Heyif ki, vaxt onların əksərini aparıb. Dünənlər barədə söz soruşulası canlı şahidlərin sırası lap seyrəlib. 90-ını tamamlayıb 100-ünə doğru irəliləyən köhnə çekist Oqtay Mansurovla oturmuşuq üz-üzə, keçmişləri xatırlayır. Onsuz da bu yaşında qaməti şax, yaddaşı aydın, özü şuxdur. Heç bu sinni ona verməzsən. Amma xatirələrdə nə güc varsa, danışdıqca sanki çöhrəsindəki işıq artır, xeyli uzaqlarda qalmış illərin hadisələrini söylədikcə, elə bil ki, gözümün qabağında əməlli-başlı cavanlaşır, nitqi də, hərəkətləri də sanki elə 1950-60-70-ci illərin Oqtayınınkıdır.
O, yolunun lap əvvəlində cavan Heydər Əliyevin rəhbərlik etdiyi şöbədə işləyib. Nədirsə elə başlanğıcdan, ilk təmas vaxtlarından o, Heydər Əliyevin ürəyinə yatıb, ona sonrakı bütün onillər boyu da həm bir həmkar, həm bir insan kimi xüsusi xoş münasibət bəsləyib. Oqtay müəllim xəyala dalır, Heydər Əliyevi anır və hər kəlməsində həmişə ustad kimi baxdığı böyük şəxsiyyətə onun da həm məhəbbətini, həm soyumayan heyranlığını hiss edirəm. Polkovnik deyir ki, Heydər Əliyev şöbə rəisi olanda da, DTK-da sədr müavini işləyəndə də, sədr vəzifəsini daşıyanda, artıq respublikaya rəhbərlik etdiyi, Mərkəzi Komitənin Birinci katibi olduğu vaxtlarda da dəfələrlə işlə bağlı kabinetinə gəlmişəm. Kabinetlər, vəzifələr dəyişib, ancaq dəyişməyən bu idi ki, daim masasının üstü müxtəlif kağızlarla, qovluqlarla dolu olardı, o, özü də hər zaman gərgin işin içində. Hansısa təkliflə, sualla gedərdin. Başının qarışıq, hərdən yorğun vaxtları olardı. Ancaq heç bir gəlişə biganə yanaşmazdı. Sənədi, qovluğu qarşısına qoyunca qəfilcə dəyişərdi, xüsusən orada maraqlı saydığı məqamı görüncə sanki baxışları yanardı, həvəsə gələrdi, ideyalar verərdi, səni də istər-istəməz daha da cuşa gətirərdi.
Heydər Əliyevin bu laqeyd olmamaq, biganə qala bilməmək şakəri olmasaydı, tanıdığımız və tanımadığımız neçə insanın taleyi büsbütün başqa cür alınardı.
Elə həmin dissident Məcid Axundov ki, ilk dəfə özünü görmədən anonim yazıları ilə tanış olmuşdu, sonra həmin dövrdəki digər başqa cür düşünənlərdən olan növbəti bir cavan kimi onunla da görüşüb söhbət etmişdi və ağıllı olduğunu duyunca içərisində ona rəğbət yaranmışdı və sonra vəzifəsi böyüsə, işləri çoxalsa, zahirən yaddaşda bu cavana da əlavə bir yer ayırmağa imkanı az qalsa da, onu unutmamışdı - yuvarlandığı dərədən daha az itkiylə çıxmasına diqqətlərini və köməklərini əsirgəməmişdi. Məcidin düşdüyü qapqansa, sovetin ölçüləriylə qətiyyən sadəliklə can qurtarılası girdab deyildi. Çünki Məcid Axundovun dərdi bir Azərbaycan deyildi. O, atəşi uzaqlara açmışdı. Elə həssas siyasi məsələlərə müdaxilələr etmişdi ki, adətən, bunları bağışlamırdılar.
1969-cu ilin martında Varşava bloku ölkələri qoşunlarının Praqaya yeridilməsini intervensiya, Sovet İttifaqının xarici siyasətini işğal kimi mənalandıran "Çexoslovakiya xalqı ilə həmrəylik" adlı kəskin məktub yazmış, bir nüsxəsini o vaxt SSRİ-yə təşrif gətirən Çexoslovakiya hökumət nümayəndə heyətinin rəhbəri Evjen Erbana, digər nüsxələrini "Pravda" və "İzvestiya" qəzetlərinə göndərmişdi.
"Əks-səda" başlıqlı bu şeir də onunku idi. 1968-ci il mayın 9-da yazmışdı. Yazıb evdə saxlamamışdı.
Marks və Lenin iki böyük dühadır.
Marks və Lenin
Kommunizmdir, Beynəlmiləldir, proletar inqilabıdır.
Marks və Lenin
Qarətdir, əsarətdir, dünya ağalığıdır.
Marks və Lenin
Qardaşlıqdır, bərabərlikdir, millətlərin ləğvidir.
Marks və Lenin
Yaxınlaşdırmaqdır,
Qarışdırmaqdır, rus məmləkətidir.
Marks və Lenin
Təcavüzdür, zülmdür, milli əsarətdir.
Ay haray! Xilas edin,
Marks və Lenin
Məni udmadadır, məni məhv etmədədir.
Belə şeirə, belə düşüncələrə, həm də bunları ən mötəbər ünvanlara yaymağa görə sovet hökuməti bir adama neyləyə bilərdi? Neyləyə bilərdinin çoxlu faciəli nəticələrinə tarix şahiddir.
Sovetin nəzərincə, törətdiyi suçların hər biri qanunun amansızlığı ilə cinayət məcəlləsinin maddələri çərçivəsinə salınsa, üst-üstə 20 ildən çox həbs cəzası alası bu cavan həmin müsibətdən yüngülcə "diksinməklə" qurtardı (4-5 maddə ilə məhkum edilməsi mümkün görünən Məcid Axundov bircə maddə ilə cəzalandırıldı, onun da yuxarı həddi ilə yox. Üstəlik də, DTK təcridxanasında 1967-dən 1969-dək saxlandı ki, bu da hansı gözlənilməzliklərlə qarşılaşa biləcəyi bəlli olmayan istənilən həbsxanadan daha münasib idi).
DTK-nın sədri Heydər Əliyev idi, iş və müqəssir Moskvanın da diqqətində idi. Xilas etməyin, kömək göstərməyin heç də asan olmadığı bu dar macalda da o, qayğısını əsirgəmədi. Yüz cür başqa işin içərisində biganə də qala bilərdi, uzaq başı, niyə özümüzə əlavə problem yaradaq fikri də keçə bilərdi ağlından.
Ancaq o, Heydər Əliyev idi və işıq gördüyü kəsdən işığını heç vaxt əsirgəmirdi.
...Bu işə Məcid Axundov ciddi hazırlaşmışdı. Yalnız bilikləri, əqidəsi ilə yox, elə texniki tədarükləriylə. İş ondadır ki, sovet dönəmində çox şey kimi, babat yazı makinası əldə etmək də müşkül idi. Onunsa 2 yazı makinası vardı. Biri "Mersedes", digəri "Undervud". İkisi də xarici. Biri rusca yazan, digəri Azərbaycan şriftli. İkisini də əldən almışdı, istifadədən çıxarılmış makinaları düzəltdirib işlək hala gətirmişdi. İstifadədən çıxmış olmalarının da bir üstünlüyü vardı ki, artıq haradasa qeydiyyatda deyildilər. Çünki hansısa mətni yazıb-yaymağı mümkün edən hər bir vasitə kimi, yazı makinaları da sovetin xüsusi xidmət orqanlarının nəzarətində idi.
Onun Bakının Vorovski qəsəbəsindəki balaca həyət evində gecə saatlarınacan həmin makinaların taqqıltısı gələrdi. Bəzi məktublarısa əllə yazardı. Ya rusca, ya azərbaycanca, ya Türkiyə türkcəsində. Xətti də göz incidən deyildi, rəvandı. Məktubları da elə idi ki, kimin əlinə çatsa, mütləq oxuyası idi. Ancaq hökmən də yubanmadan başdan eləyəsi idi. Bu məktubları yazmaq bir yana, onları oxumağın özü də xatalı idi. Saxlamaqsa, lap pis.
Elə bircəsini oxuyaq. Yox, narahat olmayın, indi daha bu məzmun qorxulu deyil, daha belə yazıların üstündə adamı təqib etmirlər, dama basmırlar. Amma təsəvvür edin sovetin qılıncının dalının da, qabağının da kəsdiyi çağları.
Məcid Axundov Mərkəzi Komitənin Birinci katibi, respublika rəhbəri Vəli Axundova məktubunu Nizami Gəncəvidən iqtibas etdiyi misralarla başlayırdı və artıq o sətirlərlə məramını ifadə etmiş olurdu ki, siz öndə gedənlərsiniz, yatmayın, xalqın, respublikanın müqəddəratı sizdən asılıdır.
Belə misal çəkmiş aqil bir insan:
"Qurd girməz sürüyə, yatmasa çoban".
Nizaminin dediyi həqiqətdir, bunu kim danar! Ancaq qurddan da qurda fərq var axı! O fikirləri ki bu dissident bölüşürdü, SSRİ-yə düşmən olan xarici radioların gecə-gündüz söylədikləri ilə səsləşən tikanlı düşüncələr idi. Lakin sovetə qənim kəsilən radiodalğalardan yayılan cod sözləri deyənlər buralardan uzaqlarda, SSRİ-nin onlara bu cür danışdıqları üçün bir şey edə bilməyəcəyi təhlükəsiz şəraitdə idilər, Məcid Axundovsa oturmuşdu Bakıda, məktubunu da göndərmişdi Azərbaycanın birinci kommunistinə. O adama ki, onu həmin vəzifəyə Moskva təyin etmişdi və istədiyi vaxtda daha münasib saydığı bir başqası ilə əvəzləmək imkanında idi. Məcid Axundovun məktubu isə dirigözlü üsyan idi və Sovet İttifaqını quruluşca da, mahiyyətcə də büsbütün dəyişməyə çağırırdı.
Məktubunu belə başlayırdı ki, biz parçalanmış xalqın bir hissəsiyik. Hələ xilafət zamanında xəlifənin Azərbaycanla bağlı sualına cavab verən sərkərdə söyləmişdi ki, ora türklərə məxsusdur, orada türklər yaşayır. 150 il əvvəl də Azərbaycanda türklər yaşayırdı. Vaxtilə Qafqazda olmuş rus şairi Lermontov demişdi ki, Şərqdə tatar, yəni azəri dili Avropada fransız dili olan kimidir. İndi nəinki Şərqdə, heç Azərbaycanın özündə belə azəri - Azərbaycan dili lazımınca işlədilmir. Azəri dili ancaq özümüzə qarşı zərərli təbliğat vasitəsi olmuşdur. Çarizm əlifbanı dəyişdirməyə nail ola bilmədi. Lakin 50 ildə biz 5 dəfə əlifba dəyişmişik. Nə səbəbə? Guya 1500 illik tarixə malik ərəb əlifbası mükəmməl deyildir, guya ərəb əlifbasında yazmaq çətindir. Bunlar hamısı xalqı öz mədəniyyətindən ayırıb kölələşdirmək üçün müstəmləkəçilərin əlində məharətlə işlətdikləri siyasətdir. Get-gedə dinimiz, əlifbamız, dilimiz ortadan götürülərsə, Vətənimizdə bizimlə bərabərcə, qardaş malı kimi ruslar sakin olurlarsa, bizə öz mədəniyyətlərini, dinlərini, əlifbalarını, dillərini gətirirlərsə və bizim özümüz də buna həvəslə çalışırıqsa, nəslimiz kəsilib aradan götürülməzmi?
Məcid Axundov məktubunu əlifbadan, dindən, milli-mənəvi dəyərlərdən başlasa da, onun hədəfləri geniş, siyasi məqsədi daha böyük idi. Onu yalnız Vətəni Azərbaycan düşündürmürdü və bunu da hiss edirdi ki, dərdlərə məcmu halda əncam çəkilməlidir. Və Azərbaycanın düyünlərinin açılması da daha miqyaslı suallara cavablar tapılması, daha qəliz düyünlərin çözülməsi ilə birbaşa bağlıdır.
Yazırdı ki, Rusiyada akademiya, institutlar, nazirliklər və bütün dövlət orqanları elmi-siyasi, daha doğrusu, elmi-hərbi problemlərin, asılı respublikaların xalqlarının assimilyasiyası, əriyib-itməsi, yeni müstəmləkələr əldə edilməsi məsələləri ilə məşğuldur.
Bu baxımdan dünyanın siyasi mənzərəsini təhlil edərək gəlirdi Sovet İttifaqının üzərinə, yazırdı ki, SSRİ-dəki, xalqlar kommunizmin dırnaqarası maddi texniki bazasının yaradılması naminə, təsərrüfat planlarının yerinə yetirilməsi ilə məşğuldurlar. Bu gün azadlıq haqqında düşünməyən xalqlar assimilyasiyaya uğrayıb köləyə çevriləcəklər.
Məcid Axundov gizli təşkilatlara qoşulan və belə təşkilatları yaradanlardan fərqli olaraq, bu işin dərnəkçilik səviyyəsində deyil, respublika rəhbərliyi çərçivəsində gerçəkləşdirilməsinə dəvət edirdi. Təklif edirdi ki, Azərbaycan Mərkəzi Komitəsində Siyasi Azadlıq Komitəsi yaradılsın. Və onun fikrincə, bu komitə türk-tatar xalqları ilə əlaqəyə girməli və bir sıra zəruru tədbirləri həyata keçirməlidir. Komitənin respublikada milli özünüifadənin tam bərqərar olması üçün dildən, tədrisdən başlamış mətbuata, geyim-keçimədək olan geniş şəbəkəsi haqqında mülahizələrini bölüşəndən sonra Məcid Axundov əsas mətləb üzərinə gəlir, Qafqaz, müsəlman, türk-tatar xalqlarını birləşdirən Türküstan Federativ Sosialist Respublikasının yaradılması ideyasını irəli sürürdü. Bəyan edirdi ki, bu federasiya Rusiya Federasiyası daxilində assimilyasiya və metisləşdirməyə məruz qalan bütün türk-tatar xalqlarının Rusiyadan asılılığı aradan getmiş, suveren, milli-siyasi baxımdan azad dövləti olmalıdır.
Bütün bunları yaza-yaza Məcid həm də ayrı bir məfkurəyə uğramadığını, əksinə, SSRİ-də əsl marksist-leninçi siyasətin dürüst aparılmadığını yazır, nəhayət ki, arzuladığı kimi dəyişikliklərin baş verəcəyi təqdirdə Kremldə də marksizm-leninizmin bərpa ediləcəyinə inandığını bildirirdi. Yəni dissidentliyini edə-edə həm də özünü sığortalayırdı, mən sosializmin əleyhinə deyiləm ha, sadəcə, əsl, düzgün sosialist idarəçiliyinin qayıtmasının arzusundayam. İndi bunu lağla deyirdi, ya zireh kimi yararlanmaqdan ötrümü, babalı qalsın öz boynunda.
O, SSRİ-nin gələcək xəritəsini də cızırdı: "Qafqazın əzilmiş xalqları yaramaz revizionistlərə dostluğun gücünü göstərəcək, biz müştərək düşmənlərimizi Qafqazdan qovacağıq. Tarix boyu Şirvanşahların paytaxtı olmuş Dərbənd Rusiyadan ayrılacaq. Volqaboyu, Krım, Kuban torpaqları və Sibir Türküstan Federasiyasına daxil olmalıdır. SSRİ-nin indiki ərazi bölgüsü xalqları parçalayıb. Bütün böyük türk xalqları, həmçinin gürcülər, ermənilər, ukraynalılar, beloruslar və Balkan xalqları müstəqil olmalıdırlar və zəruriyyət yaranarsa, Rusiya ilə yalnız iqtisadi, ticari münasibətlərini saxlamalıdırlar".
Məcid Axundovun məktubunu gözdən keçirən aqil adamlara, illah da yüksək kürsülərdə əyləşənlərə, həqiqətlər sadə adamlardan, elə Məcidin özündən də daha yaxşı əyan idi və onlar görürdülər ki, bu yazılanların hamısı gerçəklərdir. Məgər həmin Birinci katib Vəli Axundov ki, özü yetərincə vətənpərvər, millətsevər şəxsiyyət idi, ya Məcidin oxşar problemlərlə bağlı məktublar yolladığı Nazirlər Soveti sədri Ənvər Əlixanov, ya Ali Sovet sədri Məmməd İskəndərov, ya onun istintaqını aparmış podpolkovnik X.Vəliyev və ya bu cinayət işinin materialları ilə tanış olmuş istənilən digər azərbaycanlı görmürdümü bütün bu fikirlərin doğruluğunu danmaq mümkünsüzdür? Məcid elə mövzulara toxunurdu ki, hamısı millətin taleyi ilə birbaşa bağlı idi. Ancaq həmin mətləblərin hamısı sovet dövlətinin apardığı siyasətə zidd düşüncələr, hakimiyyətin nəzərincə, ağır dövləti cinayət idi: "Bizim mədəni irsimiz, Rusiya arxivlərində saxlanan kitab və əlyazmalarımız özümüzə məxsus olmalıdır. Sərhəd dirəkləri, tikanlı məftillər, murdar itlər Araz sahilindən rədd olmalıdır. Arazın müqəddəs suları çirkin milçəklərdən təmizlənməlidir. Xristianlığın və sərxoş Rusiyanın əlində oyuncaq dövlət olmaq yetər. Bizim heç birimiz gecələr rahat yatmamalıyıq! Bizim hər birimiz bir döyüşçü olmalıdır!"
Elə təkcə belə bir çağırışa görə bu məktubun yazıldığı 1967-ci ildən düz 30 il əvvəl üçlüyün 15 dəqiqəlik xalaxətrin qalmasın məhkəməsindən sonra həmin şəxsi güllələyirdilər.
Heydər Əliyev bunu Məcid Axundova da, onun kimi sovetəzidd düşünən, bu cür fəaliyyətləri səbəbindən Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasınadək gəlib çatmış başqa neçə cavana da canıyananlıqla söyləmişdi. Onlardan biri, yaxın dostum olmuş mərhum jurnalist Tofiq Abdin yada salırdı ki, Heydər Əliyev məni də "Qaranquş" gizli antisovet təşkilatının üzvü kimi qəbul etdi. Qarşısındakı qovluğu vərəqləyirdi, yəqin, bizimlə bağlı sənədlər idi və düz gözlərimin içinə baxaraq soruşdu ki, axı siz nə istəyirsiniz? Qayıtdım ki, vallah, heç nə istəmirik. Gülümsündü: "Yox, istəyirsiniz axı!" Əlavə etdi ki, bir traktorçu oğlusan, gəlmisən, ali məktəbə girmisən, yazı-pozun var, niyə özünü bədbəxt edirsən?! Əvvəlki zamanlar olsa idi, nəinki səni, qohum-əqrəbanı da ağır cəzalandırardılar, gedərdin, yerin-yurdun da bilinməzdi. Dur get, ağlını başına yığ, dərsini oxu, ata-ananı peşman eləmə".
Bəli, 1960-cı illər idi, indi dövr başqa idi, ancaq lap o qədər də başqa deyildi ki, Məcidin xəyallarındakı kimi ola.
Məcid, respublikaya rəhbərlik edənlərdən umurdu, onları vəzifəyə, mənsəbə tüpürərək mübarizəyə qoşulmağa haylayırdı. O, tərəfdarlarını, məsləkdaşlarını böyür-başından yox, ən yuxarılardan, ən səlahiyyətlilər arasından seçmək istəyində idi: "Koroğlu nəslinin övladları hansısa xırda inzibati vəzifələrə görə xalqımızın istibdadına dözməməlidir. Xalqı köləliyə qarşı mübarizəyə qaldırmaq lazımdır. Mətbuat, radio, məktəb Vətənin xilaskarlarını səfərbərliyə çağırmalıdır. Eyni zamanda, biz silah istehsal etməliyik, müasir silahlardan istifadə qabiliyyətinə, döyüş və müdafiə taktikasına yiyələnməliyik, eyni halda, diplomat olmalı, çevik siyasət aparmalıyıq".
Bunları yazan 36 yaşlı bir azərbaycanlı cavandır və məktubunu birbaşa Azərbaycan Respublikasında ən yüksək vəzifəni tutan birinci şəxsə yollayıb. Söz yox, millət müqəddəratı və çağdaş siyasətlə əlaqədar bunca mühüm mövzular şəbəkəsinə toxunacaq qədər dərrakəli olan həmin cavan başa düşür ki, bu yazdıqlarının, bu çağırışlarının hər biri onun özünə qarşı hansı təhlükələr vəd edir.
Anlamağına anlayır, amma yazmaya da bilmir. Ürəyi vadar edir!
Məcidin xəttinə əsasən kimliyini tezliklə müəyyənləşdirsələr də, çekistlər onu götürməyə tələsməmiş, daha bir neçə məktubunu yazıb yola salmasına maneçilik törətməmiş, həmin müddətdə də onu izləmişdilər. Əməliyyat işi baxımından da anlaşılandır. İstəyirlərmiş ki, görsünlər bu adamın hansı əlaqələri var, kimlərlə oturub-durur, birləşdiyi təşkilat varsa, ora özlərindən də bir-iki nəfəri atsınlar ki, vəziyyəti lap yaxından izləmək imkanı qazansınlar. Söz yox, Məcidin iş yerində də kəşfiyyat aparmışdılar. Ancaq bu adamın kimsəylə xosunlaşmadan, tam tək işlədiyinə lap əmin kəsiləndən sonra həm daha da heyrətlənmiş, həm də peşəkar şübhəcilliklə "bəlkə bu adam və ətrafındakılar həddən ziyadə konspirativ işləyir, müəyyənləşdirə bilmirik" gümanına da düşmüşdülər. Ancaq müşahidələri dərinləşdirdikcə yəqinlik hasil etmişdilər ki, şəkkə-filana yer yoxdur, Məcid nə edirsə, təkbaşına edir və heç kimlə də bu istiqamətdə ünsiyyəti yoxdur.
Məcid Axundovun - bu tənha döyüşçünün, bu turançı yalquzağın öz yan-yörəsində həmfikir axtarmağa ehtiyacı yoxdu. Onun düşündüyü, narahat olduğu məsələlərin hər biri ilə bağlı öz qəti mövqeyi vardı və dəstəyi, həmfikri, dayağıda aşağılarda yox, yuxarılarda arayırdı. Sadədil deyildi, anlayırdı ki, onların - Azərbaycana rəhbərlik edənlərin də bu sistem içində nəsə etməsi az ağlabatandır. Ancaq belə-belə müraciətləri ilə həm də örnək göstərirdi, "mən mənliyimlə, bu aciz, arxasız canımla bunları edirəmsə, siz də susmayın, dəbərin, ən azı belə düşüncələrin cəmiyyət içində varlığını da görün" çağırışını edirdi.
"Rusiya bizim təbii ehtiyatlarımıza və çəkdiyimiz zəhmətin müqabilində belə böyük hərbi gücə malikdir. Qoy Rusiya bizə sülh və bərabərlikdən dəm vurmasın. Biz asılı və işğal olunmuş haldayıq. Sülhdən danışırlar. Sülh bizə hansı dəyərlərimizi yaşatmaq üçün lazımdır? Biz müstəmləkəçilik əleyhinə çıxmalıyıq, köləliyə, assimilyasiyaya və əriyib itməyə qarşı mübarizə aparmalıyıq. Düşmən bizi əzərək guya sülhü təbliğ edir, bərabərliyi tərənnüm edir. Görün bizi nə qədər sadəlövh sayırlar. Dünya xəritəsinə baxmaq lazımdır. Parçalanmış xalqlara nəzər yetirmək gərəkdir ki, kimin kimə hansı bəlalar və köləlik gətirdiyini görəsən. Bu haqda düşünərək həm də yanmaq lazımdır. Qoy bizim rəhbərlər, nəhayət ki, ayılsınlar, təsərrüfat planlarından ayrılaraq düşünsünlər, azad olmağımızın çarəsini axtarsınlar, İslamın geriliyə aparması və zərərliyi haqda xristian təbliğatını bir kənara atsınlar. Avropa imperialistləri Şərqi və İslam dünyasını köləyə çevirmək üçün dinimizi təriqətlərə bölərək istədiklərinə nail olmuşlar, xristianlığı missionerlər tərəfindən yaymışlar. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornı İtaliyaya səfəri zamanı Papa VI Pavlla görüşərək onunla xristianlığın hazırkı vəziyyətini müzakirə edib. Qoy bizim də sovet dövlətinin ateist təbliğatına uymuş rəhbərlərimiz bundan müəyyən nəticələr hasil etsinlər və İslamın azadlıq yolunu açsınlar, dinimizi ateist tərbiyəsindən azad edilmiş işıqlı yola çıxarsınlar. Məktubumu qoyduğum zərfin üstündəki "Sibir" sözünə baxın. Rədd olsun xristian köləliyi".
Sovet dönəmində, elə həmin 1950-1960-1970-ci illərdə Azərbaycanda pinəçilərin köşklərində, kiçik dəlləkxanalarda divarlarda Stalinin şəkli gözə dəyərdi. O demək deyil ki, onları hamısı Stalin aşiqi idi. Heç bir çoxu onun kimliyindən əməlli-başlı agah deyildi. Ancaq hətta bu divara şəkilvurmanın özündə belə insanların etiraz hissi əksini tapmışdı. Hakimiyyətin yasaq etdiyi nəyəsə qarşı dirəniş göstərmək! Və inancla bağlı da insanların bir para davranışlarında - yasaq sayılan dini mərasim və ayinləri keçirmələri, Novruzu, Ramazanı bayram etmələri, qələm adamlarının yazılarının içərisində "Allah" sözünü, "Quran" kəlməsini işlətmələri, hətta bu kəlmələri qəbul edilmiş qaydaya uyğun olaraq kiçik deyil, böyük hərflə yazmalarında imana sədaqətdən daha üst qatda siyasi qısma-boğmalara hikkə, qabarmaq vardı. Elə Məcid da həmin təhər. Bu yazdıqları bir tərəfdən onun, həqiqətən, inancından qaynaqlanırdısa, bundan daha öncə və daha artıq içərisində yaşadığı quruluşa, siyasi rejimə, mövcud siyasətin doğurduğu məhdudiyyətlərə qarşıdurması idi. Hətta yazdığı məktubu qoyduğu zərfəcən seçimində dəqiq və məqsədyönlü idi. Dövlət Təhlükəsizlik Komitəsində ona aid cinayət işinin içərisində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundova ünvanlanmış məktubunun əsli, ruscaya tərcüməsi ilə yanaşı, həmin zərf də saxlanılır. Zərfin üstündə Sibirin xəritəsi və Abakan-Tayşet dəmir yoluna çıxan elektrik qatarının rəsmi var. Nəyə işarə edirdi bununla? Demək istəyirdimi ki, bizi də bir sıra başqa xalqlar kimi yerimizdən-yurdumuzdan o tərəflərə sürgün edəcəklər? Ya bəlkə bununla ona da işarə edirdi ki, anlayıram, yazdıqlarıma, belə düşündüyümə görə mənim sonum Sibirlə qurtara bilər, ancaq sözümü deməyə də bilmirəm?!
Bu məktub 1967-ci il yanvarın 29-da yazılıb. Ancaq ruscaya 1969-cu il aprelin 21-də tərcümə edilib. Görünür, yalnız haqqındakı geniş arayış yox, elə bu cinayət işinin qovluqları da vaxtilə Moskvaya göndərilibmiş ki, orada yer alan mətnlərin hamısı ruscaya çevrilib.
Məcidin atası Axund Ələşrəf Gədəbəydə Arabaçı (sonralarsa İvanovka) kəndində yaşayırdı və şəhərə gedib-gəlməklə, sən deyən, arası olan deyildi. Dədə-babadan yaşadıqları Göyçədən, Ardanış kəndindən 1938-ci ildə köç-külfətini yığaraq dağın bu tayındakı Arabaçıya gəlməsinin səbəbi tanınan bir din xadimi olaraq tezliklə tutula, sürgün edilə biləcəyi qorxusu olmuşdu. Çünki onun atası da məşhur axund olmuşdu və 1930-cu illərdə din xadimlərinə qarşı şiddətli repressiyaları görəndə Ermənistandakı Çəmbərək-Krasnoselsk rayonundakı Ardanışa nisbətən Gədəbəyin Arabaçısının daha gözdənuzaq bir yer olduğunu, burada onu kimsənin tanımadığını da nəzərə alaraq Ələşrəf orada yaşamağa üstünlük vermişdi. Səviyyəsini bildiklərindən, zamanında - 1940-50-ci illərdə onu Bakıya dəvət də etmişdilər, bir ara ona şeyxülislamlıq təklifi də edilmişdi, razılaşmayanda heç olmazsa Gəncəyə baş axund getməsini istəmişdilər, buna da qol qoymamışdı. Din xadimlərinə qarşı törədilən qəddarlıqlar gözünün odunu necə almışdısa, elə Gədəbəydəki sakit həyatına üstünlük vermişdi. Ancaq Məcid tutulanda məcbur olmuşdu gəlsin Bakıya, oğlunu xilas etməkçün yollar arasın. Bakıdakı nüfuzlu dindar həmkarlarının ona çox köməyi dəymişdi, DTK-dan Ali Məhkəməyədək Ələşrəf kişinin müxtəlif aylarda nüfuzlu vəzifə sahibləri, yardım etməyə gücü çata biləcək şəxslərlə görüşlərini təşkil etmişdilər. Hətta bunu da tövsiyə etmişdilər ki, oğlunun guya havalı olması barədə bir ərizə yazsın, bəlkə xəstəlik adı ilə onu xilas etmək mümkün ola. Və yazıb göndəribmiş. Məcid Axundovun cinayət işinin arasında həmin ərizə də qalır. Yazır ki, Məcidi uşaqlıqda at vurmuşdu, o vaxtdan onda ruhi xəstəlik, sərsəmlik əmələ gəlib, hələ də həmin əsəb mərəzindən tam sağalmayıb, beləliklə də, onda "mövqumu və vasid xəyallar yaranıbdır". Mərhəmət göstərilməsini rica edir, 60 ailənin ağsaqqalı olduğunu, bu qədər ailənin ləkələnməsinə yol verilməməsi üçün köməklik göstərilməsini istəyir.
Köməkilk də göstərilir və köməkliyi edən də Heydər Əliyev olur. Nədən ibarət idi o köməklik? Heydər Əliyevin imzaladığı xüsusi məktubla 4 mötəbər mütəxəssisdən ibarət tibbi ekspert komissiyası yaradılır və Məcid Axundovun psixi cəhətdən tam sağlam olması haqqında geniş arayış hazırlanır. Əvvəlcə belə cavaba Ələşrəf kişigil pəjmürdə olsalar da, onlara izah edirlər ki, əslində bu, Məcidə elə ən böyük köməkdir. Bu cinayət işi artıq Moskvanın diqqətində idi. Onlara da bu qəbil qatı antisovet düşüncəli şəxsin məhbus deyil, elə ruhi xəstəxana sakini olması daha sərfəli idi.
Digər köməklik də bu olur ki, Məcid Axundov yalnız bir maddə ilə - "Antisovet təşviqat və təbliğat"ı nəzərdə tutan 63-cüylə məhkum edilir. Bu, 7 ilədək həbs, ya bir vaxtlar özünün elə təsəvvür etdiyi kimi, Sibir, Qazaxıstan tərəflərə 5 illik sürgün demək idi. Əslində isə Məcidi əlavə olaraq dövləti cinayətləri ehtiva edən digər maddələrlə, o cümlədən, həmin vaxtlar gizli təşkilatlarda siyasi fəaliyyət göstərmişlərə tətbiq edilməsi dəbə düşmüş "Milli və irqi hüquq bərabərliyinin pozulması" sərlövhəli 67-ci maddə ilə də ittiham etmək olardı. Çünki o dövrdə çox zaman siyasi fəaliyyətlərə görə mühakimə edilənlərin cinayətindəki antisovetizmi qabartmamaq üçün istintaqı elə millətçilik tərəfə yönəldərək onları bu maddə ilə cəzalandırmağa üstünlük verərdilər. Məcidin əks-sədası Kremlə qədər gedib çatmış antisovet fəaliyyətlərinin çərçivəsi elə geniş idi ki, daha bunu ört-basdır edib millətçilik donu geyindirmək ağ olardı.
Burada, Bakıda Ələşrəf kişigilə anlatmışdılar ki, Məcidin işi buralıq deyil, Moskvalıqdır, nicatı orada arayın. Kömək olunmuşdu, Məcidin qardaşı Şıxəli Axundov Moskvada SSRİ-nin Baş prokuroru Roman Rudenkonun qəbuluna da düşmüşdü. O da işlə tanış olandan sonra hər halda Məcid Axundovun ağlına, səviyyəsinə simpatiyasını gizlətmədən deyibmiş ki, başqa nə iş olsa idi, kömək etmək olardı, indiki halda bu, elə cəzanın nisbətən yüngülüdür. Amma bunu da biləsiniz ki, bizim prokurorluğun tarixində qardaşınız sırf antisovetizm maddəsi ilə məhkum olunan tək adamdır.
Məcidə 5 il verirlər, cəzasını Permdə çəkir və qardaşı İsmixan kişi nağıl eləyir ki, həmin həbsxanada siyasilər saxlandığına görə şərait də, münasibət də yaxşıymış.
Qayıdıb gələndən sonra üstündəki ağır maddəyə görə bir müddət onu hara müraciət etsə də, işə götürməyə tərəddüd edirlər.
Və yenə əlacı məktubda görür. DTK sədrinə müraciət edir, şikayətlənir ki, mənə iş vermirlər. Məktubuna şəklənirlər ki, birdən yenə qızışıb başlayar yazmağa, kömək göstərilir, onu Elmlər Akademiyasına göndərirlər, Seysmoloji Xidmət Mərkəzində professor Arif Həsənovun yanında işləyir. Arif müəllim savadlı, ziyalı bir insan idi, elə əvvəldən ünsiyyətləri alınır, Məcid təqaüdə çıxanacan elə orada çalışır.
1981-ci ildə atası Ələşrəf kişi Gədəbəydə vəfat edir. Ancaq dünyadan köçməzdən az qabaq, yataqdaykən Məcidə vəsiyyət edibmiş: "Məni yerdən sən götür, dəfnimi kəmsavad mollalar aparmasın, məclisi özün yola ver".
Oğlunun dini biliklərinə, qabiliyyətinə də yaxşı bələd idi və sanbalını tanıyanların hamısının etiraf etdiyi oturuşmuş axundun etibarı həm də Məcidin elə bir din xadimi kimi layiqincə fəaliyyət göstərə biləcəyinə zəmanət idi.
Atasının cənazə məclisini necə apardığına şahid kəsiləndən sonra ara-sıra qohumlar, dost-tanış Məciddən təvəqqe edirmiş ki, bizim də məclisi yola ver.
Məcid Axundov geoloq idi, yaxşısından idi. O baş ki onda vardı, o sahədə həm də yaxşı bir alim kimi şöhrətlənə bilərdi. Tarixi, ədəbiyyatı, dil, mədəniyyət, din tarixini mükəmməl öyrənmişdi. Bu sahələrin də hər birində elə o istiqamətin sözükeçər mütəxəssisi kimi rəy bildirə, istənilən müzakirəyə, mübahisəyə qatıla bilərdi. Cavanlığında millət yanğısı və içərisində yaşadığı cəmiyyəti daha xoşbəxt və işıqlı görmək arzusu onu siyasət yoluna saldı. Bu məşəqqətli yola tək çıxdı. Gücü çatana qədər döyüşdü. 1-2 illik fəaliyyətinə görə 78 illik ömrü (o, 2008-ci il aprelin 18-də vəfat etdi) puç oldu. Hər halda həyatı o cür ki olmalıydı, olmadı. O qabiliyyətlər ki Allah ona vermişdi, həmin bilik və səriştələrin sayəsində qarşısında layiq olduğu o gələcək ki açılmalıydı, açılmadı.
İnzivaya çəkilən sufilər kimi, bir az unudulmuş, bir az incik, bir az dərvişanə ömür sürdü. Amma hər halda ona arzuladığı və gələcəyinə inandığı günlərin gəlişini, Azərbaycanın istiqlalına qovuşmasını, SSRİ-nin dağılmasını görmək də qismətindəymiş. Kim bilməsə də, hər halda o, özü bilirdi ki, bütün bunlar baş verdisə, demək, onun da xidməti var. Çünki o, ən ağır vaxtlarda istiqlal ocağının ürəklərdə və düşüncələrdə sönməməsinə taleyini fəda edənlərdən olmuşdu. Özü bunu bilirdi, mən də bilirəm və istəyirəm ki, hamı bilsin. Bu cəfakeş millətin yolunda can qoymuş heç bir insanın fədakarlığı gərək əsla yaddan çıxmaya!
Və Tanrı nəsib etdisə, sanki siyasət və dövlətçilikdəki böyük yolu bitmiş, sakit təqaüdçü həyatını yaşamalı olan Heydər Əliyev yenidən qalib və zirvədə olmaq üçün qayıtdısa, müstəqil Azərbaycanı XX yüzilin fırtınalı illərindən çıxararaq XXI əsrə yüksələn məmləkət kimi çatdırmaq xoşbəxtliyinə yetdisə, bu da Tarixin və Taleyin yazısıdır. Bu, həm də cavabdır. Ən mürəkkəb əyyamlarda Vətənə ləyaqətlə xidmətin, istiqlal naminə çalışmışları qorumaq yolundakı əməklərin, müqəddəs müstəqilliyin sabahını ən inanılmaz zamanların axarında olarkən də düşünərək o yolda zəhmətlər çəkməyin cavabı.
Bu dünyada hansı savab cavabsız qalıb ki!
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik