Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan-Qazaxıstan münasibətləri türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək
12.04.2023 14:05
  • A-
  • A
  • A+

Azərbaycan-Qazaxıstan münasibətləri türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək

Müasir dövrdə hər bir dövlətin beynəlxalq aləmdə nüfuz qazanması, layiqli yer tutması, öz milli maraqlarının müdafiə etməsi və dünya siyasətindəki mövqeyini möhkəmləndirə bilməsi baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinə önəm verməsi, dünya ölkələri ilə dostluq münasibətlərini qoruyub saxlaması son dərəcə vacibdir. Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətə daim diqqət göstərərək dünya dövlətləri ilə bütün sferalarda xoşməramlı münasibətlər qurmağa çalışır, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində həlledici uğurlara imza atır.

O bildirib ki, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq, milli maraqları hər şeydən üstün tutmaq, xalqın mənafeyinə uyğun daxili və xarici siyasət yürütmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və s. məsələlər Azərbaycanın xarici siyasətinin qarşısında duran əsas vəzifələrdir. Prezident İlham Əliyev Ulu Öndərin yürütdüyü uzaqgörən xarici siyasət kursunu müasir dövrün tələblərinə uyğunn şəkildə davam etdirərək diplomatik əməkdaşlığın inkişafına həssaslıqla yanaşır, dövlətimizin milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olur. Azərbaycan öz ərazi bütövlüyün təmin etdikdən sonra türk dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir, bu ölkələrlə balanslaşdırılmış siyasət apararaq tarixi qardaşlıq və dostluq münasibətlərini qoruyub saxlayır. Türk dövlətləri arasında dayanıqlı əsaslara malik münasibətlərin qurulması və inkişaf etdirilməsi bu ölkələrin daha da güclənməsinə və nüfuzunun artmasına rəvac verir.

Azərbaycanın Qazaxıstan ilə günü-gündən şaxələnən əməkdaşlıq əlaqələri də bu qəbildəndir. Bu iki ölkəni ortaq kökə, mədəniyyətə və ənənələrə malik olmaları, dil və din eyniliyi birləşdirir. Qazaxıstanda yüzlərlə azərbaycanlı yaşayır ki, onlar ölkədə elm, iqtisadiyyat, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə çalışırlar, eyni zamanda, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Məlumdur ki, aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı Prezident Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Qazaxıstan üçün təkcə mühüm və etibarlı tərəfdaş deyil, həm də qardaş, yaxın dövlətdir. Dövlət başçısı Qazaxıstanla Azərbaycan arasında müxtəlif sferalarda mövcud olan uğurlu əməkdaşlıq əlaqələrinə toxunub, mədəni-humanitar münasibətlərin durmadan möhkəmləndiyini diqqətə çatdırıb. O, iki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulayıb, Qazaxıstan mədəniyyət günlərinin bu il keçiriləcəyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı hər iki ölkənin öz gələcəyini möhkəm təməllər üzrəində qurduğunu deyib, elm və mədəniyyət sahəsində iki ölkə arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. Humanitar elmlər və mədəniyyət sahəsində ikitərəfli əlaqələrdən danışan ölkə rəhbəri Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması ilə iki xalqın bir-biri ilə daha da yaxınlaşacağına əminliyini ifadə edib. Dövlətimizin başçısının fikrincə, humanitar sahədə əməkdaşlıq son dərəcə əhəmiyyətlidir və məhz humanitar əlaqələr dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır.

“Qeyd edək ki, aprelin 10-da, həmçinin Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. İmzalanma mərasimi çərçivəsində, həmçinin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və digər mühüm, əməkdaşlığın səmərəli, davamlı inkişafına yönələn sənədlər imzalanıb. Dövlətimizin başçısının də qeyd etdiyi kimi, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil. Qardaş və dost ölkələr beynəlxalq arenada daim birlik nümayiş etdirməli, türk xalqlarının hüquqları və təhlükəsizliyinin qorunması üçün səylərini birləşdirməlidir. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında baş tutan tarixi görüş, imzalanan sənədlər, anlaşma memorandumları və atılan digər addımlar iki ölkənin simasında bütövlükdə türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, o cümlədən bu ölkələrin beynəlxalq aləmdə nüfuzunun qorunub saxlanılmasını təmin edəcək”, - deyə M.İmanova bildirib.

Mehriban İMANOVA, Azərbaycan Elm Fondunun icraçı direktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: