Ümumdünya Bioloqlar Gününə həsr edilmiş “Dərman bitkilərinin istifadə perspektivliyi, mədəni dərman bitkilərinin farmakoqnostik tədqiqi və introduksiyası” mövzusunda Dendrologiya İnstitutu ilə Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin Farmakoqnoziya kafedrasının müəllim-tələbə heyəti birgə onlayn vebinar keçirib.
Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən b.ü.f.d, dosent Minarə Həsənova sözügedən müəssisənin ərazisində bitən və introduksiya olunan dərman bitkiləri haqqında məlumat verib və əməkdaşları bioloqlar günü münasibətilə təbrik edib.
Daha sonra AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova mövzu ətrafında fikir və mülahizələrini bildiriblər.
Tədbirdə Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova “Azərbaycanın görkəmli bioloqları”, Bitki sistematikası laboratoriyasının müdiri, b.ü.f.d Ramiz Ələkbərov “İnnab bitkisinin faydalı xüsusiyyətləri”, böyük elmi işçi İradə Məmmədova “Abşeronda introduksiya olunmuş mərsin bitkisinin bioloji xüsusiyyətləri və fitokimyəvi tərkibi”, Tibb Universitetinin tələbəsi Teymur Racabov və Dendroxronologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Günay Məmmədova “Mərkəzi Nəbatat Bağında bitən və introduksiya olan dərman bitkiləri”, böyük elmi işçi Vüsalə Bədəlzadə “Passiflora bitkisin introduksiyası və əhəmiyyəti”, elmi işçi Xəyalə Əlibəyli “Xalq təbabətində istifadə olunan möcüzəvi aloe bitkisi” haqqında məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.