Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

17.04.2023 16:25
  • A-
  • A
  • A+

Heydər Əliyevə həsr edilmiş xatirə sikkələri və poçt markaları

Heydər Əliyevə həsr edilmiş xatirə sikkələri və poçt markaları

Müasir dövrümüzdə bir sıra tarixi məsələlərin yardımçı tarixi fənn materiallarına istinadən  öyrənilməsi aktuallıq kəsb edir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da dahi şəxsiyyətlərin xatirəsi bir sıra əsərlərlə yanaşı, həm də faktiki materiallarda əks edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyaca tanınmış şəxsiyyət olaraq bir sıra önəmli tarixi hadisələrin təşəbbüskarı və iştirakçısı olmuşdur. Məhz bu parlaq şəxsiyyətin fəaliyyəti sayəsində milli və beynəlxalq səviyyəli hadisələr tariximizdə əbədi iz qoymuşdur.   

Sikkələr öz funksiyası baxımından xalqın yalnız milli dövlətçiliyi təmsil edən mühüm faktlar deyil, bunlar həm də önəmli mədəniyyət materiallarıdır.

Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əlirza oğlu Əliyevə (1993 - 2003) həsr edilmiş, Avropa zərbxanalarının istehsalı olan xatirə (memorial) sikkələri müasir milli numizmatikamızı təmsil edir.

Bu sikkələrin ilk istehsalı Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Azərbaycan Respublikası Mərkəzi Bankının 10 dekabr 2004-cü il tarixli qərarı ilə həyata keçirilmişdir. Sikkələr üç metaldan - platin, qızıl və gümüşdən zərb edilmişdir.

Belə sikkələr aşağıdakı görünüşə malikdir.

Avers: mərkəzdə Ümumilli Lideri Heydər Əliyevin büstü, ondan sağda: “Heydər Əliyev”.

Revers: mərkəzdə Azərbaycan Respublikasının xəritəsi, üzərində: “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…”, ondan yuxarıda: “Azərbaycan Respublikası”, aşağıda: “2004”, ondan aşağıda sikkə nominalı (platin sikkələr üçün – “beş yüz manat”; qızıl sikkələr  üçün - “yüz manat” və gümüş sikkələr üçün - “əlli manat”) həkk edilmişdir.

Belə sikkələr aşağıdakı metroloji və tiraj göstəricilərə malikdir:

a) Platin – 50 q, diametr - 38,61 mm; tiraj – 100 ədəd;

b)  Qızıl - 39,94 q; diametr - 38,61 mm; tiraj – 1000 ədəd;

c) Gümüş - 28,28 q; diametr - 38,61 mm; tiraj – 2000 ədəd.

Eyni tipdə zərb edilən belə xatirə sikkələri müstəqil Azərbaycan Respublikasının ilk istehsalı idi və yüksək beynəlxalq standartlara müvafiq Böyük Britaniyanın “Royal Mint” kral zərbxanasında zərb ediliblər.

Elə həmin il dahi liderin adı ilə əlaqədar digər təltif – “Heydər Əliyev ordeni” təsis edilmiş, bir sıra mədəniyyət obyektləri və müəssisələrə (Respubika Sarayı, Ali Hərbi Məktəb, Beynəlxalq aeroport, Dərin Özüllər Zavodu, İdman Konsert Kompleksi), küçə və meydanlara, qeyri-hökümət təşkilatlarına

(Bakı-Tiflis-Ceyhan neft kəməri, “Lider” qazma qurğusu) onun adı verilmiş, Heydər Əliyev Fondunun yaradılması təşəbbüsü dəstəklənmişdir.   

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ümumilli Liderin 85 illiyi münasibətilə Avstriyanın “Austrian Mint” zərbxanasında qızıl sikkələr zərb edilmişdir (tiraj – 5000 ədəd; nominal – 100 manat; çəki – 31,107 q; diametr – 37 mm; əyar – 999,9). 

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ümumilli Liderin 90 illiyi münasibətilə Böyük Britaniyanın “The Royal Mint” zərbxanasında müxtəlif nominallı qızıl sikkələr zərb edilmişdir.

999,9 əyarlı, 1000 manat nominallı belə qızıl sikkələrin çəkisi 32,3 q, diametri 100 mm-dir .   

Eynilə belə dizaynla həmin il 500 manatlıq (çəki – 313 q, diametr 65 mm, əyar – 999,9, tiraj 500 ədəd) və 100 manatlıq (çəki –  31,21 q, diametr - 38,61 mm, əyarı – 999,9; tiraj: 3000 ədəd) qızıl sikkələr də zərb edilmişdir. Qeyd edilən ildə digər tipli qızıl sikkələr də zərb edilmişdir.

Növbəti - 2014-cü ildə “Əsrin müqaviləsi” mövzusunda zərb edilmiş qızıl (100 manat) və gümüş (5 manat) sikkələrə də dahi rəhbərin təsviri həkk edilmişdir.

2018-ci ildə böyük liderin 95 illiyi ilə əlaqədar olaraq Böyük Britaniyanın “The Royal Mint” zərbxanasında qızıl sikkələr zərb edilmişdir (tiraj: 1900 ədəd). 999,9 əyarlı belə sikkələrin nominalı 100 manat, çəkisi 31,1 q, diametri 38,61 mm-dir.

Həmin il həm də 100 manatlıq nominallı qızıl-platin sikkələr (tiraj: 300 ədəd; 27,1 q, əyar 999,9 – qızıl; 4 q, əyar 999,5 – platin) zərb edilmişdir.

Qiymətli metallardan hazırlanan, müxtəlif nominallı xatirə sikkələrindən əlavə unudulmaz dövlət xadiminin xatirəsi filatelistik materiallarda da əksini tapmışdır. Belə markalar müxtəlifliyi ilə seçilir.

Heydər Əliyevə həsr edilmiş ilk markalar 1993-cü ildə - Heydər Əliyevin 70 illiyi münasibətilə çap edilmişdir (ölçüsü: 36 x 40 mm).

Heydər Əliyevin təsviri olan birinci markalar yaşıl rəngli fon üzərindədir (25 manat). Eyni nominallı ikinci markada isə Naxçıvan Muxtar Respublikasının xəritəsi əks edilmişdir.

1994-cü ilin oktyabr ayında “Azərmarka” MMC-nin sifarişi ilə ölkəmiz üçün tarixi əhəmiyyətə malik marka çap edilmişdir. Belə markada dövlət bayrağı və xəritəsi fonunda Heydər Əliyevin təsviri əks edilmişdir.

Prezident Heydər Əliyevin 75 illiyinə həsr edilmiş 500 manat nominallı poçt markaları 1998-ci ildə, 80 illiyinə həsr edilmiş marka 2004-cü ildə, 85 illiyinə həsr edilmiş marka 2008–ci ildə, 90 illiyinə həsr edilmiş marka 2013-cü ildə, 95 illiyinə həsr edilmiş marka isə 2018-ci ildə işıq üzü görmüşdür.

Dahi liderin təsviri olan bir sıra markalar mühüm tarixi hadisələrlə eyni dövrə təsadüf edir. Naxçıvan Muxtar Respublikasının 75 illiyi, Azərbaycan Respublikasının müstəqilliyinin 10 illiyi, Birləşmiş Millətlər Təşkilatının 50 illiyi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Azərbaycan-Çin münasibətləri, Roma papası İkinci İoann Pavelin Azərbaycana səfərinə həsr edilmiş markalar bu qəbildəndir.

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş xatirə sikkələri və poçt markaları milli numizmatika və filateliya elmini təmsil edən yadigarlardır.   

Tədqiqata cəlb etdiyimiz xatirə sikkələri və poçt markaları Azərbaycan ərazisində qanuni ödəniş vasitəsidir.

Əsas dövlət atributlarının (xəritə, bayraq, herb), milli naxışların həkk edildiyi belə sənət abidələri ləyaqətli həyatını Vətəninə həsr etmiş dahi şəxsiyyətin fəaliyyətini xatırladır. Belə milli numizmatik faktlar müxtəlif dəyərə malikdir və beynəlxalq standartlara müvafiq hazırlanmışdır. Rəsmi məlumatlara əsasən, 2023-cü ildə Ümummilli Liderin 100 illiyi münasibətilə qızıl sikkələrin zərbi planlaşdırılmaqdadır. Bu sikkə seriyası xatirə sikkələrinin növbəti nəslini təşkil edəcəkdir. Eləcə də “Heydər Əliyev 100” qızıl medalı, poçt markaları və xatirə nişanlarının istehsal edilməsi də nəzərdə tutulmuşdur.

Aygün MƏMMƏDOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri,  t.ü.f.d.

Sənubər QASIMOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunun müdiri, t.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: