25-27 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr üçün təcrübə-təlim kursu keçirilib.
Təlim kursunda SABAH qruplarının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Təlimin ilk günündə institutun baş direktoru akademik İradə Hüseynova gənclərlə görüşüb və institutun uğurları haqqında məlumat verib.
Sonra təcrübə-təlim kursu öz işinə başlayıb. İnstitutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, Birləşmiş Krallığın Oksford Universitetində postdok kimi çalışan institutun sabiq doktorantı, 2024-cü ilin Prezident mükafatçısı Gülnar Abdullayeva “Xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan terapiyalar və yeniliklər”, Populyasiya genomiksi laboratoriyasının elmi işçisi, “Molekulyar biologiya” ixtisası üzrə dissertant, Almaniyanın Maks-Plank İnstitutunda (direktoru 2022-ci ilin fiziologiya və tibb sahəsində Nobel mükafatçısı prof. Paabo Svantedir) elmi-tədqiqat işləri aparan Zərintac Rüstəmova “Antik DNT-nin müasir insan təkamülünün öyrənilməsində rolu”, “Molekulyar biologiya” ixtisası ürə doktorant, Türkiyənin İstanbul Universitetinin məzunu Ayan Hüseynzadə “Hüceyrə kulturası texnologiyaları”, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, Türkiyənin Anadolu Universitetinin məzunu Aygün Mustafazadə “Biopolimerlərin qaraciyər xərçənginə təsiri, yeni terapevtik metodlar” mövzularında mühazirələr oxuyublar.
İnstitutun Bioadaptasiya laboratoriyasının elmi işçiləri Turanə İsgəndərova və Səidə Zülfüqarova tələbələrə molekulyar bioloji laboratoriyalarda təcrübənin aparılması üçün tələblər və təlükəsizlik texnika qaydaları haqqında məlumat veriblər. Kurs iştirakçıları avtoklavlaşdırma, genom DNT-sinin ekstraksiyası, DNT-nin qatılığının və təmizliyinin NanoDrop-da spektrofotometrik və keyfiyyətinin geldə elektroforetik təyini, PZR-in aparılması, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübələrdə iştirak ediblər.
Təcrübə-təlim kursu uğurla başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.