfn etdik”.
Hənifə kişinin qızı Nigar xanım ötən günlər haqqında danışarkən dedi: “Həyətimizin qarşı tərəfində bir təpəcik vardı. Uşaq vaxtı oynayanda bu təpəciyin üstünə çıxardıq. Bir gün atam bizə onun üstünə çıxmamağı tapşırdı. Anlatdı ki, orada şəhid olan yoldaşlarımızı dəfn etmişik, qəbir üstünə çıxmaq isə günahdır və bu barədə həm də danışmamağı tapşırdı. Biz də bir daha ora yaxın getmədik və susduq... Zaman yetişdi. 2016-cı ildə nəvəm Əli Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə bu barədə məktub yazdı. Türkiyə səfiri kəndə gəldi, araşdırıldı. Burada dəfn olunan əsgər şəhidlərinin sümüklərindən, çürüməkdə olan hərbi geyimlərindən DNT analizi götürüldü və Türkiyəyə göndərildi. Hər şey öz təsdiqini tapdı. Məlum oldu ki, atamgilin bu təpəcik altında dəfn etdiyi 12 şəhidin 6-sı azərbaycanlı, 6 nəfər isə türk əsgəri, Nuru paşanın silahdaşlarıdır”.
Düz 98 ildən sonra torpaq altında uyuyan şəhidlərin ruhu pərvazlandı. 6 azərbaycanlı və 6 türk əsgər şəhidinə kəndin mərkəzində, mərhum Hənifə kişinin həyətinin qarşı tərəfində, Türkiyə səfirliyinin və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə əzəmətli bir abidə ucaldıldı. Ölkə əhəmiyyətli abidə Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutu olan bir ziyarətgaha çevrildi. Ziyarətgahda uyuyanlar, 105 il öncə Qubalı Baloğlan kəndi uğrunda canlarını fəda etmiş Azərbaycan-türk əsgərləri daim böyük məhəbbətlə yad edilir. Bu, tariximizin silinməyən qan yaddaşı, gec də olsa ədalətin bərqərar olması və yaşamasıdır! Tarix unudulmaz, həqiqət ölməzdir!